Heydər Əliyev: Hörmətli həmsədrlər, biz sizdən ötrü darıxmışıq. Bizi yaddan çıxarmısınız. Ona görə çox şadam ki, nəhayət siz vaxt tapıb bölgəyə gəlmisiniz.
Mən sizi səmimi qəlbdən salamlayıram və Minsk qrupunun son dövrdə fəaliyyətinin yüksəlməsini və hətta axır zamanlarda daha da güclənməsini çox müsbət qiymətləndirirəm. Çünki bəziləri hesab edirlər ki, artıq Minsk qrupu gücdən düşübdür. Amma mən hesab edirəm ki, əksinə, siz güclənmisiniz. Şəxsi nöqteyi-nəzərdən də güclənmisiniz. Amma siyasi nöqteyi-nəzərdən də güclənmisiniz. Bu illərdə əldə olunan təcrübəniz təbiidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün yaxşı əsas yaradıbdır.
Mən sizin bu dəfəki səfərinizin marşrutunu bəyənirəm. Keçən dəfə Azərbaycandan başlamışdınız. Bu dəfə də Ermənistandan. Xüsusən onu qiymətləndirirəm ki, işğal edilmiş rayonlardan biri olan Füzuli rayonunu da gördünüz. Əvvəl Ağdamı görmüşdünüz, indi də Füzulini gördünüz. Bir az vaxtınız olsaydı, o birilərini də görsəydiniz, daha yaxşı olardı. Hər halda mən bundan da razıyam.
Sizi bir də salamlayıram. "Xoş gəlmisiniz!" deyirəm.
Minsk qrupunun ABŞ-dan olan həmsədri səfir Keri Kavano:
- Cənab prezident, çox sağ olun. Yenidən burada olmağımız bizə xoşdur və sülhə nail olunması prosesində səylərimizi davam etdirməyi son dərəcə vacib hesab edirik. İndi bu problem bizim hökumətlərimizdə ən yüksək səviyyəyə qaldırılmışdır. Prezident Corc Buş və prezident Vladimir Putin Sloveniyadakı görüşləri zamanı bu problemi müzakirə etmişlər. Prezident Putin və prezident Jak Şirak da iyulun 1-də Sankt-Peterburqda görüşərkən həmin problemi müzakirə etmişlər. Prezidentlərimiz bizə dəqiq göstərişlər veriblər ki, Dağlıq Qarabağ probleminin həllini tapmaq üçün bacardığımız hər şeyi edək, bu məsələ ilə bağlı Sizinlə və prezident Koçaryanla birgə işləyək, məsələnin qəti həllinə nail olmaq üçün yaradıcı münasibət, çeviklik göstərək.
Onlar bu regionda baş verən hadisələri diqqətlə izləyirlər və problemi başa düşürlər. Bizim prezidentlərin bu problemlə tanışlığı ötəri deyildir, onlar məsələni təfsilatı ilə bilirlər. Öz prezidentlərinin məsələni çox dərindən bildiyini görəndə, bu, bir qayda olaraq, diplomatlarda narahatlıq doğurur. Prezident Putin ağ vərəq götürüb dərhal regionun xəritəsini çəkir. Prezident Buş isə xəritəyə baxaraq deyir: "Bəli, bu, problemdir, amma bax, burada da məsələ var".
Ona görə də bu problemə beynəlxalq diqqət çox yüksək səviyyədədir. Vurğulamaq xoşdur ki, bu səfərin gedişində Sizinlə görüşmək imkanımız var. İndiki səfərin marşrutu da təsadüfi seçilməmişdir. Əvvəlki səfərimiz zamanı biz qaçqınların yaşadıqları bölgələrə getməyi qarşımıza vəzifə qoymuşduq. Biz Ağcabədidə qaçqın düşərgəsinə getmişdik və özümüzlə müxtəlif ölkələrdən olan jurnalistləri də aparmışdıq ki, onlar Ağdamda nə baş verdiyini görə bilsinlər.
