Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz. Adətən siz seçkidən-seçkiyə gəlirsiniz.
Nelson Ledski (MDİ-nin Avrasiya üzrə regional baş direktoru, səfir): Mən buna etiraz edirəm.
Heydər Əliyev: Mən də elə ona görə deyirəm. Əgər başqa vaxtlar da gəlsəniz, onda Azərbaycan haqqında daha da çox təəssüratınız olar. Seçki vaxtı çox mürəkkəb vaxtdır. İndi sizin ölkədə də seçkilər gedir. Bilmirəm, siz orada müşahidə edəcəksiniz, yoxsa yox.
Mən hörmətli səfirə dedim ki, ABŞ-da keçirilən seçkilərə bizi müşahidəçi kimi nə üçün çağırmırsınız? Biz də gələk, görək, prezident seçkiləri necə keçir - ədalətli, ya ədalətsiz.
Nelson Ledski: Yaxşı fikirdir. Gələcəkdə gərək bunu təşkil edək. Siz dörd il gözləmək istəyirsiniz ki, sonra növbəti prezident seçkilərində gələsiniz, yoxsa iki ildən sonra bizdə Konqresə seçkilər olacaq, onda?
Heydər Əliyev: Hansına dəvət etsəniz, gələrik.
Nelson Ledski: Məmnun olardıq.
Heydər Əliyev: Güman edirəm ki, bizim seçkiqabağı apardığımız işlərdən sizin xəbəriniz var. Hesab edirik ki, biz çox iş görmüşük. Düşünürük ki, bu dəfə seçkiqabağı dövr ötən dəfəkindən daha yaxşı keçmişdir. Bu da seçkilərin daha da demokratik şəraitdə keçirilməsini təmin edə bilər. Bilirəm ki, siz Azərbaycandan daim məlumat alırsınız, burada daimi nümayəndəniz vardır, amma bilmirəm, oturanlardan hansıdır.
Nelson Ledski: İndi nümayəndəmiz iki nəfərdir.
Heydər Əliyev: İki nəfər. Bir az da artırın.
Nelson Ledski: Ofisimizi genişləndiririk.
Hər şeydən öncə vaxt tapıb bu gün bizi qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm. Bu həftənin əvvəlində cənab Ramiz Mehdiyevin bizimlə brifinq keçirməsini çox yüksək qiymətləndirdik.
Vaşinqtondan telefonla danışarkən, Sizə söylədiyim kimi, biz bu seçkilərdə müşahidəçi kimi iştirak etmək üçün əsasən avropalılardan və amerikalılardan təşkil olunmuş ədalətli komanda hazırlamışıq.
Biz seçkilərdən sonra ədalətli bir hesabat hazırlamağı planlaşdırırıq və burada gördüklərimizin hamısını əks etdirəcəyik. Nümayəndə heyətimizə Azərbaycanın bir sıra dostlarını da daxil etmişik. Onlardan biri mənim sol tərəfimdə əyləşir. Türkiyə parlamentinin keçmiş, çox mötəbər üzvü olubdur. Biz onunla birgə Türkiyə parlamentində islahatlar aparılması məsələlərində birgə çalışmışıq. Bizim nümayəndə heyətimizə həmçinin Şimali Kipr Türk Respublikasının keçmiş xarici işlər naziri, hörmətli Kənan Atakol da daxildir. Bu, onun Azərbaycana ilk səfəridir. O özü ilə bərabər xanımını da gətirib və sabah da müşahidəçi qismində seçkilərdə iştirak edəcəkdir.
Mənim sağ tərəfimdə əyləşmiş cənab Sornberi keçmişdə Birləşmiş Millətlər Təşkilatında çox yüksək vəzifədə çalışmış şəxsdir. O, bir çox seçkilərdə bizimlə müşahidəçi kimi iştirak edibdir, o cümlədən Ermənistanda olan son seçkilərdə də nümayəndə heyətimizin tərkibində idi.
Mən Sizi əmin edirəm ki, 35 nəfərdən ibarət nümayəndə heyətimiz sabah seçkilərin nəticələri ilə əlaqədar ədalətli və düzgün hesabat yazacaqdır.
Nümayəndə heyətimizin üzvlərinin əksəriyyəti artıq Bakını tərk edərək müvafiq rayonlara getmişlər. Onlar bir gün öncə rayonlara gedərək, orada yerli dairə seçki komissiyalarının sədrləri ilə görüşlər keçirəcəklər. Bir də müşahidələrini həyata keçirəcəkləri məntəqə seçki komissiyaları ilə tanış olacaqlar. Onların hamısı sabah səhər erkən, sizin seçkilər başlanmazdan ən azı yarım saat əvvəl məntəqələrdə olacaqlar.
