Hörmətli cənab səfir!
Hörmətli xanımlar və cənablar!
Sizi Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Amerika Birləşmiş Ştatları qısa tarixi bir zamanda - 222 il ərzində böyük yol keçmiş, dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrindən biri olmuşdur. Amerika Birləşmiş Ştatları dünyada demokratiyanın inkişaf etdirilməsi üçün çox xidmətlər göstərmiş və demokratik ölkə nümunəsi kimi dünyanın hər yerində demokratiyanın yaranmasına və inkişaf etməsinə təsir edir.
Mən bu bayram günü Amerika Birləşmiş Ştatlarının dövlətinə, hökumətinə, bütün vətəndaşlarına uğurlar arzulayıram. Amerika xalqına sülh, əminamanlıq və səadət diləyirəm. Amerika ilə Azərbaycan arasındakı əlaqələrin tarixi böyükdür. Ancaq Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra bizim ölkələrimiz və dövlətlərimiz arasında yaranan əlaqələr çox böyük əhəmiyyət kəsb edir. Biz Amerika Birləşmiş Ştatları ilə olan əlaqələrimizə xüsusi əhəmiyyət veririk və bütün sahələrdə münasibətlərimizi inkişaf etdirmək əzmindəyik. Keçən il, 11 ay bundan əvvəl Amerika Birləşmiş Ştatlarına mənim ilk rəsmi səfərim zamanı ABŞ prezidenti cənab Bill Klinitonla, vitse-prezident cənab Albert Qorla, dövlət katibi xanım Olbraytla, hökumətin başqa üzvləri ilə çox səmərəli görüşlər keçirilmiş, danışıqlar aparılmışdır. İlk dəfə olaraq Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında dövlətlərarası, hökumətlərarası böyük əhəmiyyət daşıyan sənədlər imzalanmışdır. İmzalanmış sənədlər Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında olan əlaqələri daha da yüksək səviyyəyə qaldırmış və bu əlaqələrin çox etibarlı hüquqi-normativ bazasını yaratmışdır. Bu sənədlərin içərisində Amerika-Azərbaycan əlaqələri haqqında Amerika prezidenti cənab Bill Klinton və Azərbaycan prezidenti tərəfindən imzalanmış birgə bəyanat bizim üçün tarixi əhəmiyyət kəsb edir. Məmnuniyyətlə xatırladıram ki, həmin bəyanatda Amerika- Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün çox əhəmiyyətli müddəalar öz əksini tapmışdır. Amerika-Azərbaycan əlaqələrinin siyasət, təhlükəsizlik, iqtisadiyyat və ticarət sahəsində inkişaf etdirilməsi vasitəsilə ölkələrimiz, dövlətlərimiz arasında partnyorluq münasibətlərinin genişləndirilməsi bu bəyanatın əsas müddəalarından biridir. Birgə bəyanatda göstərilir ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyini, təhlükəsizliyini, suverenliyini, ərazi bütövlüyünü və demokratik inkişafını dəstəkləyir. Bizim Vaşinqtonda apardığımız danışıqlar nəticəsində imzaladığımız birgə bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması barəsində də çox əhəmiyyətli müddəalar öz əksini tapmışdır. Amerika Birləşmiş Ştatları bəyan etmişdir ki, ABŞ Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasına tərəfdar çıxır və məsələnin sülh yolu ilə həll edilməsini, bölgədə uzunmüddətli sülhün və sabitliyin yaranmasını çox əhəmiyyətli hesab edir. Amerika Birləşmiş Ştatları bu münasibətlə Rusiya və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupunda fəaliyyətini davam etdirməyi bəyan etmişdir.
Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, bu bəyanatda göstərilən müddəalar daimidir və Amerika Birləşmiş Ştatlarının hökuməti buna həmişə sadiq olacaqdır. Bəyanatda göstərilmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in Lissabon sammitinin üç prinsipi əsasında olmalıdır. Bunları xatırladaraq, mən bu gün bir daha ümidvar olduğumu bildirmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması sahəsində bütün səylərini davam etdirəcəkdir, ATƏT-in Minsk qrupu, onun həmsədrləri - Rusiya, Fransa ilə birlikdə Amerika Birləşmiş Ştatları məsələnin sülh yolu ilə həll edilməsinə nail olacaqlar.