Dünən biz gəldiyimiz marşrutda silahlı münaqişənin gedişində baş vermiş dağıntıları gördük. Biz Şuşada, Füzulidə, Horadizdə, habelə Xankəndi şəhərində olduq. Günün axırında biz təmas xəttini keçdik. Biz dünyanı inandırmaq istəyirdik ki, bu regionun məruz qaldığı bütün dağıntıları və münaqişə nəticəsində verdiyi itkiləri xatırlayırıq.
Səfərimizin iki məqsədi var idi. Birinci məqsəd bu problemin həlli yollarının müzakirəsini, cənab prezident, Sizinlə və prezident Koçaryanla davam etdirmək, habelə hərbi əməliyyatların yenidən başlanmasının mümkünlüyünə verdiyimiz əhəmiyyəti vurğulamaq idi. Biz bilirik ki, Siz problemin sülh yolu ilə həllinin tapılmasına sadiqsiniz.
Biz eyni zamanda bəzilərindən eşidirik ki, problemin həllinin ən yaxşı yolu hərbi əməliyyatlardır. Ancaq dünən biz hərbi əməliyyatların nələr törətdiyini gördük. Bu səfərin gedişində əmin olduq ki, hərbi münaqişə nəticəsində də nə qədər insan zərər çəkmişdir. Biz əminik ki, məsələnin həlli danışıqların gedişində tapıla bilər. Biz bu barədə öz prezidentlərimizdən, rəhbərliyimizdən göstəriş almışıq. Göstəriş almışıq ki, cənab prezident, Sizinlə və prezident Koçaryanla işləyək. Yəqin ki, mənim həmkarlarım nə isə əlavə etmək istəyirlər.
Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm.
Vyaçeslav Trubnikov (Rusiya xarici işlər nazirinin birinci müavini): Hörmətli Heydər Əliyeviç, həmsədrlər kimi dünən bizə göstərilən qonaqpərvərliyə görə sağ olun. Biz buraya nə üçün gəldiyimizi vurğulamaq istəyirik. Mən həmkarım cənab Kavanonun fikrinə tam şərikəm ki, bizim iki məqsədimiz var, o, bunları tamamilə dəqiq ifadə etdi. Bu barədə aramızda heç bir fikir ayrılığı yoxdur, biz bu məqsədlərə sadiqik və həmsədrlərin, ümumən Minsk qrupunun ünvanına mətbuatın nə deməsindən asılı olmayaraq, sadiq qalacağıq. Başlıcası budur ki, iki prezidentlə işi, qarşılıqlı fəaliyyəti davam etdirmək baxımından çox müsbət əhval-ruhiyyəmiz qalmaqdadır. Biz əminik ki, danışıqlar yolundan savayı başqa bir vasitə yoxdur. Biz bu fikirlə qəti və həmişəlik razılaşmışıq. Buraya da məhz buna görə gəlmişik.
Heydər Əliyeviç, Füzuli rayonunu öz gözlərimizlə görmək barədə Sizin tövsiyənizi yaxşı xatırlayıram, yəni "görməkdənsə eşitmək yaxşıdır" prinsipini deyil, əksinə, "yüz dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır" prinsipini əsas götürək. Şübhəsiz ki, Füzuli rayonunda, Şuşada gördüklərimiz bizi bir daha inandırır ki, "nə müharibə, nə sülh" vəziyyətindən tezliklə çıxmaq lazımdır. Bu, çox ağır vəziyyətdir və əlbəttə ki, həm Ermənistanın əhalisinə, həm də Azərbaycanın əhalisinə psixoloji təsir göstərir.