Cənab prezident, bundan daha əhəmiyyətlisi odur ki, onlar noyabrın 5-də işlərini başa çatdırdıqdan sonra, biz ikinci gün öz ilkin hesabatımızı ictimaiyyətə çatdırdıqdan sonra da, qarşıdakı illər ərzində də ölkənizlə əməkdaşlığımızı davam etdirmək, genişləndirmək istəyirik.
Sizin ölkənizdə fəaliyyət göstərən siyasi partiyalarla əməkdaşlıq etmək istəyirik. Onların arasında iqtidarda olan partiya da vardır. Səfərimiz zamanı iqtidarda olan partiya ilə də görüşümüz olubdur və gələn həftənin birinci, ikinci, üçüncü günləri belə görüşlər keçirməyi planlaşdırırıq.
Şübhəsiz ki, müxalifət partiyaları ilə də birgə çalışmalarımızı davam etdirmək istəyirik. Ölkənizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətləri ilə də birgə işləmək istəyirik. Bu ümidlə biz həmin təşkilatlarla çalışırıq ki, məhz cəmiyyətin o təbəqəsini də inkişaf etdirək. Deyim ki, onlar da hər bir demokratik cəmiyyətin mühüm tərkib hissəsidir. Başqa sözlə desək, bu məmləkətin sosial-iqtisadi inkişafında iştirak etmək istəyən bütün təbəqələrin təmsilçiləri ilə çalışmaq istəyirik.
Nəhayət biz istəyirik ki, sizin parlamentdə də iş aparaq, yeni seçiləcək Milli Məclisin üzvləri ilə işləyək. Biz o ümidlə bu işlərə qoşulmaq istəyirik ki, həmin orqanı - Milli Məclisi gücləndirən parlamentin komitələrinin strukturlarını gücləndirək.
Hökumət və müxalifət qruplarını bir araya gətirmək sahəsində fəaliyyət göstərək. Beləliklə, parlamentin üzvlərini bu ölkədə idarəçiliyin fəal və bərabərhüquqlu üzvünə çevirməyə çalışaq. Biz belə bir işi Gürcüstanda da həyata keçirmişik. Gürcüstan parlamentinin sədri ilə, xüsusilə parlamentdə islahatlar məsələsi ətrafında çox çalışmışıq. Biz Ukrayna parlamentində də bu istiqamətdə iş görmüşük. Hesab edirəm ki, Ukraynadakı fəaliyyətimizin nəticələrini görməkdəyik. Ona nail olmağa çalışırıq ki, həmin qanunverici orqan icra orqanının səmərəli tərəfdaşına çevrilsin. Bütün bunları biz sakitliklə edirik. Biz anlayırıq ki, bunların hamısı irəliyə doğru atılmış kiçik addımlardır. Hesab edirik ki, bunlar kiçik olsa da, plüralist cəmiyyətin qurulması istiqamətində mühüm addımlardır.
Ona görə istəyirəm biləsiniz ki, biz buraya noyabrın 5-də yalnız bir hadisəni müşahidə etmək üçün gəlməmişik. Biz institutumuzun Azərbaycandakı fəaliyyətini daha geniş çərçivədə görürük. Görəndə ki, Siz dediyiniz kimi, xeyli tərəqqi əldə etmisiniz, biz bunu deyəcəyik, qeyd edəcəyik.
İkinci gün dərc edəcəyimiz hesabatda biz seçkiqabağı dövrdə ölkənizdə əldə olunmuş tərəqqini qeyd edəcəyik. Çatışmazlıqların olduğunu da göstərəcəyik. Biz bunları tapmışıq və bir ümidlə onları qeyd edəcəyik ki, gələcəkdə Siz bizə imkan verəcəksiniz ki, o problemlərin aradan qaldırılmasında sizinlə birlikdə çalışaq. Belə məsələlər üzərində işləmək üçün seçkidən-seçkiyə deyil, bunların arasındakı müddətdə də ölkənizi ziyarət etmək barədə verdiyiniz bəyanata görə də Sizə təşəkkür edirəm.
Heydər Əliyev: Sağ olun. Təşəkkür edirəm.
Əvvəla, seçkiqabağı dövr haqqında sizin müsbət fikirləriniz məni sevindirir. Çünki biz çalışmışıq və gördüyümüz işləri hansısa tərəfdənsə qiymətləndirəndə, bu, insanlara daha çox inam, ruh verir. Amma çalışırsan, nəyəsə nail olursan, hansısa irəliləyişi əldə edirsən, onu görməyəndə, yaxud ona ədalətsiz münasibət göstəriləndə, insan ruhdan düşür.
