Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin Amerika Birləşmiş Ştatlarındakı səfiri Baki İlkinlə görüşü zamanı söhbətindən - Vaşinqton, 20 fevral 2000-ci il


Baki İlkin: O gün Sizin üçün uzun bir gün idi. Çünki bütün günü - səhərdən axşama, gecə yarıya qədər görüşləriniz, danışıqlarınız vardı. Mən də, bütün Ankara da Sizin səhhətinizi izləyirik. Elə bir ciddi şey olmadığını bilirəm.

Heydər Əliyev: Hopkins Universitetinin klinikasında baxdılar və bildirdilər ki, katarakt var, onu götürmək lazımdır.

Baki İlkin: Bizim sayın cümhur başkanı da o göz klinikasına gəlmişdi. Çox yaxşı bir yerdir.

Heydər Əliyev: Bilirəm, mənə söyləmişdi.

Baki İlkin: Hörmətli prezidentim, mənim sayın cümhur başkanım Süleyman Dəmirəl, məclis başkanımız sayın Akbulut, baş bakanımız sayın Ecevit və xarici işlər nazirimiz sayın Cəm Sizə "Keçmiş olsun" deyirlər. Məni qəbul etdiyiniz üçün təşəkkürümü bildirirəm. Onların məktublarını Sizə təqdim etmək istəyirəm. Sizin sağlığınız, səhhətinizin yaxşı olması bizim sağlamlığımızdır, - desəm, bu, çox bəsit səslənər. Amma Sizi sonuncu dəfə gördüyümdən daha da yaxşısınız. O vaxt Sizi Klivlenddə görmüşdüm, cərrahiyyə əməliyyatından sonra idi. İndi isə, maşallah, Sizi çox yaxşı gördüm. İnşallah, Azərbaycan Sizdən neçə-neçə illər xidmət gözləyir.

Heydər Əliyev: Hörmətli dostum, qardaşım Süleyman Dəmirəl mənə həmişə dostluq qayğısı göstərir. Mən Klivlenddə olanda da o mənə tez-tez telefon edirdi, danışırdıq, görüşürdük. Siz oraya xüsusi olaraq gəldiniz, məni ziyarət etdiniz. Mən buraya gələndə də onunla danışmışdıq, söhbət etmişdik. Çünki mən burada prezident Bill Klintonla, başqa adamlarla görüşlərimdə çox məsələləri müzakirə edirəm. Bu barədə də hörmətli cümhur başkanı Süleyman Dəmirəllə söhbətlərimiz olmuşdur.

Mən burada Klintonla görüşəndən sonra telefon etdim, xüsusən Bakı-Ceyhan boru xətti barədə danışdıq. Çünki burada çox tələsdirirlər, istəyirlər ki, bu iş tez getsin. Biz də istəyirik, Türkiyə də istəyir. Amma gürcülər bəzi problemlər yaradıblar. İndi bizim nümayəndə heyətləri - Türkiyədən, Gürcüstandan gəlmiş və Azərbaycanın nümayəndə heyətləri bunları Bakıda müzakirə ediblər və həll olunacaqdır.

Başqa çox məsələlər də var. Türkiyə ilə Azərbaycan arasında olan dostluq, qardaşlıq əlaqələri və şəxsən mənimlə hörmətli cümhur başkanı Süleyman Dəmirəl arasındakı dostluq, qardaşlıq əlaqələri onu tələb edir ki, biz həmişə əlaqə saxlayaq, məsləhətləşək.

Çox məmnunam ki, bu gün siz gəlmisiniz və məni ziyarət edirsiniz, həm də mənim dostlarımdan mesajlar gətirmisiniz. Sizə çox təşəkkür edirəm. Bilirəm ki, burada bizim səfirliklə də sıx əməkdaşlıq edirsiniz. Bu da təbiidir. Çünki hər bir ölkədə bizim elçiliyimizin, səfirliyimizin bir nömrəli dostu Türkiyənin elçisidir. Burada gördüyünüz işlərə görə də təşəkkürümü bildirirəm.

Azərbaycan müstəqillik, istiqlaliyyət əldə edəndən sonra heç bir yerdə elçiliyi yox idi. Elçilikləri yaradanda Türkiyə elçiliklərinin yardımı ilə - burada, Vaşinqtonda da, başqa yerlərdə də belə idi - işləyirdilər. Bu, artıq keçən dövrdür. Amma indi də gərək dost dostla görüşsün, məsləhətləşsin, danışsın. Bizim elçinin də belə təlimatı var ki, daim sizinlə əlaqədə olsun.

Baki İlkin: Eyni təlimat məndə də var. Sizin hörmətli elçi mükəmməl iş görür. Çox yaxın əlaqədəyik. Azərbaycanı da ən gözəl şəkildə təmsil edir. Mən də zaman-zaman onunla məsləhətləşirəm.

Hörmətli prezident, Siz buraya Azərbaycanın ehtiyaclarını, çətinliklərini, uğurlarını anlatmaq mənasında çox vacib bir vaxtda gəldiniz və zənnimcə, çox da faydalı görüşləriniz oldu, çox işlər gördünüz. İndi Azərbaycanı əvvəlkindən daha yaxşı tanıyırlar və Azərbaycanın əhəmiyyəti də başa düşülür. Doğrudur, səfirlər də müəyyən işlər görürlər, lakin prezidentlər, baş nazirlər səfər edəndə ölkəni daha yaxşı tanıdırlar.

