Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin milli memarliğımızın möhtəşəm abidəsi, XII əsrdə görkəmli Memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaratdığı Mömünə xatun türbəsini ziyarəti zamanı çıxışı - Naxçıvan şəhəri, 14 oktyabr 1999-cu il

Yadımdadır, mən burada yaşayan zaman, gənc vaxtımda, məktəbdə oxuyanda gəlib bunun ətrafında gəzirdim. Məktəbdə oxuyanda çoxlu rəsm çəkirdim, buna həvəsim vardı, rəssam olmaq istəyirdim. Onda memar nə olduğunu heç başa düşmürdüm. Ancaq rəsm çəkdiyimə görə axtarır, gözəl yerləri çəkirdim. Məsələn, Haçadağı, Naxçıvanın başqa yerlərini çəkirdim. Mömünə Xatun türbəsini bir neçə variantda çəkmişəm. Çox təəssüf edirəm, mən Bakıya, oradan Leninqrada, Moskvaya gedəndən sonra buradakı kitablarım, çəkdiyim şəkillər hamısı dağıldı. Təəssüf edirəm. Akvarellə çəkilmiş çox gözəl şəkillərim vardı.

Mən sizə (Vasif Talıbova) tapşırıq vеrirəm ki, bu abidəni, vaxtilə sərdabədə dəfn olunanların məzarlarının oğurlanıb aparılmış başdaşlarını qiymətli mərmərdən çox gözəl düzəldin. Nə qədər vəsait lazımsa, ayrılacaqdır.

Sən (Arif Qədimov) bu gün çox gözəl məlumat verdin, çox sağ ol, təşəkkür edirəm. Ancaq, əlbəttə ki, məni incidən odur ki, bizim xalqımız öz tarixini, mədəniyyətini - zəngin tarixini, zəngin mədəniyyətini, zəngin tarixi köklərini keçən əsrlərdə də, ondan sonrakı dövrdə də, indi, XX əsrdə də, birincisi, öz xalqına göstərə bilməyib, ikincisi də dünyaya göstərə bilməyibdir.

Bu baxımdan, məsələn, mərhum akademik Ziya Bünyadovun əsəri, deyə bilərəm ki, Azərbaycan tarixində yazılmış ən qiymətli əsərlərdən biridir. Azərbaycanda işlədiyim zaman bu əsərə görə ona Dövlət mükafatı verdim. Bu əsərə qədər Atabəylər dövləti və Azərbaycanın XII əsrdəki dövlətçilik tarixi məlum deyildi. Bizə məlum olmayanda, kimə məlum olacaqdı?

Ona görə də hesab edirəm ki, Ziya Bünyadov böyük bir tarixi ixtira edibdir. Bunu bir gündə etməmişdir. Bunu tədqiq, təhlil etmək, yazmaq, meydana çıxarmaq asan məsələ deyildi. Ziya Bünyadov həyatdan getdi. Yaşadığı zaman da mən onu həmişə qiymətləndirmişdim. Ancaq ola bilər ki, bizim xalqımız Azərbaycan tarixinin, qədim tariximizin tədqiqində, kitablar yazılmasında hələ ona lazımi qiymətini verməyibdir. Ona görə də mən təntənəli iclasda danışarkən Atabəylər dövləti haqqında dedim.

Sizə düzünü deyim ki, Atabəylər dövləti haqqındakı məlumatlarımın hamısı Ziya Bünyadovun kitablarından aldıgım məlumatlardır. Ondan əvvəl bunu eşitmişdim. Amma məlumatım yox idi. Əgər mənim məlumatım yox idisə, demək, digərlərinin məlumatı heç yox idi. Ona görə bu gün biz mərhum Ziya Bünyadova, böyük alimimizə bir daha, bir daha minnətdarlığımızı bildirməliyik. Allah ona rəhmət eləsin. Onun irsini, tarixçilik, tədqiqatçılıq fəaliyyətini davam etdirmək lazımdır. Mən bu sözləri deyirəm, televiziya da yazır, Azərbaycanın hər yerinə də yayılacaqdır. Mən bu gün buradan Azərbaycanın tarixçilərinə, Elmlər Akademiyasına öz göstərişlərimi verirəm: tarixçilərimiz Ziya Bünyadov tarixçilik məktəbi - Azərbaycanın qədim tarixi, orta əsrlər tarixi sahəsində onun kimi fəaliyyət göstərsinlər və belə dəyərli əsərlər yaratsınlar. İkincisi, təbiidir ki, Atabəylər dövlətinin Azərbaycan dövlətçiliyini yüz il dünyaya nümayiş etdirməsini, Atabəylər sülaləsinin, nəslinin Azərbaycan tarixində nə qədər böyük yer tutduğunu bu gün biz dərk etməliyik. Amma bunu indiyə qədər dərk etməmişik.

Sən gözəl xəritə göstərdin ki, Atabəylər dövlətinin sərhədi necə idi. Həqiqətdə də belədir. O, bugünkü Azərbaycandan da böyük bir ərazi idi. Bugünkü Azərbaycanın böyük bir hissəsi - həm Naxçıvan tərəfdə olan hissəsi, həm də Araz çayının о tərəfindəki hissəsi Azərbaycan dövləti, Atabəylər dövləti olubdur. Ona görə də biz buna tarixi qiymət verməliyik. (Bu baxımdan onlar Mömünə Xatun türbəsini, şübhəsiz ki, özlərinin böyük insani keyfıyyətlərinə görə yaradıblar. Onlar müdrik insanlar olublar. Əgər о müdriklik, böyük zəka, ağıl , olmasaydı, məsələn, Şəmsəddin Eldəniz öz həyat yoldaşına bu cür türbənin yaradılmasına qərar qəbul etməzdi. Gör nə qədər ağıllı insan olubdur. О nəsil nə qədər ağıllı olubdur ki, onun oğlu bunu davam etdirib və bizim tariximizi göstərən bu qədər əzəmətli memarlıq abidəsi, tariximizi təsdiq edən abidə yaranıbdır.