Mən sizinlə bir neçə dəfə söhbət etmişəm. Hər dəfə demişəm və bu gün də demək istəyirəm ki, Azərbaycan demokratiya yolu ilə gedir və ölkəmizin başqa yolu yoxdur. Demokratiya yolu ilə ona görə getmir ki, bunu Qərb demokratiyası istəyir, yaxud Amerika Birləşmiş Ştatlarının demokratiyası istəyir, yaxud da ki, sizin institut istəyir. Bu, məcburi olardı və heç vaxt nəticə verməzdi.
Biz özümüz bu yolla gedirik. Çünki Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra biz bu yolu özümüz üçün daimi yol seçmişik. Nə qədər məsafə gedə bilmişik, indi bunu deyə bilmərəm. Amma çox getmişik. Amma hesab etmirik ki, biz demokratiyanı tamamilə mənimsəmişik və demokratiya hər yerdə tətbiq olunubdur. Ona görə də bizim nailiyyətlərimiz də, çatışmazlıqlarımız da vardır. Sadəcə, biz dostlarımızdan, - müşahidəçiləri özümüzə dost hesab edirik, o cümlədən, Amerika Birləşmiş Ştatlarından gəlmiş müşahidəçiləri, çünki ABŞ-la bizim xüsusi dostluq, strateji tərəfdaşlıq əlaqələrimiz vardır, - o cümlədən, sizin institutla gördüyümüz işlərə ədalətli münasibət istəyirik.
Siz sabah müşahidə edəcəksiniz. Mən arzu edərdim ki, sizin müşahidəniz obyektiv olsun, bəyan edəcəyiniz fikir ədalətli olsun. Mənim İcra Aparatımın başçısı Ramiz Mehdiyev sizinlə çox ətraflı söhbətləri barədə mənə məlumat veribdir. Mən mənnunam ki, sizin bu söhbətiniz qarşılıqlı anlaşma şəraitində keçib və belə bir şəraitdə sona çatıbdır. Mən arzu edirəm ki, bizimlə sizin institut arasında bundan sonra da qarşılıqlı anlaşma olsun. Ona görə də sizin gələcək planlarınız haqqında verdiyiniz məlumatları nəzərə alıram. Demokratiyanın inkişaf etməsinə kömək edən hər bir təklifi biz məmnuniyyətlə qəbul edirik.
Ancaq, təbiidir ki, Azərbaycanın reallıqları da həmişə nəzərə alınmalıdır. Azərbaycan MDB dövlətləri arasında yeganə ölkədir ki, ərazisinin, torpaqlarının 20 faizi işğal edilibdir. Bir milyondan artıq azərbaycanlı yerindən-yurdundan didərgin düşüb, çadırlarda yaşayır. Münaqişə indiyə qədər həll olunmayıbdır. Bu, ölkəmizdə sosial-iqtisadi, siyasi vəziyyəti nə qədər mürəkkəbləşdirir - bunu siz təsəvvür edə bilərsiniz. Amma belə bir şəraitdə demokratiyanın inkişafı üçün biz yenə də əlimizdən gələni edirik. Sizin obyektiv, ədalətli münasibətinizə ümid bəsləyirik.
Nelson Ledski: Bu sözlərinizə görə Sizə çox təşəkkür edirəm. Doğrudur, mənim institutum demokratiya axtarışına birtərəfli yanaşır. Biz hökumət olmadığımız üçün deyək ki, təhlükəsizlik məsələlərinin gücləndirilməsinə və əməkdaşlığın genişləndirilməsinə məcbur deyilik, nə də iqtisadi əlaqələrin genişləndirilməsinə cavabdeh deyilik. Bu baxımdan bizim bəxtimiz gətiribdir. O mənada ki, bizim qarşımızda bir məqsəd vardır. O da demokratiyanın genişləndirilməsi və inkişaf etdirilməsidir. Mən bilirəm ki, sizin işiniz bu baxımdan belə deyildir. Başqa sözlə desək, Siz məsələlərə geniş yanaşırsınız.
Eyni sözləri mən dostum, ABŞ-ın səfiri barədə də deyə bilərəm. Şübhəsiz ki, o da fəaliyyətində təkcə demokratiyanı amil tuta bilməz. Onun iş cədvəlində, gündəliyində daha geniş məsələlər vardır. Biz bunları anlayırıq. Eyni zamanda bunlar məni o fikirlərimə inandırır, inamımı bir daha artırır ki, Azərbaycan kimi bir dövlətin özünün təhlükəsizlik problemlərini həll etmək üçün, qonşuları ilə sülh şəraitində yaşaması üçün XXI əsrdə öz iqtisadiyyatını inkişaf etdirmək, plüralist cəmiyyət qurmaq üçün yeganə yolu demokartiyanın inkişaf etdirilməsidir.
