Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizlənmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən, qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır.
Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir.
Yuxarıda göstərilənləri nəzərə alaraq qərara alıram:
1. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə dövlət komissiyası yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın icrası ilə bağlı məsələləri həll etsin.