Stenli Eskudero: Cənab prezident, mən Sizi səmimi-qəlbdən salamlayıram və tam yaxşı olduğunuzu görməkdən məmnun qaldığımı bildirirəm.
Cənab prezident, mən Sizə iki məktub gətirmişəm. Onların biri ABŞ-ın dövlət katibi xanım Madlen Olbraytdan, digəri isə onun müavini cənab Sestonoviçdəndir. Onların hər ikisi ad gününüz münasibəti ilə Sizi təbrik edir və tezliklə tam sağalmağınızı arzulayırlar. Mən də onların arzularına qoşuluram.
Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Mənə burada çox böyük diqqət və qayğı göstərilir. Prezident cənab Bill Klinton, dövlət katibi xanım Olbrayt mənim müalicəmə xüsusi qayğı göstərirlər. Mən vitse-prezident Albert Qordan da məktub almışam. Ümumiyyətlə mənə burada göstərilən diqqət, müalicəm, hətta təhlükəsizliyimin təmin edilməsi çox yüksək səviyyədədir. Doğum günüm münasibəti ilə təbriklərə görə də təşəkkür edirəm.
Mən buradan gedən günü cənab Klintona, xanım Olbrayta məktub göndərəcəyəm və öz fikirlərimi bildirəcəyəm.
Stenli Eskudero: Onların bu məktubları səbirsizliklə gözləyəcəklərinə və bunlara diqqətlə yanaşacaqlarına əmin ola bilərsiniz.
Cənab prezident, ölkəmizdə səfərdə olduğunuz zaman Sizin təhlükəsizliyinizin təmin edilməsi, ABŞ-ın dövlət orqanları tərəfindən sizə qayğı göstərilməsi tamamilə qanunauyğun və təbii haldır. Çünki Siz həm müstəqil bir dövlətin prezidenti, həm də çox mühüm bir regionun ən önəmli liderlərindən birisiniz. Biz çox istəyirik ki, Siz vətəninizə qayıdasınız və ölkənizə rəhbərliyi davam etdirəsiniz.
Heydər Əliyev: Səmimi sözlərə görə təşəkkür edirəm. Mən də çalışıram ki, tezliklə Bakıya qayıdım. Həkimlərin dediyinə görə, mənim gücüm əvvəlkinə nisbətən xeyli artıbdır. Təminat verirlər ki, bundan sonra 20 il çox yaxşı işləyəcəyəm. Mənim işlərim də, arzularım da çoxdur.
Stenli Eskudero: Bunları eşitməkdən çox məmnun qaldığımı bildirirəm. Hesab edirəm ki, Sizdə bu arzuları həyata keçirmək imkanı olacaqdır və Siz onları yerinə yetirəcəksiniz.
Cənab prezident, Sizin müalicə olunduğunuz Klivlend klinikası dünyanın ən böyük tibb mərkəzlərindən biridir. Sizin üzərinizdə aparılmış cərrahiyyə əməliyyatı ölkəmizdə adi bir əməliyyat hesab edilir. Mən o fikrə tamamilə şərikəm ki, bu əməliyyatdan sonra Siz əvvəlkindən daha böyük qüvvə ilə işə başlayacaqsınız, ürəyinizin fəaliyyəti daha güclü, uzun ömürlü olacaqdır. Biz hesab edirik ki, bu həm Azərbaycan üçün, həm də ölkələrimizin münasibətlərinin gələcəyi baxımından çox mühüm və yaxşı xəbərdir.
Heydər Əliyev: Doğrudur, mən də bu fikirdəyəm. Burada, Vaşinqtonda keçirdiyim günlər çox faydalı, əhəmiyyətli oldu. NATO-nun toplantılarında iştirakımı çox müsbət qiymətləndirirəm. Bu çox böyük, tarixi hadisədir, böyük hadisədir. Biz NATO-nun bütün fəaliyyətinə öz dəstəyimizi bildiririk. Ancaq NATO-nun toplantılarından savayı, biz burada çox işlər gördük. Çoxsaylı görüşlər keçirdik və xüsusən, yeni üç böyük neft müqaviləsi imzaladıq. Konqresdə çox geniş görüşlərim oldu. Bu görüşlərdən birində Nümayəndələr Palatasının 12, Senatın 8 nəfər üzvü iştirak edirdi. Cənab Braunbekin qədim İpək yolunun bərpası mövzusunda keçirdiyi iclasın çox böyük əhəmiyyəti vardır. Xanım Olbraytın Cənubi Qafqaz dövlətlərinin - Gürcüstanın, Ermənistanın və xarici işlər nazirlərinin birgə iştirakı ilə keçirdiyi Cənubi Qafqazda vəziyyət və əməkdaşlığın perspektivləri haqqında tədbir çox yüksək səviyyədə başa çatdı.