Hesab edirəm ki, Sizin qarşılaşdığınız bir sıra məxsusi problemlərin elə həlli yolu da məhz demokartiyadır ki, o da hökumətlərə yardımçı alət rolunda çıxış edir. Mən qısaca da olsa, dörd il üzərində birgə çalışdığımız Azərbaycandakı Vətəndaş Cəmiyyəti barədə də söz demək istəyirəm. Düzdür, sizin qanunvericiliyiniz həmin o, qeyri-hökumət təşkilatını noyabrın 5-də seçkilərdə müşahidəçi kimi çıxış etməkdən məhrum edibdir. Biz bir neçə ildir ki, bu təşkilatla birgə çalışırıq. Mən sizə demək istəyirəm ki, bu, yaxşı təşkilatdır. Üç mindən çox üzvü vardır. Onlar ölkənin bütün yerlərinə yayılıbdır. Bu təşkilat açıq hökumət qurulmasına sadiqdir.
Bu elə bir təşkilatdır, elə bir qurumdur ki, sizin ölkənizdə məhz belə qurumlara ehtiyac vardır. Bu qurumları kimin maliyyələşdirilməsi məsələsini Sizinlə müzakirə edə bilərik. Beynəlxalq təşkilatlar müxtəlif növ belə qurumları maliyyələşdirirlər. Bu qurumlar indi cəmiyyətinizin mənafeyinə uyğun olaraq fəaliyyət göstərirlər. Onlara hardansa dəstək olmasa, ayaq üstə dura bilməzlər. Onlara az miqdarda verdiyimiz dollarlar çox da əhəmiyyətli deyildir. Bu pulun verilməsini dayandırsaq, biz məğlub olarıq. Mənim təklifim ondan ibarətdir ki, bu cür qurumları Sizin dəstəkləməyiniz lazımdır. Hesab edirəm ki, dediyim qurumları sizin hökumət ilə biz bu proseslərə, müzakirələrə cəlb etməliyik. Danışıqlar aparmalıyıq ki, onların inkişaf yolları nədən ibarətdir, necə inkişaf edə, hökumətə necə yardımçı ola bilərlər. Cəmiyyətdə plüralizmin artmasında hansı rolu oynaya bilərlər.
Heydər Əliyev: Doğru dediniz ki, demokratiyanı inkişaf etdirmək üçün sizin bir belə vəzifələriniz vardır. Eyni zamanda özünüz qeyd etdiniz ki, bizim vəzifəmiz çoxdur. O cümlədən, hörmətli səfirin də vəzifəsi çoxdur. Elə bu sözləriniz onu təsdiq edir ki, sizinlə bizim əməkdaşlığımız, təbiidir ki, demokartiyanın inkişafı naminə olmalıdır. Amma eyni zamanda hər bir ölkənin, konkret olaraq Azərbaycanın reallığı nəzərə alınmalıdır.
Dünyada bir-birinə bənzər iki ölkə yoxdur. Məsələn, bizim qonşular - Gürcüstan, Ermənistan, yaxud siz Ukraynanı misal gətirdiniz, bu ölkələrin hər birinin özünəməxsus problemləri vardır. Bilirəm ki, bu ölkələrin, - Ermənistan bizimlə münaqişədədir, amma Gürcüstan, Ukrayna ilə bizim dost əlaqələrimiz vardır, - dostum Eduard Şevardnadzenin nə qədər problemləri var. Bilirəm ki, dostum Leonid Kuçmanın nə qədər problemləri var. Amma bu ölkələrdə daxili ictimai-siyasi vəziyyət də bir-birindən fərqlidir. Ona görə də demokratiyanın inkişafı istər-istəməz, gərək daxili ictimai-siyasi, sosial-iqtisadi vəziyyətlə bağlı olsun. Təkcə demokratiya ilə insanın qarnı doymur. Ona görə insanın qarnını da doyurmaq, iqtisadiyyatı da inkişaf etdirmək, terrorizmin, cinayətkarlığın qarşısını da almaq, indi gördüyünüz bu ictimai-siyasi sabitliyi də təmin etmək lazımdır.