Biz qəti əminik ki, həm bu, həm də digər prezidentin mövqeyi baxımından bizim səylərimiz üçün əlverişli zəmin var, çünki Sizin də, prezident Koçaryanın da xoş məramınız tükənmir. Biz buna qəti əminik. Əgər belə bir əminlik olmasaydı, şübhəsiz ki, biz öz missiyamızı səmərəsiz, faydasız hesab edərdik. İndiki halda isə əksinədir. Son il yarım ərzində ermənistanlı həmkarınızla intensiv və çox məzmunlu danışıqlar aparmağınız bizi səylərimizi gücləndirməyə sövq edibdir. Çünki Siz bizə yaxşı nümunə göstərirsiniz. Özü də təkcə nümunə yox, biz Sizdən ideyalar əxz edirik və bunları qavraya, başa düşə bildiyimiz səviyyədə həm bu tərəfə, həm də digər tərəfə çatdırmağa, problemin həllinin hər iki tərəfi qane edən yollarını axtarıb tapmağa çalışırıq. Ayrı yol yoxdur. Biz başa düşürük ki, bu münaqişədə qalib və məğlub tərəf ola bilməz. Bu, ən başlıcasıdır. Biz bu fikri beynəlxalq ictimaiyyətə də çatdırmaq istəyirik və özümüz də buna qəti əminik.
Biz sülhün mənafeyi üçün işləməliyik. Füzulidə gördüklərimiz, orada eşitdiklərimiz, - 3 milyon kvadratmetr ərazi minalanmışdır, - dəhşətdir. Biz vertolyotla uçanda təkcə divarları qalmış evlərdə yaşayan insanları, münbit, məhsuldar, lakin becərilməyən torpağı gördük və şübhəsiz ki, bu bizə, həmsədrlərə çox ağır və emosional təsir bağışladı. Onu da deyim ki, bu təsir, təbii olaraq, eşitdiklərimizdən və bizə danışılanlardan daha güclü idi. Ona görə də bu dəfə Yerevandan Xankəndiyə, Şuşaya, Füzuliyə gedən marşrutu seçməyimiz, yəqin ki, çox düzgün qərar idi. Çünki biz "nə müharibə, nə sülh" vəziyyətinə tezliklə sülh yolu ilə son qoymaq üçün imkanımız daxilində mümkün olan bütün səyləri göstərmək əzmindəyik. Mən hesab edirəm ki, cənab Kavanonun dedikləri bizim baxışlarımıza, üç həmsədrin baxışlarına tamamilə uyğundur. Bu barədə biz eyni mövqedəyik. Qoy heç kim möhtəkirlik etməyə çalışmasın ki, guya bizim mövqelərimizdə hansısa fikir ayrılıqları var. Xeyr, belə şey yoxdur. Biz vahid məqsədə nail olmağa - problemi sülh yolu ilə həll etməyə çalışan vahid komanda kimi fəaliyyət göstəririk. Heydər Əliyeviç, biz Sizi buna əmin edirik.
Heydər Əliyev: Sağ olun.
Filipp de Süremeyn (ATƏT-in Minsk qrupunun Fransadan həmsədri): Cənab prezident, Minsk qrupunun həmsədrlərinə göstərilən qonaqpərvərliyə görə mən də Sizə minnətdarlığımı bildirmək istəyirəm. Bakıya gəlmək bizim üçün həmişə xoşdur, ancaq biz buraya istirahətə yox, işləməyə gəlmişik. İstirahəti sonraya saxlayaq...
Heydər Əliyev: Allah eləsin ki, istirahətə gələsiniz.
