Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstan ictimaiyyətinin nümayəndələri ilə görüşdə nitqi - Tbilisi, Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrı, 22 mart 2000-ci il

Əziz prezident, əziz dostum, əziz Eduard Şevardnadze!

Hörmətli xanımlar və cənablar, dostlar!

Sizi, bütün gürcü xalqını, gözəl Gürcüstanın bütün vətəndaşlarını ən səmimi və xoş arzularla ürəkdən salamlayıram!

Bu gözəl məmləkətdə - qardaş Gürcüstanda yenidən olmağımdan çox böyük fərəh hissi duyuram. Mən isə buraya dostum və qardaşım, prezident Eduard Şevardnadzenin dəvəti ilə rəsmi səfərə gəlmişəm. Mən buraya xalqlarımıza, ölkələrimizə, regionumuza aid məsələləri bir daha və yenidən müzakirə etməyə gəlmişəm. Lakin təkcə bunun üçün gəlməmişəm.

Bu gün, Gürcüstan torpağına qədəm qoyduğumuz andan böyük diqqətlə, heyrətamiz qonaqpərvərlik və mehribanlıqla əhatə olunmağımızla əlaqədar mən çox böyük məmnunluq hissi keçirirəm. Ona görə çox böyük məmnunluq hissi keçirirəm ki, dostum Eduard Şevardnadze ilə bir çox məsələlər barəsində yenidən səmimiyyətlə, qardaşcasına fikir mübadiləsi apardıq və bir daha yəqin etdik ki, biz sadəcə dostlar deyilik, iki qardaş xalqın, qardaş ölkələrin başçılarıyıq, xalqlarımızın milli mənafeləri ilə, dövlətlərimizin müqəddəratı ilə bağlı məsələlərdə eyni mövqelərdəyik.

Əziz dostum, Gürcüstana rəsmi səfərə gəlmək dəvətinə görə, bu gün sizinlə gördüyümüz böyük və səmərəli işə görə, heyrətamiz qonaqpərvərliyə və mehribanlığa görə sizə ürəkdən təşəkkür edirəm. Çox sağ olun.

Bu gün biz bir çox məsələləri müzakirə etdik. Hər şeydən öncə, ölkələrimizin, dövlətlərimizin indisinə və gələcəyinə aid məsələləri müzakirə etdik. Yenə də belə bir yekdil rəyə gəldik ki, biz xoşbəxt adamlarıq, gürcü xalqı da, Azərbaycan xalqı da xoşbəxtdirlər ki, milli azadlıq, dövlət müstəqilliyi əldə etmişlər, Dünya Birliyinin tam hüquqlu üzvləri olmuşlar və bu yolla uğurla irəliləyirlər. Xalqlarımızın tarixi zəngindir, gürcü xalqı da, Azərbaycan xalqı da zəngin mədəniyyətə, zəngin ənənələrə və özünəməxsusluğa malik qədim xalqlardır. Biz əsrlərin çətin sınaqlarından çıxmışıq. İndi, XX əsrin sonunda əldə etdiyimiz imkana- azad və müstəqil olmaq imkanına əvvəllər heç zaman malik olmamışıq.

Biz Eduard Şevardnadze ilə saysız-hesabsız söhbətlər aparmışıq. Yeri gəlmişkən, Azərbaycan prezidenti kimi mənim bütün prezidentlik fəaliyyətim ərzində elə bir dostum olmayıb ki, onunla Eduard Şevardnadze ilə görüşdüyüm qədər görüşmüş olum. Belə ki, söhbətlərimizdə biz xalqlarımızın - Gürcüstanın və Azərbaycanın milli mənafelərinə aid problemlərdə, inkişafımızın perspektivlərinə, gələcəyimizə aid problemlərdə tam həmfikirik.

Xalqlarımız sıx dostluq telləri ilə həmişə bağlı olmuşlar. Biz gürcü və Azərbaycan xalqlarının qonşu kimi yaşadıqları bütün tarix ərzində onların dostluğunu sübut edən minlərlə fakt, misal göstərə bilərik. Xalqlarımızın ən böyük nailiyyəti ondan ibarətdir ki, gürcülərlə azərbaycanlılar arasında heç zaman heç bir münaqişə, mübahisə, inciklik olmayıbdır. Bu, heyrətamiz haldır. Ola bilsin ki, dünyada belə şeyə nadir halda rast gəlinir.

