Cənab səfir, bu gün mən sizi bir mühüm məsələ münasibətilə dəvət etmişəm. Bu məsələ həm Azərbaycan Respublikası üçün çox mühüm əhəmiyyətə malikdir, həm də Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında olan əlaqələr üçün çox mühüm əhəmiyyət kəsb edir.
Məlumdur ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə edəndən indiyə qədər öz xarici siyasətində Amerika Birləşmiş Ştatları ilə əlaqələrin daim inkişaf etməsinə çalışıbdır və hesab edirəm ki, bu sahədə yaxşı nailiyyətlər əldə olunubdur. Biz Amerika Birləşmiş Ştatları, xüsusən də onun hökuməti tərəfindən daim belə səylərin şahidiyik və Azərbaycanda bunu qiymətləndiririk.
Amma eyni zamanda məlumdur ki, 1992-ci ildə Amerika Konqresi tərəfindən Azərbaycana qarşı ədalətsiz bir qərar qəbul olunubdur. \"Azadlığı dəstəkləmə aktı\"nın 907-ci maddəsinə Azərbaycana kömək etməmək barədə bir əlavə edilibdir. Hesab edirəm ki, bu əlavə qəbul edilən vaxtda da Azərbaycana qarşı ədalətsizlik olubdur və ondan sonra keçən dövrdən indiyə qədər də ədalətsizlik kimi qalır.
Bu qərarın qəbul olunmasının əsasını belə izah edirlər ki, guya Azərbaycan Ermənistanı blokadaya götürübdür və ona görə də Azərbaycana qarşı bu cür ayrı-seçkilik tədbiri görülür. Beləliklə, dörd ildir ki, Azərbaycan keçmiş Sovetlər İttifaqına daxil olmuş respublikalar arasında yeganə respublikadır ki, o, \"Azadlığı dəstəkləmə aktı\" çərçivəsində Amerika tərəfindən nəzərdə tutulmuş köməkdən məhrum olubdur.
Biz dəfələrlə - həm sizinlə, həm də Amerika Birləşmiş Ştatlarının dövlət nümayəndələri ilə görüşlərimizdə bildirmişik ki, Azərbaycana qarşı qəbul olunmuş belə bir qərarın heç bir əsası yoxdur, çünki Azərbaycan Ermənistanı blokadaya almayıbdır. Real vəziyyət ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal edibdir, işğal olunmuş torpaqlardan bir milyondan artıq vətəndaş qaçqın düşübdür. Xüsusən onu qeyd etmək istəyirəm ki, bu işğal nəticəsində Azərbaycanı Ermənistana bağlayan, Naxçıvana, Dağlıq Qarabağa bağlayan dəmir yolu xətti işğal altındadır. Şübhəsiz ki, belə bir şəraitdə Azərbaycanın Ermənistanı blokadaya alması haqqında söhbət ola bilməz. Xüsusən 1992-ci ildən, qərar qəbul olunandan sonra keçən vaxt və bu dövrdə gedən proseslər də onu göstərir ki, Azərbaycan özü böyük bir təcavüz altındadır. Bilirsiniz ki, Azərbaycan özü blokadadadır - şimal tərəfdə dəmir yollarımız və dəniz yolumuz Rusiya tərəfindən kəsilibdir.
Ona görə də biz dəfələrlə Amerika Birləşmiş Ştatlarının dövlət orqanları qarşısında məsələ qaldırmışıq ki, Azərbaycana qarşı olan bu ədalətsiz qərar ləğv edilsin.
Bildiyiniz kimi, son illər Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında olan əlaqələr çox müsbət istiqamətdə, çox intensiv inkişaf edir. Azərbaycan dövləti olaraq biz Amerikanı özümüzə dost ölkə və dəyərli tərəfdaş kimi qəbul etmişik, xüsusən iqtisadi sahədə çox geniş əməkdaşlığa imkan yaratmışıq. Bizim neft sərvətlərimizdən istifadə olunması üçün 1994-cü ilin sentyabrında, 1995-ci ilin noyabrında imzalanmış neft müqavilələrində ABŞ-ın böyük neft şirkətlərinin iştirak etməsi Amerika Birləşmiş Ştatları ilə çox sıx əlaqələr yaratdığımızı sübut edir.
Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması sahəsində də Amerika Birləşmiş Ştatlarının mühüm rol oynamasını biz daim qeyd edirik və ABŞ-ın bu gün də, gələcəkdə də bu prosesdə mühüm rol oynamasını istəyirik. Məlumdur ki, Ermənistan ilə Azərbaycan arasındakı bu münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün addımlar atmışıq, iki il bundan öncə atəşkəs haqqında saziş əldə etmişik. Yəni özümüzün sülhsevər olduğumuzu və Ermənistanla sülh şəraitində yaşamaq istəydiyimizi dünyaya bir daha nümayiş etdirmişik. Hesab edirəm ki, bu müddətdə bütün dünyaya sübut etmişik ki, Azərbaycan sülhsevər dövlətdir, müharibə istəmir, Ermənistanla münaqişənin sülh yolu ilə aradan qaldırılmasının tərəfdarıdır və Azərbaycan bu sahədə çox ciddi addımlar atır. Belə olan halda Amerika Birləşmiş Ştatları Konqresinin Azərbaycana qarşı qəbul etdiyi qərarın indiyə qədər qüvvədə qalması, şübhəsiz ki, bizdə və ictimaiyyətimizdə çox böyük narazılıq törədir.
Keçmiş Sovetlər İttifaqına mənsub olan, indi keçid dövrünü yaşayan ölkələrə bu illərdə Amerika Birləşmiş Ştatlarından maddi və maliyyə yardımları edilir, o cümlədən Ermənistana çox güclü maddi və maliyyə yardımları göstərilir. Amma Azərbaycan bütün bu maddi yardımlardan məhrumdur. Bizə qarşı olan bu ədalətsizliyin heç bir əsası yoxdur və mən bunu dəfələrlə bildirmişəm. Xüsusən son illərdə ABŞ ilə Azərbaycan arasında sıx əməkdaşlıq, dostluq əlaqələri mövcud olduğu halda belə bir ədalətsizliyin qalması çox böyük təəccüb doğurur.
Mən bu barədə 1994-cü ilin sentyabrında və 1995-ci ilin oktyabrında Nyu-York şəhərində Amerika prezidenti cənab Bill Klintonla görüşlərim zamanı onunla söhbət etmişəm və öz fikirlərimi cənab prezidentə çatdırmışam. Bizim o söhbətlərimizdə cənab Bill Klinton mənə bildirib ki, onun özü də belə bir qərarın qəbul edilməsinin əleyhinə olubdur və bu gün də həmin qərarın əleyhinədir. Ancaq təəssüf ki, belə bir qərarın ləğv olunması üçün lazımi addımlar atılmayıb, lazımi tədbirlər görülməyibdir. Keçən il konqresmen cənab Uilson bu maddənin modifikasiya edilməsi ilə əlaqədar təklif irəli sürmüşdü və bu təklif qəbul olunmuşdur. Biz bu kiçik modifikasiyanı da özümüz üçün yeni bir nailiyyət hesab etdik və mən bununla əlaqədar olaraq cənab Bill Klintona, nümayəndələr palatasının sədri cənab Qinqriçə, konqresmen Uilsona və başqalarına təşəkkür, minnətdarlıq məktubları göndərdim. Təəssüf ki, bu modifikasiya modifikasiya kimi qaldı, ondan heç bir əməli nəticə meydana gəlmədi. Biz gözləyirdik ki, əgər 907-ci əlavənin tamamilə ləğvi mümkün deyilsə, bəlkə yeni bir addım atılacaq ki, bu modifikasiyadan da bir az, daha geniş qərar qəbul olunsun.
Ancaq bunun əvəzinə konqressmen cənab Porterin əlavəsi meydana çıxıbdır. Porterin əlavəsi Azərbaycana kömək əvəzinə, ona yeni bir zərbə vurur. Azərbaycanın ərazi bütövlüyünü təhlükə altında qoyur, Azərbaycana nəinki xeyir gətirmir, əksinə, çox zərər verir.
