Stenli Eskudero: Çox yaxşıyam və görürəm, sizin də kefiniz yaxşıdır.
Heydər Əliyev: Heç də pis deyildir.
Stenli Eskudero: Mən deyərdim ki, ondan daha yaxşı görünürsünüz.
Cənab prezident, məni qəbul etdiyinizə görə çox təşəkkür edirəm. Bilirəm ki, sabah yeni su elektrik stansiyasının açılışında iştirak etməyə hazırlaşırsınız və çoxlu işiniz var. Belə gərgin vaxtda görüş üçün imkan yaratdığınıza görə Sizə təşəkkürümü bildirirəm.
Heydər Əliyev: Bəli, mən iki gün burada olmayacağam. Çox vacib işlərim var - həm su elektrik stansiyası, həm başqa işlər var, Gəncədə olacağam.
Stenli Eskudero: Cənab prezident, fürsətdən istifadə edərək mən Sizi, hökumətinizi və həm də müxalifəti mayın 20-də baş tutmuş uğurlu nümayiş münasibətilə təbrik etmək istəyirəm. Məndə olan məlumata görə, bu nümayişdə 20 müxalifət partiyasının nümayəndələri - təxminən 3,5 - 4 min adam iştirak etmişdir. Nümayiş dinc şəraitdə keçmişdir. Bu, Azərbaycanda demokratiyanın inkişafının, demokratikləşmə prosesinin sürətlə irəliləməsinin göstəricilərindən biridir.
Onu da bilirəm ki, Mərkəzi Seçki Komissiyasında da dəyişikliklər aparırsınız. Hesab edirəm ki, bu dəyişikliklərə də islahatlar prosesinin tərkib hissəsi kimi baxmaq lazımdır. Şübhəsiz ki, bu proses, baş verən dəyişikliklər bizi və Azərbaycanın bütün dostlarını çox məmnun edir. Azərbaycanın dostları ölkənizin demokratikləşməsini arzu edir və bu prosesdə yeni-yeni nailiyyətlər əldə olunmasını istəyirik.
Heydər Əliyev: Sağ olun, cənab səfir, təşəkkür edirəm. Təbriklərinizi qəbul edirəm. Mən də öz adımdan müxalifəti təbrik edirəm. Əgər 20 partiya 3000-3500 adam toplayıb mitinq keçirə bilibsə, bu, çox uğurlu nailiyyətdir.
Ancaq onu qeyd etmək istəyirəm ki, bizim işimizə, yeni demokratiya yolunda atdığımız addımlara sizin qiymət verməyinizdən çox məmnunam. Bu bizim üçün çox əhəmiyyətlidir. Çünki biz həqiqətən demokratiyanı inkişaf etdirməyə çalışırıq və bundan sonra da çalışacağıq. Ona görə də bizim bu addımlarımıza sizin verdiyiniz qiymət çox əhəmiyyətlidir.
Əgər müxalifət may ayının 20-dəki kimi, qanunlara riayət etmiş olsa, əlbəttə ki, istənilən vaxt mitinq keçirə bilər. Ancaq, təbiidir ki, şəhər hakimiyyətinin müəyyən elədiyi yerdə. Şəhər icra hakimiyyətinin müəyyən elədiyi yerdə. Şəhər icra hakimiyyətinin başçısı məlumat vermişdi ki, üç marşrut ayırıblar. Onlar üçündən birini seçib, bu marşrutla da yürüş ediblər və mitinq keçiriblər. Deyilənlərə görə, bütün liderlər də danışıblar. Biz gələcəkdə də qanun çərçivəsində müxalifət üçün belə imkanlar yaradacağıq.
