ATƏM-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Budapeşt görüşündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - 6 dekabr 1994-cü il

Hörmətli cənab sədr!

Hörmətli dövlət başçıları!

Xanımlar və cənablar!

Göstərilən qonaqpərvərliyə, Budapeşt şəhərində işləməyimiz üçün yaradılan gözəl şəraitə görə Macarıstan Respublikasının prezidenti cənab Arpad Göntsə, Macarıstan hökumətinə səmimi minnətdarlığımı bildirmək istəyirəm.

Azərbaycan xalqı Avropada Təhlükəsizliyə və Əməkdaşlığa dair Müşavirəyə böyük əhəmiyyət verir, indiki görüşdən çox şey gözləyir. 1975-ci ildə Helsinkidə ATƏM-in Yekun Aktının imzalanması dünya proseslərinin gedişinə uzunmüddətli müsbət təsir göstərmiş, son illərdə dünyada baş verən əsaslı dəyişikliklərin ilk əlamətlərindən biri olmuşdur. Dünyanın siyasi xəritəsi dəyişmiş, ATƏM-in üzvü olan yeni suveren dövlətlər meydana gəlmişdir ki, onlardan biri də mənim ölkəm - müstəqil Azərbaycandır.

Müasir şəraitdə ATƏM-in rolu və əhəmiyyəti getdikcə daha da artır. Yeni Avropaya, sərhədlərin və nüfuz dairələrinin olmayacağı Avropaya təkmilləşmiş ATƏM gərəkdir. ATƏM-in fəaliyyətini gücləndirmək, onu demokratikləşdirmə və insan hüquqlarının qorunması proseslərinə təsirli kömək göstərməyə, hələ möhkəmlənməmiş gənc dövlətlərin azadlığına və istiqlaliyyətinə xələl gətirə biləcək təcavüzkarlıq hərəkətlərinin və ya planlarının qarşısını qətiyyətlə almağa, qitəmizin qaynar nöqtələrində sabitliyin bərpasına kömək etməyə qadir olan, "soyuq müharibə" qurtardıqdan sonra Avropa təhlükəsizliyinin yeni binasının dayaqlarından birini təşkil edə bilən səmərəli vasitəyə çevirmək son dərəcə zəruridir.

Azərbaycan Respublikası öz istiqlaliyyətini elan etmişdir və bazar iqtisadiyyatına, çoxpartiyalı sistemə, insan hüquqlarını və şəxsiyyətin azadlığını təmin edən qanunlara malik demokratik dövlət yaradılması yolunda inamla irəliləyir. Keçid dövrünün obyektiv çətinliklərinə, zorla cəlb edildiyimiz altı illik müharibənin nəticələrinə baxmayaraq, biz bu yolun xeyli hissəsini keçmişik və əminik ki, qarşıya qoyduğumuz məqsədlərə çatacağıq.

Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmuşdur, tərksilah və silahlanma üzərində nəzarət sahəsində beynəlxalq hüquqi öhdəliklərin, o cümlədən Avropada adi silahlı qüvvələr haqqında müqaviləyə aid öhdəliklərin yerinə yetirilməsi xəttinə ciddi əməl edir.

Biz bərabərhüquqlu tərəfdaş kimi iqtisadi cəhətdən dünya birliyinə qoşulmağımızı sürətləndirmək üçün də əlimizdən gələni edir, istər öz qonşularımızla, istərsə də dünyanın bütün ölkələri ilə sıx əməkdaşlığı inkişaf etdiririk.

Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının birgə işlədilməsinə dair bu il sentyabrın 20-də dünyanın bir sıra iri şirkətləri ilə müqavilə imzalanması dediklərimə parlaq nümunədir. Xüsusi qeyd etmək istəyirəm ki, bu çox iri investisiya layihəsinin bir sıra iştirakçıları ATƏM-ə daxil olan ölkələri - ABŞ-ı, Rusiyanı, İngiltərəni, Türkiyəni, Norveçi təmsil edirlər. Ümidvaram ki, həmin müqavilə bu konsorsiumda iştirak edən ölkələrin və xalqların bir-birinə yaxınlaşmasına, bütövlükdə isə Avropada sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə kömək edəcəkdir.