Təbii ki, bütün bunlar gürcü və Azərbaycan xalqlarının təbiəti, qəlbi ilə bağlıdır. Ona görə də əcdadlarımız bizə böyük bir sərvət - dostluq, şərəfli, səmimi dostluq, qardaş dostluğu irs qoymuşlar. Biz bir regionda, qonşuluqda yaşayaraq, bir-birimizi həmişə dəstəkləmişik və bir-birimizin uğurlarına həmişə sevinmişik.

Bu keçmişdir, bu, gürcü və Azərbaycan xalqlarının ən yaxşı adamlarının yaratdıqları tarixdir. Lakin indi biz ölkələrimizin, xalqlarımızın tarixinin yeni mərhələsindəyik,- dediyim kimi, dövlət müstəqilliyi mərhələsindəyik.

Bəli, biz dövlət müstəqilliyi əldə etmişik. Onu bizə tale bağışlamışdır. Ancaq bu müstəqilliyi qoruyub saxlamaq, ölkəni həqiqətən suveren, azad etmək artıq talenin deyil, xalqların işidir, xalqların iradəsidir. Əlbəttə, bu iş xeyli dərəcədə bu xalqların liderlərindən asılıdır. Bu gün iftixar hissi ilə demək olar ki, bütün bu müstəqillik illəri ərzində Gürcüstan, gürcü xalqı çox böyük çətinlikləri və maneələri, kənardan təzyiqi, ölkənin daxilindəki ağır prosesləri, vətəndaş müharibəsini və bir çox hadisələri dəf edərək, abxaz və osetin münaqişələrindən keçərək ağır sınaqlardan çıxdı və indi Gürcüstanda gözəl, sabit ictimai-siyasi vəziyyət hökm sürür. Bütün insanlar ölkəni necə daha da yaxşılaşdırmaq, öz müstəqilliyini necə daha da möhkəmlətmək barədə düşünürlər.

Eyni hadisələr Azərbaycanda da baş vermişdir və baş verir. Xalqlarımızın, dövlətlərimizin taleləri keçmişdə də bir çox cəhətdən oxşar olmuşdur. Lakin biz dövlət müstəqilliyi əldə etdikdən sonra ölkələrimizin taleləri xüsusilə oxşar olmuşdur. Yəni biz, demək olar, eyni mürəkkəb və çətin problemlərlə qarşılaşmışıq. Azərbaycan hələ dövlət müstəqilliyi əldə etməzdən əvvəl hərbi münaqişə ilə, Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini - Dağlıq Qarabağı qoparıb, özünə birləşdirmək cəhdi ilə qarşılaşmışdır. Bu cəhd Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təcavüzə gətirib çıxardı, müharibə getdi. Qan töküldü, müxtəlif səbəblər üzündən Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və onunla həmsərhəd rayonları işğal etdi, işğal olunmuş rayonlardan bir milyondan çox azərbaycanlını zorla qovdu. Bu insanlar artıq neçə illərdir çox ağır şəraitdə, əksəriyyəti də çadırlarda yaşayır.

Bu gün Tbilisidə narın yağış yağır. Biz gələndə başımızın üstünə çətir tutmuşduq, çünki yağmurlu havadır və gərək özünü qoruyasan. Ancaq təsəvvür edin, çadırlarda yaşayan adamlarımız yağış, qar yağanda, qışın şaxtasında, yayın qızmarında, istisində nələr çəkirlər. Siz onların şəraitinin necə ağır olduğunu təsəvvür edirsinizmi?

Bütün bunlara baxmayaraq, 1994-cü ildə biz atəşkəs haqqında saziş bağladıq və münaqişənin sülh yolu ilə aradan qaldırılmasına çalışırıq, əlbəttə, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, işğal altındakı ərazilərin azad olunması, insanların öz əvvəlki yaşayış yerlərinə qayıtması və təbii ki, Dağlıq Qarabağa ən yüksək özünüidarə statusu verilə biləcəyi şərtilə. Gürcüstan da, demək olar, eyni problemlə qarşılaşmışdır - abxaz münaqişəsi, ağır şəraitdə yaşayan nə qədər qaçqın var, osetin münaqişəsi və bir çox digər hallar.