\"Porter əlavəsi\" meydana çıxan kimi biz bu barədə sizə də müraciət etdik, Azərbaycanın Vaşinqtondakı səfirinə göstəriş verdik ki, lazımi dairələrlə danışıqlar aparsın ki, \"Porter əlavəsi\"nin qəbul olunmasının qarşısı alınsın. Təəssüf ki, buna nail ola bilməmişik. Mən bilmirəm, bizə cürbəcür məlumatlar gəlir. Ancaq bu gün aldığım məlumatdan görünür ki, \"Porter əlavəsi\" Konqresin nümayəndələr palatasında artıq qəbul olunubdur. Bu, bizi çox narahat edir. İctimaiyyətimizdə də çox böyük narahatçılıq var. Şübhəsiz ki, Amerika Birləşmiş Ştatları ilə bizim dostluq əlaqələrimiz olduğu halda bu əlavənin qəbul edilməsini başa düşə bilmirik. Bəlkə də mən müəyyən qədər başa düşürəm, amma ictimaiyyət, bizim xalq bunu başa düşə bilmir.
Biz bilirik ki, Amerika Birləşmiş Ştatlarında parlament, Konqress prezidentdən və ya hökumətdən asılı deyil, onların buna təsir etmək gücü o qədər böyük deyildir, Konqres bəzən belə qərarlar qəbul edir. Amma mən sizə açıq deyirəm, bizim ictimaiyyət Amerika Birləşmiş Ştatlarını böyük bir dövlət kimi qəbul edir. Adamlara izah etmək mümkün deyil ki, prezident istəmir, amma kimsə qəbul edir. Ancaq qəbul edilən qərar Azərbaycana zərbə vurur, Azərbaycan - Amerika əlaqələrinə zərbə vurur, Azərbaycanda bir məsəl var: qaş düzəltdiyi yerdə vurdu gözünü də çıxartdı. Bu, təxminən belə olubdur. Biz çalışmışıq ki, əlavəni ləğv etdirək, bundan canımızı qurtaraq, əvəzində vəziyyəti daha da gərginləşdiriblər.
Yenə də qeyd edirəm, əgər qəbul olunan hər bir qərar, yaxud da ki, tədbir, - kim tərəfindən qəbul edilməsindən asılı olmayaraq, - ədalətli olsa, ona etiraz etmək mümkün deyildir. Ancaq ədalətsiz qərarla barışmaq olmaz. Ona görə mən bu gün sizə və sizin vasitənizlə Amerika Birləşmiş Ştatları dövlətinə bu barədə Azərbaycanın narazılığını bildirirəm. Bildirmək istəyirəm ki, biz bu cür əlavə ilə heç vaxt razı ola bilmərik. O, Azərbaycanın zərərinə olan bir əlavədir və müəyyən qədər, Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınmasını əks etdirir. Ümumiyyətlə, bu, Ermənistan-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsinə ciddi mane olan haldır.
Konqressmen cənab Porter kimə xidmət göstərir, nə üçün bu işləri edir, - mən bunu araşdıra bilmirəm, bu, mənim işim deyil. Ancaq güman edirəm ki, ABŞ Konqresi elə bir hörmətli, mötəbər orqandır ki, gərək ədalətsiz addımlara yol verməsin. Bir də qeyd edirəm, bu, bizim dövlət dairələri ilə yanaşı, ictimaiyyətdə də böyük narazılıq törədibdir. Rica edirəm ki, mənim bu sözlərimi öz dövlətinizə, dövlət başçınıza, rəhbərlərinizə, o cümlədən hörmətli prezident cənab Bill Klintona çatdırasınız. Biz belə bir əlavə ilə razılaşa bilmərik. Mənə deyirlər ki, nümayəndələr palatasından sonra bu əlavəni Senat da qəbul edəcəkdir. Mən xahiş edirəm ki, Senat vasitəsilə, yaxud başqa vasitələrlə, belə bir əlavənin qəbul olunmasının qarşısı alınsın. Mən bu sözləri sizə çatdırmaq üçün sizi dəvət etmişəm.