Bu baxımdan Sizi burada görməkdən mən özüm də çox məmnunam. Türkiyənin böyük elçiliyi Azərbaycan böyük elçiliyinə qardaşdır və öz adımdan deyirəm ki, nə etmək lazımdırsa, hər zaman buna hazırıq. Hörmətli prezident deyəndə ilk öncə üç kişini düşünürəm: Süleyman Dəmirəl, Siz və sayın Rauf Denktaş.

Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Burada prezident Klinton ilə çox dəyərli danışığımız, söhbətlərimiz oldu. Orada xanım Olbrayt da, Semüel Berger də, digərləri də vardı. Yəni böyük bir heyət idilər. Çox dəyərli söhbətlərimiz oldu və bu, indi bizim üçün çox lazımdır. Xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması, 907-ci maddənin, - onun aradan qaldırılması üçün neçə ildir sizinlə bərabər çalışırıq (Baki İlkin: Bu, mənim də problemimdir), sənin də problemindir, - onun götürülməsi, yenə də deyirəm, Xəzər dənizinin enerji ehtiyatlarının daha da geniş işlənilməsi və Bakı-Ceyhan boru xətti barəsində söhbətimiz oldu.

Siz dinlədiniz, mən orada söylədim ki, neftdən başqa biz çoxlu qaz yataqları da açmışıq. Mən mətbuat üçün məlumatlara baxıram, - indi "Bi-Pi/AMOKO"da özləri, heç bir şey gözləmədən Azərbaycandan Türkiyəyə qaz borusu çəkmək, qaz çıxarmaq istəyirlər. Bu şirkət "Şahdəniz" yatağında işləyir. Ancaq başqa bir yerdə Amerikanın "Şevron" Şirkəti işləyir və deyirlər ki, oradan da çoxlu qaz çıxaracağıq.

Baki İlkin: Allah daha da artıq eləsin.

Heydər Əliyev: Bu, hələ iki yataqdır. Amma bizim belə yerlərimiz çoxdur. 19 müqavilə imzalamışıq. Ona görə də zaman-zaman bunlar artacaqdır.

Bu məsələləri prezident Klintonla çox ətraflı müzakirə etdim. Çox əhəmiyyətli görüş oldu. Mən bu səfərimdən çox məmnunam, çox lazımlı bir səfər oldu. Davosda mən prezident Klintonla görüşdüm, qısa danışdıq. Orada razılaşdıq ki, mən buraya gəlim və geniş danışaq. İndi belə imkan oldu. Cons Hopkins Universitetində çox adam toplaşmışdı. Mən geniş nitq söylədim, yəni Azərbaycanın bugünkü gününü tanıtdım. Ticarət Palatasının təşkil etdiyi axşam yeməyində sizinlə iştirak etdik, orada da çox geniş məlumat verdim.

Dünən, o birisi gün çıxan qəzetlərə baxıram. Bütün dünya mətbuatı Heydər Əliyevin Amerikaya səfəri, prezident Klintonla görüşü, danışıqları, Bakı-Ceyhan, Xəzər dənizi və s. barədə yazır. Təkcə Amerika mətbuatında deyil, Avropa mətbuatında, hər yerdə və təbiidir ki, Türkiyə mətbuatında da bu barədə yazırlar. Ona görə də bu, çox əhəmiyyətlidir.

Baki İlkin: Hörmətli prezident Klinton bizim bölgəmizin, müştərək bölgəmizin əhəmiyyətini daha yaxşı bilərək hər işdə bizə dəstək olmağa çalışır. Bildiyiniz kimi, onun nümayəndələrindən biri bu yaxınlarda Cənubi Qafqaza və Türkiyəyə səfər etmişdir. Həqiqətən, Azərbaycan Qafqazda sülh, sabitlik və əmin-amanlıq olması üçün çox önəmli rol oynayacaqdır. İnşallah, Sizin səylərinizlə Qarabağ məsələniz də həll ediləcək, köçkünlər öz yerlərinə qayıdacaq və Azərbaycanın ərazi bütövlüyü yenidən bərpa olunacaqdır. Azərbaycanın uğurları bizim sevincimizdir. Şəxsən mən Azərbaycanı və Türkiyəni bir evin ayrı-ayrı otaqlarında yaşayan iki qardaş hesab edirəm. Otaqlarımız ayrı-ayrı olsa da qəlbimiz birdir.

Sayın cümhur başkanım, mən yaxından izləyirəm, - Siz Azərbaycana həqiqətən böyük xidmətlər göstərmisiniz. Bütün arzu və təmənnam budur ki, Azərbaycan xalqına bundan sonra da uzun illər xidmət edə biləsiniz, Azərbaycan xalqı da Sizin xidmətlərinizdən daim faydalana bilsin.

Gördüyünüz kimi, buraya gəldiyiniz gündən Vaşinqton sayın Heydər Əliyevdən danışır. Bu sevinci sayın Dəmirəllə də yaşadıq. Siz burada da Türkiyənin daim diqqət mərkəzindəsiniz. Məni qəbul etdiyinizə görə təşəkkürümü bildirir və cərrahiyyə əməliyyatı ilə əlaqədar bir daha "keçmiş olsun" deyirəm. İlk fürsət düşən kimi Sizi bir daha görmək istəyirəm. Sağ olun.

Heydər Əliyev: Çox sağ olun. Hörmətli dostum, qardaşım Süleyman Dəmirələ, hörmətli dostum Bülənd Ecevitə, hörmətli dostum Yıldırım Akbuluta, xarici işlər naziri, hörmətli İsmayıl Cəmə mənim salamlarımı və ehtiramımı çatdırın. Mesajlarına görə onların hər birinə və məni ziyarətinizə görə sizə təşəkkürümü bildirirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 23 fevral 2000-ci il.