Lakin bu, hamısı deyildir. Ölkələrimiz - Gürcüstan da, Azərbaycan da müstəqillik, suverenlik barədə möhkəm mövqe tutaraq, öz məsələlərini öz xalqlarının milli mənafeləri xeyrinə həll edərək, kənardan müxtəlif qüvvələrin təzyiqinə məruz qalırlar. Daxili vəziyyəti sabitləşdirməyimiz Gürcüstan üçün də, Azərbaycan üçün də çox böyük nailiyyətdir. Belə ki, əgər ölkələrimizdə normal şərait olmasa, - biz isə belə şəraitin olmadığı dövrü yaşadıq, - əgər sabitliyə nail olmasaydıq, onda, əlbəttə, biz sosial və iqtisadi məsələləri həll edə, hüquqi, demokratik, dünyəvi dövlət qura, iqtisadi islahatlar apara, ölkələrimizin inkişafı üçün xarici sərmayələri cəlb edə bilməzdik və bundan sonra da cəlb edə bilmərik. Yəni öz ölkələrimizin müstəqilliyini möhkəmlətməklə və daxili həyatla bağlı vəzifəmizin bir hissəsini yerinə yetirmişik, amma Gürcüstan qarşısında da, Azərbaycan qarşısında da hələ çox problemlər durur.

Digər hissə - xarici qüvvələrdir. Bəli, biz müstəqil siyasət aparırıq və aparacağıq. Bütün bunlardan danışmaqda məqsədim bir daha onu deməkdir ki, bizi - məni və dostum Eduard Şevardnadzeni - Gürcüstan prezidentini, gürcü xalqının liderini - ilk öncə siyasi baxışlarımız, suverenlik, dövlət müstəqilliyi, onun qorunub saxlanması və möhkəmlənməsi problemlərində siyasi mövqeyimiz bağlayır. Bir dəfə Eduard Amvrosiyeviç bəyan etmişdi ki, - bu, onun sözləridir, onları xatırlatmaq istəyirəm, - biz bir-birimizə and vermişik ki, bu yolla gedəcəyik, bu yoldan dönməyəcəyik və ölkələrimizi - Gürcüstanı və Azərbaycanı nəyin bahasına olursa-olsun müstəqil, azad, suveren və çiçəklənən ölkələr edəcəyik. Biz bunu etdik.

Bu, yeni şəraitdə həyatın bütün sahələrində əməkdaşlığımızı şərtləndirən zəmindir. Deməliyəm ki, bu insani əlaqələr, hazırda Gürcüstanla Azərbaycan arasında mədəniyyət, təhsil, iqtisadiyyat sahələrində mövcud olan əlaqələr digər gənc müstəqil ölkələr üçün örnəkdir. Bu, ona görə mümkün olmuşdur ki, xalqlarımız buna can atırlar, adamlarımız bunu istəyirlər. Bir də ona görə ki, biz - prezidentlər bu siyasəti aparırıq, öz xalqımızı məhz bu yola yönəldirik və bu da öz nəticələrini verir.

Bilirsiniz ki, Azərbaycan həm daxili, həm də xarici xarakterli böyük çətinlikləri dəf edərək, öz iqtisadiyyatının inkişafında iri addım atmışdır. Biz hələ 1995-ci ildə iqtisadi böhranın qarşısını aldıq. Bu böhran zamanı istehsalın səviyyəsi hər il 20-25 faiz aşağı düşürdü. 1996-cı ildən iqtisadi artım və buna müvafiq olaraq əhalinin gəlirinin artımı, ölkəmizin iqtisadiyyatının əsas sahələri inkişaf etməyə başlamışdır.

Bütün bunlar hər şeydən əvvəl iqtisadi islahatların nəticələri olmuşdur. Bununla bərabər, Xəzər dənizinin çox zəngin enerji ehtiyatlarını bütün dünyanın üzünə açaraq, böyük həcmdə sərmayələr cəlb edə bilməyimizin də çox böyük əhəmiyyəti var. Açığını deyəcəyəm, Azərbaycan qədim neft ölkəsi kimi tanınır. Hələ 150 il bundan əvvəl Azərbaycanda, yeri gəlmişkən, dünyada ilk dəfə olaraq sənaye üsulu ilə neft çıxarılmağa başlanmışdır. Dənizdə neft hasilatına da dünyada ilk dəfə Azərbaycanda başlanmışdır. Lakin indiyə qədər hasil edilən malik olduğumuz çox zəngin neft və qaz ehtiyatlarının, xüsusən də dənizdəki ehtiyatların ancaq cüzi bir hissəsidir. Məhz müstəqillik şəraiti öz təbii sərvətlərimizin, öz taleyimizin sahibi olmağımıza və öz məsələlərimizi özümüzün həll etməyimizə imkan vermişdir.

