Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanması məsələlərinə həsr olunmuş müşavirədə çıxışı - Prezident Sarayı, 17 mart 1995-ci il


Hörmətli xanımlar və cənablar!

Bu gün Azərbaycan Respublikasının dövlətçiliyinin qorunub saxlanması ilə bağlı, eyni zamanda faciəli hadisələrlə əlaqədar mən sizi müşavirəyə dəvət etmişəm. Bildiyiniz kimi, son vaxtlar Azərbaycanda olan mənfi qüvvələr həm respublikadakı havadarlarının təsiri altında, həm də xaricdə olan ayrı-ayrı dairələrin, qüvvələrin - ölkəmizə qarşı təxribatçılıq hərəkətləri aparmaq istəyən şəxslərin göstərişi, məlumatları əsasında Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışıblar.

Sizə məlumdur ki, son vaxtlar, son aylar respublikamızda və hətta ölkəmizdən kənarda Azərbaycanda dövlət çevrilişinin gözlənilməsi haqqında şayiələr, söhbətlər, danışıqlar geniş yayılmışdır. Bunlar hamısı Azərbaycanın və xarici ölkələrin mətbuatında, digər informasiya orqanlarında da əksini tapmışdır. Şübhəsiz ki, bu da respublikamızda, insanlarda narahatçılıq törədir, vahimə hissi yaradır, ölkəmizdə mənəvi-psixoloji mühitə mənfi təsir göstərir. Bunlar hamısı olmuş həqiqətlərdir, sizə məlum olan faktlardır. Axır zamanlar belə söhbətlər gedir, bizə məlumatlar gəlirdi, şayiələr də yayılırdı: deyirdilər fevral ayında, fevral ayı keçəndən sonra mart ayında, ən nəhayət, Novruz bayramı ərəfəsində Azərbaycanda dövlət çevrilişi olacaq, ölkəmizin qanuni dövləti devriləcək və burada yenidən vətəndaş müharibəsi baş verəcəkdir. Hətta bəzi ölkələrin səfirləri son vaxtlar mənimlə görüşləri zamanı çox narahatçılıq hissi ilə bu məlumatların yayılması haqqında bildiklərini mənə çatdırır və müəyyən qədər xəbərdarlıq edirdilər.

Bu məlumatlar, xəbərdarlıqlar hamısı prezident kimi mənim tərəfimdən təhlil olunurdu. Şübhəsiz ki, mən bunlara laqeyd baxa bilməzdim. Bunların hamısını nəzərə alırdım. Amma eyni zamanda həmişə, keçmişdə olduğu kimi, xalqın rəyini, əhvali-ruhiyyəsini hiss edərək, xalqın dövlətçiliyimizi qorumaq əzmini, Azərbaycan Prezidentini daim müdafiə etdiyini bilərək hesab edirdim ki, bunların heç birisi ya baş verə bilməz, yaxud da baş versə, heç bir nəticə əldə olunmaz.

Çevrilişin gözlənildiyi barədə son vaxtlar Moskva mətbuatında məlumatlar gedirdi, Mütəllibovun, Surət Hüseynovun müsahibələri, ayrı-ayrı müxbirlərin yazıları, qəzetlərdə, başqa informasiya orqanlarında verilən xəbərlər, şübhəsiz ki, respublikamızda aranı qızışdırırdı. Amma təkcə Moskva deyil, başqa ölkələrdə də belə yazılar gedirdi. Nəhayət, son vaxtlar bu hadisələrin, yəni çevriliş əməliyyatının Rövşən Cavadov və onun ətrafında olan Xüsusi Təyinatlı Polis Dəstəsinin gücü ilə aparılacağı bildirilirdi. Təəssüflər olsun ki, Rövşən Cavadov da bir-iki ay bundan əvvəl orada-burada, qəzetlərdə öz müsahibələrində, çıxışlarında bu fikirləri birbaşa, yaxud dolayısı ilə ifadə edirdi. Bizə gələn məlumatlardan görünürdü ki, Rövşən Cavadov öz dairəsində olan adamlarla daha açıq danışıqlar aparır, Azərbaycanda hakimiyyət dəyişikliyi etmək haqqında fikirlərini gizlətmirdi və bunu da bildirirdi. Bu məlumatlar da bizə gəlib çatırdı və biz onlan əldə edəndən sonra müəyyən təhlillər aparıb lazımi tədbirlər görməyə çalışırdıq ki, bu hadisələrə yol verilməsin.

Rövşən Cavadov son vaxtlar ayrı-ayrı siyasi qüvvələrin, qrupların əlində, demək olar ki, bir alətə çevrilmişdi. O, guya böyük bir hərbi gücə malik olduğuna görə ayrı-ayrı qüvvələr bundan istifadə etməyə çalışmış, onu qızışdırmış, bəzi siyasi oyunlara sövq etmişdilər. O, gah gənclər təşkilatı yaradıb, gah bir xeyriyyə cəmiyyətinə rəhbərlik edib, gah başqa işlərlə məşğul olub - hər halda öz işi ilə məşğul olmayıbdır. Ona rəvac verənlər, qızışdıranlar, havadarlıq edənlər, onu maliyyələşdirənlər - bunlar hamısı göz qabağında idi. Təəssüflər olsun ki, həmin mafioz qruplardan savayı, bu işlərə ayrıayrı siyasi partiyaların, ictimai təşkilatların nümayəndələri də qoşulmuşdu. Dediyim kimi, respublikamıza qarşı düşmənçilik mövqeyi tutan Mütəllibov, Surət Hüseynov, Rəhim Qazıyev və başqaları da bundan müxtəlif yollarla istifadə etməyə çalışmışlar.

Bunları nəzərə alaraq, - keçən dəfə televiziya ilə müraciətimdə də dedim, - Türkiyənin Azərbaycandakı səfiri hörmətli Altan Karamanoğlunun verdiyi məlumatlardan sonra, onun təklifi ilə və Rövşən Cavadovun, doğrudan da, nəsə edə biləcəyini hiss edərək mən onu yanıma dəvət etdim. Hesab etdim ki, əgər o, əyri yoldadırsa ona müəyyən məsələləri başa salmaq lazımdır. Ancaq o, birinci dəfə də, ikinci dəfə də təyin olunan vaxtda gəlmədi. Sonra o öz ətrafında bu dəvətlər haqqında cürbəcür mənfi söhbətlər aparmışdır. Bunlar hamısı məlumdur.

Nəhayət, martın 12-dən 13-nə keçən gecə Qazax və Ağstafa rayonlarında həmin bu XTPD, Rövşən Cavadov və onun ətrafında olan banda tərəfindən dövlət çevrilişinə cəhd göstərilmişdir. İndi kim bunu necə ifadə edir, ona necə qiymət verir - bu onun öz işidir, ancaq dövlət çevrilişinin buynuzu olmur ki! Əgər silahlı qüvvələr tərəfindən rayonda dövlət hakimiyyət orqanları zəbt edilibsə, onların fəaliyyəti dayandırılıbsa, polis orqanı zəbt olunubsa, bütün polis işçiləri tərksilah ediliblərsə, dövlətin silahları ayrı-ayrı adamların əlinə keçibsə, rabitə ələ keçirilibsə, - demək, bu rayonda dövlət hakimiyyəti devrilib: Qazaxda da, Ağstafada da belə olmuşdur. Biz bu məsələyə də yenə soyuqqanlılıqla, təmkinlə yanaşdıq, məsələni araşdırıb lazımi tədbirlər görməyə çalışdıq. Bunu mən martın 15-dəki müraciətimdə demişəm, indi təkrar etməyə ehtiyac yoxdur. Ancaq bir həqiqət aydındır ki, Qazax, Ağstafa rayonlarında dövlət çevrilişinə cəhd başlanmış və həyata keçirilmişdi. İndi artıq məlum olan planlara görə o, davam edib digər rayonları da əhatə etməli və Bakıya gəlməli idi, yaxud Bakıda da bu çevriliş başlanmalı idi. Biz bunu hiss etdik və gördük.

