Azərbaycan - YUNİSEF münasibətləri

 
YUNİSEF-in tarixi -1946-cı il dekabrın 11-də BMT Baş Məclisi YUNİSEF təşkilatının yaranmasına dair qətnamə qəbul edib. YUNİSEF-in əsas vəzifəsi ehtiyac əsasında və irqi, dini, milli, mövqe və siyasi ayrı-seçkiliyə yol vermədən müharibədən əziyyət çəkmiş uşaqlara fövqəladə təchizat və yardım göstərməkdən ibarətdir. 1953-cü ildə BMT Baş Məclisi YUNİSEF-i daimi təşkilatına çevirib. 1965-ci ildə YUNİSEF Nobel mükafatına layiq görülüb. YUNİSEF BMT-nin digər təşkilatlarından özünəməxsusluğu ilə fərqlənir. O, BMT-dən vəsait almır, öz büdcəsini könüllü ianələr hesabına formalaşdırır.

İkitərəfli münasibətlər - Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixli Qanunla BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasını ratifikasiya edib. 1993-cü ildə Azərbaycan Respublikası "Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında" 1990-cı il 30 sentyabr tarixli Ümumdünya Bəyannaməsinə qoşulub. YUNİSEF Azərbaycanda fəaliyyətinə 1993-cü ilin oktyabr ayında başlayıb.

YUNİSEF-lə münasibətlərin genişlənməsi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin uşaqlarla bağlı siyasətinin tərkib hissəsi idi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 27 sentyabr 1994-cü ildə YUNİSEF təşkilatında Uşaqların Həyatı, Müdafiəsi və İnkişafına dair BMT Bəyannaməsini imzalaması, bu təşkilatla münasibətlərin daha sürətlə inkişaf etməsinə təkan verdi. Məhz 1994-cü ildən etibarən YUNİSEF Azərbaycanla daha səmərəli əməkdaşlıq etməyə başladı.

YUNİSEF Azərbaycana 1994-1996-cı illərdə 9,5 mln. dollara yaxın, 1997-ci ildə 2,2 mln, 1998 və 1999-cu illərdə isə hər il 2 mln. dollar məbləğində humanitar yardım göstərib.

23 iyul 1997-ci ildə YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə Bakıda yaradılmış "Azərbaycan Beynəlxalq Gənclər Poçt Xidməti" və "Uşaqlara Kömək Xətti" xidmətlərinin açılış mərasimi olub. Bu təşəbbüsü həyata keçirməkdə məqsəd fiziki cəhətdən qüsurlu olan, çətinliklərlə rastlaşan gənclərə və uşaqlara kömək etməkdən ibarətdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev çıxış edərək, YUNİSEF-in Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib.

1998-ci il mayın 19-da "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

22 may 1999-cu ildə isə "Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

2000-ci il 6-8 sentyabr tarixlərində BMT-nin Nyu-Yorkda keçirilmiş Minilliyin Sammitində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Uşaq hüquqları haqqında" konvensiyanın "Uşaqların silahlı münaqişəyə cəlb olunmaması" və "Uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyası" üzrə Fakültativ Protokollarını imzalayıb.

20 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BMT-nin Uşaq Fondunun Mərkəzi və Şərqi Avropa, MDB və Baltik ölkələri üzrə regional nümayəndəsi Filip O'brayanı qəbul edib. Görüş zamanı Prezident Heydər Əliyev bildirib: "Biz istəyirik ki, YUNİSEF ilə Azərbaycanın əməkdaşlığı daha da geniş olsun. Çünki buna böyük ehtiyac vardır. Bu, xüsusən, qaçqın, köçkün vəziyyətində olan uşaqların, çadırlarda olan uşaqların vəziyyəti ilə əlaqədardır".

2002-ci ilin mayında Azərbaycanın nümayəndə heyəti BMT-nin Baş Assambleyasının uşaqlara həsr olunmuş xüsusi sessiyasında iştirak edib.