Bu, asan olmamışdır. Bu, çətin idi. Lakin biz iradə, möhkəm xarakter nümayiş etdirdik və istədiyimizə nail olduq. Xəzər dənizindəki "Çıraq", "Azəri" və "Günəşli" yataqlarının işlənilməsi və neft hasilatı haqqında dünyanın 11 ən iri neft şirkəti ilə 1994-cü ildə ilk müqavilə imzalandı. Onu "Əsrin müqaviləsi" adlandırdılar və bu, həqiqətən belədir. Sonra başqa müqavilələr bağlandı. Ötən beş ildə biz Xəzər dənizinin Azərbaycan sektorunda neft və qaz hasilatına dair 19 müqavilə imzalamışıq. Biz bunu öz sektorumuz daxilində etmişik. Ancaq bu, o qədər də asan olmamışdır. Ona görə ki, bizə mane olur, bunu etməyə imkan vermirdilər. Amma biz özümüzü öz taleyimizin sahibləri hesab edərək, seçdiyimiz yolla getdik.

Bununla yanaşı, biz Xəzər dənizinin, yəni onun digər sektorlarının da böyük imkanlarını bütün dünya üçün açdıq. Ona görə də hazırda Xəzər hövzəsi enerji ehtiyatlarının miqdarına görə dünya iqtisadiyyatında mühüm yer tutur, xarici sərmayədarların çox böyük diqqətini cəlb edir. Biz bu məsələlərin həllinə başladıqda, təbii ki, hasil edəcəyimiz neft və qazın ixracı məsələləri də qarşıya çıxdı. Biz bu məsələlərdə də Gürcüstanla fəal əməkdaşlığa başladıq. Eduard Amvrosiyeviç indi bu barədə çox ətraflı danışdı.

Onun dediklərinin hamısı ilə razıyam. Amma mənim barəmdə lap çox danışması ilə o qədər də razı deyiləm. Hərçənd, onun dostluq hisslərini başa düşürəm və dostcasına söylədiyi sözlərə görə ona ürəkdən təşəkkür edirəm.

Biz əməkdaşlığın yeni mərhələsinə başladıq, özü də məhz Gürcüstanla başladıq. Təbii ki, Türkiyə ilə, Qərb ölkələri ilə də əməkdaşlıq edirdik. Çox keçmədi ki, bu əməkdaşlıq öz nəticələrini verdi. Biz Bakı-Supsa neft kəmərini çəkdik. Bu gün biz fikir mübadiləsi apararkən Gürcüstan Neft Şirkətinin prezidenti dedi ki, Bakı-Supsa neft kəmərinin tikintisinə təkcə Gürcüstan ərazisində 25 min adam cəlb edilmişdi. Yəni, bu adamlar işlə təmin olunmuşdular, əmək haqqı almışlar. Özü də yüksək əmək haqqı, hər biri orta hesabla 400 dollar almışdır.

Bu, yalnız tikinti dövründə olmuşdur. Bəs istismar dövrü? Bildiyiniz kimi, Poti limanı çox böyükdür, amma indi o, tamam başqa əhəmiyyət kəsb edir, çünki orada nəhəng neft terminalı var. Beləliklə, İpək yolu, - Eduard Amvrosiyeviç burada onun haqqında gözəl danışdı, - proqramının həyata keçirilməsi Azərbaycan kimi, Gürcüstanı da, həqiqətən, ümdə ölkəyə çevirmişdir.

Azərbaycan Şərqdən gələn İpək yolunun üstündə yerləşir. Gürcüstan da İpək yolunun üstündədir, bu yol Azərbaycan vasitəsilə Şərq ilə Qərbi birləşdirir. Azərbaycan Xəzər dənizində iri bir liman olaraq, Şərqdən Qərbə doğru gedən İpək yolu proqramının həyata keçirilməsi üçün qapıdır. Gürcüstan Qara dənizdəki limanları ilə Qərbi Şərqlə birləşdirmək üçün qapıdır. Bir sözlə, ölkələrimizin coğrafi mövqeyi, - şükürlər olsun ki, Allah bizi məhz burada yerləşdirmişdir, - çox əlverişli imkanlar yaradır. Lakin bu imkanlardan istifadə etmək, şübhəsiz, bizim işimizdir. Sevinc hissi ilə deyə bilərəm ki, Gürcüstan da, Azərbaycan da bu işin öhdəsindən gəlirlər. İndi böyük layihələr həyata keçirilir. Bakı-Supsa boru kəməri işləyir. Cari ildə bu kəmərlə yəqin ki, yeddi milyon ton neft ixrac ediləcəkdir. Ancaq başlıcası, əlbəttə, Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməridir. Eduard Amvrosiyeviç bu barədə çox ətraflı danışdı. Yalnız onu əlavə edim ki, bəli, bu, XX əsrin sonunda ən iri layihədir, bəli, bu neft kəməri hələlik hazırda neft çıxardığımız yataqdan neftin ixracı üçün nəzərdə tutulmuşdur.