Bizim iki gün ərzində məsələni sülh yolu ilə yatırtmaq və onun qarşısını almaq üçün gördüyümüz tədbirlər nəticə vermədi. Martın 13- dən 14-nə keçən gecə həmin silahlı dəstə öz niyyətini yerinə yetirmək üçün - yəni Tovuz, Gəncə bölgələrini zəbt etmək üçün Tovuzda olan hərbi hissəyə hücum etdi, döyüş başlandı və bu döyüş nəticəsində o banda darmadağın oldu, Orada olan itkilər və bizim çətinliklərimiz sizə məlumdur. Bu gün artıq sizə deyə bilərəm ki, həmin bu bandanın üzvləri - orada deyirdilər ki, XTPD-nin cəmi 60 nəfər üzvü var, lakin onlar kənardan da adamlar cəlb edib silahlandırmışdılar - 160 nəfər həbs olunmuşdur.

Görürsünüz, bir qrup, bir neçə adam - ola bilər 10-15, 20-25 adam cinayət edərək nə qədər adamı dartıb bu cinayətə gətirib çıxarmışdır. Qeyd etdiyim kimi, biz bunun qarşısını aldıq. Ancaq bütün bu işlərə rəhbərlik edən Rövşən Cavadov öz niyyətlərindən əl çəkmədi. O, Qazaxa getmişdi ki, guya bu işlərin həll olunmasına kömək etsin. Kömək etmədi. Əksinə, orada aranı daha da qızışdırdı. Ondan sonra gəlib burada, 8-ci Kilometr qəsəbəsində XTPD-nin bazasında bu dəstəni qızışdırıb, silahlandırıb dövlət çevrilişi etməyə hazırladı.

Bunların hamısını görərək və qarşıdakı təhlükəni, respublikamızda yenə də dövlət çevrilişi cəhdi baş verə biləcəyini hiss edərək mən martın 15-də televiziya ilə xalqa müraciət etdim. Müraciət məlumdur. Mən orada bütün prosesləri təhlil etdim. Müraciətimin əsas məqsədi ondan ibarət idi ki, Rövşən Cavadova, onun dəstəsinə və respublikamızın içindən, xaricindən ona havadarlıq edən, onu istiqamətləndirən, ona güc verən, bu işlərə sövq etdirən qüvvələrə başa salım ki, Azərbaycanı dağıtmaq, qan tökmək daha bəsdir.

Bunlardan əl çəkmək, Azərbaycanın dövlətçiliyini qorumaq lazımdır. Azərbaycan xalqı artıq öz dövlətçiliyini qiymətləndirməlidir, bunu anlamalıdır və bunun nə qədər böyük sərvət olduğunu bilməlidir və hər bir vətəndaş bu sərvətin qorunmasına öz payını verməli, öz xidmətini göstərməlidir. Deyə bilərəm ki, bizə, mənə gələn teleqramlardan, məktublardan, telefon zənglərindən və bu iki günün içərisində ictimaiyyətimizdə gedən proseslərdən məlum olur ki, mənim bu müraciətim xalq tərəfindən böyük rəğbətlə və hörmətlə qarşılanıbdır. Azərbaycan Prezidentinin xarici və daxili siyasəti, onun fəaliyyəti və irəli sürdüyü vəzifələrin hamısı xalqın əksəriyyəti tərəfindən bəyənilibdir. Bu günlər respublikanın şəhərlərində, rayonlarında, əmək kollektivlərində keçirilən yığıncaqlar, mitinqlər, gedən danışıqlar, müsahibələr, yazılar - hamısı onu göstərir ki, xalq həmrəydir, dövlətçiliyi qorumaq əzmindədir və Prezidenti müdafiə edir.

Mən güman edirdim, şübhəsiz, buna ümid bəsləyirdim ki, bütün bunlar azğınlaşmış, mənəviyyatını itirmiş insanları müəyyən qədər oyada bilər, onlara təsir edə bilər, onlar bunu anlaya bilərlər. Bir halda ki, insanlar, hörmətli adamlar, əmək kollektivləri, ağsaqqallar mitinqlər keçirir, çıxışlar edirlər, teleqramlar verirlər, televiziya və radio ilə öz fikirlərini deyirlər - onlar buna biganə qalmamalıdırlar. Mən bütün bunlardan həmin azğınlaşmış adamlara ictimaiyyətin təsiri kimi istifadə etməyə çalışdım. Umidvar idim ki, bu öz nəticəsini verəcəkdir.

Ancaq təəssüflər olsun ki, bu, istənilən nəticəni vermədi. Müraciətimlə yanaşı, mən bəzi başqa tədbirlər də gördüm, bəzi vasitələrlə XTPD-nin adamlarına çatdırdım ki, əgər onlar bu əməllərindən əl çəksələr - bunu öz müraciətimdə də dedim, - onlar əfv olunacaqlar, mən hətta onlara bundan da artıq bəzi və'dlər verdim ki, işlə təmin olunacaqlar, onlara qayğı göstəriləcək. Lakin bütün bunları anlamadılar, başa düşmədilər. Bilirsiniz ki, mən dünən bir fərman verdim. Bu fərmanın da məqsədi ondan ibarətdir ki, XTPD-də olan adamları bir də başa sala bilim ki, onlar cinayətlərindən əl çəksələr sakit yaşayacaqlar və hətta cinayət etdiklərinə görə məsuliyyətə alınmayacaqlar. Mənim bu fərmanım dünən axşam televiziya ilə oxundu. Həmin XTPD-nin içərisində sağlam ruhlu adamlar çoxdur. Oradan mənə belə təkliflər, xahişlər gəlmişdir ki, "bizim əksəriyyətimiz buradan çıxmaq istəyirik. Sizin çağırışınızı qəbul edirik, müraciətinizə səs veririk. Ancaq burada yaranmış mənəvi-psixoloji mühit - bir tərəfdən bizə olan təzyiq, zorakılıq, ikinci tərəfdən özümüzdə olan qorxu bizə imkan vermir. Ona görə də sizin bu müraciətinizi və əfv haqqında bəyanatınızı bir hüquqi sənədlə də ifadə etsəniz, biz bu addımları ata bilərik". Bu müraciətləri nəzərə alaraq mən dünən belə bir fərman verdim.

Həmin bu XTPD-nin komandiri Nizami Şahmuradov və onun müavini Cəfərov dünən xahiş etdilər ki, onları qəbul edim. Baxmayaraq ki, günahkardırlar, onlar özləri çox cinayətlər ediblər - mən onları qəbul etdim. Uzun-uzadı söhbətlər apardım. Xeyli vaxt sərf edərək onları başa salmağa çalışdım ki, siz çox pis yola düşmüsünüz, cinayət etmisiniz. Bu yoldan çəkinin. Siz komandirsiniz, gedin onları başa salın, anladın. Doğrudur, onlar bu danışıqlarda "Biz Prezidenti dəstəkləyirik, Prezidentin tərəfdarıyıq, biz siyasətə qarışmırıq, siyasət adamı deyilik" və sair sözlər söylədilər. Ancaq bir həqiqət şəxsən mənə əvvəl də məlum idi və bu günlər daha da dəqiq məlum oldu ki, Rövşən Cavadov və onun qardaşı Mahir Cavadov mafioz hərəkətləri ilə və eyni zamanda mafioz qruplarla olan əlaqələri ilə həddindən artıq vəsait əldə edib, bu insanların bəzilərinə xeyli pul və başqa vəsaitlər verməklə, ikinci təfəfdən isə hədələyib qorxutmaqla bunları öz təsiri, tabeliyi altında saxlamış, demək olar ki, qul, özlərinin əlində alət etmişlər.

Mən dünən Nizami Şahmuradov və Cəfərovla danışığımda bunu bir daha hiss etdim. Mən onlara anlatdım ki, siz gəncsiniz, ayılın, başa düşün ki, bir, iki, üç adamın zoru altında, yaxud onun sizə verdiyi qeyri-qanuni maddi imtiyazlar başqa şeylərlə əlaqədar bu cinayət yolu ilə gedirsiniz, bunun axırı yoxdur. Mən bunu da etdim.