Filipp de Süremeyn: Biz burada nümayiş etdirmək istərdik ki, üç həmsədr vahid bir tamdır və onlar buraya öz işini - dövlət başçılarının diqqətlə izlədikləri işi yerinə yetirmək üçün gəliblər. Ölkələrin dinc iqtisadi inkişaf imkanı əldə etməsi üçün biz problemin sülh yolu ilə həllinə çalışacağıq. Bizə ümid verən odur ki, hər iki tərəf problemin danışıqlar vasitəsilə həllinə səy göstərdiklərini bildirir. Çünki tamamilə aydındır ki, problemin hərbi yolla həlli nəinki çıxılmaz vəziyyətə gətirəcək, həm də daha böyük fəlakətə səbəb ola bilər. Biz buraya gəlmişik ki, hər şeyi öz gözlərimizlə görək. Dünən yolda gələrkən, o cümlədən Füzuli bölgəsindən keçərkən müharibənin gətirdiyi bəlaları gördük. Biz buraya onu nümayiş etdirməyə gəlmişik ki, həqiqətən fəal işləyirik və beynəlxalq ictimaiyyətin bu problemə marağı azalmır, o, hadisələrin gedişini, bizim işimizi diqqətlə izləyir. Həmçinin istəyirdik ki, bizim gördüklərimizi özümüzlə gətirdiyimiz jurnalistlər də görsünlər ki, bu regionda baş verənlərdən ölkələrimizin ictimaiyyəti də xəbər tutsun.
Səfərimiz zamanı əmin olduq ki, bu, indi həqiqətən zəruridir. Biz əmin olduq ki, hazırkı status-kvo çox kövrəkdir və məsələnin həllinə çox tezliklə nail olmaq lazımdır ki, xarici sərmayəçilər, beynəlxalq birlik buraya köməyə gələ və təsirli yardım göstərə bilsinlər.
Bütün bu işdə vaxt amilinin müstəsna əhəmiyyəti var. Biz Sizi əmin edirik ki, zəruri bildiyiniz köməyi göstərmək və dəstək vermək əzmindəyik.
Cənab prezident, təşəkkür edirəm.
Heydər Əliyev: Təşəkkür edirəm.
Mən sizi dinləyərək və son aylarda gedən prosesləri bir daha xatirimə salaraq, qətiyyətlə deyirəm ki, 1992-ci ildə yaranmış Minsk qrupunun, - əgər müəyyən vaxtları, həmsədrlər olan dövrü götürsək, - Minsk qrupu həmsədrlərinin bu problemin həll olunmasına indiki dövr qədər yaxından qoşulmasını mən əvvəllər müşahidə etməmişdim. Bu çox müsbət və ümidverici bir haldır. Xüsusən dövlət başçıları prezident cənab Corc Buş, prezident cənab Vladimir Putin, prezident cənab Jak Şirak bu məsələyə çox əhəmiyyət verdiklərinə, öz aralarında bu məsələni müzakirə etdiklərinə və həmsədrlərə qəti göstərişlər verdiklərinə görə mən artıq belə hesab edirəm ki, ATƏT tərəfindən həmsədr təyin olunmuş bu üç böyük ölkə və bu münaqişənin həll edilməsi üçün məsuliyyət daşıyan ölkələr həqiqətən bu məsələnin həll olunmasında yeni bir mərhələyə çıxıblar. Mən şəxsən prezident Vladimir Putinlə, prezident Corc Buş və prezident Jak Şirak ilə bu il olan görüşlərimdə bu məsələni bizim üçün ən əsas məsələ kimi qarşıya qoymuşam və bütün bu görüşlərdə hər üç prezidentin bu məsələni həqiqətən həll etmək əzmində olduğunu hiss etmişəm. Mən dediyim bu yeni mərhələni xarakterizə edən əsas amil də ondan ibarətdir ki, bu, əvvəllər, heç vaxt olmayıbdır.
Prezidentlər, məsələn, şəxsən prezident Corc Buşla prezident Vladimir Putinin görüşündə, prezident Vladimir Putinlə prezident Jak Şirakın görüşündə - baxmayaraq ki, dünya miqyasında çox məsələlər var - bu məsələni özləri üçün çox vacib bir məsələ hesab edərək müzakirə etmişlər və öz nümayəndələrinə müəyyən göstərişlər vermişlər.
