Azərbaycan Respulikasının Prezidenti Heydər Əliyev Şəhidlər Xiyabanını ziyarət etmişdir - 31 mart 2002-ci il


Martın 31-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş mərd mübarizlərin uyuduğu müqəddəs Şəhidlər xiyabanını ziyarət etdi.

Xiyabana dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, dini icmaların, siyasi partiyaların rəhbərləri, ictimaiyyətin nümayəndələri, şəhər sakinləri toplaşmışdılar.

Xiyabanda fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti Heydər Əliyev «Əbədi Məşəl» abidəsinin önünə əklil qoydu, soyqırım qurbanlarının, şəhidlərin xatirəsini dərin ehtiramla yad etdi.

Müdafiə Nazirliyi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni əzəmətlə səsləndi.

Prezident Heydər Əliyev dövlət və hökumət nümayəndələri ilə, səfirlərlə səmimiyyətlə görüşdü. Səfirlər respublikamızın rəhbərinə bu kədərli gün münasibətilə başsağlığı verdilər.