28 may 1918-ci ildə qəbul edilən və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığını elan edən 6 bənddən ibarət İstiqlal bəyannaməsi Azərbaycanın tarixində ilk konstitusiya aktı olub. Ancaq 28 aprel 1920-ci ildə XI Qızıl Ordunun Bakını işğal etməsi nəticəsində AXC süqut edib.
SSRİ-nin tərkibində olduğu müddətdə Azərbaycanda sovet konstitusiyaları qüvvədə olub. 1925-ci ildə Azərbaycan SSR-in ilk konstitusiyası qəbul edilib. Bu sənəd Azərbaycanın SSRİ tərkibində bir dövlət olduğunu təsbit edib. Növbəti konstitusiyalar 1937 və 1978-ci illərdə qəbul olunub.
18 oktyabr 1991-ci ildə yenidən müstəqillik əldə edən Azərbaycan Respublikasında yeni konstitusiyanın qəbulu zəruri idi. Beləliklə, 2 may 1995-ci ildə 33 nəfərdən ibarət komissiya yaradılıb (komissiyanın tərkibinə qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin nümayəndələri ilə yanaşı, respublikanın hüquq elminin və ictimaiyyətin tanınmış simaları cəlb olunub) və bu komissiya Azərbaycan Prezidenti Heydər Əliyevin sədrliyi ilə suveren Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsini hazırlayaraq, oktyabrın 15-də ümumxalq müzakirəsinə çıxarıb. Nəhayət, 12 noyabr 1995-ci ildə keçirilən ümumxalq referendumunda Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərək həmin il noyabrın 27-də qüvvəyə minib.
5 bölmə, 12 fəsil, 158 maddədən və keçid müddəalarından ibarət Əsas Qanun dövlətin fəaliyyətinin əsas prinsiplərini, demokratik dövlət quruculuğu prosesinin başlıca istiqamətlərini, vətəndaşların fundemantal hüquq və vəzifələrini müəyyən edir. Konstitusiyanın üçdə bir hissəsini təşkil edən insan hüquq və azadlıqlarına dair müddəalar beynəlxalq hüquqi sənədlərdə təsbit olunmuş insan hüquqlarına dair normalarla uyğunluq təşkil edir. Əsas Qanunda insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilib.
Konstitusiyanın qəbulundan sonra ölkədə bir çox sahələrdə, xüsusən hüquqi dövlət quruculuğu və insan haqları sahəsində əhəmiyyətli dəyişikliklər baş verib. Hakimiyyətin bölgüsü prinsipinin daha ardıcıl həyata keçirilməsi üçün məhkəmə-hüquq islahatları aparılıb, Azərbaycan Respublikası insan hüquqları sahəsində bir çox konvensiyalara qoşulub, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün ölkə daxilində yeni mexanizmlər yaradılıb.
24 avqust 2002-ci il tarixdə keçirilən referendumla Azərbaycan Respublikasının Konstitusiyasına bir sıra əlavə və dəyişikliklər edilib. Bu əlavə və dəyişikliklər ilk növbədə cəmiyyətin inkişafından doğan və konstitusiyanın, qanunların, bütövlükdə hüquq sisteminin təkmilləşdirilməsi, demokratikləşmə prosesinin dərinləşdirilməsi və insan hüquqlarının daha səmərəli müdafiə edilməsi zərurətindən irəli gəlib.
Ötən dövr ərzində respublikada beynəlxalq standartlara cavab verən qanunvericilik bazası formalaşıb. Azərbaycanda genişmiqyaslı məhkəmə-hüquq islahatları həyata keçirilib, hüquqi dövlət üçün zəruri olan yeni demokratik təsisatlar (Ombudsman, Konstitusiya Məhkəməsi) yaradılıb, nüfuzlu beynəlxalq təşkilatlara inteqrasiya istiqamətində mühüm addımlar atılıb.