Hörmətli xanımlar və cənablar!

Müşavirənin iştirakçılarına məlumdur ki, altı il bundan əvvəl respublikamızın bir hissəsini - Dağlıq Qarabağı onun əlindən qoparıb almaq məqsədi ilə bizə qarşı təcavüz edilmişdir. Ermənistan Respublikası, Dağlıq Qarabağdakı erməni separatçıları dövlətimizin ərazi bütövlüyünə qarşı geniş hərbi əməliyyatlara əl atmışlar. Azərbaycanın Şuşa şəhəri və Laçın rayonu zəbt olunduqdan sonra əslində Dağlıq Qarabağ ilhaq edilmişdir. Dağlıq Qarabağın 50 mindən çox azərbaycanlı yaşamış onlarca yaşayış məntəqəsi dağıdılmış və yandırılmışdır. Dağlıq Qarabağ əməliyyat meydanından istifadə etməklə erməni silahlı birləşmələri Azərbaycanın altı başqa rayonunu - Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən və sahəsi onun sahəsindən dörd dəfə böyük olan Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarını da işğal etmişlər.

Təcavüz nəticəsində Azərbaycanın iyirmi faizindən çoxu işğal olunmuşdur. Mənim həmvətənlərimin 20 mindən çoxu həlak olmuş, təqribən 100 min nəfəri yaralanmış və şikəst qalmış, 6 min nəfəri əsir düşmüşdür, bir milyondan çox azərbaycanlı, yəni respublikanın əhalisinin təqribən on beş faizi doğma yurd-yuvasından qovulmuşdur və hazırda çadır şəhərciklərində yaşayır, ən zəruri ehtiyaclarını ödəyə bilmir. İşğal edilmiş Azərbaycan ərazilərində 700 şəhər və kənd dağıdılmış, yandırılmış, bütün evlər, məktəblər, xəstəxanalar talan olunmuş, ən qədim mədəniyyət abidələri məhv edilmişdir.

Münaqişəni aradan qaldırmaq üçün Minsk qrupunun yaradılması haqqında ATƏM-in 1992-ci ilin yazında qəbul etdiyi qərarı Azərbaycan xalqı böyük ümidlə qarşılamışdır. Qrupun tərkibinə münaqişənin iştirakçısı olan Ermənistan və Azərbaycan ilə yanaşı, dünyanın doqquz nüfuzlu ölkəsi daxildir. Ötən dövr ərzində xeyli iş görmüş bu qrupun fəaliyyətini biz böyük minnətdarlıqla qiymətləndiririk.

Rusiya Federasiyasının vasitəçilik fəaliyyətini qeyd etməyi zəruri sayıram. Onun səyləri və ATƏM-in köməyi ilə yeddi aya yaxındır ki, atəşkəsə əməl edilir və qan tökülmür. Lakin atəşin hər hansı şəkildə kəsilməsi hələ sülh demək deyildir. Tərəflərin mənafeyini və beynəlxalq hüquq normalarını nəzərə alan siyasi saziş imzalanmadan möhkəm və ədalətli sülh ola bilməz. Atəşkəsdən istifadə etməklə biz bu sənədin razılaşdırılıb qəbul edilməsinə intensiv çalışırıq.

Əmin etmək istəyirəm ki, Azərbaycan Respublikası bu prosesdə son dərəcə sülhsevər və əməli mövqe tutur. Təcavüzün ağır nəticələrinə baxmayaraq, biz Ermənistan tərəfinə ədalət və humanizmin əsasında, ATƏM-in prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında sülh təklif edirik. Biz Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinə təminat verməyə hazırıq, münaqişə zonasında ATƏM-in sülhü qoruyan qüvvələrinin yerləşdirilməsinə razıyıq. Biz milli azlıq təşkil edən ermənilərin hüquqlarının həyata keçməsi üçün Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağın statusunu müzakirə etməyə və Azərbaycanın Dağlıq Qarabağ regionu ilə Ermənistan Respublikası arasında nəqliyyat kommunikasiyalarının normal işləməsini təmin etməyə də hazırıq. Amma bizim üçün sarsılmaz olan normalar və prinsiplər vardır ki, bunlar da sərhədlərin pozulmazlığı, Azərbaycanın ərazi bütövlüyü, işğal edilmiş bütün ərazilərdən erməni silahlı birləşmələrinin çıxarılması, qaçqınların doğma ocaqlarına qaytarılmasıdır.

