Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin \"Fatih\" Universitetinin fəxri doktoru adı verilməsi mərasimində nitqi - İstanbul, 8 may 1997-ci il

Hörmətli dövlət naziri!

Hörmətli vali!

Hörmətli rektor!

Hörmətli professorlar, müəllimlər!

Əziz tələbələr, bacılar və qardaşlar!

Sizə Azərbaycan xalqından hərarətli salam yetirirəm. Sizə, \"Fatih\" Universitetinə və böyük türk xalqına səadət və xoşbəxtlik arzulayıram.

Biz bu salona daxil olarkən burada Azərbaycanın çox sevimli mahnılarından biri olan \"Sizə salam gətirmişəm\" mahnısı səslənirdi. Bu gün burada hər bir insan bir-birini salamlayır və mahnı ilə də Sizə Azərbaycan salamı gəlibdir. Mən bu sözlərimlə də sizə salamımı, hörmət-ehtiramımı və sevgi-məhəbbətimi bildirirəm.

Əziz dostlar, mən Türkiyənin prezidenti, əziz dostum, qardaşım Süleyman Dəmirəlin dəvəti ilə Türkiyədə dörd gündür ki, rəsmi səfərdəyəm. Mənimlə bərabər buraya gəlmiş Azərbaycan nümayəndə heyətinin tərkibində ölkəmizin görkəmli şəxsləri, nazirlər, dövlət adamları, millət vəkilləri, elm, mədəniyyət xadimləri, yazıçılar, şairlər, musiqiçilər vardır. Dörd gündür bizim hamımız Türkiyənin qucağındayıq. Biz Türkiyə xalqı, Cümhuriyyəti, qardaş-bacılarımız tərəfindən həddindən ziyadə dostluq münasibəti və qardaşlıq hissiyyatları görürük və hiss edirik.

Türkiyə Cümhuriyyətinə, onun prezidenti hörmətli Süleyman Dəmirələ, Türkiyə xalqına və sizə bütün bunlara görə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Biz bütün bu günlər Türkiyədə Azərbaycan xalqına, respublikasına, müstəqil Azərbaycana və şəxsən bizə çox böyük hörmət və ehtiram görürük. Bunlar cürbəcür formada ifadə olunur. Ancaq hamısı birlikdə Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının indi nə qədər yüksək zirvələrdə olduğunu bütün dünyaya nümayiş etdirir. Bu, bizim üçün böyük iftixar hissidir. Azərbaycana göstərilən bu hörmət və ehtiramın, qardaşlıq təzahürü olaraq Türkiyə dövləti məni -Azərbaycanın prezidentini Türkiyənin yüksək mükafatı olan \"Dövlət nişanı\" ilə mükafatlandırdı. Türkiyənin prezidenti hörmətli Süleyman Dəmirəl bu mükafatı təntənəli şəkildə mənə təqdim etdi. Mən bu hadisəni çox yüksək qiymətləndirirəm. Bu, mənim fəaliyyətimə, indiyədək keçdiyim yola və mənim Azərbaycan xalqı qarşısında göstərdiyim xidmətlərə, o cümlədən Türkiyə-Azərbaycan dostluğunun inkişaf etdirilməsində göstərdiyim xidmətlərə verilən yüksək qiymətdir. Bu, eyni zamanda Azərbaycan xalqına, onun azadlıq, dövlət müstəqilliyi yolunda apardığı mübarizəyə və əldə etdiyi nailiyyətlərə verilən yüksək qiymətdir. Bu, eyni zamanda Azərbaycan xalqına, onun azadlıq, dövlət müstəqilliyi yolunda apardığı mübarizəyə və əldə etdiyi nailiyyətlərə verilən yüksək qiymətdir. Mən bu mükafata görə təşəkkür edirəm. Bir daha sizi, Türkiyə Cümhuriyyətini əmin edirəm ki, Azərbaycan xalqına, mənə göstərilən bu yüksək etimadı Türkiyə-Azərbaycan dostluğunu möhkəmləndirmək, respublikamızın dövlət müstəqilliyini daha da yüksəklərə qaldırmaq yolunda doğruldacağam.

Dünən biz İzmir şəhərində olduq. İzmirdə \"9 Eylül\" Universitetində görüşlər keçdi. \"9 Eylül\" Universiteti mənə bu universitetin fəxri doktoru adını verdi. Bu, mənim üçün böyük hadisədir. Mən çox minnətdaram. Bu gün biz \"Fatih\" Universitetindəyik. Siz mənə, Azərbaycanın dövlət başçısına universitetin Fəxri doktoru adı verilməsi münasibətilə toplaşmısınız. Mən universitetə, universitetin rektorluğuna, idarə heyətinə və universitetin bütün kollektivinə mənə göstərilən bu hörmət və ehtirama, şərəfə görə, mənə verilən yüksək ada görə təşəkkür edirəm. Sizi əmin edirəm ki, \"Fatih\" Universitetinin həm Fəxri doktoru kimi, həm də onun yaxın dostu kimi mən bu universitetin gələcək işlərinin uğurlu olmasına daim öz köməyimi göstərəcəyəm.

