Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin qurulmasının 79-cu ildönümü münasibətilə təşkil olmuş mərasimdə nitqi - "Gülüstan" sarayı, 30 oktyabr 2002-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Sizi Türkiyə Cümhuriyyətinin qurulmasının 79-cu ildönümü münasibətilə təbrik edirəm, qardaş türk xalqına sülh, əmin-amanlıq və rifah arzulayıram.

Türkiyə Cümhuriyyətinin qurulması XX əsrin ən böyük tarixi hadisələrindən biridir. Birinci dünya müharibəsindən sonra, Osmanlı İmperiyasının dağılmasından sonra, dünyada yaranmış ağır bir şəraitdə, Türkiyə üçün çox çətin bir dövrdə Türkiyənin böyük insanları - böyük Mustafa Kamal Atatürk və onun silahdaşları 1923-cü ildə Türkiyə Cümhuriyyətini qurmuşlar. Bu, böyük tarixi hadisədir, ona görə ki, bir çox əsrlər Osmanlı İmperiyasının dövlət sistemi şəraitində yaşamış xalq artıq özünün hansı yolla getməsini o vaxt çox aydın dərk etdi. Bunu edənlər - Atatürk və onun silahdaşları tarixi bir iş görmüşlər.

Çox sevindirici haldır ki, cümhuriyyət qurulandan sonra ilbəil, ardıcıl surətdə inkişaf etmişdir. Baxmayaraq ki, dünyada o illər çox ağır proseslər getmiş, Birinci dünya müharibəsinin yaraları hələ sağalmamış faşizm kimi dəhşətli bir cərəyan meydana çıxmışdı, Türkiyə Cümhuriyyəti tutduğu yolla getmiş, yaşamış, inkişaf etmiş, öz prinsiplərini qorumuş, saxlamış və Türkiyə böyük, əzəmətli, qüdrətli bir dövlətə çevrilmişdir.

İkinci dünya müharibəsində Türkiyənin apardığı doğru və düzgün siyasət Türkiyə Cümhuriyyətini bir daha ağır sınaqlardan qorumuşdur. Biz bu gün Türkiyə Cümhuriyyətinin 79-cu ildönümünü bayram edərək, iftixar hissi ilə deyə bilərik ki, Türkiyə dünyada böyük bir dövlətdir, güclü iqtisadiyyata malikdir, demokratik, hüquqi, dünyəvi dövlətdir, dünya birliyində öz yerini tutmuşdur və dünyada gedən proseslərdə fəal iştirak etməkdədir.

Türkiyə Cümhuriyyətinin iqtisadiyyatı, xüsusən, 1970-1980-ci illərdə çox sürətlə inkişaf etmişdir. O illər dünyada, xüsusən keçmiş Sovetlər İttifaqında Türkiyə möcüzəsi kimi bir anlayış meydana çıxmışdı. Hamı bu möcüzəni anlamaq istəyirdi. Türkiyənin təcrübəsini araşdırırdı, onun təcrübəsindən istifadə etməyə çalışırdı. Bu, sadə bir şey deyildir. Bu, türk xalqının və onun liderlərinin dünyada gedən proseslərlə nə qədər uyğunlaşdığını göstərir. Bazar iqtisadiyyatının inkişaf etdirilməsi sahəsində o illərdə Türkiyədə həyata keçirilən islahatlar böyük sıçrayış yaratdı.

Biz həmişə Türkiyə ilə fəxr etmişik. Bəzən Türkiyədən çox uzaq olarkən, Türkiyəni yaxından görməyərkən, orada gedən prosesləri çox bilməyərkən də bizim xalqımız, Azərbaycan xalqı həmişə Türkiyəyə, türk xalqına böyük məhəbbət hissləri bəsləmişdir. Bunun səbəbi aydındır. Bizim xalqlarımız bir kökə mənsubdur, çox dəyərli müştərək tarixi keçmişimiz var. Dilimizin, dinimizin, adət-ənənələrimizin eyni, yaxud bənzər olması həmişə bizi doğmalaşdırıbdır. Buna görə, dediyim kimi, xalqımız həmişə Türkiyəyə məhəbbət hissi ilə yaşamış və onunla qovuşmaq arzusunda, həsrətində olmuşdur.

Nəhayət, Azərbaycan dövlət müstəqilliyini əldə edərkən və hətta bunun ərəfəsində Türkiyə ilə Azərbaycan arasında əlaqələr artıq qurulmağa başlamışdır. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olmuşdur. Ancaq tanımaq azdır, Azərbaycanın müstəqil dövlət kimi yaşaması üçün Türkiyə ilk günlərdən bizə əlindən gələn köməyi etmişdir. Beləliklə, bizim tarixi dostluğumuz, qardaşlığımız, keçmişdəki bütün sahələrdə olan çox gözəl əlaqələrimiz indi dövlətlərarası əlaqələr şəklində inkişaf etməyə başlamışdır.