Lakin illik gücü 50-60 milyon ton,- bunu gələcəkdə artırmaq da mümkündür, - bu kəmər sonra Xəzər dənizinin nəinki Azərbaycan sektorundan, həm də başqa sektorlarından neft ixracını təmin edəcəkdir. Hər halda, Qazaxıstan artıq bu layihəyə qoşulmuşdur və biz onu birlikdə həyata keçiririk.

Ötən ilin noyabrında İstanbulda təntənəli şəraitdə birlikdə sazişi imzalamağımız böyük işdir. Lakin bu gün çox böyük məmnunluq hissi ilə demək istəyirəm ki, bundan sonra bütün kommersiya məsələlərini qəti olaraq həll etmək, bu sazişləri Türkiyə, Gürcüstan, Azərbaycan parlamentlərinə ratifikasiyaya təqdim etmək və işə başlamaq üçün Türkiyə, Gürcüstan və Azərbaycan ekspertlərinin təfsilatlar, konkret məsələlər üzərində gərgin çalışmaları da böyük işdir. Bu gün biz həmin məsələni müzakirə etdik. Çətinliklər çox idi. Türkiyə, Gürcüstan və Azərbaycan ekspertlərinin görüşü zamanı bu çətinliklər aradan qaldırılmışdı. Bir məsələ- Gürcüstan üçün tariflər məsələsi qalırdı. Layihədə müəyyənləşdirilmiş həmin mümkün tariflər üzrə- onlar Türkiyə, Gürcüstan və Azərbaycan üçün müvafiq surətdə bölüşdürülür,- əlbəttə, Gürcüstan daha böyük tariflərə malik olmaq istəyirdi. Amma bunu haradan götürməli? Axı tariflərin həddi müəyyənləşdirilib, layihəni sərmayələşdirən şirkətlər kiməsə daha çox tariflər verilməsi üçün əlavə vəsait ayırmayacaqlar.

Danışıqlar gedir, gedirdi. Lakin biz dostuq, dostlar isə bir-birini dəstəkləməlidir. Xalqlarımız dostdurlar, Şevardnadze ilə Əliyev dost, qardaşdır. Buna görə də, Eduard Amvrosiyeviçin, bayaq dediyim kimi, hələ bir həftə əvvəl, biz buraya gəlməyə hazırlaşarkən mən ekspertlərimizə məsələnin həlli yolunu tapmağı tapşırdım. Onlar gəlib mənə dedilər ki, məsələnin həlli yolunu tapmışlar. Soruşdum: necə? Onlar deyirlər: yolu budur ki, Azərbaycan öz tariflərini Gürcüstana güzəştə getməlidir. Soruşuram: bəs bunu necə etmək olar? Deyirlər: bu, Sizin - prezidentin iradəsidir. Deyirəm: yaxşı. Budur, bu gün mən bəyan etdim, əslinə qalsa, biz bunu birgə bəyanatımızda əks etdirmişik və indi sizə, bütün Gürcüstan vətəndaşlarına deyirəm: Azərbaycan tərəfi bu layihənin həyata keçirilməsi üçün yeni güzəştlərə getmişdir, bu neft kəməri üzrə öz tariflərini bütünlüklə Gürcüstana güzəştə getmişdir və beləliklə, biz bütün bu məsələlərin həllinə nöqtə qoymuşuq.

Bunu yalnız qardaşlar edə bilərlər. Biz isə qardaşıq. Gürcü və Azərbaycan xalqları əbədi olaraq qardaşdır və biz bu qardaşlıq münasibətlərini gələcək nəsillərə ötürəcəyik. Bu qardaşlığın bünövrəsini müasir dövrdə, hər halda, son 30 ildə ardıcıl surətdə biz - Eduard Şevardnadze və bəndəniz qoymuşuq.