\"Fatih\" Universiteti yaşca gənc universitetdir. Ancaq sevindirici hal odur ki, təşkil olunduğu qısa müddətdən sonra universitet sürətlə inkişaf edibdir. İndi universitetin böyük tərkibdə professor-müəllim kollektivi, gözəl tələbələri, belə dəyərli insanları vardır. Universitet Türkiyənin böyük şəxsiyyəti Fatihin adını daşıyır. Universitetin qurulması məramı çox xoş məramdır. Universitet və onunla bağlı olan vəqf türk dünyasında türk xalqının, türkün tarixini, milli ənəələrini, keçdiyi yolu təbliğ etməkdə və türk dilini, təhsilini, tədrisini qurmaqda, yaratmaqda, Türk Cümhuriyyətlərində yeni-yeni tədris ocaqları - universitetlər, kolleclər, litseylər açmaqda çox böyük xidmətlər göstərir. Bu, tək bir universitet deyil, onun çox böyük qolqanadı vardır. Yəni bu vəqfın çox böyük qolqanadı var. Onun böyük qanadlarından biri bu universitetdir.

Mən fürsətdən istifadə edib bu vəqfin Türkiyənin və Türk Cümhuriyyətlərinin həyatında son illər gördüyü işlərə yüksək qiymət verirəm. Görülən bu işlər münasibətilə sizi təbrik edirəm. Bu vəqfın yaranmasında, yaşamasında çox böyük xidmətlər göstərmiş Xoca Fətullah Gülenin xidmətlərini qeyd edirəm.

Biz Azərbaycanda çox sevinirik, iftixar hissi keçiririk ki, Türkiyənin təhsil ocaqları gündən-günə genişlənir, güclənir və sayca artır. Türkiyənin yüksək təhsil ocaqları, universitetləri Türkiyə Cümhuriyyəti, türk dünyasının gələcəyi üçün yüksək ixtisaslı mütəxəssislər hazırlayırlar. Bizi sevindirən bir də odur ki, Türkiyənin siyasəti, mədəniyyəti də, mənəviyyatı, təhsili də, elmi də Türkiyə Cümhuriyyətinin banisi, qurucusu böyük Mustafa Kamal Atatürkün qoyduğu yolla, onun vəsiyyətlərini yerinə yetirmək yolu ilə gedir. Mustafa Kamal Atatürk bütün türk dünyasının tarixi şəxsiyyətidir. Türkiyə Cümhuriyyətinin yüksək zirvəyə çatmasında, türk xalqının 70 ildən artıq bir zamanda əldə etdiyi nailiyyətlərin qazanılmasında onun göstərdiyi xidmətlər əvəzsizdir. Türkiyə Cümhuriyyətinin yaranması ilə türk dünyasında gedən proseslərə göstərilən təsirdə, Türk Cümhuriyyətlərinin, türkdilli xalqların bir-birinə daha sıx qovuşmasının təmin olunmasında, türk köklü millətlərin milli azadlıq və müstəqillik uğrunda mübarizəsi sahəsində aparılan işlərdə də onun xidmətləri və onun ideyalarının təsiri böyükdür. Ona görə də Mustafa Kamal Atatürk bütün türk dünyasının əvəzsiz, ölməz lideridir.

Əziz dostlar! Bu günlər bizim buradakı bütün görüşlərimiz, danışıqlarımız və imzaladığımız müqavilələr, digər sənədlərin hamısı Türkiyə-Azərbaycan əlaqələrini genişləndirmək, ölkələrimizinin dostluğunu, qardaşlığını möhkəmləndirmək və daha da yüksəklərə qaldırmaq məqsədi daşıyır.

Biz bir neçə saatdan sonra Türkiyəni tərk edəcəyik. Mənim səfərim başa çatır. Bu anlarda mən böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bizim bu səfərimiz uğurlu olubdur. Qarşımıza qoyduğumuz məqsəd yolunda biz ciddi addımlar atmışıq. Bizim bu günlərdəki danışıqlarımız, əldə etdiyimiz razılıqlar və müqavilələr Türkiyə-Azərbaycan əlaqələrinin gələcək inkişafında yeni bir mərhələ açıbdır. Bu baxımdan xüsusən, Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında Türkiyə və Azərbaycan prezidentlərinin imzaladığı sənədin xüsusi əhəmiyyət daşıdığını mən bir daha vurğulamaq istəyirəm. Ümidvar olduğumu bildırmək istəyirəm ki, bu müqavilənin əsasında bizim strateji əməkdaşlığımız, iş birliyimiz bundan sonra daha da sürətlə inkişaf edəcəkdir. Türkiyə və Azərbaycan bundan sonra daim bir yerdə olacaq, bizim qardaşlıq əlaqələrimiz sarsılmaz olacaqdır.

