Azərbaycan - GUAM‎

GUAM-ın formatı 1997-ci ildə Avropa İttifaqının dövlət başçılarının Strasburq görüşü ərəfəsində - 10 oktyabr 1997-ci ildə yaradılıb. 1999-cu ildə Özbəkistan bu formata daxil olsa da, dörd il sonra (2005-ci ilə qədər təşkilat GUÖAM adlanıb) onu tərk edib. 2006-cı ildə Kiyev sammitində GUAM-a üzv olan ölkələrin dövlət başçılarının qərarı ilə qurum beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf tərəfdarı olan təşkilat" kimi elan olunub. (http://www.news.trend.az/)

‎1997-ci ildə təşkilata üzv ölkələrin dövlət başçıları Strasburq ‎Bəyannaməsi imzalayıb. Sənəddə üzv ölkələrin öz aralarında ‎siyasi və iqtisadi əməkdaşlıq məsələlərini genişləndirməsi, regionda və dünyada sürətlənən inteqrasiya proseslərində birgə iştirakı məqsədəuyğun zərurət kimi qeyd edilib.

‎Təşkilatın məqsədi sosial-iqtisadi inkişafa, ticarət əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsinə yardım ‎etməklə, üzv ölkələrin təhlükəsizlik məsələləri də daxil olmaqla sıx əməkdaşlığına nail olmaqdır. Bu qurum ‎həmçinin, üzv ölkələrin nəqliyyat-kommunikasiya magistrallarının və ərazilərində yerləşən müvafiq ‎infrastrukturların bu dövlətlərin maraqlarına uyğun inkişafı və səmərəli istifadə olunması ilə də məşğul olur. ‎GUAM elm, mədəniyyət ‎və humanitar sahələrdə münasibətlərin inkişafına da xüsusi diqqət yetirir.

Təşkilat 2003-cü ilin dekabrında BMT-nin Baş ‎Məclisində müşahidəçi statusu alıb. Bu statusa əsasən GUAM Baş Məclisdə keçirilən müzakirələrdə səsvermə ‎hüququ olmadan iştirak edir.

‎7 iyun 2001-ci ildə Ukraynanın Yalta şəhərində GUÖAM-ın üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə ‎görüşü keçirilib. Görüşdə GUÖAM-ın təşkilat kimi rəsmən qeydə alınması üçün BMT-yə müraciət qəbul olunub. ‎Sammitdə üzv ölkələrin prezidentləri Eduard Şevardnadze (Gürcüstan Respublikası), Leonid Kuçma (Ukrayna ‎Respublikası), İslam Kərimov (Özbəkistan Respublikası), Heydər Əliyev (Azərbaycan Respublikası) və Vladimir ‎Voronin (Moldova Respublikası) Yalta xartiyasını imzalayıblar. Sənəddə təşkilatın statusu, funksional sistemi, o ‎cümlədən sədrlik məsələsi təsbit olunub.‎ Həmçinin üzv ölkələrin ərazilərindən keçən, o ‎cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA), nəqliyyat kommunikasiyaları infrastrukturunun ‎inkişafı, səmərəli fəaliyyəti və təhlükəsizliyin təminatı ilə bağlı məsələlər müzakirə edilib.

Sammitin nəticələri əsasında GUÖAM-ın Yalta Xartiyası, Konsulluq məsələləri üzrə qarşılıqlı yardımın təqdim ‎edilməsi haqqında GUÖAM ölkələrinin Konvensiyası imzalanıb. Dövlət başçıları GUÖAM çərçivəsində azad ticarət ‎zonasının yaradılması haqqında saziş layihəsi üzərində işin başlanılmasının vacibliyini qeyd ediblər.‎

20 iyul 2002-ci il tarixdə GUÖAM-ın Yaltada növbəti sammiti keçirilib. Bu Yalta görüşü "GUÖAM-ın üzvü ‎olan dövlətlər arasında azad ticarət zonası yaradılması haqqında saziş" və "Terrorizm, mütəşəkkil cinayətkarlıq və ‎digər təhlükəli cinayətlər ilə mübarizə sahəsində GUÖAM-ın üzvü olan dövlətlərin hökumətləri arasında saziş"in ‎imzalanması ilə əlamətdar olub.‎

Üzv ölkələr arasında əməkdaşlığın daha da sürətləndirilməsi strategiyasını dəstəkləyən GUAM çərçivəsində hazırda ‎beynəlxalq maliyyə təşkilatları tərəfindən iki proqram maliyyələşdirilir. Bunlardan birincisi, TASİS çərçivəsində ‎regional fəaliyyət proqramına əsasən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA) gələcək inkişafına ‎yönələn bir sıra layihələrin həyata keçirilməsini nəzərdə tutur. İkincisi isə 23 dekabr 2002-ci il tarixində ABŞ hökuməti ilə GUAM arasında imzalanan əməkdaşlıq bəyanatıdır. Sənədə əsasən üzv ölkələrin sərhəd infrastrukturlarının təkmilləşdirilməsi, o cümlədən lazımi tikinti işlərinin ‎aparılması, buraxılış məntəqələri üçün müvafiq avadanlığın alınması, personal üçün təlimlərin keçirilməsi və Dünya ‎Bankının konsessiya kreditlərinin alınmasına dair təkliflərin hazırlanmasını nəzərdə tutur. ‎Layihənin həyata keçirilməsinin məqsəd və mexanizmləri 4 iyul 2004-cü il tarixində Yaltada imzalanan ticarət və ‎daşımalarda yardım layihəsinin həyata keçirilməsinə dair Memorandumda əks etdirilib. ‎

