Heydər Əliyev: Hörmətli cənab Telbott, hörmətli qonaqlar, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri, mən sizi Azərbaycanda səmimi qəlbdən salamlayır və Azərbaycana səfərinizi yüksək qiymətləndirirəm.
Xatırlayın ki, son dəfə siz Azərbaycanda 1993-cü ildə, ölkəmiz çox ağır vəziyyətdə olduğu zaman olmuşdunuz. O günlərdə mən Azərbaycan Parlamentinin sədri idim, eyni zamanda, Azərbaycan prezidentinin səlahiyyətlərini həyata keçirirdim. Siz Azərbaycana gəldiniz. Doğrudur, qısa görüşümüz oldu. O vaxt da indiki kimi - gəldiniz, bir neçə saatdan sonra getdiniz.
Sonrakı illərdə biz sizinlə Amerika Birləşmiş Ştatlarında, beynəlxalq təşkilatlarda dəfələrlə görüşmüşük. Mən xüsusilə ATƏT-in Lissabon zirvə toplantısında sizinlə görüşlərimi xatırlayıram. Xatırlayıram ki, Lissabon sammiti yekun sənədinin qəbul olunması üçün yaranmış böhranlı bir zamanda sizinlə bir neçə dəfə görüşdüm, vitse-prezident cənab Albert Qorla bərabər sizinlə görüşdük, birlikdə çıxış yolu tapdıq.
Yəni demək istəyirəm ki, sizinlə Azərbaycanın əlaqələri daimidir. Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında əlaqələrin inkişaf etməsində sizin xidmətlərinizi qiymətləndiririk. Xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması sahəsində Amerika Birləşmiş Ştatlarının, şəxsən sizin göstərdiyiniz səyləri və apardığınız işləri mən yüksək qiymətləndirirəm.
Doğrudur, Lissabon sammitindən sonra, Amerika Birləşmiş Ştatları bizim xahişimizlə Minsk qrupunun həmsədri olandan sonra Minsk qrupunun fəaliyyətində bir irəliləmə görmədik. Ancaq eyni zamanda, bizim işimiz davam edir. Bir neçə gün bundan öncə cənab Sestanoviç öz nümayəndə heyəti ilə, cənab Kavano və başqaları ilə Azərbaycanda olmuşdur. Biz çox ətraflı danışıqlar apardıq. Bu gün də siz Azərbaycana gəlmisiniz. Ümid edirəm ki, biz sizinlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması barədə geniş fikir mübadiləsi apara bilərik.
Bilirəm ki, Amerika Birləşmiş Ştatlarından Azərbaycana yol çox uzundur, bir çox saat havada olmusunuz. Bəlkə də yorulmusunuz. Mən də səhərdən işləyirəm, bəlkə mən də yorulmuşam. Amma mən sizi yorğun görmürəm, özümü də yorğun hesab etmirəm. Güman edirəm ki, biz ətraflı danışıqlar apara biləcəyik. Təşəkkür edirəm.
Stroub Telbott: Cənab prezident, gec olmasına baxmayaraq, məni və həmkarlarımı qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Biz, yəni stolun bu tərəfində əyləşənlərin heç biri Bakıda qərib deyildir. Şəxsən mən çox məmnunam ki, yenidən Bakıya gəlmək imkanı əldə etmişəm.
Cənab prezident, mənim barəmdə söylədiyiniz xoş sözlərə cavab verməzdən öncə, icazə verin, prezident Klintonun dərin, ürəkdən Sizə göndərdiyi şəxsi salamını, həmçinin dövlət katibi xanım Olbraytın hələ qulaqlarımda səslənən xoş arzularını Sizə yetirim.
Onların hər ikisi Sizinlə həm şəxsi münasibətlərini, həm də iş təmasları zamanı əməkdaşlıqlarını həddindən artıq yüksək qiymətləndirirlər. Sizin 1997-ci ildə Amerika Birləşmiş Ştatlarına tarixi səfərinizdən sonra həm prezident, həm də dövlət katibi Azərbaycanla ABŞ arasında bir çox sahələrdə münasibətlərin daha da dərinləşməsi və güclənməsi üçün fəaliyyətlərini genişləndirmək yolları barədə daim düşünürlər.