Bu gün biz bir çox məsələləri müzakirə etdik. Mən məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bütün məsələlərin hamısında biz Türkiyənin dövlət və hökumət başçıları ilə yekdil olduğumuzu müşahidə etdik. Biz eyni fikirdəyik, mövqedəyik. Həm dünya siyasətinə, həm də bölgədə olan vəziyyətə və bütün başqa məsələlərə eyni düşüncələrlə, eyni fikirlərlə baxırıq. Bu, çox əhəmiyyətlidir. Bu, bizim üçün xüsusi əhəmiyyətlidir, eyni zamanda Türkiyə üçün də əhəmiyyətlidir. Çünki Azərbaycan üçün Türkiyədən yaxın dost, qardaş dövlət yoxdur. Hesab edirəm ki, Türkiyə üçün də bütün ölkələr, xalqlar arasında Azərbaycan qədər dost, qardaş ölkə yoxdur. Bizim danışıqlarımız həm iqtisadi sahədə, həm də dünya siyasəti sahəsində əməkdaşlığı artırmaqdan, genişləndirməkdən ibarət olubdur, eyni zamanda bölgəmizdə, Qafqazda yaranmış gərgin vəziyyəti, Ermənistanın Azərbaycana etdiyi təcavüzü aradan qaldırmaq problemləri ilə əlaqədar olubdur. Biz bu məsələləri ətraflı müzakirə etmişik, ümumi fikrə gəlmişik və mən əldə etdiyimiz razılıqlardan və danışıqlardan çox razı olduğumu bildirmək istəyirəm.

Bizim iqtisadi əlaqələrimiz inkişaf edir, ancaq hesab edirəm ki, bundan sonra daha da sürətlə inkişaf edəcəkdir. İqtisadi əlaqələrimizin ən mühüm cəhəti ölkəmizin Xəzər dənizində və Azərbaycan ərazisində olan neft və qaz yataqlarından müştərək istifadə olunmasında Türkiyənin iştirakı ilə bağlıdır. Siz bilirsiniz ki, 1994-cü ilin oktyabr ayında ölkəmiz dünyanın böyük neft şirkətləri ilə Azərbaycan neft yataqlarının müştərək istifadə edilməsi üçün \"Əsrin müqaviləsi\" adlanan böyük bir müqavilə imzalayıbdır. Bu müqavilə imzalanarkən burada Türkiyənin kiçik bir hissə payı vardı. Sonra Azərbaycan öz hissəsindən Türkiyənin payını artırdı. Ondan sonra imzalanan müqavilədə Türkiyənin payı daha da çoxdur. Beləliklə, Türkiyə Azərbaycanın ən böyük sərvəti olan neft yataqlarından istifadə olunmasında bizimlə bərabər, müştərək istifadə edir. Gələcəkdə Azərbaycanda böyük həcmdə neft hasil olunacağı gözlənilir. İndi bu neftin dünya bazarına çıxarılması üçün yollar araşdırılır. Bu neftin haradan, hansı yolla keçəcəyi, necə olacağı məsələsi indi dünyanın bütün ölkələrində həm Qərbdə, həm Şərqdə, həm Avropada, həm Amerikada, həm Rusiyada, həm də başqa ölkələrdə müzakirə olunur. Çünki bu neft borusu hansı ölkənin ərazisindən keçsə, həmin ölkə böyük qazanc əldə edəcəkdir. Bilirsiniz ki, ilkin neftin ixracı üçün biz iki neft borusunun tikilməsi haqqında qərar qəbul etmişik. Bunlardan biri şimal istiqamətində - Rusiya ərazisindən Qara dənizin Novorossiysk limanına, ikincisi qərb istiqamətində Gürcüstan ərazisindən Qara dənizin Türkiyəyə çox yaxın olan Supsa limanına gedəcəkdir. Ən böyük neft kəməri haqqında çox söhbətlər gedir, bu günlərdə mənə burada da çox suallar verilib. Mən demişəm və Sizə də bildirmək istəyirəm ki, bu neft borusunun Türkiyə içərisindən Ceyhana keçirilməsi bizim istəyimiz, arzumuzdur. Biz bu yolda çalışırıq və çalışacağıq.

