Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Ross Uilson ilə görüş - Prezident sarayı, 12 sentyabr 2001-ci il

Heydər Əliyev: Hörmətli cənab səfir, mən dünən axşam sizinlə telefonla danışmışdım. Bilirsiniz ki, sizin ölkədə - Nyu-Yorkda və Vaşinqtonda baş vermiş terror hadisəsi ilə əlaqədar mən burada Təhlükəsizlik Şurasının iclasını keçirdim. Lazımi tədbirləri gördük, o cümlədən bütün səfirliklərin, xüsusən, sizin səfirliyin təhlükəsizliyini təmin etmək üçün öz tərəfimizdən tədbirlər gördük. Artıq mən bəyanatımda da göstərmişəm, cənab Corc Buşa göndərdiyim başsağlığında da göstərmişəm ki, biz həmişə terrorçuluğu pisləmişik və bu gün də pisləyirik. O dəhşətli faciə ilə əlaqədar, təbiidir ki, sizin qədər də kədərlənirik.

Biz sizinlə birlikdəyik. Mən dünən görülən tədbirlərdən əlavə, bu gün, ümumiyyətlə, terrorçuluğa qarşı, xüsusən Amerika Birləşmiş Ştatlarında bu terror hadisəsinin baş verməsi münasibətilə bəyanatla çıxış etmişəm. O, mətbuat və televiziya vasitəsilə yayılacaqdır.

Ross Uilson: Cənab Prezident, çox sağ olun ki, bu ağır gündə məni qəbul edirsiniz. Dünən axşamkı telefon zənginə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Sizin cənab Buşa göndərdiyiniz məktubla əlaqədar bütün Amerika xalqı, səfirlik və Amerika hökuməti adından minnətdarlığımı bildirmək istəyirəm. Mənim üçün bu, həyatımın ən ağrılı, ən acı günlərindən biridir. Bütün amerikalılar üçün, bütün sülhsevər insanlar üçün bu, şok bir hadisədir və onlar bu hadisədən sonra uzun müddət özlərinə gələ bilməyəcəklər. Heç şübhəsiz ki, bu terror aktı çox ehtiyatla planlaşdırılmış, çox ehtiyatla və eyni zamanda da bacarıqla həyata keçirilmişdir. Hazırkı ana qədər heç bir terrorçu qrup bu hərəkətə görə məsuliyyəti öz üzərinə götürməmişdir. Rəsmi mənbələr hadisəni kimin törətdiyini hələ ki, xəbər vermirlər.

Dünən axşam prezident Buş Amerika xalqına müraciət etmişdir. O öz çıxışında qeyd etmişdir ki, bu, sülhə qarşı bir akt olmuşdur. Sülhə əl qaldıranlar mütləq cəzalandırılacaqdır və onlar öz cəzalarını alacaqlar. Cənab Prezident, bizim ölkənin vətəndaşlarını Azərbaycanda qorumağa hazırlığınızı bildirdiyinizə görə, bizim səfirliyin təhlükəsizliyini təmin etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Mən bu gün səhər səfirliyimizin işçiləri ilə görüşmüşəm və eyni zamanda Amerikanın Azərbaycandakı icması ilə görüşüm olmuşdur. Onlara demişəm ki, qorxmağa heç bir əsas yoxdur. Lakin eyni zamanda mümkün qədər ehtiyatlı olmaq lazımdır. Bizim səfirliyimiz bu gün də əvvəlki kimi fəaliyyət göstərir. Qərara almışıq ki, səfirlik bu gün fəaliyyət göstərməlidir. Lakin xüsusi əlavə ehtiyat tədbirləri də görmüşük.

