Hörmətli xanımlar və cənablar!
Mən sizi, Amerika Birləşmiş Ştatlarının xalqını Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik günü münasibətilə təbrik edirəm. Amerika Birləşmiş Ştatlarının xalqına sülh, əmin-amanlıq, rifah arzulayıram.
Amerika Birləşmiş Ştatları, Amerika xalqı öz müstəqilliyini əldə edəndən sonra tarixi nöqteyi-nəzərdən qısa bir zamanda böyük nailiyyətlər qazanmış və Amerika Birləşmiş Ştatları dünyanın qüdrətli dövlətinə çevrilmiş, hüquqi, demokratik dövlət olaraq başqa ölkələr, xalqlar üçün də örnək, nümunə olmuşdur.
Məmnuniyyətlə qeyd edirəm ki, son bir neçə il ərzində Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında səmimi dostluq, tərəfdaşlıq əlaqələri yaranmışdır və bu əlaqələr sürətlə inkişaf edir. Biz Azərbaycanda buna çox böyük əhəmiyyət veririk və Amerika Birləşmiş Ştatları - Azərbaycan əlaqələrinin bütün sahələrdə inkişaf etməsi üçün öz səylərimizi qoyuruq.
Məlumdur ki, artıq bu sahədə böyük nailiyyətlər əldə edilibdir. Xüsusən Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında iqtisadi əlaqələr genişlənmişdir. Amerika Birləşmiş Ştatlarının neft şirkətləri Azərbaycanın zəngin neft yataqlarından müştərək istifadə olunması üçün Azərbaycana maraq göstərmiş, bir çox müqavilələr imzalanmış və bu gün məmnuniyyətlə deyə bilərəm ki, bu müqavilələr uğurla həyata keçirilir.
Ancaq Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında iqtisadi əlaqələr təkcə neft sektoru ilə məhdudlaşmır. Burada cənab səfir dedi ki, 30 şirkət bugünkü mərasimin keçirilməsinə yardım edibdir. Şübhəsiz ki, bunların içərisində təkcə neft şirkətləri yox, bir çox başqa şirkətlər də var. Mən hesab edirəm ki, neft-qaz sənayesi sahəsində əməkdaşlığımız başqa sahələrə də geniş yayılacaq və Amerika Birləşmiş Ştatlarının iş adamları, biznesmenləri, şirkətləri Azərbaycanın başqa sahələrinə də investisiya qoyacaq, ölkəmizin böyük imkanlarından istifadə edəcəklər.
Dövlətlərimiz arasında siyasi əlaqələr də sürətlə inkişaf edir. Güman edirəm ki, bundan sonra da inkişaf edəcək və Amerika Birləşmiş Ştatları - Azərbaycan əlaqələrinin böyük gələcəyi olacaqdır. Amerika Birləşmiş Ştatları dünyada qüdrətli dövlət olaraq, bütün dövlətlərə, ölkələrə örnək olaraq hər bir ölkəyə öz yardımını göstərir. Biz bu yardımı hiss edirik, bizim bu yardıma ehtiyacımız var və güman edirəm ki, gələcəkdə bu yardım daha da geniş olacaqdır. Bizim üçün əsas məsələ Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması, Azərbaycanın işğal edilmiş toqpaqlarının azad olunması, bir milyondan artıq Azərbaycan vətəndaşının öz yerinə-yurduna qayıtmasıdır. Amerika Birləşmiş Ştatları Rusiya və Fransa ilə bərabər Minsk qrupunun həmsədri kimi bu barədə çox səylər qoyub və güman edirəm ki, bundan sonra da bu işdə öz imkanlarından istifadə edəcəkdir.
Aprel ayında mən Vaşinqtonda olduğum zaman Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintonla, dövlət katibi xanım Olbraytla, bir çox konqresmenlər və senatorlarla görüşlər keçirdik, çox əhəmiyyətli, məzmunlu və mənalı danışıqlar apardıq.
Mən Vaşinqtona səfərimdən və xüsusən NATO-nun 50 illik yubileyində iştirakımdan və orada apardığım danışıqların hamısından həddindən ziyadə məmnunam. Hesab edirəm ki, bu görüşlər, danışıqlar Amerika-Azərbaycan əlaqələrinin yeni mərhələsinin başlanğıcıdır. NATO-nun 50 illik yubileyi çox yüksək səviyyədə keçdi və bunda, şübhəsiz ki, Amerika Birləşmiş Ştatlarının rolunu xüsusi qeyd etmək lazımdır.
Axır zamanlar Amerika Birləşmiş Ştatları və NATO-ya daxil olan başqa dövlətlər Yuqoslaviyada - Kosovoda Yuqoslaviya hökuməti və onun başçısı Miloşeviç etnik albanlara qarşı təcavüz etdiklərinə görə, etnik təmizləmə apardıqlarına görə o xalqın, o vətəndaşların müdafiəsinə qalxmışlar. Biz bunu bəyənirik. Çox sevindirici haldır ki, bu əməliyyat artıq öz uğurlarını verir. Amerika Birləşmiş Ştatlarının dövləti bu dəfə də insan haqlarının, hüquqlarının qorunması üçün böyük işlər gördüyünü dünyaya nümayiş etdirdi.
Ən nəhayət, Mən Amerika Birləşmiş Ştatlarında olduğum zaman, bildiyiniz kimi, xəstəxanaya getməli oldum və orada məni müalicə etdilər. Amerika Birləşmiş Ştatlarının hökuməti müalicəmə əvvəldən axıra qədər nəzarət edirdi. Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klinton, vitse-prezident cənab Albert Qor, dövlət katibi xanım Olbrayt bu barədə mənə çox böyük diqqət və qayğı göstərmişlər. Bunun sayəsində də mənim müalicəm uğurlu keçibdir və tezliklə müalicə olunub vətənimə dönmüşəm. Bu, mənim üçün həyatımda ən böyük hədiyyədir. Cənab səfirin dediyi kimi, eyni zamanda Azərbaycan xalqına böyük hədiyyədir. Buna görə mən bu fürsətdən istifadə edib bir daha təşəkkürümü, minnətdarlığımı bildirirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bizim şəxsi əlaqələrimiz, dövlətlərarası əlaqələr bundan sonra daha da səmimi, daha da yaxın, daha da yüksək olacaqdır.
Çox məmnunuq ki, Amerika Birləşmiş Ştatları bizim regionda Azərbaycanı özünə vacib bir ölkə hesab edir. Ölkələrimiz arasında dostluq, tərəfdaşlıq əlaqələri yaranıbdır. Biz bundan sonra da çalışacağıq ki, bu fikri, bu işləri davam etdirək və əlaqələrimiz daha da yüksəlsin.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi və səfiri cənab Eskudero bizim bu əlaqələrimizin inkişaf etməsində çox böyük xidmətlər göstərirlər. Mən bunu yüksək qiymətləndirirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi bundan sonra da öz fəaliyyətini bu istiqamətdə davam etdirəcəkdir. Azərbaycan hökuməti, dövləti isə bu münasibətə, şübhəsiz ki, ona bərabər münasibət göstərəcəkdir.
Bu bayram münasibətilə sizi bir daha təbrik edirəm. Amerika xalqına səadət, uğurlar arzulayıram. Amerikanın Azərbaycandakı səfirliyinə bu gözəl işində yeni-yeni uğurlar arzu edirəm. Sağ olun.