Gürcüstan çox zəngin ənənələrə, çox zəngin mədəniyyətə malik ölkədir, özünəməxsusluğu ilə və təbii ki, zəngin ənənələri ilə bütün dünya ölkələrinin diqqətini bütün dövrlərdə cəlb etmiş ölkədir. XX əsr ölkələrimiz üçün - Gürcüstan və Azərbaycan üçün asan olmamışdır. Biz iki dünya müharibəsini, 70 illik sosializm quruluşu dövrünü yaşadıq, azadlığa çıxdıq və müstəqil olduq. Amma, zənnimcə, Gürcüstanın, gürcü xalqının son 30 ildə qazandığı uğurları Eduard Amvrosiyeviçin xidməti hesab etmək lazımdır. O, əvvəlki vaxtlarda, yaxın keçmişdəki ağır dövrdə olduğu kimi, bu gün də bütün dünyanın gözündə gürcü xalqının layiqli oğlu, öz millətinin layiqli nümayəndəsidir. İndi Gürcüstanın və Azərbaycanın malik olduqları iqtisadi və intellektual potensial illərlə, bir çox nəsillər tərəfindən yaradılmışdır. Bilirəm ki, Gürcüstanda çox şey 70-80-ci illərdə, Eduard Şevardnadzenin Gürcüstan Respublikasına rəhbərlik etdiyi illərdə yaradılmışdır. Bunu inkar etmək və heç bir halda unutmaq olmaz.

Əgər bu potensial olmasaydı, onda, əlbəttə, Gürcüstan üçün də, Azərbaycan üçün də çox-çox çətin olardı. Odur ki, Eduard Amvrosiyeviçin xidməti gürcü xalqının tarixində çox böyük bir dövrdür. Mən Eduard Amvrosiyeviçi 30 ildən artıqdır şəxsən tanıyıram. Yəni, biz keçmişdə nazir, sonra öz respublikalarımızın rəhbərləri olmuşuq. Daha sonra taleyin hökmü ilə hər ikimiz Moskvada işləmişik, Gürcüstan üçün çox ağır dövrdə, onun əslində dağıldığı, məhv edildiyi dövrdə isə Eduard Şevardnadze öz ölkəsinə, öz xalqının yanına qayıtdı və bütün bəlaları və çətinlikləri böyük zəhmət bahasına aradan qaldırdı, öz xalqını indiki səviyyəyə çıxartdı.

Bütün bu illərə bələdəm. Mən Azərbaycana Eduard Amvrosiyeviç Gürcüstana qayıdandan bir qədər sonra qayıtmışam. Lakin, hər halda, onun bütün bu 30 ildən artıq bir dövrdə öz xalqına necə sədaqətlə xidmət etdiyini və xidmət etməkdə olduğunu, öz xalqı üçün nə qədər böyük işlər görməyə necə çalışdığını və bu gün də çalışmaqda olduğunu bilirəm. Müstəqilliyə bu yaxınlarda qovuşan ölkələrdə keçid dövrünün belə çox ağır şəraitində siyasi liderdən, onun bacarıq və qabiliyyətindən, istedadından, müdrikliyindən çox şey asılıdır. Gürcü xalqının xoşbəxtliyi ondadır ki, o illərdə də Gürcüstana Eduard Şevardnadze kimi belə müdrik, istedadlı siyasi xadim və dövlət xadimi başçılıq etmişdir, və müstəqillik dövründə də o, yenidən xalqına gərək olmuşdur. O, öz xalqının çağırışı ilə vətənə qayıtdı və böyük çətinliklərdən keçərək onu hamar yola çıxartdı.

Azərbaycanda biz Gürcüstanın həyatını diqqətlə izləyirik, - mən qardaşlıq duyğularımızı, qardaşlıq münasibətlərimizi nəzərdə tuturam. Eduard Amvrosiyeviçin keçmişdə öz xalqı üçün necə böyük işlər gördüyünü, indi də çox işlər görməkdə olduğunu bilirəm. Onu uzun illərdən bəri tanıyan, SSRİ-nin tərkibində yaşadığımız dövrün şəraitinə bələd olan, bir çox mürəkkəb problemlərlə qarşılaşdığımız son illərdə Qafqazdakı şəraitə bələd olan bir insan kimi sizə - qardaşlarıma, gürcü xalqına, bütün Gürcüstan vətəndaşlarına deyirəm: bu adamı qoruyun, onun kimi liderinizin olmasının qədrini bilin. Gürcüstanın sabit, müstəqil, inkişaf etmiş və çiçəklənən ölkə olması üçün Eduard Amvrosiyeviç sizə hələ çox-çox illər gərəkdir.

