Türk Dövlətləri və Topluluqlarının VII Dostluq, Qardaşlıq və İşbirliyi Qurultayına - Bakı şəhəri, 29 iyun 1999-cu il


Hörmətli qurultay iştirakçıları!

Türk dövlətləri və topluluqlarının növbəti VII toplantısını ürəkdən salamlayır, hamınıza ən səmimi arzularımı yetirirəm.

Türk xalqlarının dostluq, qardaşlıq və işbirliyi qurultayları artıq gözəl ənənəyə çevrilmişdir. 1993-cü ildən bəri hər il qardaş Türkiyə Cümhuriyyətinin himayəsi ilə keçirilən bu forumlar eyni etnik soykökə, müştərək tarixə, dil və mədəniyyətə malik xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə və türk dünyasının milli-mənəvi bütövlüyünə xidmət edir.

Antitürk siyasəti yeridən müxtəlif qüvvələr uzun illər qardaş xalqlarımızı bir-birindən ayrı salmağa, təkləməyə, bizi möhtəşəm bir tarixi keçmişdən və böyük mədəni irsimizdən təcrid etməyə çalışmışdır. Lakin tarix boyu bəşər sivilizasiyasında misilsiz rol oynamış yenilməz türk əzmini qırmaq, türk ruhunu sarsıtmaq heç kimə müyəssər olmamışdır.

Bu gün - iyirminci yüzilliyin sonlarında xalqlarımız tarixi haqqına qovuşaraq müstəqillik əldə etmişdir. Hər birimizin qəlbini sonsuz qürur duyğularıyla döyündürən milli dövlətçilik atributlarımızı, türklüyün zəngin maddi və mənəvi dünyasını nümayiş etdirən tarixi abidələrimizi, ümumbəşəri dəyərlərimizi maneəsiz inkişaf etdirmək üçün hər cür şərait yaranmışdır. Bu böyük nailiyyəti qoruyub saxlamaq, dövlət müstəqilliyimizi daha da möhkəmləndirmək, ölkələrimiz və xalqlarımız arasında suverenlik, qarşılıqlı etimad və qardaşlıq prinsiplərinə əsaslanan hərtərəfli əlaqələrə nail olmaq hər birimizin gələcək nəsillər qarşısında müqəddəs borcumuzdur.

Sevindirici haldır ki, indi bizim əməkdaşlığımız təkcə rəsmi dövlətlərarası əlaqələrlə yekunlaşmır. Son illərdə bütöv xalqlarımız, ayrı-ayrı vətəndaş təsisatları, elm, təhsil, mədəniyyət və düşüncə adamları arasında sarsılmaz dostluq münasibətləri yaranmışdır.

Eyni tarixi taleyi bölüşən xalqlarımızın və dövlətlərimizin ümumi mənafeləri naminə strateji əməkdaşlığı etibarlı təməllər üzərində inkişaf etdirmək günümüzün zərurətidir. Qlobal siyasi hadisələrlə zəngin çağdaş dünyamızda üzərimizə düşən tarixi məsuliyyəti hər birimiz aydın dərk edərək işdə, əməldə, fikirdə birlik ideyasının gerçəkləşməsi üçün əlimizdən gələn yardımı göstərməliyik. Əmin ola bilərsiniz ki, müstəqil Azərbaycan Respublikası öz daxili və xarici siyasətində daim bu mövqeyə sadiq qalaraq türk dünyasının siyasi, iqtisadi və mədəni yüksəlişinə xidmət edəcəkdir.

Əziz dostlar!

Planetimizdə mühüm strateji mövqelərə, zəngin iqtisadi, elmi, mədəni potensiala malik dövlətlərimizin və xalqlarımızın parlaq sabahına dərin inamımı bir daha ifadə edərək sizə türk dünyasının tərəqqisi və böyük gələcəyi naminə gərəkli fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikanın Prezidenti.