Əlbəttə, bu abidənin qiyməti yoxdur. Məsələn, çox vaxt, elə bu gün də bunu gözəl memarlıq abidəsi kimi təbliğ edirlər. Bu təbiidir, doğrudan da belədir. Dağılanlar dağılıb, amma qalanlar içərisində Мöminə Xatun məqbərəsi XII əsrdə, orta əsrlərdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu, doğrudan da böyük memarlıq məktəbi olduğunu göstərir. Sən də dedin, biz də bilirik ki, Əcəmi Naxçıvani və onun yaratdığı məktəb təkсə Naxçıvanı əhatə etmir, Şərq aliminin böyük bir hissəsində onun memarlıq üslubu, memarlıq məktəbi davam edib, böyük əsərlər yaradıbdır.

Ancaq hesab edirəm ki, bu abidənin memarlıq qiyməti ilə bərarər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir. Əgər dövlətçilik о qədər yüksək səviyyədə olmasaydı, onlar bu cür abidənin yaradılması üçün qərar qəbul edə bilərdilərmi?

Elə XX əsri götürün. Məsələn, böyük dövlətlər var, amma böyük abidələr yarada bilmirlər, çünki imkanları yoxdur. Amma Atabəylər həm imkanlı olublar, həm də tarixə, gələcəyə böyük irs qoyublar. О yazı da təsadüfi deyildir. Burada heç bir şey təsadüfi deyildir. Onu bizim üçün yazıblar. Bəli, bizim üçün yazıblar, gələcək nəsillər üçün yazıblar. Ona görə də hesab edirəm ki, son illərdə gördüyünüz iş yüksək qiymətə layiqdir. Mən bunu çox yüksək qiymətləndirirəm, çox məmnun olduğumu bildirmək istəyirəm. Bu işi davam etdirmək lazımdır. Bu işi davam etdirmək üçün nə qədər vəsait lazım olsa, - Naxçıvanın başçısına, Ali Məclisin sədrinə deyirəm, - mən bunu əsirgəməyəcəyəm. Çünki bu, bizim müstəqil dövlətimiz üçün, gələcək nəsillər üçün çox lazımdır. Sənin bu işə həvəsin, ona bu qədər qəlbdən yanaşmağın, birincisi, həqiqətən vətənpərvər insan olduğunu, vətənpərvər azərbaycanlı olduğunu göstərir, eyni zamanda belə işləri görməyə qadir olduğunu göstərir. Mən çox məmnunam ki, sənin kimi adamlar var. Sənin kimi adamlar nə qədər çox olsa, öz tariximizi, mədəniyyətimizi, dövlətçiliyimizi daha da geniş tədqiq, təhlil edə, millətimizə, xalqımıza göstərə, təbliğ edə bilərik və dünyaya göstərə bilərik.

Bu, indi bizə əvvəlkindən daha da çox lazımdır. Çünki biz müstəqil dövlətik. Azərbaycan xalqı öz müstəqilliyini alıb, Azərbaycan dövləti öz milli, mənəvi dəyərlərini qiymətləndirərək, şübhəsiz ki, daha da yüksələcəkdir. Мən sənə təşəkkür edirəm. Buradaca sənə \"Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi\" adı verirəm. Bu, birincisi. İkincisi, sən о kitabı hazırla, məşgul ol, nəşr üçün hazırlayıb verin. Hesab edirəm ki, sən bu kitabı elmi dərəcə almaq üçün təqdim eləməlisən. Güman edirəm ki, bizim alimlər sənin kitabını və gördüyün işləri mənim kimi yüksək qiymətləndirərlər. Hesab edirəm, bu kitaba, bu tədqiqatlara görə sən elmlər doktoru adına layiqsən.

Мən çox sevinirəm ki, bu gün buraya gəldik. Yenə də deyirəm, uşaq vaxtı bu abidənin ətrafını gəzmişəm, baxmışam, görmüşəm, onu sevmişəm. Bir neçə dəfə demişəm - əvvəlcə rəssam olmaq istəyirdim, sonra isə memarlığa meylim, memarlıq fakültəsinə daxil olmağım, memarlıq təhsili almağım bəlkə də elə bunlarla bağlı idi. Bunları görərək, bunların təsiri altında bu sənəti sevmişəm. Ancaq sən Naxçıvandakı iki abidəni də dedin. Qarabağlar abidəsini də unutmamaq lazımdır, başqalarını da.

Vasif Talıbov: Sizin tapşırığınızla Bakıdan, neft şirkətindən gəlmişdilər. Buranın da, Qarabağlar türbəsinin də bərpası üçün layihə-smeta sənədlərini hazırlayıblar. Özləri bərpa etdirəcəklər.

Heydər Əliyev: Bizim Dövlət Neft Şirkəti? İlham, bu iş sənə həvalə olunur. Mən çox məmnunam ki, siz belə təşəbbüs göstərmisiniz. Bu məsələni öz əlinizə götürün. Özün bu işlə məşğul ol, bütün layihələrə bax. Nə qədər vəsait lazımsa, Dövlət Neft Şirkəti ayıra, təmin edə bilər.

Çox sağ olun. Sənə, sənin kimi azərbaycanlılara təşəkkür edirəm.