Burada müzakirə olunan mesələlərdən biri, bizim üçün ən əsası və əhəmiyyətlisi, ən vacibi Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasıdır. Bilirsiniz ki, 1988-ci ildə Ermənistan Azərbaycanın ayrılmaz bir hissəsi olan Dağlıq Qarabağı ələ keçirmək üçün ölkəmizə qarşı hərbi təcavüzə başlayıbdır. Bu, həm Ermənistanın, həm də Azərbaycanın hələ Sovetlər Birliyinin tərkibində olduğu bir zamanda başlayıbdır. Ancaq təəssüf ki, o zamanlar Sovetlər Birliyinin başçıları Azərbaycana qarşı ədalətsiz münasibət göstəriblər və bu münaqişənin baş verməsinin qarşısı alınmayıbdır. Mən sizə bildirmək istəyirəm ki, bu Dağlıq Qarabağ məsələsi yeni bir məsələ deyil. Ümumiyyətlə, ermənilər \"böyük Ermənistan\" xülyası ilə yaşayırlar. Onlar hesab edirlər ki, Türkiyənin çox hissəsi də, Azərbaycanın bir hissəsi də, Gürcüstanın çox hissəsi də, İranın da bir hissəsi Ermənistanın torpağıdır. Onlar bu fikirlərlə yaşayırlar və təəssüflər olsun ki, bəziləri bu fikirlərlə indi də yaşayırlar. Ancaq o vaxt, 1988-ci ildə onlar bu istəklərini, yəni bu planlarını həyata keçirmək üçün ən zəif nöqtə Azərbaycanı gördülər və o vaxt Sovetlər İttifaqı başçılarının gizli dəstəyi nəticəsində belə bir təcavüz başladı.

Bu gün mən sizinlə çox səmimi söhbət edirəm. Bəlkə də bu, bir az çox vaxt alır. Ancaq bu tarixi hamı bilməlidir. Burada mənim tərcümeyi-halım haqqında deyildi. 1987-ci ilin oktyabr, ayında mən Moskvada tutduğum ən yüksək vəzifələrdən istefa verdim. Mən istefa verendən düz 20 gün sonra erməni millətçiləri Fransa mətbuatında yazdılar ki, Dağlıq Qarabağ Ermənistana verilməlidir. Həmin bu məsələni yayan, erməni millətindən olan professor Aqanbekyan - o, həmişə Moskvada yaşayıb, orada da çalışır və Sovetlər Birliyinin başçılarına çox yaxın olan bir adam olubdur, - Fransada bəyanat verdi ki, bu məsələ Sovetlər Birliyinin başçısı Qorbaçovla da razılaşdırılıbdır. Bundan sonra erməni millətçiləri Azərbaycana təzyiq göstərməyə, təcavüz etməyə başladılar. Yəni mənim Moskvada, Sovetlər Birliyinin başında duran bir orqanın ən yüksək nöqtələrindən birində olmağım ermənilərin qarşısını alırdı. Mən ondan əvvəlki illərdə də - Azərbaycana 14 il başçılıq etdiyim zaman və Moskvada olduğum 5 il ərzində ermənilərin Dağlıq Qarabağa olan bu iddialarının qarşısını almışdım. Demək, bu məsələyə başlamaq üçün Heydər Əliyevi aradan çıxarmaq, onu uzaqlaşdırmaq lazım idi. Bu da oldu. Mən istefa verdim, bundan 20 gün sonra bu proses başlandı. Sonra bu, hərbi təcavüzə çevrildi. Hərbi təcavüz 1988-1989-cu illərdə davam etdi. O vaxt - Azərbaycan da, Ermənistan da Sovetlər Birliyinin tərkibində olan zaman bu münaqişənin qarşısını almaq mümkün idi. Çünki biz keçmiş zamanlarda bunların qarşısını almışdıq. Almaq mümkün idi, ancaq bunu etmədilər. Çünki Ermənistanı dəstəklədilər və Azərbaycanın bir hissəsini Ermənistana verməyə razılıq verdilər. Bu səbəbdən və Azərbaycanın daxilində olan səbəblərdən, günahlardan da Ermənistan son illərdə təcavüzünü artırdı. Nəticədə o dövrdə Azərbaycanın ərazisinin 20 faizi Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilibdir. İşğal olunmuş bu torpaqlardan bir milyondan artıq vətəndaş yerindən-yurdundan zorla çıxanlıb, qaçqın vəziyyətində yaşayır. 7 milyon əhalidən bir milyonu qaçqın vəziyyətindədir. Onların tam əksəriyyəti çadırlarda yaşayır. Siz də, biz də bilirik ki, çadırda yaşamaq nə qədər olar bir ay, iki ay, üç ay olar, bunun yayi da, qışı da, yazı da var, istisi, soyuğu da vardır. Dörd ildir bizim bu qədər insanlarımız ailəsi, uşaqları ilə birlikdə çadırlarda yaşayırlar. Təsəvvür edin, insanlar çadırlarda ailə qurur, çadırda uşaq doğulur, çadırda insanlar xəstəlikdən vəfat edirlər. Bu, Azərbaycan üçün nə qədər böyük faciədir. Bu, heç vaxt unudulmamalıdır. Əgər biz üç ildir atəşi dayandırmışıqsa, kəskin müharibə getmirsə də, ancaq Azərbaycanın həyatında bu ağır, çətin problem, faciə var, durubdur. Bunu heç kəs unutmamalıdır. Biz də unutmuruq. Şübhəsiz ki, biz bu məsələ ilə məşğul oluruq. Bu məsələni Türkiyədə də heç kəs unutmamalıdır. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü pozulubdur. Biz döyüşlər apardıq, vuruşlar getdi, insanlar həlak oldu, şəhidlər verdik. Ancaq üç il bundan əvvəl biz ümumi bir fikrə gəldik ki, atəşi dayandırmaq lazımdır. 1994-cü il mayın 12-də - üç il bundan əvvəl biz atəşin dayandırılması üçün atəşkəs haqqında saziş imzaladıq. Üç ildir ki, atəş yoxdur, ancaq eyni zamanda sülh də yoxdur. Atəş yoxdur, amma ermənilər üstünlük əldə ediblər. Azərbaycan torpaqları işğal olunubdur. Dağlıq Qarabağ ermənilərin əlinə keçib. Dağlıq Qarabağdan olan azərbaycanlılar çoxdan qovulublar. İşğal olunmuş torpaqlardan azərbaycanlıların hamısı zorla çıxarıhbdır. İşğal olunmuş torpaqlar viran edilibdir, dağıdılıbdır. Bizim oradakı məscidlərimiz, müqəddəs dini, tarixi, mədəni abidələrimiz, Azərbaycanın əmlakı dağıdılıbdır. Belə vəhşilik, barbarlıq tarixdə görünməmiş bir şeydir. Amma təəssüf ki, biz belə bir vəziyyətə dözürük.