Dünən axşam bizim hörmətli xalq şairimiz Bəxtiyar Vahabzadə mənə telefon etdi, narahatlığını bildirdi və dedi ki, mən nə edə bilərəm? Mən ona dedim ki, siz hər şeyi görürsünüz. Əgər Azərbaycan xalqı bu gün cinayətkar adamların əlinə düşüb, onların iradəsi altında yaşayacaqsa, mən hesab edirəm ki, bu xalqın artıq axırı gəlib çatıb. Siz bunları, bu prosesləri görürsünüz və mənim müraciətimi eşitmisiniz. Hərə öz sahəsində öz işini görsün. O da ürək ağrısı ilə dedi ki, bəli, bunlar hamısı məni incidir, ürəyimi ağrıdır və çox narahat edir. O dedi ki, mən öz tərəfimdən lazımi tədbirlər görərəm. Yəni, martın 15-dəki müraciətimdən sonra apardığımız işləri də sizə deyirəm və bu işlər də məhz onunla əlaqədardır ki, məsələləri sülh yolu ilə yatırdaq, cinayətkarları bu cinayət yolundan çəkindirək, respublikamızın dövlətçiliyini qoruyaq, ictimai-siyasi sabitliyi təmin edək və onun pozulmasına yol verməyək.

Ancaq bunlar nəticə vermədi. Bu günlər bizə ciddi məlumatlar gəlirdi ki, Rövşən Cavadov artıq dövlət çevrilişi etməyə hazırlaşıb və bunu həyata keçirəcəkdir. Rövşən Cavadov da bunu gizlətmirdi. Keçən il oktyabrın əvvəlində olduğu kimi, son günlər bu XTPD haqqında məlumat yayılandan sonra ayrı-ayrı mafioz adamlar, cürbəcür siyasətbazlar, guya siyasətlə məşğul olan adamlar başladılar ora axışmağa, onunla danışıqlar aparmağa. Bundan bəlkə hərə öz məqsədləri üçün istifadə etməyə çalışırdı. Şübhəsiz, xarici ölkələrin, respublikamızın müxbirləri də ora getdilər, onun fikirlərini bilmək istədilər. O, açıq-aydın müsahibələr verirdi. Siz bunları artıq bilirsiniz, bunlar mətbuatda da dərc olunub. Moskva televiziyası bunu həddindən artıq şişirdilmiş şəkildə veribdir. Rövşən Cavadov başqa ölkələrin televiziya və mətbuat orqanlarında da öz niyyətlərini açıqca deyirdi və yenə də bildirirəm ki, bu, nəinki mətbuatda dərc olunub, hətta onun verdiyi müsahibələr barədə yazılar bizə də gəlibdir.

Bəli, o deyirdi ki, Azərbaycan Respublikasının rəhbərliyini zorakılıqla dəyişdirmək istəyir, vətəndaş müharibəsindən də çəkinməyəcək, vətəndaş müharibəsi olacaq. Hakimiyyəti ələ keçirmək, siyasi şura yaratmaq, bu şuraya rəhbərlik etmək istəyir və ayrı-ayrı partiyaların nümayəndələrini həmin siyasi şuraya dəvət edəcəkdir. Cürbəcür belə sözlər, çağırışlar, açıq bəyanatlar verirdi. Yəni, bu, gizli məlumatlar deyildi. O öz fikirlərini açıq-aydın bildirirdi.

Yəqin ki, bu elə onun öz şəxsiyyətinə xas olan bir şeydir və ona görə də təəssüf etməyə də ehtiyac yoxdur. Çünki görünür, o bu cür tərbiyə almış və bu tərbiyənin sahibidir. Dövlətçilik haqqında, Azərbaycanın prezidenti haqqında, başqa vəzifəli şəxslər haqqında çox çirkin, təhqiramiz sözlər deməkdən də çəkinməmişdir. Hətta dünən və ya srağagün axşam Moskvanın hansı proqramındasa verirdilər, - o deyirdi ki, "Azərbaycanda real qüvvə məndə - Rövşən Cavadovdadır. Yəni, dövlət hakimiyyətində, Azərbaycan Prezidentində deyil, bu qüvvəyə mən malikəm. Ona görə də bu qüvvə ilə mən Azərbaycanda dövləti dəyişdirəcəyəm".

Bu bəyanatların nə qədər təhlükəli, ağrıdıcı olmasına baxmayaraq, şəxsən mən onlara çox soyuqqanlılıqla, çox səbrlə yanaşırdım və hesab edirdim ki, onlar heç bir nəticə verməyəcəkdir. Dünən bizə məlumatlar gəldi ki, orada dövlət çevrilişinin planı, dörd əməliyyat qrupu hazırlanıb, onların qarşısına vəzifə qoyulubdur: biri Prezident Sarayını zəbt etmək, Azərbaycan Prezidentini ya öldürmək, ya həbs etmək, ikincisi Ali Soveti zəbt etmək, üçüncüsü Azərbaycan milli televiziyasını zəbt etmək, dördüncü qrup respublika Daxili İşlər Nazirliyini zəbt etmək üçün ayrılmışdı.

Bunların icraçıları da artıq məlum idi. Bu tədbirin necə həyata keçirilməsi də aydın idi. Şübhəsiz ki, biz bunlara biganə qala bilməzdik, öz tədbirlərimizi görürdük. Bildiyiniz kimi, XTPD-nin bazasında onlar o silahları yerləşdirmişdilər və orada çox narahat hərəkətlər edirdilər. Bundan əlavə, onun ətrafında olan hər bir binanın damında iriçaplı və başqa növ silahlarla silahlanmış 15-20 nəfər adam da qoymuşdular. Butün o meydan, məhəllə silah altında yaşayırdı. Bu, 5-6 evin üstündə idi. Gedənlər görmüşdülər.

Bütün bunlar onu göstərdi ki, bəli, onlar həqiqətən bu işə hazırlaşırlar. Bunları nəzərə alaraq biz o məhəlləni hərbi hissənin gücü ilə müəyyən qədər mühasirəyə almağa çalışdıq ki, oraya giriş-çıxışa nəzarət olunsun, əgər onlar bir hərəkət edərlərsə, biz onun qarşısını ala bilək. Bizim o hərbi qüvvəmiz o qədər də böyük deyildi, sadəcə olaraq, orada vəziyyətə nəzarət etmək məqsədilə qoyulmuşdu. Bu gecə təxminən saat 2 radələrində XTPD üzvləri artıq hücuma başladılar, atəş açdılar, birinci atəşlə bizim dörd əsgərimizi öldürdülər. Ondan sonra həmin planlarını həyata keçirməyə başladılar. Şübhəsiz ki, onlar bunun üçün orada olan hərbi qüvvələri ləğv etməli, məhv etməli idilər.

Əsgərlərimiz, Silahlı qüvvələrimizdə xidmət edən zabitlərimiz, ordu dəstələri şücaət, mərdlik, müqavimət göstərdilər və böyük döyüş başlandı. Bu döyüş təxminən gecə saat 4-də çox şiddətləndi və saat 11.30-a, yaxud 11.40-a qədər davam etdi. Döyüş çox kəskin oldu. Onlar azğıncasına, vəhşicəsinə hərəkət etdilər. Əllərində olan böyük silahlardan atəş açdılar. Şübhəsiz ki, Azərbaycanın dövlətçiliyini qoruyan hərbi hissə də onlara qarşı atəş açdı.

İtkilər var, yaralananlar var. Böyük qan tökülüb. Bu bizim üçün faciədir. Həmin bu əməliyyatlara başçılıq edən Rövşən Cavadov səhərə yaxın yaralanıb, sonra Daxili İşlər Nazirliyinin qospitalına gətirilib, orada ölüb. Onun qardaşı Mahir Cavadov öz evində iki gün böyük bir quldur dəstəsi ilə mühafizə olunaraq - Daxili İşlər Nazirliyinin əməkdaşları onu cinayətlərinə görə həbs etmək istəmişlər, orada müqavimət göstərmişdir. 5-6 polis nəfərini yaralamışdır, - oradan qaçıb bazaya girmişdi. Onun indi harada olduğu məlum deyil. O biriləri haqqında da mənim məlumatım yoxdur və bugünkü danışıq üçün bu əsaslı deyil.