Gürcüstanla Azərbaycan arasında dostluq münasibətlərinin inkişafında və möhkəmlənməsində Eduard Amvrosiyeviçin olduqca böyük xidmətləri var. Bir daha demək istəyirəm ki, biz keçmişin üstündən qələm çəkməməliyik. 70-80-ci illərdə, Azərbaycan rəhbəri olduğum dövrdə mən Eduard Şevardnadzenin Azərbaycan xalqına, Azərbaycan rəhbəri kimi özümə dostluq, mehribanlıq hisslərini həmişə hiss etmişəm. Biz məhz buna görə dostluq edə bilirdik, xalqlarımızın dostluğunu təmin edə, o illərdə ölkələrimizi yüksək səviyyəyə qaldıra bildik.

Biz Tbilisidə, Bakıda dəfələrlə görüşmüşük, insanlar qarşısında çıxış etmişik, dostluqdan danışmışıq. Amma bu gün keçmişə nəzər salaraq deyirəm ki, bu sözlər səmimi idi, xalqlarımız arasında dostluğu həqiqətən möhkəmlətmək arzusundan irəli gəlirdi və öz nəticələrini vermişdir. Bu nəticələr ondan ibarətdir ki, Azərbaycanda da, Gürcüstanda da həmin ağır dövrdə, - mən 90-cı illərin əvvəllərini nəzərdə tuturam, - çətinliklər çəkən Azərbaycan və gürcü xalqları bir-biri ilə dostluq münasibətləri saxlayırdılar. Bunda Eduard Amvrosiyeviç Şevardnadzenin çox böyük xidməti var.

Gürcüstanda təxminən yarım milyon azərbaycanlı yaşayır. Onlar öz vətənində, tarixi torpağında yaşayırlar, onlar yerli əhalidir. Onlar burada məhz ona görə bərabər hüquqlu vətəndaşlar kimi yaşayırlar ki, burada insanlar arasında milli əlamətə görə fərq qoyulmur. Eduard Amvrosiyeviç bu gün mətbuat konfransında Konstitusiyaya istinad etdi. Bəli, Konstitusiya - əsasdır. Lakin dövlət, xüsusən onun başçısı bu məsələlərin həlli üçün müvafiq tədbirlər görməsə, Konstitusiya özlüyündə onları həll etmir.

Bu gün Eduard Amvrosiyeviçin dediyi kimi, o ağır dövrdə 800 azərbaycanlı ailəsi öz doğma ocaqlarından çıxarılmışdı. Azərbaycanlılara qarşı o dövrdəki bütün bu ayrı-seçkilik münasibətləri məhz Eduard Amvrosiyeviç Gürcüstana yenidən başçılıq etdikdən sonra dayandırılmışdır. Odur ki, Gürcüstanda yaşayan azərbaycanlılar əsrlər boyu dostluq və qardaşlıq şəraitində yan-yana yaşadıqlarına görə öz qardaşlarına - gürcü xalqına həmişə minnətdardırlar. Lakin soydaşlarımız onlara daim çox böyük qayğı və diqqət göstərdiyinə görə Eduard Amvrosiyeviç Şevardnadzeyə də minnətdardırlar.

Azərbaycan xalqının nümayəndələri yəqin ki, burada iştirak edirlər. Mən onlara, Gürcüstanda yaşayan bütün azərbaycanlılara müraciət edirəm - siz öz taleyinizdən arxayın ola bilərsiniz, çünki biz sizin arxanızda durmuşuq, Azərbaycan xalqının sadiq dostu Eduard Şevardnadze sizin arxanızda durmuşdur. Eduard Amvrosiyeviç, mən bu mövzuda hələ bir saat danışsam da, ürəyimdə olanların hamısını söyləyib qurtara bilmərəm. Amma, hesab edirəm ki, dediklərimin hamısı gürcü xalqına, şəxsən sizə bəslədiyim duyğuların ancaq bir hissəsi olsa da, bu barədə danışmaq imkanı mənim üçün, hər halda, böyük məmnunluqdur. İndi Sizin ölkəniz - Gürcüstan mühüm sınaq qarşısındadır. Aprelin 9- da prezident seçkiləri keçiriləcəkdir.