Seçki məsələlərində bəzi addımlar atılır. Mərkəzi Seçki Komissiyasının yeni təyin olunmuş sədri çox müasir bir adamdır, professordur. İngilis dilini yaxşı bilir, İngiltərədə, Amerika Birləşmiş Ştatlarında təhsil alıbdır. Bəzi müxalifət nümayəndələri bunu mənfi hesab edirlər. Çünki onlara qəribə gəlir ki, onların tanımadıqları, ümumiyyətlə ictimaiyyətin tanımadığı bir adam birdən-birə belə vəzifəyə irəli sürülsün. Əgər o, tanımayıbsa, demək, tərəfsiz bir adamdır. Bizim hakimiyyətdə də onu tanıyan azdır. Ona görə də o, tərəfsizdir, - nə müxalifətə, nə də hakimiyyətə bağlıdır.
Güman edirəm ki, bu və seçki komissiyası ilə əlaqədar atacağımız digər addımlar gələcəkdə seçkilərin uğurla, tam demokratik şəraitdə keçirilməsinə kömək edəcəkdir. Siz də bizə kömək edərsiniz. O mənada ki, siz həmişə bizə demokratiyanı öyrədirsiniz və bundan sonra da öyrədəcəksiniz. Yəni bu barədə sizin təcrübəniz çoxdur.
Stenli Eskudero: Cənab prezident, şübhəsiz ki, biz öz təcrübəmizi Sizinlə bölüşə bilərik. Amma siyasətdə Sizə dərs vermək - bu, ümumiyyətlə mümkün olmayan bir işdir.
Heydər Əliyev: Mən elə təcrübəni deyirəm. Başqa bir şeyə ehtiyacım olmur. Başqa məsələləriniz varmı?
Stenli Eskudero: Bir sıra kommersiya məsələləri var, mən onları qaldırmaq istəyirəm. Birinci məsələ \"Monkrif oyl\" şirkəti ilə əlaqədardır. Xatırlayırsınızsa, keçən il Siz Vaşinqtonda olarkən ABŞ-ın \"Monkrif oyl\" şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti \"Padar\" yatağına dair müqavilə imzalamışlar.
Heydər Əliyev: Bəli, mənim iştirakımla. Mən bunu bilirəm, ona görə də vaxt itirməyək. Hamısını bilirəm. Məsələ belədir. Mən bilirdim ki, siz bu məsələni qaldıracaqsınız. Ona görə də bu gün bu məsələ ilə məşğul oldum. Dövlət Neft Şirkəti mənə məlumat verdi ki, gecikmənin səbəbi odur ki, \"Monkrif oyl\" şirkətinin nümayəndələri Avropa Bankından kredit götürmək məsələsini indiyə qədər həll edə bilməmişdilər. Mən şəxsən özüm bu gün neft şirkəti ilə danışdım, onlar bu məsələni həll ediblər. Əmr verdim ki, müqavilə üçün təqdimat sabah burada olmalıdır və mən ayın 25-də onu imzalayıb Milli Məclisə göndərəcəyəm. Bu məsələni həll elədik.
Stenli Eskudero: Görürəm, doğru söhbətdir. İcazə versəydiniz, başqa bir məsələni qaldırardım. Amerikanın \"Maqna\" adlı şirkəti 400 meqavat gücündə elektrik stansiyasının tikintisinə Sizin dəstək verməyinizi istəyir. Onlar bunu yüz faiz özləri maliyyələşdirəcəklərini bildirirlər. Təklif edirlər ki, onların quracaqları zavodun xərcləri yanacağa qənaət nəticəsində əldə ediləcək vəsait hesabına sonradan ödənilsin.
Heydər Əliyev: Zavod, ya elektrik stansiyası?
Stenli Eskudero: Elektrik istehsal edəcək birləşdirilmiş zavod nəzərdə tutulur. Bəlkə mən səhv edirəm, amma mənə verilmiş məlumatda belə göstərilir.
Heydər Əliyev: Əgər elektrik enerjisi istehsalından söhbət gedirsə, bu, elektrik stansiyası olmalıdır. Əgər başqa bir şeydirsə, ola bilər, zavod olsun.
Stenli Eskudero: Başqa sözlə desək, onlar elektrik stansiyası qurmaq istəyirlər.
