Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukraynanın Müdafiə Naziri, ordu generalı Aleksandr Kuzmuk və \"Qızıl tale\" Beynəlxalq Açıq Məşhurluq Reytinqinin Baş direktorluğunun sədri Dmitri Akimov ilə görüşdə söhbəti - Prezident sarayı, 18 may 2001-ci il

Aleksandr Kuzmuk: Çox hörmətli Heydər Əliyeviç, zati aliləri!

Ukrayna prezidenti Leonid Daniloviç Kuçmanın tapşırığını yerinə yetirərək, onun salamını və möhkəm cansağlığı, Azərbaycan dövlətinin quruculuğunda uğurlar və Azərbaycan xalqına tərəqqi arzularını Sizə çatdırmaqdan yüksək şərəf duyuram.

Hörmətli Prezident, icazə verin, Sizə bildirim ki, səkkiz il əvvəl Ukraynada \"Qızıl tale\" Beynəlxalq Açıq Məşhurluq Reytinqi yaradılmışdır. Müstəqil Ukraynanın ilk prezidenti Leonid Kravçukun, Milli Elmlər Akademiyasının prezidenti Boris Patonun, Milli Tibb Akademiyasının prezidenti akademik Şalimovun və bəndənizin daxil olduqları reytinqin Rəyasət Heyəti hər ilin ən məşhur dövlət xadimlərini, siyasətçilərini, sahibkarlarını, alimlərini müəyyənləşdirir və mükafatlandırır. Bu yaxınlarda Beynəlxalq Açıq Məşhurluq Reytinqi Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir.

Əziz Heydər Əliyeviç, bu gün səhər Birlik ölkələrinin Müdafiə Nazirləri Şurasının üzvləri Azərbaycan xalqının ziyarətgahına əklillər qoyanda, mən həyəcanlı hisslər keçirdim. Mən qədim Bakının gözəl mənzərəsinin seyrinə daldım. Bu gün onu qeyri-adi fon zinətləndirir - bu, saysız-hesabsız qülləli kranlardır, gözəl Azərbaycan torpağının paytaxtında nəhəng tikinti işləri gedir. Başqa şəhərlərdə belə şey yoxdur. Mən dənizə baxdıqda yüklə boşalmağı gözləyən gəmilərin sayına heyran qaldım. Bütün bunlar sübut edir ki, Azərbaycanda iqtisadi yüksəliş baş verir. Azərbaycan xalqı tərəqqi üçün etibarlı perspektivlərə malikdir.

Hörmətli Heydər Əliyeviç! İcazə verin, Sizə bildirim ki, biz hamımız hələ də ötən ilin martında Ukrayna prezidentinin rəsmi səfəri zamanı Sizin ona göstərdiyiniz qonaqpərvərliyin təsiri altındayıq. Biz öz evimizdə idik, qardaşlarımızın yanında idik. Biz bunu həmişə xatırlayırıq və xatırlayacağıq. 

Mən MDB ölkələrinin müdafiə nazirlərinə verdiyiniz atalıq xeyir-duasının və xoş arzuların təsiri altındayam. Sülhün nə demək olduğu və onun qədir-qiyməti bizə daha aydındır. Sizə bildirirəm ki, \"Qızıl tale\" Beynəlxalq Açıq Məşhurluq Reytinqinin Rəyasət Heyəti Sizin, görkəmli dövlət xadiminin, Ukrayna və Azərbaycan dövlətləri arasında münasibətlərin, xalqlarımız arasında dostluğun möhkəmlənməsi və inkişafı üçün böyük səylər göstərmiş müdrik siyasətçinin reytinqin ali mükafatı - \"Qloriya Populi\" qızıl ulduzu ilə təltif olunması haqqında qərar qəbul etmişdir. Bu mükafatın qədim tarixi var, onun tarixi qədim Kiyev Rus dövləti dövründən başlayır. İndi o bəzi ölkələrin ali mükafatıdır. Rəyasət Heyətinin iradəsini yerinə yetirmək və indi bu mükafatı Sizə təqdim etmək bizim üçün böyük şərəfdir. Müsaidənizlə, reytinqin sədri Dmitri Akimova söz verək. 

Heydər Əliyev: Aleksandr İvanoviç, sağ olun.

Dmitri Akimov: Hörmətli Heydər Əliyeviç! \"Qızıl tale\" Beynəlxalq reytinqi yeddi ildir mövcuddur, bu il avqustun 24-də - Ukraynanın Müstəqilliyi günündə onun səkkiz yaşı tamam olacaqdır. Son vaxtlar reytinqin ali mükafatına Roma Papası İoann II Pavel, Nobel Komitəsi layiq görülmüşlər. Bu komitənin nizamnaməsində yazılmışdır ki, o, ancaq mükafatlar təqdim edir. Odur ki, Nobel Komitəsinin yüz illik tarixində bu onun ilk mükafatı idi. Dünyanın 42 dövlətinin vətəndaşları reytinqin mükafatını almışlar. 

