\"Avstriyada yaşayan soydaşlarımızla görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi\" (Vyana 5 iyul, 2000-ci il) sənədinə tarixi arayış

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2000-ci ilin iyulun 3-6-da Avstriyaya rəsmi səfər edib. Səfər çərçivəsində iki ölkə prezidenti Heydər Əliyev və Tomas Klestil arasında görüş olub. Dövlət başçıları Azərbaycanla Avstriya arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparıblar. Səfərin gedişində prezidentlərin iştirakı ilə Azərbaycan və Avstriya hökumətləri arasında bir sıra sənədlər imzalanıb.

Avstriya səfəri zamanı prezident Heydər Əliyev bu ölkənin digər rəsmi şəxsləri ilə də görüşlər keçirib. Bütün görüşlərdə ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması məsələsi əsas müzakirə mövzusu olub.

Heydər Əliyev səfər çərçivəsində Avstriyada yaşayan azərbaycanlılarla görüşüb. Avstriyada yaşayan soydaşlarımızın sayı təxminən min nəfərdir. Onlardan təxminən 200 nəfəri Avstriyadakı Azərbaycan cəmiyyətlərinin üzvüdür. Avstriyada yaşayan azərbaycanlıların təqribən 70-75 %-i Cənubi Azərbaycandan, 15-20 %-i Türkiyənin Qars, İqdır vilayətlərindən, 5-10 %-i Azərbaycan Respublikası və keçmiş SSRİ ərazisindən köçüb gələn həmvətənlərimizdir. Oradakı soydaşlarımız müxtəlif təşkilatlarda birləşib. Vyana şəhərində Azərbaycan-Türkiyə-Avstriya dostluq cəmiyyəti, əsasən Avstriyada təhsil alan tələbələri özündə birləşdirən Azərbaycan Akademik Birliyi, 1990-cı ildən fəaliyyət göstərən, əsasən Türkiyənin İqdır vilayətindən gələn azərbaycanlıları birləşdirən Əl-Mehdi Məscidi, Qrats şəhərində Avstriya-Azərbaycan iqtisadi cəmiyyəti, Lints şəhərində isə Azərbaycan - Avstriya İqtisadi Birliyi fəaliyyət göstərir.(http://www.mfa.gov.az/)

Avstriyada yaşayan azərbaycanlılarla görüşdə Heydər Əliyev dövlətin hər zaman Azərbaycandan kənarda yaşayan insanlara dəstək verəcəyini deyib, müstəqil Azərbaycanın güclənməsi, böyük dövlət olması üçün xaricdə yaşayan azərbaycanlıların böyük rolunun olmasını söyləyib. Əmin olduğunu bildirib ki, müxtəlif cəmiyyətlərdə birləşən azərbaycanlılar öz fəaliyyətləri ilə ölkəmizi dünyanın müxtəlif yerlərində tanıdacaqlar: \" Hər bir ölkədə yaradılmış Azərbaycan icması bir-biri ilə daha da yaxın, dost olsa, bir-birinə yardım etsə, necə deyərlər şad günündə də, kədərli günündə də bir yerdə olsa xalqımızın ayrı-ayrı ölkələrdəki icmaları daha da möhkəmlənəcək, inkişaf edəcəkdir\".

Tarixi arayış 31 yanvar 2008-ci ildə tərtib edilib.