Hesab edirik ki, keçmiş illərə nisbətən indi üç il atəşkəs dövrü daha münasibdir. Ona görə də biz bu atəşkəs dövrünü qöruyub saxlayırıq. Ona görə qoruyub saxlayırıq ki, münaqişəni sülh yolu ilə həll edək. Çünki Ermənistanı dəstəkləyən ölkələr çöxdur. Ermənistanın ərazisində başqa ölkələrin ordusu, hərbi hissələri vardır. Məsələni sülh yolu ilə həll etmək lazımdır. Biz bu sahədə çox çalışırıq. Görülən bütün bu işlərin müsbət nəticəsi ondan ibarətdir ki, keçən ilin dekabrında ATƏT-in Lissabon Zirvə görüşündə ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçıları Erməniistan-Azərbaycan münaqişəsini müzakirə etdilər. Qərar qəbul edildi ki, məsələnin sülh yolu ilə həlli üçün prinsiplər qəbul olunsun. Həmin prinsiplər qəbul olundu və üç bənddən ibarətdir. Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınması, Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək dərəcəli muxtariyyət hüququnun verilməsi və Dağlıq Qarabağın bütün əhalisinə həm erməni, həm də azərbaycanlı əhalisinə gələcəkdə təhlükəsizlik üçün təminat verilməsi. Bu, bizim tərəfimizdən kompromis bir qərardır. Ancaq biz bu qərarı qəbul etdik ki, məsələni sülh yolu ilə həll edək. Ermənistan tərəfi bunu qəbul etmədi. ATƏT-in üzvü olan 54 dövlətdən 53 dövlətin başçısı, - bir Ermənistandan savayı, - bunu qəbul etdi, təsdiq etdi. İndi biz bu prinsiplər əsasında sülh danışıqları aparırıq. ATƏT-in Minsk qrupu bu işlə məşğul olur. Bu ilin əvvəlindən ATƏT-in Minsk qrupunda üç dövlət həmsədr təyin olunubdur - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa. Onların köməyi və vasitəçiliyi ilə biz bu məsələni sülh yolu ilə həll etmək istəyirik.

Bu gün fürsətdən istifadə edib bir daha bildirmək istəyirəm ki, Azərbaycana Ermənistan tərəfindən hərbi təcavüz başlanandan indiyədək, bütün mərhələlərdə, bütün dövrdə Türkiyə həmişə Azərbaycanla bərabər olub, Azərbaycanı dəstəkləyibdir, beynəlxalq təşkilatlarda məsələlərin müzakirəsi zamanı Azərbaycana çox yardımlar edibdir. Nəhayət, keçən il Lissabon Zirvə görüşündə dediyim həmin prinsiplərin qəbul olunmasında Türkiyə Cümhuriyyətinin və onun prezidenti hörmətli Süleyman Dəmirəlin xüsusi xidmətləri olmuşdur. Biz Lissabonda onunla görüşüb danışmışdıq, bu məsələləri müzakirə etmişdık. Bunların nəticəsində Lissabon bəyanatı əldə olunmuşdur və birgə hərəkət etmişdik. Ona görə də Türkiyənin bu məsələlərlə əlaqədar Azərbaycana verdiyi dəstəyi və mənəvi yardımı, beynəlxalq təşkilatlarda, başqa təşkilatlarda göstərdiyi yardımı biz yüksək qiymətləndiririk. Buna görə mən bir daha təşəkkürümü bildirirəm. Ancaq məsələnin həlli indi yeni səylər tələb edir. Biz Ankarada bu məsələləri müzakirə etdik. Türkiyə bu məsələlərdə bundan sonra daha fəal olacağını bildirdi. Biz əminik ki, bu, belə də olacaqdır, ancaq eyni zamanda, Ermənistanı yerində oturtmaq, təcavüzkar hərəkətlərindən əl çəkməyi Ermənistana anlatmaq lazımdır. Ermənistan bilməlidir ki, o, ədalətsizdir, təcavüzkardır, beynəlxalq hüquq normalarını pozubdur.