Biz 11 ildir müstəqillik dövrünü yaşayırıq. Bir neçə gün bundan öncə dövlət müstəqilliyimizin 11-ci ildönümünü bayram etdik. Bu illər bizim üçün heç də asan olmayıbdır. Biz ağır, çətin, ancaq şərəfli bir yol keçmişik. Məhz ona görə şərəfli yol keçmişik ki, biz müstəqil dövlət kimi yaşamışıq. Bu, bizim üçün hər şeydən üstün olub və üstündür. Hər şeydən qiymətli olub və qiymətlidir. Müstəqillik dövründə Türkiyə ilə Azərbaycan daim bir yerdə olubdur. Türkiyə Azərbaycana hər cür yardımlarını edibdir.

İndi artıq Türkiyə ilə Azərbaycanı bir-birindən ayırmaq olmaz. Azərbaycanda indi nə qədər Türkiyə vətəndaşı yaşayır və Türkiyədə nə qədər Azərbaycan vətəndaşı yaşayır. Bunu saymaq da mümkün deyildir. Buna ehtiyac da yoxdur. Bu, təbii bir prosesdir. Ancaq iş təkcə bunda deyil, iş ondadır ki, biz dövlətlər olaraq bir-birimizlə sıx bağlıyıq, sıx əlaqədəyik.

Türkiyə Cümhuriyyətinin dünyaya nümayiş etdirəsi çox gözəl nailiyyətləri var: yüksək səviyyədə qurulmuş bazar iqtisadiyyatı, demokratik, hüquqi dövlət quruluşu, təhsil, səhiyyə və bütün başqa sahələrdə əldə etdiyi nailiyyətlər. Bunlarla yanaşı, Türkiyənin ən böyük nailiyyətlərindən biri də odur ki, onun çox güclü, qüdrətli ordusu var. Türkiyənin ordusu böyük Atatürkün türk xalqına qoyub getdiyi ən böyük nemətlərdən biridir. Türk xalqı öz ordusu ilə fəxr edir. Biz də eyni dərəcədə fəxr edirik. İki il bundan öncə Türkiyə Silahlı Qüvvələri Komandanının rəhbərliyi altında "Türk ulduzları"nın Azərbaycana gəlməsi və burada öz böyük nailiyyətlərini nümayiş etdirməsi, həm Azərbaycan üçün böyük mənəvi dayaq oldu, həm də bütün dünyaya Türkiyənin ordusunun, onun yüksək səviyyədə olan əsgərlərinin qüdrətini bir daha nümayiş etdirdi.

Biz dövlət quruculuğunda, iqtisadiyyatın inkişaf etdirilməsində, ordu quruculuğunda və bir çox başqa sahələrdə Türkiyə ilə çox sıx əməkdaşlıq edirik. Türkiyənin təcrübəsi ötən illərdə bir çox hallarda bizim üçün örnək olmuş və müstəqil dövlət kimi yeni təsisatların, demokratik təsisatların yaradılmasında bizə çox gözəl yardım etmişdir. Bütün bunlara görə bugünkü bayram təkcə Türkiyənin bayramı deyil, bizim də bayramımızdır. Bunu başqa cür qiymətləndirmək də mümkün deyildir.

Dostluq, qardaşlıq Azərbaycan üçün həm bu gün, həm də gələcək illərdə böyük dayaqdır və dayaq olacaqdır.

Ermənistanın Azərbaycana etdiyi təcavüzün nəticəsində Azərbaycanda baş vermiş vəziyyət bizi narahat etdiyi kimi, Türkiyəni də həmişə narahat etmişdir. Türkiyə bu münaqişənin həll olunması üçün ötən illərdə bizimlə bərabər fəaliyyət göstərmişdir. Türkiyə Minsk qrupunun üzvüdür və bu imkandan da çox istifadə etmişdir və bu gün də bizimlə əməkdaşlıq edir. Əminəm ki, Azərbaycanın bu ağrılı probleminin həll olunmasında Türkiyə Azərbaycana öz yardımını heç vaxt əsirgəməyəcək və Azərbaycanla bir yerdə olacaqdır. Məhz bunların nəticəsində biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə nail olacağıq və nəyin bahasına olur-olsun, Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik, işğal olunmuş torpaqları azad edəcəyik. Uzun illər çox ağır vəziyyətdə yaşayan vətəndaşlarımızı öz yerlərinə-yurdlarına qaytaracağıq.

Mən bu gün sizinlə birlikdə bu bayramı qeyd etməyə çox böyük hisslərlə gəlmişəm. Çox böyük qardaşlıq hissləri ilə sözlərimi deyirəm və sizin hamınızı, bütün türk xalqını, Türkiyə Cümhuriyyətini, hökumətini bir daha ürəkdən təbrik edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, Türkiyə XXI əsrdə də həmişə irəlidə gedən ölkələrdən biri olacaq və Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı daimi, əbədi və sarsılmaz olacaqdır.

Bayramınız mübarək olsun!

"Azərbaycan" qəzeti, 1 noyabr 2002-ci il.