Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı ilə ilk münasibətləri 1991-ci ilin fevralında qurulub. 1993-cü il sentyabrın 3-də üzv-dövlətlərin xarici işlər nazirlərinin İƏT-ə qəbul olunmaqları barədə imzaladıqları Akt və İzmir Müqaviləsi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ratifikasiya edilib. Heydər Əliyevin müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsi istiqamətində apardığı siyasət İƏT-lə münasibətlərin inkişafını zəruri edib.
13-14 may 1996-cı ildə Heydər Əliyev Aşqabadda İƏT-in IV sammitində iştirak edib. Görüşdə nəqliyyat və kommunikasiyanın inkişafına dair (1998-2007-ci illər) proqram qəbul olunub. 1996-cı ildə dövlət başçıları səviyyəsində zirvə toplantılarının iki ildən bir keçirilməsi qərara alınıb. İƏT-in sammitlərində Azərbaycanı müntəzəm olaraq dövlət rəsmiləri təmsil edib. Heydər Əliyev İƏT-in 9 iyun 2000-ci ildə Tehranda və 18 oktyabr 2002-ci ildə İstanbulda keçirilən görüşlərində iştirak edib. 2001-ci il fevralın 17-də Heydər Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əbdülrəhim Qəvahi ilə görüşüb və qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.
Azərbaycan Reaspublikasının Prezidenti İlham Əliyev İƏT-lə əlaqələrin genişləndirilməsini xarici siyasətin prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlayıb.
“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.75