Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan xalqına müraciəti - Bakı şəhəri, 27 mart 2001-ci il

Əziz həmvətənlər!

1998-ci ildən bəri Azərbaycan Respublikasında 31 mart hər il azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir.

Azərbaycanlılara qarşı müntəzəm olaraq yeridilən bədnam soyqırımı siyasətinin yüz illərlə ölçülən uzun tarixi vardır. XIX əsrin əvvəllərindən başlayaraq, ardıcıl olaraq tarixi Azərbaycan torpaqlarında ermənilər kütləvi şəkildə məskunlaşdırılmağa başlanmış, Qafqazın cənubunda Ermənistan dövlətinin yaradılması, azərbaycanlıların öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulması, onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir.

Soyqırımı və deportasiya prosesi mərhələlərlə, müxtəlif tarixi şəraitdə, düşünülmüş plan əsasında həyata keçirilmişdir. Sərsəm "böyük Ermənistan" ideyasını gerçəkləşdirmək üçün saxta ideoloji tezislər formalaşdırılmış, terrorçu təşkilatlar qurulmuşdur. Erməni əhalisi türk və Azərbaycan xalqına qarşı daim millətçilik, şovinizm ruhunda tərbiyə olunmuşdur.

1905–1907-ci illərdə çar Rusiyasının hakim dairələri tərəfindən himayə olunan və istiqamətləndirilən erməni millətçiləri azərbaycanlılara qarşı genişmiqyaslı qətllər və vəhşiliklər törətdilər. Yüzlərlə yaşayış məntəqəsi dağıdıldı, minlərlə azərbaycanlı erməni terrorunun qurbanı oldu. 1918-ci ilin martında Bakı kommunası rəhbərlərinin himayəsi ilə milli qırğın törədildi, Bakı quberniyasını azərbaycanlılardan təmizləmək və erməniləşdirmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Bakıda və qəzalarda on minlərlə dinc əhali məhv edildi, məscidlər, məktəblər, memarlıq abidələri dağıdıldı.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti sovet hakimiyyəti illərində daha incə və məkrli bir şəkildə davam etdirilmişdir. Tarixi Azərbaycan torpaqları olan Göyçə, Zəngəzur və digər ərazilər o zamankı sovet hökuməti rəhbərlərinin köməyi ilə Ermənistana verilmiş, Dağlıq Qarabağ erməniləri muxtariyyət qazanmış və onların gələcəkdə qanunsuz ərazi iddiaları üçün zəmin yaradılmışdır. 1948–1953-cü illərdə ermənilər SSRİ rəhbərliyinin qərarı ilə dövlət səviyyəsində azərbaycanlıların öz tarixi torpaqları olan Qərbi Azərbaycandan kütləvi şəkildə deportasiyasına nail oldular.

80-ci illərin ortalarından SSRİ rəhbərliyinin xüsusi himayəsi sayəsində erməni ekstremizmi və separatizmi yeni və daha təhlükəli şəkildə tüğyan etməyə başladı. Sonradan genişmiqyaslı müharibəyə çevrilmiş bu avantürist separatizmin nəticəsində on minlərlə dinc insan faciəli şəkildə məhv edilmiş, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün kimi qeyri-insani şəraitdə yaşamağa məhkum edilmişdir. 1990-cı ilin yanvarında SSRİ-nin o zamankı rəhbərliyi erməni separatçılarının yedəyində gedərək, xalqımıza qarşı qanlı qırğın törətdi. 1992-ci ilin fevralında erməni hərbi birləşmələri sovet qoşunlarının köməyi və birbaşa iştirakı ilə Xocalını yerlə-yeksan etdi. Heç bir hərbi zərurət olmadan minlərlə dinc sakin qəddarcasına öldürüldü, işgəncələrə məruz qaldı, əsir alındı.

Soyqırımı Azərbaycan xalqına böyük siyasi, maddi və mənəvi zərbələr vurmuşdur. Bütövlükdə XX əsr ərzində 2 milyona yaxın azərbaycanlı deportasiya və soyqırımı siyasətinin ağır nəticələrini öz üzərində hiss etmişdir. Erməni millətçiləri və şovinistləri "böyük Ermənistan" xülyalarını həyata keçirmək üçün lap əvvəldən xalqımıza və ölkəmizə qarşı ustalıqla və davamlı surətdə informasiya və təbliğat müharibəsi aparmışlar. Total qarayaxma kampaniyası, çirkin təbliğat müharibəsi bu gün də davam edir. Ən müxtəlif üsul və vasitələrdən istifadə edən erməni şovinistləri dünya ictimai fikrini çaşdırır, Azərbaycanın və bütün Qafqazın tarixini saxtalaşdırır, azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparır, dünya ictimaiyyətinin nəzərində "əzabkeş, məzlum erməni xalqı" obrazı yaradırlar. Erməni icmaları, erməni lobbisi bu istiqamətdə onilliklər boyu ardıcıl iş aparır. Nəticədə ermənilərin Azərbaycan xalqına qarşı bu gün törətdiyi işğal və soyqırımı faktlarına biganə qalan dünya dövlətlərinin parlamentləri guya yüz il əvvəl baş verdiyi iddia edilən hadisələr barədə yanlış, siyasi konyunkturaya uyğunlaşdırılmış qərarlar qəbul edir və faktiki olaraq, öz hərəkətləri ilə təcavüzkarı şirnikləndirirlər. Öz müvəqqəti və aldadıcı uğurlarından vəcdə gəlmiş erməni siyasətçiləri və ideoloqları, bütöv xalqlara nifrət ideologiyasının açıq və maskalanmış daşıyıcıları beynəlxalq hüquq normalarına meydan oxuyur, planetimizdə bərqərar olmuş sivil birgəyaşayış normalarını kobudcasına pozurlar.

Öz müstəqilliyinin onuncu ilinə qədəm qoyan Azərbaycan xalqı bütün dünyada qəbul edilmiş qayda-qanunlarla, sülh və əmin-amanlıq şəraitində yaşamaq, yaradıcı fəaliyyətlə məşğul olmaq istəyir. Bu gün dövlətimiz və xalqımız qarşısında azərbaycanlılara qarşı əsrlər boyu aparılan soyqırımı siyasəti haqqında həqiqətləri bütün dünyaya yaymaq, beynəlxalq ictimai fikirdə ədalətin bərqərar olmasına nail olmaq, soyqırımı siyasətinin ağır nəticələrini aradan qaldırmaq və bir daha təkrar olunmaması üçün ciddi tədbirlər görmək vəzifəsi durur.

Öz ağırlığına, miqyasına və nəticələrinə görə xalqımızın başına gətirilən müsibətlər həm də bəşəriyyətə qarşı cinayətlər kimi xarakterizə olunmalı, beynəlxalq hüquqi-siyasi qiymətini almalı, onun ideoloqları və təşkilatçıları layiqincə cəzalandırılmalıdırlar. Hamı əmin olmalıdır ki, müasir dünyada "günəş altında daha geniş yer" axtaranlar, "böyük Ermənistan" xülyası ilə başqa xalqlara nifrət və total müharibə ideologiyasını təbliğ edənlər, qonşularına qarşı təcavüzkar siyasət yeridənlər nə zamansa tarix və bəşəriyyət qarşısında cavab verməli olacaqlar.

Bu hadisələri, onların dərslərini unutmağa bizim haqqımız yoxdur. Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrə və onların məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir.

Bir daha soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edir, onların ruhu qarşısında baş əyir, xalqımıza səbr və dəyanət arzulayıram.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.