Mən bu baxımdan ErmənistanTürkiyə münasibətləri barədə bir neçə kəlmə demək istəyirəm. Son vaxtlar Türkiyənin mətbuat orqanlarında bəzi yazılar gedir ki, Ermənistanla Türkiyə arasında sərhəd xətlərini bəzi yerlərdə açmaq, ticarət etmək, iqtisadi əlaqələr qurmaq lazımdır. Təəssüflər olsun ki, son vaxtlar Ermənistandan daha çox adamlar Türkiyəyə, o cümlədən İstanbula gəlirlər. Guya burada iş adamları ilə görüşürlər, danışıqlar aparırlar. Mətbuatda artıq bəzi fikirlər dolaşır ki, Ermənistanla bu qədər sərt münasibətdə, yəni ticarət nöqteyi-nəzərindən, nəsə itiririk. Bunlar bizi narahat edir. Mən bu barədə bizim mövqeyimizi, fikrimizi Türkiyənin dövlət və hökumət başçılarına bildirdim. Bildirdim ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır, bir milyondan çox azəraycanlını, türkü öz yerindən-yurdundan çıxarıbdır, bu qaçqınlar ağır vəziyyətdə yaşayırlar. Ermənistan Azərbaycana təcavüz edibdir. Ermənistana heç bir güzəşt ola bilməz, onunla heç bir ticarət aparmaq olmaz, heç bir qapı açıla bilməz. Hesab edirəm ki, əgər Türkiyədə kimsə qazanc, para, iqtisadi əlaqələr naminə belə yolla getsə, türk xalqı, Türkiyənin ictimaiyyəti buna qətiyyən yol verməz.

Hörmətli professorlar və hörmətli dövlət naziri bu gün burada türk dünyası haqqında çox gözəl sözlər dedilər. Bəli, türk dünyası yeni mərhələ yaşayır. Biz çox məmnunuq ki, bütün cümhuriyyətlər öz müstəqilliyini əldə ediblər. Türkiyə Cümhuriyyətinin keçdiyi yol, yaratdığı hüquqi, dünyəviliyə layiq dövlət yeni müstəqillik əldə etmiş türkdilli, türk köklü dövlətlər üçün örnəkdir, nümunədir. Belə olan halda biz həmişə baxmalıyıq - bizim böyük dünyamızda, böyük bədənimizdə hansı nöqtə ağrıyır, yaralıdır, xəstədir, oraya daha da diqqət yetirmək lazımdır. Bax, yaranmış bu böyük dünyanın içində türk dünyasının ən yaralı yeri Azərbaycandır. Çünki Azərbaycanın torpaqları işğal olunubdur. Çünki bizim türk dünyasının bir milyon azərbaycanlısı yerindən-yurdundan didərgin düşübdür, çadırlarda qaçqın vəziyyətində yaşayır. Ona görə də Türkiyədə yaşayan hər bir dostumuz, qardaşımız, bacımız düşünməlidir ki, o çadırda olan adam necə yaşayır, nə cür yaşayır. Mən hesab edirəm ki, bu məsələlərdə Türkiyənin dövlət siyasəti çox ciddi olmalıdır. Türkiyənin bütün ictimai rəyi, fikri də sağlam olmalıdır. Əgər kimsə bu məsələlərdə o tərəfə, bu tərəfə əyirsə, güman edirəm ki, qəhrəman, çox qüdrətli, namuslu, qeyrətli türk xalqı onları öz yerində oturdar.