Hər halda, nəhayət, Rövşən Cavadov və onun himayəsində olan dəstələr uzun müddət ayrı-ayrı qüvvələrin təsiri altında, bu qüvvələr tərəfindən istiqamətləndirilərək Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, dövlətçiliyimizə qəsd etmək niyyətlərini son dərəcədə həyata keçirməyə çalışdılar, ancaq buna nail ola bilmədilər. Azərbaycanın mərd, cəsur əsgərləri respublikamızın müstəqilliyinin, dövlətçiliyinin keşiyində duran Azərbaycan övladları onların cavabını verdilər, respublikamızın dövlətçiliyini, müstəqilliyini qorudular. Ancaq təəssüf ki, böyük itkilər oldu və böyük qan töküldü.

Mən bunu, qan töküləcəyini görürdüm. Ona görə əvvəllər də və xüsusən martın 15-də xalqa müraciət edəndə də dəfələrlə dedim ki, artıq bəsdir, qan tökmək lazım deyil. Ancaq bu insanlara nə qardaş qanı, nə millət qanı, nə xalq qanı əzizdir. Oz çirkin niyyətləri, əməlləri onlar üçün hər şeydən üstündür, özləri də bu çirkin əməllərinin qurbanı oldular.

Azərbaycanın dövlətçiliyini, müstəqilliyini, suverenliyini, xalqın həyatını qoruyaraq həlak olmuş döyüşçülərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş edirəm.

Allah onlara rəhmət eləsin!

Mən çıxışımın əvvəlində dedim, bu gecəki hadisə bir tərəfdən Azərbaycan dövlətinin qüdrətini, onun iradəsini bütün düşmən qüvvələrə - Azərbaycanın içində də, xaricində də olan qüvvələrə nümayiş etdirdi. Bu, Azərbaycan xalqının, müstəqil respublikamızın tarixində əlamətdar bir hadisədir, haldır və mən bunu yüksək qiymətləndirirəm.

Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin qorunması uğrunda xidmət göstərmiş döyüşçülərimizin hamısına, vətəndaşlarımıza öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Bütün bu işlərdə Müdafiə Nazirliyinin zabitləri, əsgərləri, Daxili İşlər Nazirliyinin, xüsusi idarənin, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları iştirak etmişlər. Ancaq bu qiyamın, dövlət çevrilişinin qarşısının alınmasında Müdafiə Nazirliyi zabitlərinin, generallarının, əsgərlərinin və müdafiə naziri Səfər Əbiyevin, baş qərargahın rəisi Nəcməddin Sadıqovun xidmətlərini xüsusi qeyd edirəm və onlara təşəkkür edirəm.

Bizim orada döyüşən qəhrəman zabitlərimiz çoxdur. Həlak olanlar da və axıra qədər döyüşüb dövlətçiliyimizi qoruyanlar da var. Bunların hamısı qeyd olunacaqdır. Onların hamısı Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə mükafatlandırılacaqdır. Ancaq orada bilavasitə döyüş aparanlardan alay komandiri Rövşən Əkbərovun, batalyon komandiri Ağayevin xidmətlərini xüsusi qeyd edirəm. Güman edirəm ki, burada ayrı-ayrı familiyaları çəkməyə daha ehtiyac yoxdur. Bizim bu müşavirəmiz ümumi siyasi xarakter daşıyır. Mən bəyan edirəm ki, heç kəs unudulmayacaq, hər kəsin xidməti qeyd olunacaqdır.

Görürsünüz, həyatımızın ziddiyyətləri necədir. Bir - tərəfdə Azərbaycana, onun dövlətinə, müstəqilliyinə sədaqətlə xidmət edən gənc, qəhrəman övladlarımız, əsgərlərimiz, zabitlərimiz, ordumuz; ikinci tərəfdə isə Azərbaycan xalqına xəyanət edən, müstəqilliyimizi pozmaq, respublikamızı yenidən vətəndaş müharibəsinə sürükləmək, Azərbaycanı parçalamaq istəyən düşmən qüvvələr. Onlar bizim içimizdə və xaricdədir. Görünür ki, bu da həyatımızın gerçəkliyidir. Biz bunu bilməliyik və bunları bilərək öz işimizi qurmalıyıq.

Bir sözlə, bu gecə, yəni martın 16-dan 17-nə keçən gecə Azərbaycanda güclü dövlət çevrilişi cəhdi meydana çıxdı və onun qarşısı məharətlə, cəsarətlə, dövlətin qüdrəti ilə alındı. Dövlət çevrilişinə bu cəhd keçmişdə olan cəhdlərin davamıdır.

Bu, bilavasitə 1994-cü il oktyabrın əvvəlindən başlanmış dövlət çevrilişi cəhdidir. Mən martın 15-də xalqa müraciətimdə bunu qeyd etdim. O vaxt da dövlət çevrilişini Surət Hüseynovla bərabər, əl-ələ Rövşən Cavadov hazırlayırdı, onun ətrafında olan quldur dəstələri hazırlayırdı və o vaxt da, o ərəfədə - sentyabr ayında, hətta avqust ayında Azərbaycan mətbuatında da, xarici mətbuatda da çevrilişin hazırlanması, gözlənilməsi barədə yazılar verilirdi. Surət Hüseynovun, Rövşən Cavadovun adları həmin yazılarda var idi.

Xatirinizdədir, mən Amerika Birləşmiş Ştatlarına, BMT Baş Məclisinin sessiyasına yola düşərkən İstanbulda dayandım. Orada mətbuat nümayəndələri böyük bir həyəcan hissi ilə mənə sual verirdilər və qəzetlərdə də böyük şriftlərlə yazılmış məqalələr göstərirdilər ki, Azərbaycanda çevriliş gözlənilir, bu çevrilişi Rövşən Cavadov, Surət Hüseynov edəcəklər. Orada bir neçə başqa familiya da yazılmışdı.

O vaxt bunlar hamısı bir yerdə idi. Həmin o dövlət çevrilişi cəhdi oktyabrın 4-də özünü büruzə verdi. O, oktyabrın əvvəlində başlanmışdı, Rövşən Cavadovun, onun qardaşı Mahir Cavadovun Azərbaycan Respublikası Prokurorluğunu zəbt edib orada qeyriqanuni, cinayətkar hərəkətlər etməsindən başlanmışdır. O günlər xatirimizdədir. Biz o günləri necə əzab-əziyyətlə keçdik və bizə nə qədər müdriklik, səbrlilik lazım idi ki, bu məsələlərin inkişaf etməsinə yol verməyək.

Ancaq bu hadisələr inkişaf etdi, oktyabrın 4-də çevriliş Gəncədən başlandı. Mənim xalqa müraciətim Rövşən Cavadovu məcbur etdi ki, geriyə çəkilsin. Amma onlar bir idilər, bizə məlumdur. Artıq mən bunu deyə bilərəm, o vaxt isə demək istəmirdim. Mən o vaxt istədim ki, Rövşən Cavadovu və onun yanında olanları gənc adamlar kimi, bu məsələləri bəlkə başa düşmədiklərinə, anlamadıqlarına görə bunlardan ayıram, onlara güzəşt etdim, onları bağışladım. Onunla söhbətlər apardım, başa saldım ki, bu yoldan çəkil. Ona görə də mən o vaxt bir neçə faktı demədim. Ancaq bu fakt məlum idi ki, respublika prokurorluğu zəbt olunanda Rövşən Cavadov Surət Hüseynova telefon etdi və bildirdi ki, "mən prokurorluğu götürdüm, siz də gedin Ali Soveti və Prezident Aparatını götürün". Ondan sonra bir daha prokurorluqdan, baş prokurorun kabinetindən telefon edib Surət Hüseynova demişdi ki, "biz hərəkət etmişik, siz niyə gecikirsiniz?"

Başqa sübutlar və dəlillər də var. Bunların hamısını istintaq açacaqdır. Ən nəhayət, oktyabrın 4-də mən televiziya ilə xalqa birbaşa müraciət edəndən sonra yüz minlərlə adam Prezident Aparatının qarşısına toplaşan zaman Rövşən Cavadov buraya gəldi, prezidentin yanında olduğunu göstərməyə çalışdı. Ancaq məlumdur ki, həmin bu binadan o, telefonla Gəncə ilə danışdı, orada olan Səfixanova və başqalarına bildirdi ki, "biz fəaliyyətimizi dayandırdıq, siz də dayandırın, artıq geriyə çəkilirik". Bunların hamısı bu məqsədləri onların bir yerdə hazırladıqlarının sübutudur. İstintaqda başqa sübutlar da var.