Heydər Əliyev: 400 meqavat elektrik enerjisi verən stansiya - əlbəttə ki, bu, böyük stansiyadır. Sabah açacağım Yenikənd su elektrik stansiyasının gücü 112 meqavatdır. Sizin dediyiniz böyük bir şeydir. Bu barədə məktub varsa, mənə verin. Müvafiq təşkilatlara əmr verim ki, onlar buna baxsınlar və mənə məruzə eləsinlər.
Stenli Eskudero: Diqqətinizə çatdırmaq istədiyim üçüncü məsələ \"Boinq\" təyyarələri ilə bağlıdır. Yəqin məlumatınız vardır ki, ABŞ-ın Eksimbankı və Böyük Britaniyanın bir bankı \"Azərbaycan hava yolları\" Dövlət Konserninin almaq istədiyi iki \"Boinq\" təyyarəsini maliyyələşdirmək qərarına gəlmişlər. Həmin təyyarələrdən biri buraya göndərilməyə hazırdır. Ümid edirik ki, bu ayın axırına qədər Vaşinqtonda görüş keçiriləcək, maliyyə sənədləri imzalanacaq və iyunda birinci təyyarəni Azərbaycana gətirmək mümkün olacaqdır.
Lakin bütün bunlar üçün müvafiq nazirliklərin razılığı lazımdır, suveren təminatlar verilməlidir. Bu da \"Azərbaycan hava yolları\" Dövlət Konserni və müvafiq nazirliklər tərəfindən həyata keçirilməlidir. Görünür, bütün bu prosesin irəliləməsi üçün prezident fərmanı gərək olacaqdır. Şübhəsiz ki, gərək Nazirlər Kabineti belə bir fərman verilməsi üçün sizə müraciət etsin. Lakin \"Azərbaycan hava yolları\" Dövlət Konserni və Azərbaycan Beynəlxalq Bankı sənədlər toplusunu hələ aprel ayında Nazirlər Kabinetinə göndəriblər və bunlar hələ də nəzərdən keçirilir. Vaxt isə ötür. Mən bildiyimə görə, \"Boinq\"lərin alınmasına Nazirlər Kabinetində prinsipcə etiraz yoxdur. Sadəcə, bu işi sürətləndirmək üçün xahiş edərdik Nazirlər Kabinetinə tapşırıq verəsiniz ki, həmin sənədlər toplusunun imzalanıb qüvvəyə minməsi üçün fərman imzalamaq barədə xahişlə Sizə müraciət etsin.
Heydər Əliyev: Mən bu məsələni bilirəm. Baş nazir bu barədə mənə danışıb və ona lazımi göstərişləri vermişəm. İş ondadır ki, bu ay müddətində gərək böyük məbləğdə vəsait keçirək. İndi o vəsait axtarılır ki, haradan alıb keçirək. Hər halda mən bu işlə məşğul oluram. Bu gün baş nazirə bu barədə bir daha göstəriş verəcəyəm. Bir halda ki, bu işi başlamışıq, gərək onu axıra çatdıraq.
Doğrudur, mən əvvəldən bu məsələlərlə razı deyildim. Bilirdim ki, onlar bahadır və vəsait tapmaq bizə çətin olacaqdır. Ancaq bu işlə məşğul olan adamlar sübut edirdilər ki, kredit uzunmüddətli olacaq, biz vəsait tapıb verə bilərik. Biz bir hissəsini - 19 milyon dollar vermişik. İndi ondan da bir az çox verməliyik. İş bundadır .
Hər halda biz bu işi başlamışıq və axıra çatdırmalıyıq. Baxmayaraq ki, yenə deyirəm, mən əvvəldən bu işin başlanmasına razı deyildim. Məhz bu səbəblərə, indi meydana çıxan çətinliklərə görə razı deyildim. Amma arxayın olun, mən göstəriş verəcəyəm.
\"Azərbaycan\" qəzeti, 23 may 2000-ci il.