Azərbaycan Prezidenti Heydər Əliyevin İsveçrə Konfederasiyasının Prezidenti Adolf Oqi ilə görüşdəki söhbətindən - Davos, 28 yanvar 2000-ci il


Adolf Oqi:  Cənab prezident, xoş gəlmisirnz. Sizinlə görüşdən çox məmnunam. Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə gəldiyinizə görə Sizə minnətdarlıq edirəm.

Heydər Əliyev:  Qonaqpərvərliyə görə, cənab Oqi, Sizə təşəkkür edirəm. Əmin olduğumu bildirirəm ki, Davos İqtisadi Forumu iştirakçı ölkələr, o cümlədən Azərbaycan ilə İsveçrə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə kömək göstərəcəkdir.

Adolf Oqi: Müstəqil Azərbaycan Respublikasında, cənab prezident, Sizin rəhbərliyiniz ilə həyata keçirilən siyasi və İqtisadi islahatları yüksək dəyərləndirirəm. Mən ölkənizdə gedən prosesləri maraqla izləyirəm.

Heydər Əliyev: Hüquqi, demokratik, dünyəvi dövlət quran müstəqil Azərbaycan Respublikasının çətinlikləri çoxdur, ölkəmiz üçün ən ağrılı problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. 12 ildən bəri davam edən bu münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi, o cümlədən Dağlıq Qarabağ və onun ətrafında olan rayonlar Ermənistanhərbi hissələri tərəfindən işğal edilmişdir. Bu münaqişə zamanıbir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorlaqovulmuş, 7 ildən bəri çadırlarda ağır şəraitdə yaşayırlar.

Ermənistan-Azərbaycan müharibəsində 1994-cü ildən atəşkəs rejimi davam edir. Bu münaqişənin sülh yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu fəaliyyət göstərir. ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçıları İsveçrənin sədrliyi ilə 1996-cı ildə Lissabonda zirvə görüşü keçirdi. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması uçün orada prinsiplər qəbul olundu. ATƏT-in o vaxtkı icraçı sədri. İsveçrə nümayəndəsi Flavya Kottinin verdiyi bəyanat çox mühümdür. Həmin bəyanat Lissabon sammitində iştirak edən 53 ölkənin dövlət və hökumət başçıları tərəfindən qəbul olundu, təkcə Ermənistan bu sənədi imzalamadı.

ATƏT-in Lissabon zirvə görüşündə bu tarixi əhəmiyyətli sənədin qəbul olunmasına görə İsveçrə hökumətinə və xalqına öz dərin minnətdarlığımı bildirirəm. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün Minsk qrupu çərçivəsində və birbaşa danışıqlar aparılır, ATƏT-in İstanbul sammitində da bu barədə müəyyən müzakirələr gedir. Ölkəmiz bu təcavüz nəticəsində çox ağır problemlərlə üzləşsə də biz münaqişənin tezliklə sülh yolu ilə aradan qaldırılmasını istəyirik.

Biz ölkələrimiz arasında bir çox sahələrdə əlaqələri genişləndiririk. İsveçrənin Ey-Bi-Bi şirkətinin respublikamızda gördüyü işlərdən çox razıyam. Onu da deyim ki, İsveçrə şirkətlərinin Dağlıq Qarabağda saat istehsal etmək, zərgərlik işləri görmək, bank təsis etmək cəhdləri yolverilməzdir. Azərbaycan Xarici İşlər Nazirliyi bu barədə İsveçrə XİN-ə nota göndərmişdir.

Adolf Oqi: Mən bizim ölkəmizin şirkətlərinin bu hərəkətindən çox təəssüflənirəm. İsveçrə dövləti bu barədə lazımi tədbirlər görəcəkdir.