Bu gün biz buraya reytinqin ali mükafatını - \"Qloriya Populi\" ulduzunu Sizə təqdim etmək üçün gəlmişik. O, Kiyev zərbxanasında hazırlanmışdır və onun nömrəsi 002-dir. İcazə versəydiniz, Rəyasət Heyətinin üzvü Aleksandr İvanoviç bu mükafatı Sizə təqdim edərdi.

(Aleksandr Kuzmuk \"Qloriya Populi\" ulduzunu Azərbaycan prezidenti Heydər Əliyevin pencəyinin yaxasına sancdı). 

Heydər Əliyev: Aleksandr İvanoviç, sağ olun. 

Dmitri Akimov: Tale ilahəsi ilə həmişə birlikdə təsvir olunan bolluq buynuzunu Azərbaycan və Ukrayna xalqları arasında dostluğun rəmzi kimi Sizə təqdim etmək istərdik. İcazə verin, diplomun Ukrayna dilində yazılmış məzmununu oxuyum: \" \"Qızıl tale\" Beynəlxalq Açıq Məşhurluq Reytinqi Azərbaycan Respublikasının prezidenti Heydər Əlirza oğlu Əliyevi büllur bolluq buynuzu ilə təltif edir\". 

(O, mükafatı Azərbaycan prezidentinə təqdim etdi). 

Heydər Əliyev: Sağ olun. 

Hörmətli Aleksandr İvanoviç! 

Hörmətli qonaqlar, dostlar!

Əlbəttə, bu mükafat mənim üçün gözlənilməz oldu. Mənə yalnız dünən bildirdilər ki, təltif olunmuşam və siz bu yüksək mükafatı mənə təqdim etmək istəyirsiniz. Mənim əməyimi və yəqin ki, xidmətlərimi də qiymətləndirmiş və məni bu yüksək mükafatla təltif etmiş Beynəlxalq reytinqin Rəyasət Heyətinə təşəkkürümü bildirirəm. Hər bir mükafat, xüsusən də kökü qədim zamanlara gedib çıxan belə məşhur beynəlxalq mükafat insandan bu mükafata layiq olmağı tələb edir. Söz verirəm ki, mən ona gələcəkdə də layiq olacağam. Eyni zamanda bunu həm mənim fəaliyyətimə, həm də respublikamıza, ölkəmizə, Azərbaycan xalqına böyük diqqət, hörmət kimi qiymətləndirirəm. 

Hörmətli Aleksandr İnavoviç, siz bildirdiniz ki, Azərbaycanda qısa müddətdə baş verənləri gördünüz, dediniz ki, Azərbaycan inkişaf edir. Bəli, siz haqlısınız. Bizim hamımızın birlikdə yaşadığımız keçid dövrünün çətinliklərinə və Ermənistan-Azərbaycan münaqişəsi ilə - mən onun barəsində bu gün sizinlə görüş zamanı danışdım - bağlı çətinliklərə baxmayaraq, Azərbaycan yüksəlişdədir, inkişaf edir və onun yaxşı perspektivləri var. Biz dövlətimizin müstəqilliyini qoruyub saxlamağı və möhkəmlətməyi, bütün demokratik islahatları həyata keçirməyi, ölkə iqtisadiyyatını bazar iqtisadiyyatının standartlarına uyğun inkişaf etdirməyi başlıca vəzifəmiz bilirik. Hesab edirəm ki, biz doğru yol seçmişik. 

Ukrayna ilə bizim çox səmimi münasibətlərimiz var. Bu münasibətlər təsadüfi xarakter daşımır. Şübhəsiz, onlar tarixi köklərə malikdir. Lakin bununla yanaşı, müstəqillik illərində dövlət səviyyəsində baxışlarımızın, xüsusən müstəqilliyin, dövlətçiliyin möhkəmləndirilməsi məsələlərində mövqelərimizin uyğun gəlməsi, əslinə qalsa, dostluq münasibətlərimizin rəhnidir.

Bəli, Leonid Daniloviç Kuçmanın Azərbaycana səfəri, özü də ikinci dəfə səfəri, mənim Kiyevə səfərim - məhz bunlar əməkdaşlığımız üçün çox güclü hüquqi baza yaratmışdır. Məsələ heç də təkcə sənədlərdə deyildir. Məsələ məhz real gerçəklikdədir. Real gerçəklik isə ondan ibarətdir ki, biz bu dostluğa sadiqiq. Bu dostluq münasibətlərini qoruyub saxlayacağıq və zənnimcə, bu, həm Ukraynanın, həm də Azərbaycanın xeyrinə olacaqdır. 

Mən bu mükafatı böyük minnətdarlıqla qəbul edirəm. Bir daha demək istəyirəm ki, bu mənim üçün yüksək şərəfdir. Xahiş edirəm, mənim təşəkkürümü reytinqin Rəyasət Heyətinin bütün üzvlərinə, yetirəsiniz - Aleksandr İvanoviç, reytinqin Rəyasət Heyətinin üzvü kimi, ilk növbədə sizə təşəkkürümü bildirirəm - habelə ən xoş arzularımla birlikdə təşəkkürümü dostum Leonid Daniloviç Kuçmaya çatdırasınız. İşinizdə uğurlar, qardaş, dost Ukrayna xalqına tərəqqi və səadət diləyirəm. Sağ olun.