Siz çox doğru dediniz, mən də bununla razı olduğumu bildirirəm ki, həm bizim dövlət rəhbərlərimizlə keçirdiyiniz görüşlər zamanı, həm də mənim şəxsən iştirak etdiyim, Sizin qeyd etdiyiniz Lissabon, Vaşinqton görüşlərində və digər görüşlərdə toxunduğumuz bir çox məsələlər ətrafında bu gün yenidən ətraflı fikir mübadiləsi aparmaq imkanımız olacaqdır.
Ümidvaram ki, Sizinlə bugünkü görüşüm zamanı enerji məsələləri, iqtisadi əlaqələrimizin inkişaf etdirilməsi, xüsusən Bakı-Ceyhan boru kəməri ilə əlaqədar işlərin dərhal görülməsi barədə geniş fikir mübadiləsi aparacağıq. Həmçinin Azərbaycanın da, Amerika Birləşmiş Ştatlarının da bərabər hüquqlu üzvü olduqları beynəlxalq birliyə gələcəkdə, zaman keçdikcə öz töhfəsini verə biləcək siyasi təsisatların möhkəmləndirilməsi sahəsində də fikir mübadiləsi edəcəyik.
Cənab prezident, şübhəsiz ki, Sizin dediyiniz kimi, regionda sülhün bərqərar olması, münaqişənin dinc yolla aradan qaldırılması sahəsində son dövrdə atılan addımlar, regiona sabitlik və təhlükəsizlik gətirilməsi və bütün bunların sayəsində region xalqlarının rifahının yüksəldilməsi və inkişafının təmin edilməsi sahəsində mövcud olan məsələlər haqqında da geniş fikir mübadiləsi aparacağıq.
Mən Amerika Birləşmiş Ştatlarını Minsk qrupunda təmsil edən həmsədr kimi, prezident Klintonun və dövlət katibi Olbraytın şəxsi tapşırıqları əsasında Sizinlə bərabər bu regionda sülhün əldə olunması üçün birgə səylər göstərilməsində yaxından iştirak etmişəm. Onlar bu gün məni buraya göndərməklə şəxsən Sizinlə bir daha fikir mübadiləsi aparmağımı istəmişlər ki, bu münaqişənin aradan qaldırılması üçün əlavə yeni addımlar atılması istiqamətində nə dərəcədə imkanlar olması barədə Sizin şəxsi düşüncələrinizi öyrənim və bunu onlara çatdırım.
Vəziyyətlə əlaqədar Sizin fikirlərinizi dinləməzdən öncə isə mən prezident Klintonun və dövlət katibi Olbraytın Sizin şəxsiyyətinizə olan dərin ehtiramını Sizə çatdırmaqdan məmnunluq duyuram. Onlar bu regionda mövcud olan münaqişənin aradan qaldırılması üçün Sizin göstərdiyiniz liderliyi və cəsarəti çox yüksək qiymətləndirirlər.
Sizi əmin edirəm ki, bu regionda sülhün bərqərar edilməsində Sizə yardımçı olmaq üçün Amerika Birləşmiş Ştatları əlindən gələn hər cür addımı atmağa hazırdır.
Heydər Əliyev: Əvvəla, istərdim prezident cənab Klintonun və dövlət katibi xanım Olbraytın mənə çatdırdığınız salamlarına görə dərin təşəkkürümü bildirim. Rica edirəm, mənim səmimi salamlarımı, ən xoş arzularımı və məhəbbətimi prezident cənab Bill Klintona və xanım Olbrayta çatdırasınız.
Həqiqətən, siz qeyd etdiyiniz kimi, 1997-ci ildə Amerika Birləşmiş Ştatlarına mənim rəsmi səfərim Amerika-Azərbaycan əlaqələrinin inkişafı üçün çox böyük hadisə və mərhələ oldu. Son illər bizim əməkdaşlığımız prezident cənab Bill Klintonla, dövlət katibi xanım Olbryatla mənim aramda həqiqətən səmimi dostluq əlaqələri yaradıbdır. Mən bu dostluq əlaqələrini çox yüksək qiymətləndirir və bunları həm özüm üçün, həm də Azərbaycan xalqı üçün çox dəyərli hesab edirəm.