ABŞ Dövlət Departamenti və şəxsən xanım Olbrayt Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli barədə çox böyük fəallıq göstərdilər. Biz ətraflı danışıqlar apardıq. Biz çox məmnun olduq ki, Amerika bu barədə öz mövqeyini dəqiq bəyan etdi. Ermənistan prezidenti ilə təkbətək görüşüm də çox faydalı keçdi. Çoxsaylı başqa görüşlərim də oldu, ancaq mən əsasları barədə söhbət açdım.
Biz çox faydalı işlər gördük. Mən Amerika Birləşmiş Ştatlarında olmağımdan və burada gördüyümüz işlərdən çox razıyam. Nəhayət, mənə müalicə də lazım imiş, onu da aldım.
Stenli Eskudero: Sizin Amerikaya səfərinizin hər baxımdan səmərəli olduğunu nəzərə çarpdırıram. Bilirsiniz ki, Klinton hökuməti İpək yolu strategiyasına dair senator Braunbekin irəli sürdüyü layihəni Cənubi Qafqaz reginu üçün çox faydalı hesab edir. Biz bu layihəni güclü surətdə dəstəkləyirik.
Onu da qeyd edim ki, Cənubi Qafqaz ölkələri dövlət başçılarının xanım Olbraytın təşəbbüsü ilə keçirilmiş bu görüşünə ABŞ dövlət katibi regional əməkdaşlığın inkişaf etdirilməsi baxımından çox əhəmiyyətli bir görüş kimi yanaşır və bu işə böyük həvəslə şəxsən qoşulubdur.
Biz regional strukturların, habelə magistral yolların və dəmir yollarının vəziyyətinin yaxşılaşdırılması üçün konkret işlər görülməsinə başlamışıq. Bu ölkələrin gömrük sistemlərinin uyğunlaşdırılması, regionun minalardan təmizlənməsi, qarşı duran tərəflər arasında niozon ofislərin yaradılması işinə də başlamışıq və bilirik ki, bu ideyaları siz də dəstəkləyirsiniz. Avropa ölkələrinin bu proseslərin inkişafında yaxından iştirak etməsi, Dünya Bankının həmin layihələrin reallaşmasına lazımi yardım göstərməyə hazırlaşması da bu layihələrin böyük gələcəyindən xəbər verir.
Cənubi Qafqaz ölkələri baş nazirlərinin qarşıda görüşləri nəzərdə tutulub. Orada əhəmiyyətli təkliflər paketinin razılaşdırılacağına əmin olduğumu bildirirəm.
Cənab prezident, Amerikaya səfərinizin bütün kütləvi informasiya vasitələri, xüsusən \"Vaşinqton post\" qəzeti tərəfindən geniş işıqlandırılması münasibətilə Sizi təbrik edirəm. Bu qəzetin birinci səhifəsində Sizin Vaşinqtona gəlməyinizə dair çox gözəl bir şəkil dərc olunmuşdur. ABŞ Hərbi Dəniz Akademiyası ilə tanışlığınız barədə həmin qəzetdə dərc edilmiş məqalə də çox heyranedicidir.
Cənab prezident, mən Sizi çoxlarının beş il ərzində edə biləcəklərini bir həftə ərzində həyata keçirməyiniz münasibətilə təbrik edirəm. Siz ölkənizə uğurla liderlik edirsiniz Bu ziyarətiniz zamanı ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi və inkişaf etdirilməsi sahəsində böyük nailiyyətlər əldə etmisiniz, öz səhhətinizin yaxşılaşdırılmasına da nail olmusunuz. Əminəm ki, Siz bundan sonra da gərgin fəaliyyətinizi davam etdirəcək, ölkələrimiz arasında münasibətlərin daha da yüksəklərə qaldırılmasına kömək edəcəksiniz.
Heydər Əliyev: Səmimi sözlərə və Amerikada mənə göstərilən diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm.