İkitərəfli siyasi münasibətlər: Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Almaniya eyni zamanda Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan Polşa və İsveç tərəfindən irəli sürülmüş “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsi qarşılıqlı səfərlər və intensiv parlamentlərarası əməkdaşlıqda öz əksini tapıb.
Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycanda səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib.
22 dekabr 1995-ci ildə Almaniyanın xarici işlər naziri Klaus Kinkel Azərbaycanda rəsmi səfərdə olub. Klaus Kinkellə görüşən Prezident Heydər Əliyev Almaniyanın Avropa İttifaqı daxilində Azərbaycana köməyini yüksək qiymətləndirib. Azərbaycanın dövlət başçısı xarici işlər nazirindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Almaniyanın köməyinin artırılmasını gözlədiyini deyib.
Prezident Heydər Əliyev 1-4 iyul 1996-cı il tarixdə Almaniya Prezidenti Roman Hersoqun dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub. Səfər zamanı Heydər Əliyev Almaniyanın prezidenti, kansleri, vitse-kansleri və digər hakimiyyət nümayəndələri ilə görüşlər keçirib. Bu görüşlər zamanı ölkələr arasındakı əməkdaşlığın xüsusiyyətləri geniş şəkildə müzakirə edilib. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və münaqişənin sülh yolu ilə həlli məsələləri Azərbaycan Prezidentinin keçirdiyi görüşlərin əsas müzakirə mövzusu olub. Səfər çərçivəsində, siyasi, iqtisadi və elmi texniki əməkdaşlıq sahəsində beş müqavilə imzalanıb. Keçən illər ərzində Almaniya ilə Azərbaycan arasında müdafiə, siyasi təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq aparılıb.
2001-ci ilin mayında Almaniya xarici işlər naziri Yoşka Fişer Bundestaqın sədr müavini Antye Follmer ilə birgə Azərbaycana səfər edib. Prezident Heydər Əliyev Almaniya nümayəndə heyəti ilə görüşündə iki ölkənin əməkdaşlığına böyük əhəmiyyət verdiyini, alman şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətindən razı qaldığını, bunun davamlı olmasını istədiyini bildirib. Azərbaycan Prezidenti AFR-in Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müvafiq fəaliyyətinə ümid etdiyini deyib: "...ümidvarıq ki, Minsk qrupunun üzvü kimi Almaniya bizim üçün əsas məsələ olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli sahəsində - Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 20 faiz torpaqlarının azad olunması və işğal edilmiş torpaqlardan qaçqın düşmüş azərbaycanlıların öz yerlərinə-yurdlarına qayıtması sahəsində bundan sonra fəaliyyətini daha da artıracaqdır." Almaniyanın xarici işlər naziri Yoşka Fişer təmsil etdiyi ölkənin Dağlıq Qarabağ məsələsində imkanları daxilində kömək göstərəcəyini vəd edib.
21-22 aprel 2004-cü ildə növbəti dəfə Azərbaycanda səfərdə olan xarici işlər naziri Yoşka Fişer Prezident İlham Əliyevlə görüşüb. Görüşdə iqtisadiyyat, siyasət, təhlükəsizlik məsələləri müzakirə olunub.
24-26 avqust 2004-cü ildə Prezident İlham Əliyev Almaniya Prezidentinin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib. Almaniya Prezidenti Horst Köler və Federal kansler Gerhard Şröderlə keçirilən görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı siyasi əlaqələrin vəziyyəti, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
14-16 fevral 2007-ci il tarixli Almaniya səfəri zamanı Prezident İlham Əliyev Almaniyanın Kansleri Angela Merkellə görüşüb, ölkələrimiz, eləcə də Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan əlaqələrin inkişaf perspektivləri, ölkəmizdə iqtisadi islahatların uğurla həyata keçirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə aparılıb.
Prezident İlham Əliyev 04-06 fevral 2010-cu il tarixdə Almaniyada növbəti rəsmi səfərdə olub. Səfər çərçivəsində İlham Əliyev Almaniya Kansleri Angela Merkellə görüşüb. Almaniyanın Azərbaycana müxtəlif sahələrdə dəstək verməyə hazır olduğunu diqqətə çatdıran xanım Angela Merkel bildirib ki, neft-qaz ölkəsi olan Azərbaycan Almaniya üçün vacib tərəfdaşdır. İlham Əliyev isə müasirləşmə dövrünü yaşayan ölkəmizdə alman texnologiyalarına tələbatın olduğunu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəsini verməyə hazır olduğunu bildirib.
3-5 fevral 2012-ci ildə 48-ci Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Prezident İlham Əliyevin fevralın 3-də Almaniyanın sabiq xarici işlər naziri Hans-Ditrix Genşer ilə görüşü olub.
Bundan sonra da Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya bir neçə dəfə işgüzar səfər həyata keçirib: 6-8 fevral 2015-ci il, 12-14 fevral 2016-cı il, 17-19 fevral 2017-ci il və 14-16 fevral 2020-ci il.
Prezident İlham Əliyev 20-21 yanvar 2015-ci il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfər çərçivəsində dövlət başçısı Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer, Münxen Beynəlxalq Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger, həmçinin Almaniya Federativ Respublikasının Kansleri Angela Merkel ilə görüşü olub. Angela Merkel bu səfəri ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsi üçün önəmli səfər kimi dəyərləndirib. Almaniyanın Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyən xanım Kansler ölkəmizin Avropanın enerji təminatının şaxələndirilməsində, TAP, TANAP kimi nəhəng enerji layihələrinin həyata keçirilməsində, eləcə də “Şərq tərəfdaşlığı” Proqramında mühüm rol oynadığını bildirib. Angela Merkel Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində, ölkəmizdə infrastruktur layihələrinin icrasında Almaniyanın yeni şirkətlərinin iştirak etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.
Dövlət başçısı 6-7 iyun 2016-cı il tarixdə Almaniya Federativ Respublikasında növbəti işgüzar səfərdə olarkən iyunun 7-də Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunda iştirak edib. Forumda çıxış edən Prezident İlham Əliyev Almaniya ilə Azərbaycanın yaxşı tərəfdaşlar olduqlarını, ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığını bildirib. Səfər çərçivəsində İlham Əliyevlə Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelin də görüşü olub. Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu qeyd edilib, “Cənub Qaz Dəhlizi”nin bu baxımdan regional əməkdaşlığa, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı iqtisadi əməkdaşlığının genişləndirilməsinə töhfə verdiyi bildirilib.
2018-ci ilin 25 avqustunda Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkel Azərbaycan Respublikasına səfərə gəlib. Prezident İlham Əliyev və Federal Kansler xanım Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib. Angela Merkel bəyan edib ki, "Azərbaycan bu regionda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır". O, Almaniyanın Azərbaycanla iqtisadi əlaqələrinin və həm də mədəniyyət sahəsində də əlaqələrin genişləndirilməsində potensial olduğunu bəyan edib.
İqtisadi münasibətlər: Azərbaycan Prezidenti Heydər Əliyevin 1-4 iyul 1996-cı il tarixli Almaniya səfəri Azərbaycanla Almaniya arasında iqtisadi münasibətlərin inkişafında mühüm rol oynayıb. Prezident Heydər Əliyev Almaniyanın iri iqtisadi mərkəzi olan Köln şəhərində AFR-in işgüzar dairələrinin nümayəndələri, iri şirkət rəhbərləri, maliyyə-bank sektorunda çalışan iş adamları ilə görüşüb. O, Azərbaycan iqtisadiyyatının potensial imkanları və beynəlxalq biznes üçün yaradılan şəraitdən bəhs edərək alman iş adamlarını Azərbaycana sərmayə qoymağa çağırıb. Bu səfər Azərbaycana xarici investisiya qoyuluşlarının və beynəlxalq kreditlərin cəlb edilməsində mühüm rol oynayıb.
Azərbaycan və Almaniya arasında bağlanan gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında 25 avqust 2004 tarixli, Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında Maliyyə Əməkdaşlığı haqqında, İqtisadi İnkişaf Nazirliyi və Almaniya İnkişaf Bankı arasında "Kreditlərin Zəmanəti Fondu"nun yaradılması üçün maliyyə yardımı ayrılması haqqında Maliyyələşdirmə Müqaviləsi, həmin Müqaviləyə dair Xüsusi Razılaşma, Həvalə Müqaviləsi və Mübahisələrin Münsiflər Məhkəməsində araşdırılması haqqında 14 avqust 2006 tarixli müqavilələr iqtisadi münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynayıb.
5 may 2011-ci ildə Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupu təsis edilib. 12 noyabr 2012-ci ildə isə Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatası açılıb. Alman-Azərbaycan Xarici Ticarət Palatasının hər iki tərəfdən təxminən 150 üzvü vardır. Alman-Azərbaycan Xarici Ticarət Palatası alman iqtisadiyyatının rəsmi nümayəndəliyi kimi şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verir.
2018-ci ildə ikitərəfli ticarət dövriyyəsi 1 875 803 000 avro olub ki, bu da əvvəlki il ilə müqayisədə 39,4% artım deməkdir. Azərbaycan Almaniyaya 1 442 094 000 avroluq məhsul ixrac edib, Almaniyadan 433 709 000 avroluq məhsul idxal edib.
Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin məlumatına əsasən, 2019-cu ildə Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsində Azərbaycanın payı təxminən 70% təşkil edib. Eyni zamanda, Almaniyanın Federal İqtisadiyyat və İxraca Nəzarət Ofisinin məlumatına istinadən, Azərbaycan Almaniyanı neftlə təmin edən ölkələr sırasında 2019-cu ildə 9-cu yerdə olub. 2019-cu ildə Azərbaycandan Almaniyaya təqribən 3 milyon ton xam neft ixrac edilib.