Bu gün məhz təcavüzkarın BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməkdən və işğal olunmuş bütün Azərbaycan ərazilərindən öz silahlı birləşmələrini mərhələ-mərhələ çıxarmağa razılıq verməkdən boyun qaçırması siyasi saziş əldə edilməsinə mane olur.

Minsk qrupunun üzvləri arasında fikir ayrılıqlarının aradan qaldırılmasından, onların səylərinin Azərbaycan ilə Ermənistan arasında sülhün və sabitliyin bərqərar edilməsi üçün birləşdirilməsindən də çox şey asılıdır.

Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün sülhü qoruyan beynəlxalq qüvvələr təşkil etmək sahəsində ATƏM-in sədrinin səylərini biz alqışlayırıq. Mən sədrin çağırışına səs vermiş bütün ölkələrə təşəkkür edir və hamını bu nəcib işdə ona kömək göstərməyə çağırıram.

Xram çayı üzərində olan, Ermənistanı Gürcüstanla birləşdirən körpünün partladılması ilə əlaqədar Ermənistan Respublikasının prezidenti cənab Levon Ter-Petrosyanın bəyanatı məni son dərəcə təəccübləndirdi. Mən baş verən hadisədə Azərbaycan Respublikasının əli olması barədə ittihamları qətiyyətlə rədd edirəm və bu bəyanatı tamamilə sübutsuz, heç bir əsası olmayan bəyanat sayıram. Üçüncü dövlətin ərazisində, döyüş əməliyyatı zonasından yüz kilometrlərlə uzaqda baş vermiş bu hadisəyə atəşkəs rejiminin Azərbaycan tərəfindən kobud şəkildə pozulması kimi düşünülməmiş qiymət verilməsi də xüsusi narahatlıq doğurur.

Belə təəssürat yaranır ki, Azərbaycana heç bir dəxli olmayan bu hadisədən vəziyyəti kəskinləşdirmək, gərginliyi artırmaq üçün xüsusi olaraq istifadə edilir. Bununla əlaqədar mən cənab Levon Ter-Petrosyanı başlanmış sülh prosesinə, burada, Budapeştdə, bizim məclisimizdə hökm sürən əlverişli şəraitə ziyan vura biləcək hər hansı düşünülməmiş hərəkətlərdən çəkindirirəm.

Mən öz tərəfimdən bir daha bildirirəm ki, dövlətimiz əldə olunmuş atəşkəsə sadiqdir və Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə aradan qaldırmaq üçün səylərini əsirgəməməyə hazırdır. Mən cənab Levon Ter-Petrosyanı sülh axtarışı yolunda fəal əməkdaşlığa dəvət edirəm.

Münaqişənin aradan qaldırılması işində əsaslı irəliləyişə nail olmaq üçün Budapeşt görüşünün nadir imkanı vardır. Mən ATƏM-in üzvü olan dövlətlərin hörmətli başçılarına müraciətlə xahiş edirəm ki, bu işdə fəal iştirak etsinlər, mənim xalqımı, milyonlarla adamı ağrı-acıya, iztirablara məruz qoyan altı illik müharibənin alovunu söndürməyə kömək etsinlər, bununla da Avropada Təhlükəsizliyə və Əməkdaşlığa dair Müşavirənin Yekun aktının ümdə prinsiplərinin həyata keçməsinə imkan açsınlar. Bu sənədi biz hamımız təntənə ilə imzalamışıq.

Diqqətinizə görə təşəkkür edirəm. 
 
"Azərbaycan" qəzeti, 7 dekabr 1994-cü il.