Demokratik və iqtisadi inkişaf prinsiplərini rəhbər tutan GUAM son illər öz fəaliyyətini daha da gücləndirib. Bu, 23 may 2006-cı ildə Kiyevdə, 18 iyun 2007-ci ildə keçirilən Bakı zirvə toplantılarında qəbul edilən qərarlarda da özünü göstərib. Belə ki, üzv ölkələr dünyadakı və regiondakı separatizmlə birgə mübarizə aparmaq haqqında həmrəy siyasət yürüdəcəklərini bəyan ediblər. Bunun nəticəsi olaraq BMT səviyyəsində müzakirə edilən separatizm mövzusunda üzv ölkələr eyni mövqedən çıxış edərək dünya ictimaiyyətinin diqqətini adı çəkilən məsələlərə yönəldə bilirlər. GUAM növbəti dəfə sübut etdi ki, üzv dövlətlərin təhlükəsizliyinə risk və təhdidlərə qarşı razılaşdırılmış şəkildə fəaliyyət göstərən və öz səylərinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmasına çalışan səmərəli bir qurumdur. Həmçinin təşkilat çərçivəsində əməkdaşlığın genişləndirilməsinə nail olmaq məqsədilə üzv ölkələr öz aralarında azad ticarət zonası yaradılması məsələsini gündəmə gətiriblər. Qeyd edək ki, bu barədə ilk bəyanat qurumun Bakı sammitində səslənib və quruma sədrlik Azərbaycan Respublikasına keçib. (http://www.mfa.gov.az/)

Ölkələr ərazisində olan münaqişələrin tənzimlənməsi məsələlərində eyni yanaşma əsasında GUAM BMT Baş Məclisinin 62-ci sessiyasının müzakirəsinə "GUAM ərazisində uzun sürən münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri" adlı qətnamə layihəsini təqdim edib. (http://www.xalqqazeti.com/)

GUAM-ın növbəti sammiti 1 iyul 2008-ci ildə Gürcüstanın Batumi şəhərində "GUAM Avropanın şərqini birləşdirir" şüarı altında keçirilib. Zirvə toplantısına Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Mixail Saakaşvili, Ukrayna Prezidenti Viktor Yuşşenko ilə yanaşı 20-dən artıq ölkənin nümayəndə heyətləri qatılıblar. Sammitdə qonaq qismində iştirak edənlər arasında Polşa prezidenti Lex Kaçinski, Litva prezidenti Valdas Adamkus, Çexiyanın xarici işlər naziri Karel Şvarçenberq, ABŞ dövlət katibinin köməkçisi Devid Merkel və başqa rəsmi şəxslər iştirak ediblər. Moldova prezidenti Vladimir Voronin isə sammitə qatılmayıb. Zirvə toplantısında Moldovanı ölkənin daxili işlər naziri Valentin Mejinski və xarici işlər nazirinin müavini Valeri Ostalep təmsil edib. (http://www.yeniazerbaijan.com/)

Bu tədbir GUAM-ın postsovet məkanında əsas güc mərkəzlərindən birinə çevrildiyini nümayiş etdirməklə yanaşı, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın qarşılıqlı faydalı əməkdaşlığına yeni imkanlar açıb. GUAM-ın keyfiyyətcə yeni qurum kimi formalaşması təkcə geosiyasi amillərlə deyil, həm də regiondakı qlobal enerji layihələrinin reallaşmaq üzrə olması ilə şərtlənir. Söhbət konkret olaraq Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərindən gedir və bu layihələrin reallaşmasında lokomotiv dövlət kimi Azərbaycan çıxış edir. Azərbaycanın təbii sərvətlərinin Qərb bazarlarına daşınması ilə bağlı Ukrayna öz tranzit imkanlarından istifadə etməyi rəsmi Bakıya təklif edir. Bununla nəinki Ukraynanın, həm də Şərqi Avropa ölkələrinin Rusiyanın neft-qaz asılılığından çıxmaq, bu dövlətin ərazisindən yan keçməklə çoxşaxəli enerji kommunikasiya sistemi yaratmaq olar. Xatırladaq ki, hələ 2005-ci ilin qış aylarında Rusiyadan Ukrayna və Şərqi Avropaya verilən təbii qazın dayandırılması ciddi diplomatik gərginliyə səbəb olmaqla yanaşı, Şərqi Avropanı enerji təhlükəsizliyi baxımından bu gün də narahat edir. Bu hadisə bir daha təsdiqlədi ki, Azərbaycan Qafqazın və Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından vacib əhəmiyyətə malik olan ölkədir.

Qeyd edək ki, GUAM-a üzv olan ölkələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də hər zaman beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan ədalətli mövqe tutaraq ölkəmizin haqlı mövqeyini dəstəkləyib. (http://www.azerbaijan.news.az/)

GUAM-ın fomalaşması və inkişafinda xüsusi xidmətləri olan Azərbaycan Prezidenti Heydər Əliyev təşkilatın ‎çərçivəsində olduqca əhəmiyyətli hesab edilən 24 aprel 1999-cu il tarixli Vaşinqton, 7 iyun 2001-ci il və 20 iyul ‎‎2002-ci il tarixli Yalta zirvə görüşlərində şəxsən iştirak edib.

Azərbaycan Prezidenti Heydər Əliyev GUAM-a üzv olan ölkələrin birgə əməkdaşlığının əhəmiyyətindən söhbət ‎açarkən deyib: "Biz GUAM çərçivəsində əməkdaşlığı dövlətlərimizin suverenliyi və ‎müstəqilliyinin ‎möhkəmlənməsinə, onların sabit inkişafının təmin olunmasına və ‎xalqlarımızın rifahının yüksəlməsinə, dünya ‎sisteminə inteqrasiyaya kömək etməli olan ‎mühüm amil kimi qiymətləndiririk".‎

Tarixi arayış 03 sentyabr 2008-ci ildə tərtib edilib.