Azərbaycanın iqtisadi və turizm potensialının Almaniyada təşviq olunması məqsədilə ölkəmiz hər il Almaniyada keçirilən müxtəlif beynəlxalq sərgilərdə milli stendi ilə iştirak edir.
Mədəni münasibətlər: Mədəniyyət sahəsində münasibətlərin başlanğıcı XIX əsrin əvvəlinə təsadüf edir. Azərbaycanın qərb bölgəsində (indiki Göygöl, əvvəllər Helenendorf, indiki Şəmkir, əvvəllər Annenfeld) çoxsaylı abidələr (kilsələr də daxil olmaqla) 1818-1819-ci illərdən etibarən burada məskunlaşmış şvabları xatırladır.
“Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında mədəni əməkdaşlıq haqqında” 22 dekabr 1995-ci il tarixli Saziş bu sahədə hüquqi bazanı təşkil edir. Bu sazişə uyğun olaraq Azərbaycan–Alman Qarışıq komissiyası yaradılıb.
Azərbaycan xaricdə öz ilk mədəniyyət ilini 2008-ci ildə Almaniyada keçirib. Bu məqsədlə Azərbaycan Mədəniyyət və Turizm nazirinin rəhbərliyi ilə 120 nəfərlik nümayəndə heyəti bu ölkəyə səfər edib. Mədəniyyət tədbirləri Berlində bir həftə davam edib. İl boyu isə Almaniyanın Münhen, Hamburq, Mayns, Ştutqart və digər iri şəhərlərində Azərbaycan mədəniyyəti təbliğ olunub. Almaniyada Azərbaycan ili çərçivəsində 12 iyun–15 iyul 2008–ci il tarixlərində Drezden Qalereyasında "Azərbaycan müasir incəsənət sərgisi" keçirilib. Sərgidə tanınmış Azərbaycan rəssamlarının əsərləri nümayiş etdirilib.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” 30 avqust 2016-cı il tarixində Sərəncam imzalanıb. Sözügedən Sərəncama müvafiq olaraq, Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi Azərbaycanda və Almaniyada geniş şəkildə qeyd olunub, Bakı, Berlin və digər şəhərlərdə bu tarixi hadisəyə həsr olunmuş çoxsaylı tədbirlər təşkil edilib.
Mədəniyyət sahəsinin vacib tərkib hissəsi olan Alman-Azərbaycan Mədəniyyət Birliyi “Kapellhaus“da yerləşir (protestant kilsəsinin əvvəllər musiqi salonu). Burada hər il çoxsaylı mədəni tədbirlər təşkil edilir. 2017-ci ilin dekabr ayından etibarən Bakıda həmçinin Goethe Mərkəzi fəaliyyət göstərir.
Almaniyada “Berlin-Bakı” Qalereyası da fəaliyyət göstərir. Qalereya tərəfindən mütəmadi olaraq Berlin şəhərində Azərbaycan və Almaniyanın incəsənət xadimlərindən ibarət rəsm, foto və heykəltəraşlıq sərgiləri keçirilir.
“Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın icrası istiqamətində Almaniyanın aparıcı ali təhsil ocaqları və Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə sıx əməkdaşlıq edilir. Bu xüsusda, 2016/2017-ci akademik ili üzrə Almaniyanın ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alan azərbaycanlıların sayı 240 nəfər olub. 2007-2017-ci illər üzrə bu rəqəm 1974 təşkil edib.
Ölkəmizdə 1997-ci ildən etibarən fəaliyyət göstərən DAAD Almaniyada təhsil almaq istəyən azərbaycanlı tələbələrə təqaüdlər ayırır və alimlərin mübadiləsini təşviq edir. 2017-ci ildə Azərbaycandan 218 tələbə DAAD təqaüdü almışdır. Ümumilikdə, hazırda 1000-ə yaxın azərbaycanlı Almaniyada təhsil alır.
Alman və Azərbaycan universitetləri və tədqiqat institutları arasında da əməkdaşlıq mövcuddur. DAAD-nin nümayəndəliyi Azərbaycanda alman dilinin tədrisinin keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində DAAD - Məlumat Mərkəzi vardır. Almaniya və Azərbaycan universitetləri və tədqiqat institutları arasında elmi-akademik əməkdaşlıq haqqında indiyədək 23 sənəd imzalanıb.
Rus və ingilis dilləri ilə yanaşı alman dili Azərbaycanda bir çox orta və ali məktəblərdə tədris olunur. Bakıda Goethe İnstitutu və Xarici Məktəblər üzrə Mərkəzi İdarə (ZfA) tərəfindən alman dilinin tədrisi dəstəklənən dörd PASCH-məktəbi vardır.
Berlin Humbolt Universitetində “Azərbaycan tarixi” kafedrası fəaliyyət göstərir. Azərbaycan və Almaniyanın bir sıra ali məktəbləri arasında tərəfdaşlıq münasibətləri mövcuddur.
Ümumi tarixi arayış may 2020-ci ildə yenilənib.