13 may 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2002-ci il mayın 25-də imzalanmış "Azərbaycan Respublikasının Hökuməti və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNİSEF) arasında əməkdaşlığa dair Əsas Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Azərbaycan hökuməti ilə YUNİSEF arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində 2000-2004-cü illər arasında "Erkən uşaqlıq dövründə inkişaf və daha yaxşı valideynlik təşəbbüsü", "Fəal təlim və məktəb rəhbərliyi", "İnkişaf üçün təhsil və Uşaq Hüquqları Konvensiyası (UHK)", "Təhsil sistemində məlumatların və təhlillərin təkmilləşdirilməsi", "Gənclərin sağlamlığı və inkişafı", "Valideyn-Müəllim Assosiasiyasının yaradılması", "Mina Təhlükəsinə dair Maarifləndirmə" kimi layihələr üzrə müvəffəqiyyətlə iş aparılıb. Son 5 ildə əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilən tədbirlərə ildə 300 min ABŞ dolları olmaqla ümumilikdə 1,5 milyon ABŞ dolları həcmində vəsait sərf edilib.

2003-cü il oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Heydər Əliyev siyasətinin davamı olaraq YUNİSEF-lə münasibətlərin genişlənməsinə xüsusi diqqət yetirir.

2004-cü ildə Azərbaycan Beynəlxalq Əmək Təşkilatının "Uşaq əməyinin ən pis formalarının ləğv edilməsi" haqqında 182 saylı Konvensiyası və eyni adlı 190 saylı Tövsiyəsinə, həmçinin Beynəlxalq övladlığa götürməyə dair Haaqa Konvensiyasına qoşulub.

YUNİSEF Azərbaycanda irihəcmli layihələr həyata keçirir. YUNİSEF-in 2005-2009-cu illər üçün Azərbaycanda həyata keçirdiyi proqramların ümumi büdcəsi 9.725.000 dollar olub.

2006-cı il fevralın 6-7-də YUNİSEF gənclər və idman, təhsil və iqtisadi inkişaf nazirlikləri ilə birlikdə "Azərbaycan gəncləri üçün daha parlaq gələcək yaradaq" adlı konfrans təşkil edib.

2006-cı ilin mart ayında Prezident İlham Əliyev uşaqların uşaq evlərindən ailələrə verilməsi və alternativ qayğı haqqında dövlət proqramını təsdiq edib. 2006-2015-ci illəri əhatə edən bu proqram çərçivəsində yaxın 3-5 il ərzində ölkədə 45 uşaq müəssisəsinin transformasiyası planlaşdırılır.

2006-cı aprelin 17-də "Xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010)" qəbul edilib.

11-15 mart 2007-ci ildə BMT-nin Uşaq Fondunun (YUNİSEF) Mərkəzi və Şərqi Avropa, MDB və Baltikyanı ölkələr üzrə regional ofisinin direktoru Mariya Kalivis Azərbaycana səfər edib. Səfərin əsas məqsədi Azərbaycanda uşaqların üzləşdiyi əsas problemlər və onların aradan qaldırılması üçün ölkə Hökuməti və YUNİCEF-in Azərbaycandakı nümayəndəliyi tərəfindən görülən işlərlə yaxından tanış olmaq, həmçinin ölkəmizdə "uşaqlara yararlı dünya" qurulması işinə töhfə vermək idi.

25 iyun 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda YUNİSEF-in icraçı direktoru Ann Veneman ilə görüşüb. Azərbaycan Respublikasının Prezidenti görüşdə ölkədəki iqtisadi islahatlardan danışıb və A. Venemanı ölkəmizə səfərə dəvət edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 mart 2007-ci ildə "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNİSEF) arasında 2005 - 2009-cu illər üçün Ölkə Proqramı üzrə Fəaliyyət Planı"nın təsdiq edilməsi barədə Sərəncam verib.