Əlbəttə, indi seçkilər demokratikdir, bir çox adamlar hesab edirlər ki, onlar dövlət başçısı ola bilərlər. Bu, təkcə Gürcüstanda deyil, demək olar, bütün ölkələrdə belədir. Məsələn, bizim Azərbaycanda azı iyirmi adam hesab edir ki, onlar hökmən prezident olmalıdırlar, halbuki onların bunun üçün əsasları və imkanları azdır. Amma demokratiyadır, heç nə edə bilməzsən. Bilirəm ki, Sizdə də kifayət qədər namizəd qeydə alınmışdır. Əlbəttə, biz - Eduard Amvrosiyeviç və mən - ölkələrimizdə demokratiyanı möhkəmlətmək və dərinləşdirmək mövqeyində qətiyyətlə dayanmışıq. Gürcüstanda demokratikləşdirmənin böyük uğurları olmasında, Gürcüstanın nüfuz qazanmasında və Avropa Şurasına, Ümumdünya Ticarət Təşkilatına üzv qəbul edilməsində, bütün bunlarda Eduard Amvrosiyeviçin çox böyük xidməti var.

İndi bütün ölkələr tərəfindən Gürcüstana çox böyük maraq göstərilməsi və ona geniş dəstək verilməsi - bütün bunlar Eduard Amvrosiyeviçin olduqca böyük şəxsi xidmətidir. Buna görə də seçkilərdə sizin nə etməli olduğunuzu sizə mən deməli deyiləm. Bu, öz işinizdir. Lakin mən demişəm və bir daha deyirəm, öz təcrübəmə və bir çox ölkələrin təcrübəsinə əsasən deyirəm ki, qazanılmış müstəqilliyin bir çox çətinlikləri, mürəkkəb halları dəf etdiyi, müxtəlif islahatların çətinliklə aparıldığı, xarici xarakterli çox çətinliklərin olduğu ölkələrdə nüfuzlu siyasi xadim gərəkdir, elə bir adam gərəkdir ki, ona inansınlar, öz talelərini ona etibar edə bilsinlər.

İndi Gürcüstanda belə bir insan Eduard Amvrosiyeviç Şevardnadzedir. Mən əminəm ki, gürcü xalqı aprelin 9-da düzgün qərar qəbul edəcək, müdriklik, ağıl-zəka göstərəcək və seçkilər gürcü xalqının milli mənafelərinə uyğun olan nəticələr verəcəkdir.

Bununla bərabər, - mən öz hisslərimi gizlətmirəm, - bu gün mətbuat konfransında Eduard Amvrosiyeviçə sual verildi və o, belə cavab verdi, eyni sözləri mən də deyə bilərdim: biz Moskvada MDB ölkələri dövlət başçılarının iclasında olarkən fikir mübadiləsi apardıq və hərə öz rəyini söylədi. Biz Vladimir Putinin Rusiyada qarşıdakı seçkilərdə prezident vəzifəsinə namizədliyini dəstəklədiyimizi bildirdik. Hamı danışdı - Eduard Şevardnadze də, Heydər Əliyev də, digər MDB ölkələrinin prezidentləri də. Burada qəbahətli bir şey yoxdur və prezident vəzifəsinə Eduard Şevardnadzeyə səs verdiyimi deməklə heç nəyi pozmuram.

Bu gün Eduard Amvrosiyeviçlə mən xalqlarımız arasındakı sarsılmaz dostluqdan danışdıq. Son illərdə ölkələrimiz, suveren, müstəqil dövlətlərimiz arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri almışdır. Biz həmin prinsipləri bu gün imzalanmış birgə bəyanatda bir daha açıqladıq, bir daha bəyan etdik ki, Gürcüstanla Azərbaycan arasında, iki müstəqil dövlət arasında strateji tərəfdaşlıq münasibətləri yaranmışdır və möhkəm şəkildə mövcuddur. Bütün bunlarda Eduard Amvrosiyeviç Şevardnadzenin çox böyük xidməti var.

Buna görə də çoxillik dostluğumuzu, Eduard Amvrosiyeviçin Azərbaycan və gürcü xalqları arasında dostluğun yaranmasına və möhkəmlənməsinə bir çox onilliklər ərzində sanballı töhfə verdiyini nəzərə alaraq, müstəqillik illərində dövlətlərimiz arasında münasibətlərin strateji tərəfdaşlıq münasibətlərinə çevrilməsi üçün Eduard

Şevardnadzenin son dərəcə çox işlər gördüyünü nəzərə alaraq, Azərbaycan prezidentinin fərmanı ilə Eduard Amvrosiyeviç Şevardnadze müstəqil Azərbaycan Respublikasının ali mükafatı - "İstiqlal" ordeni ilə təltif edilmişdir.

Azərbaycanın bu yüksək mükafatını dostuma, Gürcüstan prezidenti Eduard Şevardnadzeyə bu gün məhz Gürcüstanda, burada, Tbilisidə, bu gözəl salonda təqdim etmək üçün mənə imkan verildiyinə görə şad və xoşbəxtəm.