Hesab edirəm, çox əlamətdar hadisədir ki, Vaşinqtonda, Ağ Evdə ilk dəfə olaraq Xəzərin Azərbaycan sektorundakı yataqların Amerika Birləşmiş Ştatlarının şirkətləri ilə müştərək işlənilməsi sahəsində uzunmüddətli, çox geniş miqyaslı müqavilələr imzalanmışdır. Həmin gün - keçən il avqust ayının 1-də dörd müqavilə imzalanmışdır. 1994-cü ilin sentyabr ayında imzalanmış ilk müqavilədən sonra bir neçə başqa müqavilələrin imzalanması və xüsusən Vaşinqtonda dörd müqavilənin imzalanması - bunlar hamısı Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında iqtisadi əlaqələrin nə qədər geniş və perspektivli olduğunu göstərir. Mən Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olarkən Amerikanın Konqresində də çoxsaylı görüşlərimi, danışıqlarını və xüsusən Konqresin Nümayəndələr Palatasının sədri cənab Qinqriçlə və komitə sədrləri ilə çox ətraflı danışıqlarını da xüsusi minnətdarlıqla qeyd edirəm. Səfər zamanı Vaşinqtonda, Nyu-Yorkda, Hyüstonda, Çikaqoda çox görüşlər olmuşdur. Bunlar hamısı yalnız və yalnız Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında olan əlaqələri bütün sahələrdə genişləndirmək, inkişaf etdirmək məqsədi daşıyırdı. Məmnuniyyət hissi ilə qeyd edirəm ki, biz Vaşinqtonda imzaladığımız sənədlərin həyata keçirilməsi üçün ötən aylar bir çox müştərək işlər görmüşük və bunlar bizim gələcəkdə də görəcəyimiz işlərin əsasını qoyubdur.
Cənab səfir, siz Amerika Birləşmiş Ştatlarının Azərbaycana göstərdiyi humanitar yardım haqqında burada dediniz. Mən bu yardımlara görə təşəkkür edirəm. Məmnunam ki, qeyd etdiyiniz kimi, siz bu yardımın miqdarını üç dəfə artırmısınız. Məmnunam ki, 907-ci maddəyə əlavə haqqında da siz öz fikirlərinizi bildirdiniz. Ancaq siz də, Amerikanın və Azərbaycanın burada olan vətəndaşları da yaxşı bilirlər ki, 907-ci maddəyə 1992-ci ildə edilmiş əlavə Azərbaycana ABŞ dövləti tərəfindən göstərilən hər bir yardıma embarqo qoyub, onu qadağan edibdir. Sizin dediyiniz yardımlar ABŞ-ın qeyri-dövlət təşkilatları tərəfindən olunur. Amma Amerika Birləşmiş Ştatları hökumətinin, dövlətinin müstəqillik əldə etmiş başqa ölkələrə göstərdiyi yardım kimi yardımdan Azərbaycanın məhrum olması, şübhəsiz ki, bizi incidir və narahat edir. Məlumdur, biz hamımız bilirik ki, Amerika hökuməti və şəxsən prezident cənab Bill Klinton 907-ci maddəyə əlavənin ləğv olunmasına tərəfdardır. Prezident Bill Klintonun bu barədə fikirləri keçən il avqustun 1-də bizim imzaladığımız birgə bəyanatda da öz əksini tapıbdır.
Amma təəssüf edirəm ki, ötən aylar müddətində həmin bu fikirlər reallaşdırıla bilməyibdir. Senator cənab Sem Braunbek tərəfindən irəli sürülmüş, "İpək yolu"nun bərpası haqqında Amerika Konqresində müzakirə olunan qanun layihəsi çox böyük əhəmiyyət kəsb edir. Bu qanun layihəsi Azərbaycanın və bizim bölgədə olan başqa dövlətlərin Avropa Birliyi ilə "İpək yolu"nun bərpa edilməsi haqqında apardığı işlərlə və hazırladığı proqramlarla üst-üstə düşür. Artıq məlumdur ki, Avropa Birliyinin iqtisadiyyat komissiyasi ilə birlikdə Azərbaycan bu il sentyabrın 7-8-də Bakıda "İpək yolu" xətti üzərində olan ölkələrin, dövlətlərin zirvə görüşünü keçirəcəkdir. İnanıram ki, "İpək yolu"nun bərpa olunması və beləliklə, Avropa-Qafqaz-Asiya nəqliyyat magistralının daha da səmərəli istifadə edilməsi üçün bu zirvə görüşündə çox əhəmiyyətli qərarlar qəbul olunacaqdır. Mən çox arzu edərdim ki, senator cənab Sem Braunbekin irəli sürdüyü "İpək yolu" haqqında qanun layihəsi Amerika Konqresi tərəfindən qəbul olunsun. Bunlar hamısı bizim əlaqələrimizin inkişaf etdirilməsinə çox kömək edəcəkdir və ümumiyyətlə, Amerika Birləşmiş Ştatlarının Avropa-Qafqaz-Asiya magistralında iştirakı üçün çox böyük imkanlar yaradacaqdır. Biz öz tərəfimizdən bu sahədə və bütün başqa sahələrdə Amerika Birləşmiş Ştatları ilə əməkdaşlığımızı bundan sonra da sürətləndirmək əzmindəyik.
Cənab səfir, bu gün buradakı nitqinizdən də mən belə hiss etdim ki, siz bu barədə artıq xeyli işlər görmüsünüz. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bizim əlaqələrimizin inkişaf etdirilməsi üçün bundan sonra daha da ciddi addımlar atılacaqdır. Biz Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında yaranmış partnyorluq əlaqələrini yüksək qiymətləndiririk və bu əlaqələri daim inkişaf etdirməyə çalışacağıq. Mən bayram münasibətilə sizi bir daha təbrik edirəm. Sizin hamınıza cansağlığı və işlərinizdə uğurlar arzulayıram. Amerika Birləşmiş Ştatlarına sülh, əmin-amanlıq və rifah arzulayıram. Sağ olun.