Mən əhəmiyyətli bir məsələni burada bir daha qeyd etmək istəyirəm. Bu da ondan ibarətdir ki, həmsədrlər - Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, bu ölkələrin başçıları prezident Vladimir Putin, prezident Corc Buş, prezident Jak Şirak və onların təyin etdikləri nümayəndə heyətlərinin hamısı eyni fikirdədi və hamısı öz səylərini birləşdirir.
Mən bundan əvvəlki, keçmiş dövrü xatırlayıram. Bilirsiniz ki, artıq mən səkkiz ildir ki, bu məsələ ilə məşğul oluram.
Biz həmsədrlər arasında, dövlət başçıları arasında və onları təmsil edən vəzifəli şəxslər arasında bu cür həmrəyliyi əvvəllər görməmişdik.
Bəlkə də elə bu, məsələnin indiyə qədər həll olunmamasının əsas səbəblərindən biridir. Ümid edirəm ki, həmsədrlər arasında, yəni dövlət başçıları və həmsədrləri təmsil edən vəzifəli şəxslər arasında olan bu səmimi münasibət bundan sonra daha da möhkəmlənəcək, hər üç ölkə bir nöqtəyə vuracaqdır. Onlar məsələnin ədalətli həll olunması üçün çalışacaqlar.
Mən çox məmnunam ki, siz bu marşrutla gəlib Füzuli rayonunu da gördünüz və oradan cəbhə xəttini keçdiniz. Bu rayonlar, yəni Ağdam da, Füzuli də, Cəbrayıl da, Zəngilan da, Qubadlı da, Laçın da, Kəlbəcər də və Şuşa da daxil olmaqla Dağlıq Qarabağ da - bunlar Azərbaycanın ərazisinin ən gözəl hissələridir. Vaxtilə orada qurulub yaradılanlar bir ilin, bir əsrin deyil, bir çox əsrin nəticəsidir. İndi orada hər şey dağıdılıbdır.
Siz keçmişdə bu rayonları görməmisiniz. Axı mən bunların hamısını görmüşəm. Orada yaşamış adamlar isə bunu məndən də yaxşı bilirlər. Təsəvvür edin, mən indi gedib onları görsəm, gözümün yaşını saxlamaq mümkün olmayacaqdır. Bir torpaq iddiasından ötrü belə bir müharibənin yaranmasının acı nəticələri budur. Hesab edirəm, bu münaqişə başlananda onu sülh yolu ilə həll etmək olardı və onun bu cür dağıntılara gətirib çıxarmasına o vaxtlar imkan verilməzdi. Amma təəssüf ki, belə faciə baş veribdir. Bir tərəfdən insanlar yerindən-yurdundan didərgin düşərək indi çadırlarda yaşayırlar, ikinci tərəfdən də onların nəsildən-nəslə qurub yaratdıqları evlər, bütün hər şey dağıdılıbdır.
Mən ötən bazar günü qəflətən bizim dənizkənarı parkda oldum. Yəni bunu heç kəs bilmirdi, mən onu əvvəldən də planlaşdırmamışdım. Mən sadəcə, bazar günü - belə paltarda deyildim, adi bir istirahət paltarında idim - avtomobildə gedərkən birdən beynimə gəldi ki, avtomobili saxlayıb parka gedim. Təbiidir ki, insanlarla bu görüşüm həm mənim üçün, həm də onlar üçün həm gözlənilməz, həm də çox yaxşı oldu. Parkın bir hissəsini gəzdim. Gördüm ki, parkda bir yerdə tərəzi qoyublar, insanları çəkirlər. Tərəzi də lap köhnəlmiş bir tərəzi idi. Mən o tərəziyə çıxdım, dedim, məni çəkin. Çəkdilər və dedilər ki, mənim çəkim 79 kiloqram 800 qramdır. Amma bunu burada deməkdə məqsədim bu deyil. Mən bilmirdim, demək, məni çəkən o adam bu münaqişə nəticəsində Ağdamdan köçüb gəlmiş adamdır. Görürsünüz, o, belə bir şeylə burada özünə pul qazanır. O mənə dedi ki, bir az arıqlamısan, amma narahat olma. İnşallah, Şuşanı alanda orada kabab yeyəcəyik, sən kökələcəksən. Doğrudur, sonra qəzetlər götürüb bunu yazıblar. Əlbəttə, burda pis bir iş görməmişəm. Mən bununla nə demək istəyirəm? Bu insan ağdamlıdır, amma qəlbində Şuşa yaşayır. Şuşa hər bir azərbaycanlı üçün əzizdir. İndi təsəvvür edin, o, Ağdamda öz evini, öz kəndini dağıdılmiş görəndə, Şuşaya qayıdıb oranı da dağılmış görəndə, nə qədər ağır vəziyyətə düşəcəkdir.