Mən bunları, sadəcə olaraq, açmaq istəmirdim. Çünki mən istəyirdim ki, Rövşən Cavadovu və onun yanında olan adamları tərbiyə edim, onlan bu cinayət əməllərindən uzaqlaşdırım. Ancaq mümkün olmadı. Ona görə ki, görünür, bu insanın, gənc adamın təbiəti belə imiş. Ona görə ki, bu adam və onun qardaşı uzun illər Azərbaycanda azğınlıq ediblər, çox cinayət işləri görüblər və onların qarşısı alınmayıb. Ayrı-ayrı dairələr, ayn-ayrı vəzifəli adamlar onlara havadarlıq ediblər, onları maliyyələşdiriblər, cinayətlərinin üstünü örtüblər. Bəziləri qorxub, bəziləri onlardan istifadə edib. Beləliklə onlar qudurublar.

Xatirimdədir, 1993-cü ilin iyun ayında Əbülfəz Elçibəy məni Bakıya dəvət edəndə mən onunla söhbət etdim. Gərək ki, bu söhbətdə Rəsul Quliyev də iştirak edirdi. Bəzi adamlardan söhbət düşdü. Gördüm ki, Əbülfəz Elçibəy çox böyük əzab-əziyyətlə deyir ki, bu Cavadov qardaşları nə qədər böyük cinayətlər edirlər. Eyni zamanda mən hiss etdim ki, bu adam nə qədər acizdir. Cinayətləri görür, ürək ağrısı ilə deyir, ancaq qarşısını ala bilmir. Niyə? Çünki onlar artıq çərçivədən çıxmışdılar və başqa-başqa dairələrdən o qədər idarə olunurdular ki, görünür, Əbülfəz Elçibəy də burada heç bir iş görə bilməmişdi.

Bir sözlə, yenə də deyirəm, görünür, pozulmuş mənəviyyatları onları belə bir axıra gətirib çıxartdı. Bu da tamamilə qanunauyğundur. Təbiidir. Belə də olmalı idi. Ancaq millətimizə, cəmiyyətimizə, dövlətimizə onlar nə qədər zərbələr vurur, işimizi ləngidir, pozur, - bunlar hamısı göz qabağındadır. Bir sözlə, bu çevriliş cəhdi oktyabrdakı dövlət çevrilişi cəhdinin təbii davamıdır və hamısı bir kompleksdir.

Artıq məlumdur ki, bunlar Moskvada yerləşmiş Mütəllibov, Surət Hüseynov, gah Moskvada, gah da deyirlər Azərbaycanda olan Rəhim Qazıyev və onlar kimi adamlar tərəfindən, habelə xarici ölkələrdəki ayrı-ayrı dairələr, Azərbaycandakı ayrı-ayrı mafioz qruplar tərəfindən idarə olunurlar. Təəssüf ki, Azərbaycanda da bəzi siyasi partiyalar, ictimai-siyasi təşkilatlar bu cür adamlardan, quldur dəstələrindən istifadə edir, öz hakimiyyət iddialarını yerinə yetirməyə çalışırlar. Təsadüfi deyil ki, bu son günlərdə Rövşən Cavadovun hərəkətlərinə o partiya ordan, bu partiya burdan müraciət verdi, bəzi partiyalar guya bizimlə onların arasında vasitəçilik etmək istədilər.

Hətta bəzi təşkilatlar, partiyalar (ola bilər məndən sonra çıxış edənlər bunları desinlər) ümid bəslədilər ki, bəli, bu gün bizim haqqımızda bəyanat verəcək, biz bundan istifadə edəcəyik, sabah o birisinin haqqında bəyanat verəcək, - istifadə edəcəyik. Bunlar hamısı onu göstərir ki, guya müxalifətdə duran həmin bu bəzi partiyalar üçün də dövlət, xalq, millət qiymətli deyil. Ancaq öz şəxsi hikkələri, niyyətləri, çirkin hərəkətləri qiymətlidir.

Demək, bu mənfi qüvvələrin hamısının birləşməsi gətirib Rövşən Cavadov kimi bir amilin meydana çıxmasına səbəb oldu. Hesab edirəm ki, bu, nəinki bugünkü Azərbaycan üçün böyük bir təhlükə idi, həm də respublikamızın sabahı, gələcəyi üçün təhlükə idi. Çünki bu dəstə, bu qrup, böyük silahlara malik olan, çox böyük cinayətlər etmiş və çox böyük cinayətlər etməyə hazır olan adamlar, şübhəsiz, Azərbaycanı dağıtmağa qadir idilər. Onlar başqa vaxt da dağıda bilərdilər. Necə kı, 1993-cü ilin iyun ayında o birisi qrup dağıtdı, onlardan da çox dağıda bilərdilər, Ancaq mən yenə də məmnuniyyət hissi ilə deyirəm ki, Azərbaycan dövləti artıq özünü qorumağa qadirdir, gücü də, iradəsi də və bütün imkanları da var. Azərbaycan öz dövlətçiliyini, müstəqilliyini bundan sonra da qoruyub saxlayacaqdır.

Şübhəsiz ki, bütün bunlardan nəticə çıxarmaq lazımdır. Bu gecə bizim həyatımızda böyük faciə baş verib, insanlar tələf olub, qan tökülüb. Binalar dağılıbdır. Bu məhəllədə böyük atəşlər açılıbdır. Bir neçə gün bundan qabaq bu hadisələr Tovuzda, Qazaxda baş veribdir. Ancaq güman edirəm ki, biz artıq bunlara son qoyuruq. Bu itkilərimiz, çətinliklərimiz, bizə vurulan maddi və mənəvi zərbələr nə qədər ağır olsa da, eyni zamanda onu göstərir ki, Azərbaycanda sabitlik saxlanılır, qorunur və bunu pozmaq heç də mümkün deyil.

Mən sizə deyim ki, bu son günlərdə respublikamızda yaranmış vəziyyət Azərbaycanın beynəlxalq aləmdə imicinə, nüfuzuna çox mənfi təsir göstərməyə başladı. Ayrı-ayrı ölkələrdə öz diplomatik missiyalarına göstəriş verdilər ki, onların əməkdaşları buradan çıxıb getsinlər. Bəzi ölkələrdən buraya gəlməyə hazırlaşan adamlar öz səfərlərini dayandırdılar. İş adamları fikirləşməyə başladılar ki, burada iş aparmaq, investisiya qoymaq bəlkə də bundan sonra təhlükəlidir. Bizdə sabitliyin pozulması Azərbaycanın ətrafında olan ölkələri də narahat edirdi.

Türkiyənin hörmətli prezidenti Süleyman Dəmirəl bu müddətdə Pakistandan mənimlə üç dəfə telefon əlaqəsi saxlayıb. Axırıncı dəfə dünən də zəng etdi. Hər dəfə də narahatçılığını bildirirdi. Azərbaycanda sabitliyin saxlanması, dövlətçiliyin qorunması haqqında rəsmi bəyanat verib. Türkiyənin baş naziri hörmətli xanım Tansu Çillər də bu barədə bəyanat verib. ABŞ Dövlət Departamenti bəyanat verib. Başqa ölkələrdən də bəyanatlar gəlir. Burada olan səfirliklərdən narahatçılıq hissi, eyni zamanda bəyanatlar gəlir.

Bunlar hamısı onu göstərir ki, Azərbaycanın beynəlxalq aləmdə tutduğu mövqeyə, onun haqqında yaranmış fikrə addım-addım, qram-qram yığılan imicimizə bu cinayətkarlar biri-iki günün içində nə qədər böyük zərbələr vurublar.

