Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Baş nazirinin baş müşaviri, keçmiş dövlət naziri, Xoca Əhməd Yasəvi adına Beynəlxalq Türk-Qazax universitetinin idarə heyətinin sədri Namiq Kamal Zeybək ilə görüşü - Prezident sarayı, 29 may 2002-ci il


Azərbaycan Prezidenti Heydər Əliyev qonağı səmimiyyətlə salamlayaraq hal-əhval tutdu, onunla tanışlığının on ilinin tamam olduğunu vurğuladı.

Səmimi qəbula görə Prezident Heydər Əliyevə dərin minnətdarlığını bildirən Namiq Kamal Zeybək dedi ki, cənab Prezident, ürəyimiz daim Azərbaycanda, Sizin yanınızdadır. Hörmətli Süleyman Dəmirəl hələ o zaman mənə demişdi ki, cənab Heydər Əliyevi çoxdan tanıyıram, çox ağıllı bir insandır. Görəcəksən, Azərbaycan onu özünə rəhbər seçəcək, Azərbaycanın cümhur başqanı olacaqdır.

Qonaq Bakıdakı Asiya Universitetinin fəxri doktoru adına layiq görüldüyü barədə də məlumat verdi.

Respublikamızın rəhbəri Heydər Əliyev cənab Süleyman Dəmirəl ilə şəxsi tanışlığının tarixindən söhbət açaraq, Naxçıvanda olarkən Türkiyənin rəhbərləri ilə telefon danışıqlarından, Naxçıvan ilə Türkiyə arasında tikilmiş dostluq körpüsünün əhəmiyyətindən bəhs etdi, 1992-ci ildə Prezident Turqut Özal və Baş nazir Süleyman Dəmirəl, eləcə də Namiq Kamal Zeybək ilə görüşünü xatırladı, onların Naxçıvana göstərdikləri yardımları heç vaxt unutmayacağını söylədi.

Dövlətimizin başçısı hörmətli qonağı fəxri doktor adı alması münasibətilə təbrik etdi, onun digər universitetlərin də fəxri doktoru adına layiq olduğunu bildirdi, Türkiyə–Azərbaycan əlaqələrinin yaranması və inkişafındakı rolunu vurğuladı, Türkiyədən böyük Atatürk haqqında aldığı ilk gözəl kitabın müəllifinin də məhz o olmasını yüksək qiymətləndirərək dedi: Azərbaycanın prezidenti kimi, mən bilirəm ki, ölkəmiz hələ müstəqilliyini əldə etmədiyi bir vaxtda, Azərbaycanda Türkiyəyə sevgi-məhəbbət hər gün artdığı bir vaxtda Namiq Kamal Zeybək Mədəniyyət naziri kimi, çox işlər görmüşdür. Bunları Türkiyədə unutsalar da, biz unutmarıq, şəxsən mən unutmaram.

Xoş sözlərə görə minnətdarlıq edən, Azərbaycanda əldə olunan nailiyyətləri yüksək qiymətləndirən Namiq Kamal Zeybək dedi:

Cənab Prezident, Allah sizə uzun ömür versin ki, Azərbaycanda hər şey gözəl olsun. Azərbaycanda Sizin kimi görkəmli cümhur başqanı olduğu üçün biz çox sevinirik. Sizin zəkanız bizə də lazımdır. Allaha şükür edirik ki, Sizi bizə vermişdir, uzun müddət Azərbaycanın rəhbəri olmağınızı arzulayırıq. Bu, Türkiyə və Azərbaycan üçün vacibdir və bunu söyləməkdən fəxr duyuruq. Mən özümü təkcə Türkiyə vətəndaşı yox, həm də Azərbaycan vətəndaşı kimi hiss edirəm. Siz nə əmr edərsinizsə, onu yerinə yetirməyə hazıram.

Prezident Heydər Əliyev qonağa müraciətlə dedi ki, ölkəmizdə həmişə çox istənilən, arzu olunan və sevilən bir şəxs kimi, Azərbaycanda həmişə yeriniz vardır. Ümidvaram ki, kimin hansı vəzifə tutmasından asılı olmayaraq, bu əlaqələrimiz, dostluğumuz həm şəxsi münasibətlərimiz naminə, həm də Türkiyə–Azərbaycan dostluğu naminə davam edəcəkdir.