Beləliklə, bu faciə olmuşdur və buna son qoymaq lazımdır. Bilirsiniz ki, bu münaqişəni danışıqlar yolu ilə həll etmək istəyirik. Özüm də sizinlə görüşlərimdə həmişə demişəm ki, mən məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıyam. Bu məsələ həll olunacaq. Bu münaqişə doqquz ildir davam edir. İnsanlar pis vəziyyətdə yaşayırlar.
Siz Füzuli rayonunu gördünüz. Füzulidə iki Horadiz var - biri Horadiz kəndi, biri də Horadiz dəmir yolu stansiyasıdır. Dəmir yolu stansiyası Horadiz bizdədir, amma Horadiz kəndi işğal altındadır. Əvvəl oranı da işğal etmişdilər, sonra biz azad etdik. Bir neçə ildir tikinti işləri aparırıq, çoxlu insan köçüb, orada yaşayır. Yəqin gördünüz ki, onlar nə qədər xoşbəxtdirlər. Hələ həmin yerdə o qədər adam yaşamamışdı. Onların hamısını oraya torpaq çəkir. İndi daim deyirik ki, məsələni sülh yolu ilə həll edəcəyik və bunu etməyək. Axı bu məsələ sonsuzluq ola bilməz.
Siz deyirsiniz artıq burada bəzi səslər eşidilir müharibə edək, nə bilim torpaqlarımızı müharibə ilə azad edək. Buna təəccüb etmək lazım deyil belə fikirlər təhlükəlidir amma eyni zamanda təbiidir. Çünki insanlar görürlər məsələ sülh yolu ilə həll olunmur. Ona görə insan deyir ki, mən özümü qurban verim torpağımı azad edim.
Mən hesab edirəm ki, o vaxt gəlib çatıbdır ki, siz də öz fəaliyyətinizi gücləndirməlisiniz. Azərbaycan prezidenti ilə Ermənistan prezidenti arasında bilavasitə danışıqlar oldu. Bunlardan istifadə edərək məsələni həll etmək lazımdır. Məsələnin həlli bundan sonra da uzansa təbiidir ki, gözlənilməz şeylər meydana çıxa və ola bilər, onun da qarşısını almaq mümkün olmasın. Bu isə ikinci bir çətinlik yaradacaqdır. Ona görə Azərbaycan prezidenti kimi mən, bizim hökumət məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Biz bu atəşkəs rejimini qoruyub saxlayacağıq.
Ancaq Azərbaycanda bir söz var: bəzən adam boğaza yığılanda hər şeyi unudur. Deyir ki, nə olur olsun, ya ölərəm, ya qalaram.
Mən gördüyünüz işlərə görə sizə bir də təşəkkür edirəm. Güman edirəm ki, indi biz sizinlə bir az da konkret danışarıq. Bir daha ümid edirəm ki, siz məsələnin həll olunmasına bundan sonra daha da böyük təsir göstərəcəksiniz. Sağ olun.