Bu məsələlər haqqında mən çox açıq və kəskin danışıram, bir də ona görə ki, biz üç ildir Ermənistanla atəşkəs rejimi şəraitində yaşayırıq. Biz istəyirik ki, bu məsələni sülh yolu ilə həll edək. Ancaq bir-iki ay bundan əvvəl aşkar edilib ki, həmin bu üç il müddətində Rusiya Ermənistana gizli olaraq, qeyri-qanuni yolla çoxsaylı silahlar, özü də çox ağır, həddindən artıq təhlükəli silahlar veribdir. Rusiya Ermənistana gizli yolla 1 milyard dollar dəyərində silah veribdir. Onların içərisində müasir silahlar, onlarca, yüzlərcə müasir tanklar, raketlər, toplar vardır. Bu həmin raketlərdəndir ki, vaxtilə Rusiya onlardan Kiprə vermişdi və burada tamamilə doğru, düzgün olaraq böyük bir narahatlıq yaranmışdı. Rusiya həmin raketlərdən Ermənistana da veribdir. Yəni 1 milyard dollar dəyərində olan silahlar nəinki Azərbaycanı, bütün bölgəni dağıda bilər. Görürsünüz, vəziyyət necədir? Siz bilirsiniz ki, eyni zamanda Rusiyanın Ermənistanda hərbi bazaları, hərbi, əsgəri hissələri vardır. Bu hərbi bazaların orada qalması artıq hüquqlaşdırılıbdır və bununla əlaqədar bağlanmış müqavilə Rusiyanın və Ermənistanın parlamentlərində təsdiq olunubdur. Rusiyanın Gürcüstanda da hərbi bazası vardır, onların sərhədlərində də Rusiyanın əsgərləri durubdur. Amma Azərbaycan tam müstəqildir. Azərbaycanda heç bir xarici ölkənin əsgəri yoxdur. Çünki biz həm müstəqilliyimizi qoruyuruq, həm də sülh siyasəti aparırıq. Sülh siyasəti aparırıqsa, demək, başqa bir ölkənin əsgərinin bizim ölkəmizdə olmasına ehtiyac yoxdur. Əgər müstəqilliyimizi qoruyuruqsa, müstəqilliyimiz tam olmalıdır. Əgər başqa bir ölkənin ordusu və yaxud ordu hissəsi gəlib bizim torpağımızda olsa, şübhəsiz ki, bu, bizim müstəqilliyimizin tam olmağını göstərməyəcəkdir. Ona görə də biz müstəqilliyimizi qorumağı özümüz üçün ən böyük vəzifə hesab edirik. Bu baxımdan indi bu bölgədə, Qafqazda, o cümlədən Türkiyənin mənsub olduğu bölgədə yaranmış hərbi vəziyyət çox narahatedicidir, qorxuncdur və bunu bilmək, bunu nəzərə almaq lazımdır.

Bizim sülh siyasətimiz, Türkiyənin sülh yolunda mübarizəsi və Azərbaycana bundan sonra göstərəcəyi dəstək daha güclü, daha yetərli olmalıdır. Bu baxmıdan mən hesab edirəm ki, Türkiyə Azərbaycanın ən yaxın dostu, qardaşıdır və eyni zamanda böyük qüdrətli dövlət kimi hər cür yardımını Azərbaycandan əsirgəməməlidir. Azərbaycanın iqtisadiyyatında çox ciddi dəyişikliklər gedir.

Siz bilirsiniz ki, biz demokratiya yolu ilə gedirik, hüquqi demokratik, dünyəvi dövlət qururuq, bazar iqtisadiyyatını inkişaf etdiririk. \"Torpaq islahatı haqqında\" qanun qəbul etmişik, torpağı şəxsi mülkiyyətə veririk. Bunlar hamısı Azərbaycanın iqtisadiyyatını dəyişdirir. Azərbaycan bir neçə ildən sonra iqtisadi dirçəliş dövrünü keçirəcəkdir. Azərbaycanda dünyanın böyük neft şirkətləri ilə beş neft müqaviləsi imzalanıbdır. Bu neft müqavilələrinin böyük gələcəyi vardır. Yəni bizim gələcəkdə haradansa iqtisadi yardım almağa ehtiyacımız olmayacaqdır. Amma bu gün bizim bu ehtiyacımız vardır. Bizim bu ehtiyacımızı da heç kim ödəmir, o cümlədən Türkiyə də ödəmir. Ermənistana Rusiya da, Amerika da, başqa dövlətlər də kömək edir. Ermənilərin bu ölkələrdə olan diasporu da onlara kömək edir.

1992-ci ildə Amerika konqresi Azərbaycana köməyə embarqo, yəni qadağan qoyubdur. Nəyə görə? Guya Azərbaycan Ermənistanı blokadaya alıbdır. Amma həqiqətdə Ermənistan Azərbaycanın ərazilərini işğal edibdir, respublikamızı blokadaya alıbdır. ABŞ konqresi tərəfindən belə bir ədalətsiz qərar qəbul olunubdur. Bu da Amerikada yaşayan erməni diasporunun vasitəsilə qəbul edilibdir. Amerika Ermənistana hər il 100 milyon dollarla kömək etdiyi halda Azərbaycana heç bir kömək etmir, başqa ölkələrə kömək etdiyi halda Azərbaycana kömək etmir. Rusiya Ermənistana kömək edir, Ermənistanda olan atom elektrik stansiyasının bərpa olunmasına, işləməsinə kömək etdi, çoxlu maliyyə yardımı və başqa yardımlar, köməklər göstərdi. Amma Azərbaycana heç kim kömək etmir.

Azərbaycan müstəqil dövlət kimi yaşayacaqdır. Azərbaycanın gələcəyi çox gözəl olacaqdır. Ancaq hesab edirəm ki, Azərbaycan Türkiyə əlaqələri o qədər yüksək səviyyədədir ki, indi respublikamızın iqtisadiyyatının daha da irəliyə getməsi üçün bizim Türkiyədən yardım istəməyə haqqımız vardır. Hesab edirəm ki, Türkiyənin dövlət və hökumət başçıları da bu məsələ barədə düşünməlidirlər.

Əziz dostlar, qardaşlar!