907-ci maddəyə olan düzəlişə baxmayaraq, indiyədək Azərbaycana göstərdiyi yardıma görə ABŞ-a təşəkkür edirəm. Ancaq şəxsən mənim siyasətimin və ümumiyyətlə bizim siyasətimizin mənası təkcə ondan ibarət deyil ki, 907-ci maddəyə edilən düzəlişi aradan qaldıraq ki, bizə yardımçı olasınız. Biz indiyə qədər bu yardımsız yaşamışıq, bundan sonra da yaşayarıq. Ermənistana bizə edilən yardımdan on dəfə artıq yardım göstərmisiniz. Biz buna da dözürük. Amma bizi narahat edən ədalətsizlikdir. Mənim də etirazım Azərbaycana qarşı olan ayrı-seçkiliklə əlaqədardır. Biz buna dözə bilmirik. Eybi yoxdur, yardım olmasa da yaşayacağıq.
Son vaxtlar Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında yaranmış dostluq əlaqələri və gözəl iqtisadi əməkdaşlıq onu göstərir ki, bizə qarşı belə ədalətsizlik, ayrı-seçkilik etmək olmaz. Bu məsələdə şəxsən sizin mövqeyiniz bizə məlumdur. Mən onu da qiymətləndirirəm ki, siz bu barədə obyektiv mövqedəsiniz və bizimlə həmfikirsiniz. Bu, bizə təskinlik verir. Ancaq məsələnin həll olunmaması bizi narahat edir.
ABŞ-ın indiyə qədər mövcud olan dövlət quruluşunun demokratiyanın qorunub saxlanmasındakı rolunu da qiymətləndiririk. Şübhəsiz ki, Amerikanın dövlət quruluşu onun öz işidir, biz bu barədə heç nə deyə bilmərik. Ancaq əgər bu dövlət quruluşu, siz dediyiniz kimi, xarici siyasətdə problemlər yaradırsa, belə ədalətsiz qərarlar qəbul edirsə, şübhəsiz ki, bunu da normal hesab etmək olmaz. Amma yenə də qeyd edirəm ki, bu, bizim işimiz deyil, sizin işinizdir. Biz sadəcə olaraq istəyirik ki, dövlət quruluşunun necəliyindən asılı olmayaraq, Azərbaycana qarşı ədalətsizlik olmasın. Biz Ermənistan ilə Azərbaycan arasında olan münaqişənin aradan qaldırılması üçün çox işlər görmüşük. Bu məsələnin həllində ABŞ-ın da fəal rol oynaması üçün istək və arzularımızı da çox bildirmişik. Ona görə də bunlar hamısı 907-ci maddəyə Azərbaycan barədə edilən düzəlişin indi aradan götürülməsinə əsas verir. Əgər bu edilmirsə, demək, indi də ədalətsizlikdir. Əgər bu edilmirsə, qoy heç olmasa ondan da pis olmasın. Amma bir də təkrar edirəm, cənab Porterin əlavəsi vəziyyəti müəyyən qədər yüngülləşdirmək əvəzinə, bizim üçün ağırlaşdırır. Şübhə etmirəm, tam əminəm ki, siz bundan sonra da bu sahədə bizimlə əməkdaşlıq edəcək, həmin problemimizin həll olunması üçün çalışacaqsınız. Ümidvar olduğumu bildirmək istəyirəm ki, sizin dediyiniz bundan sonrakı mərhələlərdə \"Porter əlavəsi\"nin qəbul edilməsinin qarşısı alınacaqdır. Mən bu barədə bu gün cənab Bill Klintona, cənab Qinqriçə və cənab Albert Qora məktub da göndərmişəm. Arzu edirəm ki, sizinlə ümumi əməkdaşlığımız və səylərimiz nəticəsində bu əlavənin qəbul edilməsinin qarşısı alınsın və Azərbaycana yeni bir zərbə vurulmasın. İnanıram ki, bunu birlikdə edə bilərik.