YUNİSEF və Dünya Səhiyyə Təşkilatının 2005-2008-ci illərdə Azərbaycanda fəaliyyətinin başlıca istiqamətlərində immunlaşdırma, hamilə qadınların sağlamlığına qayğı göstərilməsi, ana və uşaqların qidası, mikronutriyentlərlə zənginləşdirilmiş məhsullar istehsalının təmin edilməsi, səhiyyə sahəsində zəruri qanunvericilik bazasının yaradılması məsələləri nəzərdə tutulmuşdu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 avqust 2008-ci ildə YUNİSEF-in Azərbaycandakı nümayəndəsi xanım Hana Singeri ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. Xanım Hana Singer YUNİSEF ilə Azərbaycan arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanla YUNİSEF arasında əlaqələrin daim genişlənməsindən məmnunluğunu ifadə edib.

2008-ci ilin sentyabr ayının 24-də Azərbaycanın tarixində ilk dəfə olaraq beynəlxalq təşkilatlar, o cümlədən YUNİSEF təşkilatı açıqlama verib ki, Azərbaycanda keçən bir neçə il ərzində uşaq ölümü 2 dəfədən də çox azalıb.

22 dekabr 2008-ci ildə Prezident İlham Əliyevin xüsusi sərəncamı ilə 2009- cu ili Azərbaycanda Uşaq ili elan edilib.

22 oktyabr 2009-cu ildə Azərbaycanda Uşaq ilinə və BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş "Azərbaycanda uşaqların müdafiəsi" üzrə milli konfrans keçirilib. Konfransda çıxış edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva,-"Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq", - deyə qeyd edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük himayədarıdır. Ölkəmizin gələcəyi olan Azərbaycan uşaqlarına diqqət, qayğı 5 illik fəaliyyəti dövründə Heydər Əliyev Fondunun əsas prioritetlərindən olub. Təsadüfi deyil ki, Fond yarandıqdan sonra ilk ən böyük tədbiri uşaqlarla bağlı olub. 2004-cü ilin sentyabrında Fond 30-a yaxın uşaq evi və internat məktəbində tərbiyə alan kimsəsiz və istedadlı uşaqlar üçün Səttar Bəhlulzadə adına sərgi salonunda onların "Mən Azərbaycanı sevirəm" sərgisini təşkil edib.

"Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində aparılan əsaslı təmir və yenidənqurma işləri cəmiyyətdə böyük rezonans doğurub. Respublika üzrə 29 uşaq müəssisəsi əsaslı təmir edildi, əlavə yardımçı binalar inşa olundu. Fondun həyata keçirdiyi Diabetli uşaqlara ən yüksək qayğı, Talassemiyasız həyat naminə, "Kor və zəif görən insanların İnformasiya Kommunikasiya Texnologiyalarına çıxışının təmin edilməsi" layihələrinin reallaşdırılması, xeyriyyəçilik tədbirləri, cərrahiyyə əməliyyatları, peyvəndləşdirmə aksiyaları mərhəmət, xeyirxahlıq nümunəsinə döndü. M.Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi ilə yüzlərlə xəstə uşağın üzərində ürək əməliyyatı aparılıb.

22 oktyabr 2009-cu ildə Azərbaycanda uşaqların müdafiəsi sahəsindəki nəcib fəaliyyətinə görə YUNESKO-nun və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevaya YUNİSEF-in xüsusi mükafatı təqdim edilib.

21 noyabr 2009-cu ildə Milli Məclisin BMT-nin Uşaq Hüquqları Konvensiyasının 20-ci ildönümü ilə bağlı xüsusi iclası olub.

Bu gün Azərbaycanda uşaq hüquqları ilə bağlı ən müasir qanunvericilik bazası formalaşıb. İndiyə qədər bu məsələ ilə əlaqədar Milli Məclisdə 10 qanun layihəsi qəbul edilib, bütövlükdə isə uşaq hüquqlarına bu və ya digər dərəcədə aid olan72 qanun və 11 məcəllə qəbul olunub. Uşaq hüquqları ilə əlaqədar beynəlxalq sənədlər də parlamentdə təsdiqlənib. Eyni zamanda, bu ilin mart ayında Milli Məclisin təşəbbüsü ilə keçirilən referendum zamanı Azərbaycan Konstitusiyasına uşaq hüquqları ilə bağlı ciddi əlavələr edilib.