Bu günlər bizim üçün xoşbəxt günlərdir. Çünki biz bir-birimizə canla, qanla yaxın olan qardaş və bacılarımızla bir yerdəyik. Bizım tarixi keçmişimiz həqiqətən zəngindir. Bizim ulu babalarımız öz həyatını bir yerdə qurublar. Bizim dilimizi də onlar yaşadıb inkişaf etdiriblər, milli ənənələrimizi, adətlərimizi də, mədəniyyətimizi də onlar yaşadıb inkişaf etdiriblər və bizə böyük sərvətlər veriblər. İndi biz bunların sahibiyik. Biz bir dildən, bir dindən, bir kökdən olan xalqlarıq. Canımız da, qanımız da birdir. Hamısı birdir. Ona görə də bu günlər biz həddindən artıq sevinc içindəyik. Bizim tarixi şəxsiyyətlərimiz Yunus İmrə, Dədə Qorqud, Manas, Füzuli, Nizami və başqa böyük şəxsiyyətlər türk dilini, mədəniyyətini, mənəviyyatını yaşadıblar, nəsıllərdən - nəsillərə veriblər. Biz bununla fəxr edirik. Biz fəxr edirik ki, bizim müştərək bir kökümüz var. Biz fəxr edirik ki, indi Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra biz bu əlaqələri inkişaf etdirməyə daha da böyük imkan tapmışıq.

Azərbaycan öz dövlət müstəqilliyinin altıncı ilini yaşayır. Bu illər Azərbaycan üçün çox ağır, çətin illərdir. Dağlıq Qarabağ haqqında və Ermənistanın Azərbaycana təcavüzü haqqında dedim. Amma bilirsiniz ki, Azərbaycanın daxilində də nə qədər çətin, ağır proseslər olmuş, vətəndaş müharibəsi baş vermiş, insanlar bir-birinə qarşı çıxmış, silahlı dəstələr hakimiyyəti silahla ələ keçirmək istəmişdir. Biz bunların hamısını aradan götürə bildik. Mən sizə bildirmək istəyirəm ki, indi Azərbaycanda ictimai-siyasi vəziyyət tam sərbəstdir, sabitdir, əmin-amanlıq təmin olunubdur. Azərbaycanın dövləti bütün Azərbaycana hakimdir, respublikaya tam nəzarət edir. Bizim, Azərbaycan dövlətinin çox gözəl gələcəyi var. Biz bu gələcəyi müstəqillik yolunda görürük. Azərbaycan üçün dövlət müstəqilliyi tarixi nailiyyətdir, ən böyük sərvətdir. Bu gün mən sizə, əziz bacı-qardaşlarımıza bildirmək istəyirəm ki, biz dövlət müstəqilliyini günü-gündən möhkəmləndirəcəyik, inkişaf etdirəcəyik, qoruyub saxlayacağıq. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir,əyilməzdir, əbədidir.

Bütün bu işlərdə biz daim Türkiyə Cümhuriyyətinin tarixi təcrübəsindən bəhrələnirik. Mən dedim, bir də qeyd edirəm ki, Türkiyə Cümhuriyyətinin keçdiyi şanlı yol, əldə etdiyi nailiyyətlər və xüsusən demokratik, hüquqi dövlət quruculuğu, sərbəst iqtisadiyyat quruculuğu sahəsində əldə etdiyi nailiyyətlər bizim üçün örnəkdir. Bu gün bir daha böyük iftixar hissi ilə demək olar ki, türk xalqı cümhuriyyət qurulandan indiyədək bu cümhuriyyətin qurucusu, yaradıcısı, banisi böyük Mustafa Kamal Atatürkün tutduğu yol ilə gedir və biz hesab edirik ki, bu yol, yalnız bu yol türk xalqını bundan sonra daha da yüksəklərə qaldıracaq, qələbədən-qələbəyə aparacaqdır. Mən bir daha sizə təşəkkürümü, hörmət və ehtiramımı bildirirəm. Bir daha bildirmək istəyirəm ki, Azərbaycanda Türkiyənin xüsusi yeri var.

Sizin vəqfin və universitetin Azərbaycanda gördüyü işlər respublikamızın təhsil sistemində müəyyən müsbət dəyişikliklər meydana gətirir. Ona görə də mən bu işlərə həmişə dəstək vermişəm, bundan sonra da dəstək verəcəyəm.

Əziz dostlar, bacılar, qardaşlar!

Sizə cansağlığı arzu edirəm. Sizə səadət arzu edirəm. Universitetinizə işlərində yeni-yeni uğurlar arzulayıram. Türk xalqına, Türkiyə Cümhuriyyətinə səadət, əmin-amanlıq və daim yüksəliş arzu edirəm.

Eşq olsun Türkiyə Cümhuriyyətinə!

Eşq olsun türk xalqına!

Yaşasın böyük Türkiyə!

Yaşasın müstəqil Azərbaycan!

Yaşasın əbədi, sarsılmaz Türkiyə-Azərbaycan dostluğu!

Sağ olun!