Güman edirəm ki, məsələ artıq hamıya, bütün dünyaya, ölkəyə məlum oldu. Çünki bəzi dairələrdə, təəssüf ki, Moskva televiziyasında bu hadisələrin şərhi şişirdilmiş və qızışdırıcı xarakter daşıyırdı. Bu hadisələrdən qabaq Moskva mətbuatında Mütəllibovun "Azərbaycan böyük dəyişikliklər qarşısındadır, qan töküləcək". Surət Hüseynovun "Azərbaycanda dövlət çevrilişi olacaq, qan töküləcək" məzmunlu müsahibələri verilmişdi. Hətta bir neçə gün bundan qabaq onlar orada bəyanat veriblər - düzdür, mətbuatda bu yoxdur - guya Mütəllibovla Surət Hüseynov hazırlaşırlar ki, bu hadisələr genişlənən kimi gəlsinlər burada hakimiyyətdə iştirak etsinlər. Yaxud, hakimiyyəti ələ alsınlar.

Bunlar hamısı puça çıxdı və puça da çıxacaq idi. Mən bunları bilirdim, əmin idim. Ona görə ki, yenə də öeyirəm," mən xalqımıza güvənərək buna əmin idim, öz iradəmə güvənərək buna əmin idim. Ancaq bütün bunlardan nəticə çıxarılmahdır. O mə'nada nətıcələr çıxarılmahdır ki, dövlətimizi qoruyan orqanlar gərək 0z JŞİərini daha yaxşı qursunlar, möhkəmləndirsinlər. Çünki bu günlər əldə olunmuş nailiyyətlərlə yanaşı, bu orqanların işində böyük səhvlər, nöqsanlar da aşkar oldu, meydana çıxdı.

Ümumiyyətlə, hər bir insan, vətəndaş və xüsusən vəzifəli şəxs öz mövqeyini artıq müəyyən etməlidir. Son günlər mənə ordan-burdan xəbərlər gəlirdi: bəzi adamlar oturub fikirləşirlər, külək hansı tərəfə əsir - o tərəfə, bu tərəfə əsir? Mən hansı tərəfdə duracağam, nə təhər eləyəcəyəm? Bəzi adamlar öz qınına çəkilib gözləyirdi ki, nə təhər olacaq, kiminlə birləşəcəyəm, kim gələcək, kim gedəcək? Mən fikirləşirdim: yazıq bu adamlar! Bunlar nə qədər zavallı, nə qədər mənəviyyatsızdırlar ki, indi - Azərbaycan ayağa qalxdığı bir vaxtda da belə fikirlərlə yaşayırlar. Bəziləri bunu istəyirlər, ona görə belə yaşayırlar. Bəziləri yalnız və yalnız özlərini saxlayıb, qoruyub, nəyin bahasına olursa-olsun, kimin hakimiyyətində - hətta Rövşən Cavadov kimi yaramaz bir adamın hakimiyyəti altında olsun, yaşamaq, öz vəzifəsində qalmaq barədə fikirləşiblər. Bunlar hamısı mənəviyyatsızlıq nümunələridir. Buna görə də hər kəs, hər bir vətəndaş bu işlərdən, proseslərdən nəticə çıxarmalıdır, cəmiyyətimizdə öz mövqeyini bildirməlidir, axıradək bir mövqedə durmalıdır.

Siz mənim mövqeyimi bilirsiniz: Azərbaycanın müstəqilliyi, dövlətçiliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, xalqımızın rifah halı - budur mənim mövqeyim. Azərbaycanın bu bəla vəziyyətindən çıxarılması, respublikamızın demokratiya yolu ilə getməsi, demokratik islahatların aparılması, demokratik seçkilərin keçirilməsi, demokratik konstitusiyanın qəbul olunması – budur mənim mövqeyim. Mən bu mövqeyimlə yaşayıram, bundan sonra da bu mövqe ilə fəaliyyət göstərəcəyəm. Bütün dünyaya bəyan edirəm ki, heç bir qüvvə məni xalq tərəfindən seçilmiş qanuni Azərbaycan prezidenti kimi öz mövqeyimdən çəkindirə bilməz. Bu günlərdə gedən proseslər bunu bir daha sübut etdi.

Bax, bu hadisələr haqqında qısa məlumat və bəzi fikirlər bundan ibarətdir. Hesab edirəm ki, bizim güc nazirliklərinin başçıları bu hadisələr haqqında təfsilatlı məlumatlar versinlər ki, hər şey aşkar olsun. Mən buraya gələn gündən, yəni Azərbaycanda işə başladığım gündən aşkarlıq ruhunda fəaliyyət göstərirəm. Ona görə də buradakı çıxışlar canlı yayımla bütün Azərbaycana göstərilir. Mən xahiş etdim ki, buraya müxbirlər dəvət olunsun, onlar deyəsən burada iştirak edirlər. Xalqdan gizli heç bir şeyimiz yoxdur. Bir prezident kimi mənim xalqdan gizli heç nəyim yoxdur. Hər şeyi açıq deyirəm, sabah da, gələcəkdə də açıq deyəcəyəm. Ona görə də xalqın, əhalinin daha geniş məlumat alması üçün istəyirəm ki, güc nazirlikləri, nazirlər mənim bu çıxışıma əlavə olaraq və yaxud hadisələrin təfsilatını çatdırmaq üçün öz sözlərini desinlər.

Yekun sözü

 

Görürəm ki, çıxış etmək istəyənlər çoxdur. Ancaq bildirmək istəyirəm ki, mənim təxirəsalınmaz çoxlu başqa işim də var. Hesab edirəm ki, artıq baş vermiş olan hadisə, onun səbəbləri və gedən proseslər burada açıq-aşkar bildirildi. Odur ki, mən bir neçə kəlmə ilə bu müşavirəni yekunlaşdırmaq istəyirəm.

Qeyd etmək istəyirəm ki, biz hamımız baş vermiş hadisələrdən nəticə çıxarmalıyıq. Bu hadisələr Azərbaycana müəyyən zərbələr vursa da, bizim üçün yeni dərd, kədər gətirsə də, eyni zamanda, dövlətçiliyimizin möhkəm, qüdrətli olduğunu nümayiş etdirdi və bir daha göstərdi ki, ölkəmizdə, respublikamızda hər bir vətəndaş qanun-qaydaya, konstitusiyaya, insan hüquqlarının qorunmasına riayət etməlidir. Bir daha hamı bilməlidir ki, zor işlətməklə respublikamızda nəyəsə nail olmaq mümkün deyildir. Biz demokratiya yolu ilə gedirik, gedəcəyik, demokratik proseslərin inkişafı üçün hər cür şərait yaradılacaqdır. Lakin zorakılığa, güc işlədilməsinə yol verilməyəcəkdir. Bu, bizim qanunlarımıza, beynəlxalq hüquq normalarına ziddir və biz bunlara yol verməyəcəyik.

Şübhəsiz, heç kəs istəməzdi, mən də istəməzdim ki, öz şəxsi hikkələrini, şəxsi niyyətlərini zor gücünə həyata keçirməyə çalışan adamlar gəlib respublikamızı belə faciəli vəziyyətə salsın və özləri də həm fiziki, həm də mənəvi cəhətdən məhv olsunlar. Amma bu onların öz günahıdır və onlara havadarlıq edənlərin, onları qızışdıranların, onlardan alət kimi istifadə edənlərin günahıdır. Bunları deməklə mən bütün siyasi qüvvələrə, qruplara, partiyalara, təşkilatlara, ayrı-ayrı şəxslərə müraciət və xəbərdarlıq edirəm ki, bu yollardan əl çəksinlər. Respublikamız ağır keçid dövrünü yaşayır. Dərin iqtisadi-sosial böhran içindəyik. Xalqımızın böyük bir qismi maddi-iqtisadi cəhətdən əzab-əziyyət çəkir. Respublikamızdakı bir milyondan artıq qaçqın bizim üçün böyük bir problemdir. Onların həyat tərzi, yaşayışı bizim üçün böyük bir problemdir. Onların həyat tərzi, yaşayışı bizim diqqət mərkəzimizdədir. Ancaq eyni zamanda onlara lazımi qayğı göstərmək üçün bizə işləməyə imkan vermək gərəkdir. Qeyri-qanuni yollarla zənginləşmiş, qanunu pozan, mənəviyyatımıza zidd həyat tərzi keçirən ayrı-ayrı adamlar düşünməlidirlər ki, xalqın əksəriyyəti ağır vəziyyətdə yaşayır. Ağır vəziyyətdə yaşayanlar o kəslərdir ki, biz müharibə şəraitinə düşdüyümüz vaxtdan indiyədək respublikanın ağırlıqlarını öz üzərlərində aparırlar. Ona görə də bu hadisələr, bu faciə hər bir kəsə, hər bir siyasi quruma, hər bir ictimai təşkilata, hər bir siyasi partiyaya xəbərdarlıq kimi qəbul olunmalıdır.