Cənab Prezident, Amerika Birləşmiş Ştatları üçün böyük əhəmiyyət kəsb edən məsələlərin hamısında Azərbaycan həmişə mənim ölkəmlə bir olubdur. Əminəm ki, dəhşətli terrorizmə qarşı mübarizədə Azərbaycan daim Amerika Birləşmiş Ştatları ilə birlikdə olacaq və biz birlikdə mübarizə aparacağıq. Gərək elə edək ki, insanlar bu dünyada təhlükəsiz, sülh şəraitində yaşayıb yaratsınlar. İcazə verin, bir daha təkrar edim, dünənki telefon zənginizə görə Sizə minnətdarlığımı bildirirəm. Amerika xalqı isə dünənki hərəkətinizə görə, prezidentimizə yazdığınız başsağlığı məktubuna görə Sizə minnətdarlığını çatdırır.

Heydər Əliyev: Təşəkkür edirəm. Hesab edirəm ki, müasir tarixdə bu terror hadisəsi misli görünməmiş bir hadisədir. Ən təəccübləndirən və ən dəhşətli cəhət odur ki, Amerika kimi böyük bir dövlətə qarşı, təbiidir, prezident Corc Buşun dediyi kimi, sülhə qarşı olan bir terror aktıdır.

Mən dünən bu hadisəni televiziya verilişləri başlayandan gecə yarısına qədər seyr etmişəm. Bu gün səhər tezdən seyr etmişəm. Çünki, bir tərəfdən, baş vermiş hadisə nəticələrinin aradan qaldırılması, ikincisi və ən əsası, bu terrorun kimin tərəfindən, hansı tərəfdən, bəlkə hansı ölkə tərəfindən həyata keçirilməsinin müəyyən edilməsi sizin kimi, təbii ki, bizim üçün də çox vacibdir.

Mən prezident cənab Buşun dünənki bəyanatlarını televiziya ilə dinlədim. Mən inanıram ki, Amerika Birləşmiş Ştatları, onun dövləti, onun bütün orqanları bu terrorçu dəstəni birinci növbədə aşkar edəcəklər və onlar öz cəzalarını alacaqlar. Bu terror nəticəsində baş vermiş dağıntıların hamısı aradan qaldırılacaqdır. Ancaq bunun ən acı nəticəsi ondan ibarətdir ki, minlərlə insan tələf olubdur. Bu, sizin kimi, bizi də çox kədərləndirdi. Çünki heç bir şeylə əlaqəsi olmayan dinc insanların bir dəqiqə içərisində həlak olması, təbiidir ki, hər bir insanda, insanpərvər adamda çox böyük hiddət doğurur.

Mən bu münasibətlə bir də başsağlığı verirəm və bildirmək istəyirəm ki, biz sizinləyik. Amerika Birləşmiş Ştatları ilə bizim strateji tərəfdaşlıq əlaqələrimiz var. Sizin ölkəyə dəyən hansısa bir zərər, hesab edirik ki, elə bizim ölkəyə də dəyibdir. Ona görə də bu barədə, terroristlərin axtarılıb tapılması səhəsində imkanımız daxilində olan hər bir yardımı sizə etməyə hazırıq.

Sizin səfirliyin işçilərinin, ümumiyyətlə, səfirliyin və Azərbaycanda yaşayan Amerika vətəndaşlarının təhlükəsizliyi bu dəqiqə bizim üçün bir nömrəli məsələdir. Biz bütün qüvvələrimizi buna sərf etmişik. Əmin ola bilərsiniz ki, biz bunu təmin edəcəyik.

Ross Uilson: Cənab Prezident, icazə verin, verdiyiniz başsağlığına görə Sizə bir daha minnətdarlığımı bildirim. Sözsüz ki, ilk növbədə Sizin axşamkı telefon zənginiz, daha sonra saysız-hesabsız telefon zəngləri və bu gün səhər Bakı vətəndaşlarının səfirliyə əklillər gətirməsi, bunların hamısı bizim əməkdaşlara çox böyük təsir etmişdir.

Terrorizm halları bir çox ölkələrdə baş verir. Bir sıra ölkələr beynəlxalq terrorizmə qarşı mübarizəyə qoşulurlar. Azərbaycan da həmin ölkələrdən biridir. Azərbaycanın bu məsələdə kömək və dəstəyinə görə, Sizin kömək və dəstəyinizə görə dərin minnətdarlığımızı bildiririk.

Heydər Əliyev: Sağ olun.