Mən aprel-may aylarında Amerika Birləşmiş Ştatlarında - Klivlenddə xəstəxanada müalicə olunarkən Amerika prezidenti, dövlət katibi və başqa dövlət adamları tərəfindən mənə göstərilən qayğıya, diqqətə görə bir daha, bir daha təşəkkür edirəm. Öz xalqımıza dəfələrlə bəyan etmişəm və indi bir də demək istəyirəm ki, prezident cənab Bill Klinton tərəfindən, dövlət katibi xanım Olbrayt tərəfindən göstərilən bu qədər diqqət, qayğı mənim sağalmağım üçün bəlkə də həkimlərin müalicəsindən daha da güclü idi. Azərbaycan xalqı, vətəndaşlarımız da hədsiz minnətdardır ki, prezident cənab Bill Klinton, dövlət katibi xanım Olbrayt tərəfindən göstərilən bu qədər diqqət, qayğı mənim sağalmağım üçün bəlkə də həkimlərin müalicəsindən daha da güclü idi. Azərbaycan xalqı, vətəndaşlarımız da hədsiz minnıətdardır ki, prezident cənab Bill Klinton, dövlət katibi xanım Olbrayt və Klivlendin çox yüksək səviyyəli həkimləri məni yaxşı müalicə etdilər, xalqımız üçün bundan sonra daha böyük qüvvə ilə işləmək üçün şərait yaratdılar. Allaha şükürlər olsun ki, artıq o dövr arxada qalıbdır. Mən tam sağalmışam və bəlkə də əvvəlkindən çox enerji ilə işləyirəm. Bunlara görə çox təşəkkür edirəm.
Bugünkü danışıqlarımızın mövzuları haqqında fikirlərinizi tamamilə dəstəkləyirəm. Bu məsələlər həm sizin üçün, həm də bizim üçün vacibdir. Hesab edirəm, danışıqlar apararaq bu məsələlərdə eyni fikrə gəlmək, bir-birimizə kömək etmək Azərbaycan üçün çox vacibdir və Amerika Birləşmiş Ştatları üçün də çox əhəmiyyətlidir.
Sizin bəyan etdiyiniz sözlər - prezident cənab Bill Klintonun və dövlət katibi xanım Olbraytın regionda sülh, əmin-amanlıq cəhdlərimi yüksək qiymətləndirmələri, liderliyimi qiymətləndirmələri - bu, məndə böyük hissiyyatlar doğurur.
Həqiqətən, prezident cənab Bill Klinton, xanım Olbrayt və sizin kimi, mən də sülhə sadiqəm. Bölgəmizdə, xüsusən Ermənistan ilə Azərbaycan arasında yaranmış münaqişənin yalnız sülh yolu ilə həll olunmasının tərəfdarıyam. Bu sahədə sizinlə, yəni Amerika Birləşmiş Ştatları ilə, xüsusən prezident cənab Bill Klintonla, dövlət katibi xanım Olbraytla əməkdaşlıq etməyimi çox əhəmiyyətli sayıram. Ona görə, yəqin ki, bu gün çox danışmalı olacağıq.
Stroub Telbott: Cənab prezident, mən Klivlenddə, Ohayo ştatında boya-başa çatmışam. Hələ də oranı doğma şəhərim hesab edirəm. İnanıram ki, Klivlend, Ohayo ştatı Sizin qayğınıza yaxşı qaldı. Çünki bu regionun, dünyanın bu bölgəsinin Sizin liderliyinizə hələ ehtiyacı var.
Heydər Əliyev: Çox sağ olun. Klivlend çox gözəl şəhərdir. Mən şəhərlə də bir az tanış oldum. Orada çox gözəl insanlar və çox gözəl həkimlər var. Mənim üçün çox xoşdur ki, siz məni müalicə edən çox gözəl bir şəhərdə doğulmuş adamsınız, ora sizin vətəninizdir.
Stroub Telbott: Şəhərin həm də yaxşı beysbol komandası var, amma ondan danışmayacağıq. Cənab prezident, mən Sizinlə işləməyə hazıram.
Heydər Əliyev: Yaxşı, mən belə başa düşürəm ki, bizim danışıqlarımız bundan sonra özəl olmalıdlr, elədirmi? Ona görə də mətbuat nümayəndələrinə təşəkkür edirəm.
\"Azərbaycan\" qəzeti, 27 oktyabr 1999-cu il