Mən bir daha böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, xalqımız yenə ağır bir sınaqdan çıxdı. Həm də bu sınaqdan çıxmağa xalqımızın müdrikliyi, milli həmrəyliyi, inamı, dövlətçiliyə hörmət və ehtiramı kömək etdi. Mən Azərbaycanın bütün vətəndaşlarını bir daha həmrəyliyə dəvət edirəm. Azərbaycanın bütün siyasi qurumlarını, təşkilatlarını, partiyalarını bir daha həmrəyliyə dəvət edirəm. Azərbaycanın bu günü və gələcəyi naminə. Əminəm ki, biz bu böyük sınaqdan çıxaraq, respublikada vəziyyəti daha da sabitləşdirməyə və qarşımızda duran vəzifələri həyata keçirməyə nail olacağıq. Mən buna əminəm. Dövlətçiliyə, Azərbaycanın konstitusiyasına, Azərbaycanın hüquqi dövlət qurumuna xalq tərəfindən göstərilən bu dəstək, hörmət və ehtirama görə bütün Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına təşəkkürümü, minnətdarlığımı bildirirəm.

Bu ağır sınaq dövründə mərdlik və cəsarət göstərənlərə, xalqımızı bu böyük bəladan xilas edənlərə qəlbimdəki ən gözəl hissləri çatdırıb təşəkkürümü, minnətdarlığımı bildirirəm. Milli ordumuza, onun əsgərlərinə, zabitlərinə, hüquq-mühafizə orqanlarında fəaliyyət göstərən sədaqətli əməkdaşlara və bu ağır günlərdə çox zəhmət, əziyyət çəkmiş dövlət orqanlarına, vətəndaşlarımıza təşəkkürümü, minnətdarlığımı bildirirəm.

Bu günlərdə respublikamıza böyük maraq göstərmiş, dövlətçiliyimizin qorunması sarıdan narahat olmuş və bizi dəstəkləmiş xarici ölkələrin rəhbərlərinə, onların diplomatik nümayəndəliklərinə, səfirliklərinə təşəkkürümü, minnətdarlığımı bildirirəm. Bu faciəli gündə Azərbaycanın dövlətçiliyini qoruyaraq, cəsurluq göstərib şəhid olanların xatirəsini yad edirəm, onlara allahdan rəhmət diləyirəm, ailələrinə başsağlığı verirəm, onlara Tanrıdan səbr diləyirəm. Onlar əmin ola bilərlər ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti qəhrəmanlıq göstərmiş şəhidlərimizin xatirəsini heç vaxt unutmayacaqlar. Şəhidlərin xatirəsi əbədiləşdiriləcək və ailələri daim dövlətin qayğısı ilə əhatə olunacaqlar.

Mən hesab edirəm ki, bu gün biz irəliyə daha inamla, nikbinliklə baxa bilərik. Qarşımızdakı planların həyata keçirilməsi üçün daha sərbəst fəaliyyət göstərə bilərik və əminəm ki, bizim gələcəyə doğru yolumuz uğurlu olacaqdır.

Hamınıza təşəkkür edirəm və bununla da bugünkü görüşü sona çatdırıram. Sağ olun.

Müşavirədən sonra jurnalistlərin suallarina cavab

Sual: Gələcəkdə bu cür dövlət çevrilişi cəhdlərinin təkrar olunmaması üçün siz Azərbaycan dövlətçiliyini, dövlətin təhlükəsizliyini möhkəmləndirmək üçün nə etmək fikrindəsiniz?

Cavab:  Bilirsiniz, çox tədbirlər görmək lazımdır, özü də bunlar birdəfəlik tədbirlər olmamalıdır. Dövlət orqanlarımızı, dövlətçiliyimizi möhkəmləndirmək üçün daim işləmək lazımdır. Baş verən hadisə bizdən ötrü fəlakət, faciə olsa da, zənnimcə, o, eyni zamanda sübut edir ki, biz dövlətçiliyimizi möhkəmləndirməyə qadirik.

Sual: İkincisi, deyirlər ki, bu günlər siz aparıcı xarici dövlətlərin rəhbərləri ilə dövlətlərarası səviyyədə gərgin danışıqlar aparmısınız. Bu barədə bir qədər danışın. Sizi necə dəstəkləmişlər?

Cavab:  Kiminlə görüşmüşəmsə, kiminlə danışmışamsa hamı bizi dəstəkləmişdir. Hamı narahat olduğunu bildirmişdir. Hamı bir şey istəyirdi: respublika bu çətin günləri, bu çətin dövrü aradan qaldırsın. Allaha şükür ki, biz bunları aradan qaldırdıq, baxmayaraq ki, zərər böyükdür, qurbanlar var. Nə edəsən? Özlərini bu vəziyyətə gətirib çıxaran adamlar özləri də zərər çəkdilər, respublikamıza da çox böyük zərər vurdular.

Sual: Heydər Əliyeviç, bu hadisələrə Rusiya Federasiyası rəhbərliyinin münasibəti necə idi, sizin onlarla əlaqəniz olmuşdurmu?

Cavab:  Bilirsiniz, konkret əlaqəm olmamışdır. Lakin bilirəm ki, onlar burada, Azərbaycanda gedən prosesləri çox diqqətlə izləyirdilər. Əminəm ki, onlar Azərbaycanda vəziyyəti sabit görmək istəyirlər, sabitliyin pozulmasını istəmirlər.

Sual: Müşavirədəki çıxışlarda belə bir fikir səsləndi ki, "İzvestiya" qəzeti sizin əleyhinizə nə isə yazmışdır.

Cavab:  Bilmirəm. Əgər kimsə nə isə demişdirsə, mən buna cavabdeh deyiləm. Əgər hətta "İzvestiya" da mənim əleyhimə nə isə yazmışdırsa, əsla incimirəm: qəzet azaddır, mətbuat azaddır. Kim istəyir, qoy yazsın. Əlbəttə, yaxşı olar ki, obyektiv, ədalətli yazsınlar. Lakin həyatımın elə mərhələləri olmuşdur ki, mənim barəmdə qeyri-obyektiv çox şey yazmışlar. Mən buna adət etmişəm və fakir vermirəm.

Sual: Sağ olun, Heydər Əliyeviç. Əgər bu adamın cinayətkar qruplaşmalarla, mafioz dairələrlə əlaqələri məlum idisə, nə üçün son anadək öz vəzifəsində qalmışdı?

Cavab:  Bilirsiniz, müşavirənin əvvəlində çıxışımda mən bu suala müəyyən dərəcədə cavab vermişəm. Ola bilsin, fikrimi tuta bilməmisiniz, yaxud sizə tərcümə etməmişlər. İş burasındadır ki, bu adamlar neçə müddətdir hansısa xüsusi vəziyyətdə idilər. Başa düşürsünüzmü, bəziləri onlara himayədarlıq göstərir, digərləri onlardan istifadə edir, bir başqaları özlərinin mafioz işlərini onlarla birlikdə görürdülər. Onlar özləri də, necə deyərlər, belə hesab edirdilər ki, hansısa xüsusi statusları var, hətta cinayət törədəndə də toxunulmazdırlar. Fikir verin, dünən daxili işlər naziri mənə dedi ki, onlar həmin Mahir Cavadovu həbs etmək üçün onun mənzilinə getmişdilər. Sən demə, bir binada onun bir neçə mənzili var, bütöv bir mərtəbəni tutmuşdur. Halbuki bu adam yalnız rayon prokuroru idi. Şəxsi mühafizə və ya nə isə buna bənzər iş üçün çoxlu adam saxlayır. Bu qədər vəsait haradandır? Deməli, əyri yolla əldə edilmişdir. Təəssüf ki, bizim ölkəmizin və keçmişdə Sovet İttifaqına daxil olan digər ölkələrin həyatının son dövrü üçün belə hallar xarakterikdir. Bu, yeganə hadisə deyildir. Lakin onlar, mən Rövşən Cavadovu nəzərdə tuturam, o birisinin üzünü də görməmişəm, sizə deyim ki, tamamilə həyasızlaşmış adamlardır. Mən onların cinayətkar əməllərindən xəbərdar idim. Lakin respublikadakı daxili vəziyyəti nəzərə alaraq, sabitliyi qorumağa çalışıb ümummilli mənafelər naminə ona çox güzəştlər etdim. Lakin, görünür, belələri bunu başa düşmürlər.

