Azərbaycan Prezidenti Heydər Əliyevin "Şevron" şirkətinin prezidenti Riçard Matske ilə görüşdə söhbətindən - Hyüston, "Vinham Varvik" oteli, 2 avqust 1997-ci il


Hörmətli cənab Matske!

İlk əvvəl Azərbaycan Respublikasına, onun prezidenti kimi mənim ünvanıma söylədiyiniz xoş sözlərə görə minnətdarlığımı və görüşümüzdən məmnun qaldığımı bildirirəm. Ağ evdə Azərbaycan Dövlət Neft Şirkəti ilə "Şevron" arasında müqavilə imzalanması münasibətilə Sizi təbrik edirəm.

Ağ evdə ilk dəfə olmağınızı və burada birinci dəfədir ki, belə bir müqavilə imzalandığını, bunda mənim rolumu nəzərə çarpdırdığınızı xüsusi vurğulayaraq deyirəm: bəli, mən Sizi Ağ evə apardım. Müqavilənin imzalanması mərasimində ABŞ-ın vitse-prezidenti Albert Qor, dövlət katibi xanım Olbrayt, energetika naziri Penya, ticarət naziri Deyli və yüksək vəzifəli digər şəxslər iştirak etdilər.

Cənab Bill Klintonla görüşüm zamanı "Şevron" şirkətinin Qazaxıstanın "Tengiz" yatağından hasil etdiyi neftin Xəzər dənizi vasitəsilə tankerlərlə Bakıya gətirilib buradan dünya bazarına çıxarılması barədə geniş söhbət açdım və bildirdim ki, bu ilin iyun ayında Qazaxıstana rəsmi səfərim zamanı cənab Nazarbayev ilə mən Tengiz neftinin Azərbaycana gətirilməsi üçün Xəzər dənizinin dibindən boru kəməri çəkilməsi barədə saziş imzalamışıq.

Onu da vurğulayıram ki, "Şevron"un "Tengiz"dən hasil etdiyi 300 min ton neftin Bakıdan dəmir yolu ilə Batumiyə yola salındığı barədə də prezident Bill Klintona məlumat verdim və ABŞ prezidenti bu məsələlərə böyük maraq göstərdi.

Cənab Matske, "Şevron" şirkətinin prezidenti kimi mən Sizin nəzərinizə çatdırmaq istərdim ki, Xəzərin dibindən çəkiləcək boru kəmərinin tikintisini sürətləndirmək çox vacibdir. Mən əminəm ki, Siz həmçinin Azərbaycanın qarşılaşdığı problemlərin həll olunmasında, o cümlədən ABŞ Konqresinin vaxtilə Azərbaycana qarşı qəbul etdiyi ədalətsiz 907-ci düzəlişin ləğv edilməsində öz köməyinizi əsirgəməyəcəksiniz. Konqresmen Piter Kinqin 907-ci düzəlişin ləğv olunması barədə irəli sürdüyü layihəni yüksək qiymətləndirməyiniz və onun həyata keçirilməsinə əməli kömək göstərəcəyinizə dair söylədikləriniz məndə olan bu inamı daha da artırdı. Bütün bunlara görə mən minnətdarlığımı bildirirəm və xatırladıram ki, ölkələrimizin əməkdaşlığının ABŞ-a bu rəsmi səfərimdə əsası qoyulmuş yeni mərhələsində Amerika şirkətlərinin daha fəal iştirak etməsi böyük əhəmiyyət daşıyır.

Bir daha nəzərə çatdırıram ki, bazar münasibətləri yolunu seçmiş respublikamızda sıx əlaqələr üçün geniş imkanlar vardır. Biz xarici ölkələrin bütün işgüzar dairələri ilə əməkdaşlığımızın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk. Azərbaycana qoyulan sərmayələrin hər iki tərəf üçün çox faydalı olacağına əminik.

"Azərbaycan" qəzeti, 6 avqust 1997-ci il