Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Necdət Sezərin adından Türkdilli ölkələrin dövlət başçılarının şərəfinə təşkil edilmiş rəsmi qəbulda çıxışı - İstanbul, Dolmabaxça sarayı, 26 aprel, 2001-ci il


Hörmətli Cümhur başqanı Əhməd Necdət Sezər!

Hörmətli Cümhur başqanları!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Buraya, VII zirvə görüşünə toplaşmış Cümhur başqanları mənə təklif etdilər ki, onların adından və öz adımdan bir neçə kəlmə söz deyim. Mən bu səlahiyyəti çox məmnunluqla qəbul etdim. Çünki hər dəfə Türkiyə haqqında, Türkiyə Cümhuriyyəti, Türkiyə xalqı haqqında və Türkiyə cümhurbaşqani haqqında söz demək mənim qəlbimdən gəlir. Öncə bildirmək istəyirəm ki, türkdilli dövlətlərin başçılarının VII zirvə görüşü artıq sona çatmaqdadır və biz hamımız, yəni buraya toplaşmış Cümhur başqanları, məclis başqanı, nümayəndə heyətlərinin digər üzvləri bu zirvə görüşünün təşkilindən və aparılmasından çox məmnunuq.

Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşünün əsası 1992-ci ildə Türkiyənin təşəbbüsü ilə Ankarada qoyulmuşdur. 9 il keçib və biz bu gün böyük məmnunluq hissi ilə deyə bilərik ki, ötən illərdə nə qədər çətin və ağır proseslər olsa da, türkdilli dövlətlər inkişaf ediblər, öz dövlət müstəqilliklərini qoruyublar, suverenliyini qoruyublar və Türkdilli Dövlətlər Birliyi daha yüksək zirvələrə çatıbdır. Türkdilli Dövlətlər Birliyinin təməli Türkiyədə qoyulmuşdur və ötən 9 il ərzində bu birliyin yaşaması üçün, işbirliyimizin genişləndirilməsi üçün və xalqlarımızın bir-birinə yaxınlaşdırılması üçün Türkiyə Cümhuriyyətinin, türk xalqının, Türkiyənin böyük xidmətləri olmuşdur.

Türkdilli Dövlətlər Birliyinə qatılmış hər bir ölkə bərabər- hüquqludur, ancaq Türkiyə bu birliyin daha da güclü olmasını, daha da inkişaf etməsini təmin edən ən qabaqcıl ölkədir. Biz hər dəfə Türkiyəyə gələndə böyük məmnunluq hissi duyuruq və türk qardaşlarımızla görüşərkən özümüzü çox bəxtiyar hiss edirik. Bizi sevindirən odur ki, Türkiyə Cümhuriyyəti 1923-cü ildən, cümhuriyyət yaranandan indiyə qədər çox sürətlə inkişaf edibdir və dünyanın ən böyük dövlətlərindən biri kimi, son illərdə həm iqtisadi, həm siyasi, həm də digər sahələrdə Dünya Birliyində öz yerini tutubdur. Bunun əsas səbəbi ondan ibarətdir ki, Türkiyə Cümhuriyyətinin banisi, böyük öndər Mustafa Kamal Atatürk elə bir cümhuriyyət yaradıbdır ki, o, daim yaşayacaq, daim inkişaf edəcəkdir. Bizi ən çox sevindirən də odur ki, türk xalqı, Türkiyə Cümhuriyyəti, Türkiyənin aparıcı qüvvələri Atatürkün vəsiyyətlərinə sadiqdirlər və Türkiyəni Atatürkün qoyduğu yolla irəliyə aparırlar.

Biz bu görüş zamanı - dünən Türkiyəyə gələndən indiyədək burada böyük qonaqpərvərlik, sevgi, məhəbbət və dostluq hissləri görürük. Bu da bizim hamımızı çox məmnun edir. Bütün bunların təşkilatçısı, yaradıcısı Türkiyənin Cümhur başqanı, bizim əziz dostumuz, qardaşımız Əhməd Necdət Sezərdir. Ona görə də biz hamımız əziz dostumuz, qardaşımız, Cümhur başqanı Əhməd Necdət Sezərə qəlbimizdən gələn hissləri və ən xoş arzularımızı, təşəkkürümüzü bildiririk və ona gələn illərdə də - Cümhur başqanlığının birinci ildönümü sona çatıb - yeni-yeni uğurlar arzulayırıq. Bizim hamımız Türkiyə hökumətinə, Türkiyənin rəhbərlərinə, Türkiyə xalqına öz sevgi və məhəbbətimizi bildiririk və bizə göstərilən qonaqpərvərliyə görə dərin təşəkkürümüzü ifadə edirik. Türkiyə bizim üçün ikinci vətəndir. Ona görə də Türkiyədə olarkən hər birimiz özümüzü öz vətənimizdə hiss edirik.

Mən rica edirəm, bu badələri türk xalqının şərəfinə, Türkiyə Cümhuriyyətinin şərəfinə, Türkiyə hökumətinin şərəfinə və Türkiyənin hörmətli Cümhur başqanı, əziz dostumuz Əhməd Necdət Sezərin şərəfinə, əziz dostlar, sizin şərəfinizə qaldıraq.