Sual: Bu o deməkdirmi ki, respublikada onların təsiri var idi?

Cavab:  Yox, təsiri yox idi. Mən bu günlərdə XTPD-nin üzvləri ilə bir neçə dəfə görüşmüşəm. Onlar mənə açıq dedilər ki, orada hər şey iki prinsipə - pula və qorxuya əsaslanırdı. O XTPD-nin üzvlərindən ibarət saxladığı qrupdakıların hər birinə çox böyük məbləğdə pul verirdi. Şübhəsiz ki, bu pul cinayət yolu ilə əldə edilmişdir. İkincisi, orada elə bir vəziyyət yaradılmışdı ki, onun dediklərini yerinə yetirməyəni ya öldürür, ya da olmazın işgəncə verirdilər. Bax bu günlərdə biz onları qanunlara, hakimiyyət orqanlarının tələblərinə tabe etməyə çalışdıqda, mənim müraciətimdən sonra bəziləri XTPD-dən gedirdilər. Lakin o, Rövşən Cavadov onların ardınca evlərinə adam göndərib geri qaytarırdı. Onları döyürdülər. Bəzilərini hətta yaralamışlar. Bilirsiniz, nə isə çox iyrənc bir vəziyyət yaranmışdı.

Sual: Heydər Əliyeviç, burada güc nazirliklərinin rəhbərləri öz çıxışlarında bildirdilər ki, Rövşən Cavadov başqalarının əlində yalnız oyuncaq idi və onun fəaliyyəti xaricdən istiqamətləndirilirdi. Bununla bağlı onun keçmiş president Mütəllibovla və Surət Hüseynovla əlaqədə olduğu qeyd edildi.

Cavab:  Bilirsiniz, onu adicə oyuncaq adlandırmaq olmaz. Mən keçən dəfə, ayın 15-dəki çıxışımda da, bu gün də dedim ki, o müxtəlif qütblərdə olan cürbəcür adamların əlində əlverişli alətə çevrilmişdi. Deyək ki, Moskvada məskən salanlar - Mütəllibov, Surət Hüseynov, Qazıyev - bunlar bir qrupdur. Deyək ki, o, Xalq Cəbhəsinə lazım idi, eyni zamanda bəzi başqa partiyalara da lazım idi. Hərəyə özlərinin mənafeyi baxımından lazım idi. Hələ tam yetkinləşməmiş və zənnimcə, özünün əqli və bütün başqa qabiliyyətlərini həddindən artıq qiymətiəndirən bu adam sadəcə olaraq pozulmuşdu, onu qudurtmuşdular, həddən artıq qudurtmuşdular. Bir sözlə, o belə hesab edirdi ki, guya hamının ona ehtiyacı var və onlardan dəstək almaq üçün istifadə edirdi. Beləliklə, öz məqsədinə nail olmağa çalışırdı. Onlar isə Rövşən Cavadovdan sabitliyi pozmaq və öz məqsədlərinə yetmək üçün istifadə edirdilər. Bir sözlə, burada hər şey qarşılıqlı əlaqədə idi.

Sual: Sizcə o, nəyə ümid bəsləyirdi? Axı, zənnimcə, vəziyyət tamamilə qeyri-real idi.

Cavab: Bilirsiniz, o, nəyə isə ümid bəsləyirdi. Səhv etmirəmsə, iki gün əvvəl "Vesti" proqramı onun bəyanatını vermişdi. Özü də onu həddən artıq təmtəraqla təqdim etmişdi. Mən özüm bu verilişə baxmışam. O deyirdi ki, məqsədinə çatmışdır və indi qanuni hakimiyyəti süpürüb atacaq, burada öz hakimiyyətini quracaqdır. O deyəndə ki, "Əliyev elə bilir real qüvvə onun əlindədir, əslində isə real hərbi qüvvə mənim əlimdədir", o, xhəqiqətən böyük silahlı quldur dəstəsi olan XTPD-ni nəzərdə tuturdu. İndi həmin dəstə Azərbaycan daxili işlər nazirinin əmri ilə ləğv edilmişdir. Bu adamlar cəbhədə vuruşsalar da, onlardan bir çoxu müxtəlif cinayətlər törətmişdir. Mənə danışmışlar ki, o, deyək ki, kiminsə cinayətindən xəbərdar idi. Lakin bunu ört-basdır edirdi və həmin adam buna görə ona minnətdar olurdu. Hərə bir şeyə görə ona borclu idi. Təxminən 400-500 nəfərlik, özü də döyüşkən, açığını deyim ki, yaxşı silahlanmış və üstəlik oktyabrın 2-də prokurorluğun binasını tutanda cəzalandırılmadıqlarını hiss edən adamlardan ibarət belə bir qüvvəyə malik olan Rövşən Cavadova elə gəlirdi ki, onun qarşısına heç kim çıxa bilməz. Ona görə də belə bəyanatlar verir, buna ümid bəsləyirdi. Gecə hakimiyyəti devirmək üçün son cəhdə əl atanda o belə hesab edirdi ki, buna nail olacaqdır. Lakin gördüyünüz kimi, yanılmışdı.

Sual: Heydər Əliyeviç, axı buna nail olmaq üçün təkcə silahlı qüvvə azdır, sosial dayaq da olmalıdır.

Cavab: Bilirsiniz, bunlar pozulmuş adamlardır, onlardan ötrü sosial dayaq məfhumu yoxdur. Axı onlar ümumxalq hiddətinin, özlərinə qarşı nifrətin təzahürünü televiziya vasitəsilə görürdülər. Bununla belə, o güman edirdi ki, silah gücünə hakimiyyəti ələ alacaq və ölkəni idarə edəcək.

Sual: Heydər Əliyeviç, bəs vətəndaş birliyi deyilən bədnam qurumun Moskvadakı liderləri necə? Onların Azərbaycana qaytarılması üçün, başqa dövlətdə yaşayaraq Azərbaycan əleyhinə antidövlət fəaliyyəti göstərmələrinə son qoymaq üçün hansısa tədbirlər görmək niyyətindəsinizmi?

Cavab: Azərbaycan prokuroru Rusiya Federasiyasının prokurorluğuna rəsmi qaydada müraciət etmişdir. Lakin belə bir bürokratik cavab almışdır ki, onların harada yaşadıqlarını müəyyənləşdirirlər. Halbuki yerləri məlumdur (jurnalistlər onların yanına gedirlər, onlar müsahibə verirlər). Mən bu məsələ barədə prezident Boris Yeltsinə müraciət etdim. Mənə dedi ki, o da göstəriş verəcəkdir. Lakin hələlik heç nə etməmişdir. Bəlkə də, onların orada qalması kiməsə sərfəlidir.

Sual: Heydər Əliyeviç, zəhmət olmasa deyin, necə bilirsiniz, əllərdə hələ silah çoxdurmu və daha hansı profilaktik iş görmək lazımdır?

Cavab: Təəssüf ki, əllərdə silah çoxdur. Bu, təkcə XTPD-yə məxsus silah deyil, başqa silahlar da var. Məsələn, Qazaxda XTPD-çilər polis şöbəsindən birdəfəyə 267 avtomat götürərək müxtəlif adamlara, lap cavan uşaqlara paylamışlar. Bu gün dedilər ki, 160 və ya 170 nəfəri həbs olunmuşdur. Lakin orada həmin polis dəstəsindən olanlar cəmi 60 nəfər idi, qalanları isə bu işə cəlb olunmuş adamlardır. Amma hamısı həbs edilməmişdir. Deməli, əllərdə silah var. Cürbəcür yollarla əldə edilmiş başqa silahlar da var. Lakin biz bunların hamısını yığmaq üçun tədbirlər görürük və görəcəyik.

Sağ olun.

Tarixi arayış