Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul edərkən söhbətindən - Prezident sarayı, 4 fevral 1999-cu il

Stenli Eskudero: Cənab prezident, bu gün Sizinlə görüşümün məramı həm də ondan ibarətdir ki, mən Sizə prezident Bill Klintonun məktubunu yetirmək istəyirəm. Bu, mənim üçün böyük başucalığıdır. Prezident Bill Klinton çox şaddır ki, Siz Azərbaycan yaxşı səhhətlə dönmüsünüz. Cənab prezident, Prezident Aparatının işçiləri, hökumət üzvləri qarşısında söylədiyiniz nitq böyük maraq doğurdu, mən də diqqətlə qulaq asdım. Sizin fikrinizlə tam razıyam ki, doqquz il tibbi müayinəsiz yaşamaq çox da yaxşı deyildir. Çünki ölkənin Sizə ehtiyacı böyükdür, Siz Azərbaycana çox lazımsınız.

Heydər Əliyev: Mən həmin nitqimdə hər şeyi izah etmişəm. İndiyə qədər həyat tərzim yəqin ki, belə olmamalı idi. Amma ona görə olubdur ki, mən Moskvadan Azərbaycana dönəndən sonra Naxçıvanda yaşayırdım. Orada imkan yox idi ki, həkim müayinəsi aparılsın. Yaxud, şəxsi həkimim də ola bilməzdi. Amma buraya, Bakıya gələndən sonra o imkanlar var idi. Sadəcə, mən hesab edirdim ki, əgər üç il Naxçıvanda ağır şəraitdə həkimsiz yaşamışamsa, burada daha da yaxşı yaşaya bilərəm. Ona görə də mən bundan istifadə etmədim.

Stenli Eskudero: Əlbəttə, Sizin dediklərinizdə həqiqət də var. Lakin mən özümə gəldikdə, hər il tibbi müayinədən keçirəm. Elə bilirəm ki, insan müəyyən yaş həddinə çatdıqdan sonra mütləq bunu etməlidir. Əlbəttə, Siz tibbi müayinədən keçmədən də ölkənizdə böyük uğurlar qazanmısınız. Məhz Sizin sayənizdə ölkənizdə sabitlik əldə olunubdur. Azərbaycanda Sizin liderliyinizə hələ də alternativ yoxdur. Ona görə də ölkənin Sizə böyük ehtiyacı vardır.

Mən artıq bu hadisədən nəticə çıxarmışam. Xüsusən Türkiyədə Tibb Akademiyasının və Gülhanə xəstəxanasının çox təcrübəli və bilikli həkimləri mənə tövsiyələr vermişlər. Mənim dostum, prezident Süleyman Dəmirəl də öz iş rejimi ilə əlaqədar tövsiyələr veribdir. Mən bunlardan nəticə çıxarmışam, bundan sonra bu məsələlərə münasibətimi dəyişəcəyəm və həkimlərlə daha yaxın münasibətdə olacağam.

 
\"Azərbaycan\" qəzeti, 5 fevral 1999-cu il.