Amma 5-6 il bundan əvvəl Azərbaycanda belə vəziyyət yox idi. Azərbaycana ilk gəldiyiniz vaxtla bu günü müqayisə edə bilərsiniz. Ona görə də sizinlə bizim səylərimizi birləşdirmək lazımdır. Biz bilməliyik ki, sizə demokratiya lazımdır, siz də bilməlisiniz ki, bizə demokratiya lazımdır. Amma demokratiya ilə bərabər, bizim başqa işlərimiz də lazımdır.
Mən yenə də deyirəm ki, hər bir ölkənin xüsusiyyətlərini nəzərə almaq lazımdır. Bir sözlə, bizim fikir ayrılığımız yoxdur. Sadəcə, bu məsələlərin, proseslərin həyata keçirilməsi məsələsi vardır.
Mən sizinlə razıyam ki, qeyri-dövlət təşkilatları olmalıdır. Güman edirəm, bu barədə Ramiz Mehdiyev sizinlə ətraflı danışıbdır.
Biz buna etiraz etmirik və sizinlə əməkdaşlıq etmək istəyirik. Amma siz də bizimlə əməkdaşlıq etməlisiniz. Siz bizimlə əməkdaşlıq etmirsiniz. Siz özünüz yaradırsınız, özünüz həmin o dediyiniz dollarları verirsiniz. Onlar kimdirlər, siz bunu bilmirsiniz, bilə də bilməzsiniz. Hətta Mərkəzi Kəşfiyyat İdarəsinə tapşırsanız, onlar da bilə bilməyəcəklər. Amma biz burada olan adamları sizdən yaxşı bilirik. Ona görə də əməkdaşlıq ondan ibarətdir ki, bizim istəyimiz, şəraitimiz nəzərə alınsın.
Azərbaycandan gəlib sizin instituta şikayət edən hər bir adamı elə normal adam kimi qəbul etməlisiniz. On agörə də burada əməkdaşlıq gərək səmimi olsun. Bu məsələni sonra müzakirə edərik, Ramiz Mehdiyev sizinlə danışıbdır və burada konsensus tapmaq mümkündür.
Nelson Ledski: Çox gözəl. Əminəm ki, anlaşma tapa bilərik. Mən elə adamlar istəyirəm ki, o adamlar problemləri xalçanın altında gizlətməsinlər. Problemlərin olduğunu görüb onlara qarşı açıq surətdə mübarizə aparsınlar, onlarla məşğul olsunlar. Vətəndaş Cəmiyyəti ilə apardığımız iş açıq, şəffaf olubdur. Burada heç bir gizli, məxfi fəaliyyət yoxdur. Bu qrupların üzvləri barədə də heş bir məxfilik mən görmürəm.
Mən çox istərdim ki, ölkənizdə sivil cəmiyyət quruculuğu işində sizə yardımçı olaq. Bu barədə dialoqa başlayaq.Beləliklə sizin qurduğunuz demokratiya işində sizə yardımçı olaq. Hesab edirəm ki, biz ümumi anlaşma tapa bilərik.
Heydər Əliyev: Dialoq, doğru dediniz, sizin indiyədək etdikləriniz dialoqsuz olubdur. Onu unutmayın. Mən də sizinlə razıyam ki, elə adamlar lazım deyil ki, məlumatı xalçanın altında gizlətsin. Bu, medalın bir tərəfidir. Amma onun ikinci tərəfi də vardır. O da ondan ibarətdir ki, elə adamlar lazım deyildir ki, nəyisə uydursun, yalan məlumatlar versin. Gərək olan reallığı desin. Yaxşını-yaxşı, pisi-pis. Qərəzlilik olmasın. Biz hesab etmirik ki, Azərbaycanda hər şey idealdır. Elə sizin ölkədə də ideal deyildir. Təbiidir, mən Azərbaycanı sizin ölkənizlə müqayisə etmək istəmirəm. Çünki sizin səviyyənizə gəlib çatmaq üçün bizə çox illər lazımdır.
Hər halda bu məsələləri dialoq vasitəsilə həll etmək olar. Biz də sizinlə dialoq aparmaq istəyirik. Nə biz birtərəfli fəaliyyət göstərməliyik, nə də siz. Birlikdə etməliyik.
Nelson Ledski: Cənab prezident, bir daha çox sağ olun. Mən bu cür işləməyə söz verirəm. Sizinlə yenidən görüşüb danışmaq imkanı əldə etdiyimə, yenidən sizin ölkənizə gəlmək fürsəti əldə etdiyimə görə şox şadam. Bu seçkilər çox mühüm, əhəmiyyətli seçkilər olacaqdır. Çox sağ olun.
Heydər Əliyev: Sağ olun. Mən də sizinlə görüşməkdən çox məmnunam.
\"Azərbaycan\" qəzeti, 5 noyabr 2000-ci il.