|
İkitərəfli siyasi münasibətlər - Azərbaycanla Avstriya Respublikası arasında ikitərəfli siyasi münasibətlər 1992-ci ildə qurulub. Avstriya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 15-də tanıyıb. Diplomatik münasibətlər bundan sonra, 1992-ci il fevralın 20-də qurulub. Azərbaycanın Avstriyadakı səfirliyi 1995-ci il sentyabrın 1-də açılıb. Avstriyanın Azərbaycandakı səfirliyi isə 1998-ci ildə fəaliyyətə başlayıb və ilkin dövrdə Vyanada fəaliyyət göstərib, sonradan isə İstanbula köçürülüb. 2010-cu ildə Avstriyanın Azərbaycandakı səfirliyinin Bakıda fəaliyyətə başlayacağı gözlənilir.
Avstriyanın dövlət rəsmiləri ilə Azərbaycan Prezidenti Heydər Əliyev arasında görüşlər 1995-ci ildən etibarən başlayıb. 10-12 mart, 1995-ci il tarixdə BMT-nin Danimarkada keçirilən zirvə görüşündə Heydər Əliyev Avstriyanın federal kansleri Frans Vranitski ilə görüşüb. Görüş zamanı Heydər Əliyev Vranitskiyə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə ətraflı məlumat verib. Görüş zamanı Azərbaycanla Avstriya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri də müzakirə olunub. 8 may 1995-ci il tarixdə, Alman faşizmi üzərində qələbənin 50 illiyinə həsr edilmiş yubiley tədbirləri zamanı Heydər Əliyev Parisdə Avstriya Respublikasının Prezidenti Tomas Klestillə görüşüb. Görüş zamanı Avstiya-Azərbaycan münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları əsas müzakirə mövzuları olub.
Nəhayət, 9 iyul 1999-cu il tarixdə Avstriyanın xarici işlər naziri Volfqanq Şüssel Azərbaycanda rəsmi səfərdə olub. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan-Avstriya əlaqələri müzakirə mövzusu olub. Heydər Əliyev Avstriyanın Avropada mühüm rol oynadığını və ikitərəfli münasibətlərin Azərbaycanın tanınması üçün vacib olduğunu qeyd edib.
Avstriya-Azərbaycan münasibətlərində ən məhsuldar il isə 2000-ci il olub. 10 fevral 2000-ci il tarixində Heydər Əliyev Avstriyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Haydemariya Gürerin etimadnaməsini qəbul edib. 18 iyul 2000-ci il tarixində isə Heydər Əliyev ATƏT-in o vaxtkı sədri, Avstriyanın xarici işlər naziri xanım Benito Ferrero-Valdnerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycan Prezidenti ATƏT-in 1994, 1996 və 1999-cu ildə keçirilən zirvə görüşlərində Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğunu, amma problemin hələ də öz həllini tapmadığını vurğulayıb. Dövlət başçısı ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığı barədə beynəlxalq hüquq normalarının pozulduğunu və ATƏT-in prinsiplərinin hələ də yerinə yetirilmədiyini qeyd edib.
Heydər Əliyevin Avstriyaya ilk rəsmi səfəri isə 3-6 iyul 2000-ci il tarixində baş tutub. Səfər zamanı Heydər Əliyev Avstriya prezidenti Tomas Klestillə təkbətək görüş keçirib. Danışıqla zamanı Azərbaycan-Avstriya əlaqələrinin inkişafı və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunub. Səfər çərçivəsində prezidentlərin iştirakı ilə Azərbaycan və Avstriya hökumətləri arasında bir sıra sənədlər imzalanıb.
Avstriya səfəri zamanı Heydər Əliyev həmçinin Avstriyanın xarici işlər naziri Benita Ferrero-Valdnerlə, Vyana şəhərinin meri Mixael Hauplemlə, Avstriya parlamentinin sədri Haynts Fişerlə, federal kansler Volfqank Şüssellə və Avstriya Xarici Siyasət və Beynəlxalq Əlaqələr Cəmiyyətinin üzvləri ilə görüşlər keçirib. Azərbaycan-Avstriya əlaqələri Prezident İlham Əliyevin tərəfindən də davam etdirilərək, yüksək inkişaf mərhələsinə qədəm qoyub.
