Hörmətli cənablar!
Sizə 1992-ci ilin dekabrında ABŞ konqresi tərəfindən qəbul olunmuş azadlığı müdafiə haqqında məlum aktla əlaqədar müraciət edirəm. Həmin akta uyğun olaraq keçmiş Sovet İttifaqı respublikalarına yardım göstərilir və bu akt Azərbaycan Respublikasına belə yardım göstərilməsini qadağan edir.
Azərbaycan xalqı, habelə erməni-azərbaycanlı münaqişəsi haqqında həqiqəti bilənlərin hamısı bunu çox böyük ədalətsizlik və ya yolverilməz anlaşılmazlıq kimi qarşılamışlar. Mənə məlum olduğuna görə, Azərbaycan barəsində bu ayrı-seçkilik tədbiri Azərbaycan tərəfindən Ermənistanın uydurma \"blokadası\" ilə əlaqədar nəzərdə tutulmuşdur. Həmin tədbir Qərbin kütləvi informasiya vasitələrində Ermənistan tərəfindən aparılan yaxşı təşkil olunmuş təbliğat kampaniyasının bəhrəsidir və onun gerçəkliklə heç bir əlaqəsi yoxdur.
Əvvəla, Ermənistan Respublikasının digər dövlətlər (Türkiyə, İran, Gürcüstan) ilə sərhədləri var və bu sərhədləri Azərbaycan blokadaya almaq iqtidarında deyildir. İkincisi, söhbət Azərbaycan ilə Ermənistan arasında nəqliyyat kommunikasiyalarından gedir ki, onlar da beş ildən çoxdur Ermənistanın Azərbaycana qarşı apardığı müharibə nəticəsində dağılmışdır. Bundan nəinki Ermənistan, həm də Naxçıvan Muxtar Respublikasında yaşayan azərbaycanlılar böyük əziyyət çəkirlər. Biz bu kommunikasiyaların bərpası üçün öz tərəfimizdən hər şeyi etməyə hazırıq. Lakin bundan ötrü atəşi dayandırmaq və sülh danışıqlarına başlamaq lazımdır.
Azərbaycan münaqişənin dincliklə aradan qaldırılmasına, ATƏM-in Minsk prosesinə öz sadiqliyini dəfələrlə təsdiq etmişdir. Ancaq hər dəfə ATƏM-in Minsk qrupu çərçivəsində müvəffəqiyyətlər nəzərə çarpmağa başladıqda, onlar Ermənistan tərəfindən təcavüzkar əməllərlə alt-üst olunmuşdur.
Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycanın geniş ərazilərinin işğalı BMT Təhlükəsizlik Şurasının 822 və 853 nömrəli məlum qətnamələrində öz təsdiqini tapmışdır. Bu qətnamələr yerinə yetirilməmiş qalmışdır. Üstəlik, Ermənistan beynəlxalq birliyə meydan oxuyaraq, BMT nizamnaməsinə, Helsinki yekun aktına, ATƏM-ə məhəl qoymayaraq, öz təcavüzünü davam etdirir. Onun təcavüzü genişlənərək, Azərbaycan xalqına qarşı əsl genosidə çevrilmişdir. Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, öz torpağında qaçqınların sayı bir milyon nəfərə çatmışdır və artmaqda davam edir.
Azərbaycan xalqı öz müasir tarixinin ağır dövrünü keçirir. Bütün çətinliklərə baxmayaraq, biz müstəqil demokratik dövlət yaratmaq, bazar iqtisadiyyatına keçmək, totalitarizmdən və kommunist keçmişindən həmişəlik xilas olmaq arzusundayıq. Bizə bu işdə sizin böyük ölkənizlə sıx əməkdaşlıq, sizin köməyiniz labüddür. Göstərilənlərlə əlaqədar olaraq sizdən xahiş edirəm ki, azadlığı müdafiə aktının yenidən nəzərdən keçirilməsi və Azərbaycan barəsində ayrı-seçkilik bəndinin ləğv olunması üçün hər şey edəsiniz. Bu, həm keçmiş SSRİ ölkələri barəsində sizin siyasətinizə uyğun olardı, həm də ədalət və demokratiya prinsiplərinə cavab verərdi.
Bu məktubla sizə müraciət etdiyim anda erməni silahlı qüvvələri Azərbaycanın yeni rayonlarının - Cəbrayıl və Qubadlı rayonlarının işğal olunması üçün öz hücumlarını davam etdirir, yeni-yeni yaşayış məntəqələri ələ keçirilir, yandırılır və vəhşicəsinə soyulub talan edilir.
Demokratiya və azadlıq idealları, insan hüquqlarına və insanın əsas hüququ olan yaşamaq hüququna hörmət naminə sizdən xahiş edirəm ki, qan tökülməsinin dayandırılması və təcavüz qarşısında öz günahı olmadan müdafiəsiz qalan Azərbaycan xalqının müdafiəsi üçün hər şey edəsiniz.
Heydər Əliyev,
Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini
həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri.
\"Azərbaycan\" qəzeti, 3 sentyabr 1993-cü il.