21 sentyabr 2004-cü il tarixində Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın baş prokuroru Valter Preslauyeri qəbul edib. Görüş zamanı İlham Əliyev Azərbaycan ilə Avstriya arasında əlaqələrin sürətlə inkişaf etdiyini nəzərə çarpdıraraq bildirib ki, bu əlaqələr müxtəlif sahələrdə və müxtəlif səviyyələrdə genişlənməkdədir. Prezident İlham Əliyev qeyd edib ki, beynəlxalq aləmin yeni təhlükələr, xüsusilə də beynəlxalq terrorizm kimi bəlalarla üzləşdiyini nəzərə alsaq, bu sahədə əməkdaşlıq çox əhəmiyyətli sayıla bilər. Azərbaycanın terrorizmin qurbanı olduğunu deyən İlham Əliyev ölkəmizin terrorizmə qarşı mübarizədə səylərin durmadan gücləndirilməsində çox maraqlı olduğunu vurğulayıb.
25 yanvar 2005-ci il tarixində isə Prezident İlham Əliyev Avstriyanın Dövlətin Qorunması və Terrorizmə Qarşı Mübarizə üzrə Federal Agentliyinin direktoru Gert-Rene Pollini qəbul edib. İlham Əliyev terror təhlükəsinin qlobal xarakter daşıdığını diqqətə çatdıraraq, Azərbaycanın terrorizmlə mübarizədə çox fəal iştirak etdiyini, regionda və dünyada sülhün, təhlükəsizliyin təmin edilməsi işinə öz töhfəsini verdiyini vurğulayıb. Gert-Rene Polli terrorizm ilə mübarizədə Azərbaycanın önəmli rol oynadığını vurğulayaraq, bu sahədə Azərbaycanla əməkdaşlığın Avstriya üçün böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
10 aprel 2006-cı il tarixində Prezident İlham Əliyev Avstriya Ali Məhkəməsinin sədri İohann Jeşutu qəbul edib. Görüşdə Azərbaycanın məhkəmə sisteminin Avropa standartlarına uyğunlaşdırılması əsas müzakirə predmeti olub. 20 sentyabr 2007-ci il tarixində isə İlham Əliyev Avstriyanın İqtisadiyyat və Əmək Naziri Martin Bartenştaynın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
İqtisadi əlaqələr: Avstriya ilə Azərbaycan arasında iqtisadi əlaqələr əsasən iqtisadiyyat, kənd təsərrüfatı, texnika və texnologiya sahələrini əhatə edir. İlham Əliyevin 10 avqust 2009-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. İki ölkə arasında enerji sahəsində böyük işlər görülür. Avstriya Avropa Birliyi tərəfindən dəstəklənən və Xəzər və Orta Asiya regionunun enerji ehtiyatlarının Avropa bazarına daşınması üçün irəli sürülən "Nabucco" layihəsinin həyata keçirilməsində əsas rol oynayan ölkələrdən biridir. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə 2009-cu ilin yanvar-iyul aylarında Azərbaycanla Avstriya arasında ticarətin dövriyyəsi 36,8 milyon ABŞ dolları təşkil edib.
Mədəni əlaqələr: Azərbaycan - Avstriya əlaqələrinin inkişafında Avstriyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri önəmli rol oynayır. Avstriyanın Vyana, Qrats, Zaltsburq, Lints şəhərlərində Azərbaycan - Avstriya dostluq cəmiyyətləri fəaliyyət göstərir. Dəfələrlə Azərbaycanın incəsənət xadimləri Avstriyada konsert veriblər. 2002 və 2005-ci illərdə Avstriyada Azərbaycan mədəniyyəti günləri keçirilib. Avstriyada Azərbaycanın böyük bəstəkarı Üzeyir Hacıbəyova heykəl qoyulub, onun müəllifi olduğu "Arşın mal alan" operettası Vyana teatrlarından birində avstriyalı artistlərin ifasında nümayiş etdirilib.
Avstriya ilə Azərbaycan bir sıra sahələrdə, xüsusilə də enerji təhlükəsizliyi sahəsində fəal əməkdaşlıq edirlər. Avropa Birliyinin üzvü kimi Avstriya Azərbaycanla AB arasında münasibətlərin inkişafında vacib rol oynayır. Avstriya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində həm ATƏT, həm BMT, həm də AB formatında öz səylərini göstərir. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq formatı ilə yanaşı, Azərbaycan və Avstriya ikitərəfli əlaqələri də yüksək səviyyədə inkişaf etdirə biliblər.
Ümumi tarixi arayış 5 aprel 2010-cu il tarixdə tərtib olunub.