Türkiyə Cümhuriyyətinin Baş Naziri, Atatürk Beynəlxalq Sülh Mükafatı Komitəsinin Sədri cənab Bülənd Ecevitə - Bakı şəhəri, 16 aprel 1999-cu il


Hörmətli Baş Nazir!

"Atatürk Beynəlxalq Sülh Mükafatı"nın mənə verilməsindən hədsiz məmnunam. Bəşəriyyətin ən müdrik siyasətçilərindən olan dahi Mustafa Kamal Atatürkün xatirəsini əbədiləşdirən bu mükafat bütün Azərbaycan xalqı üçün xüsusilə qiymətlidir.

Azərbaycan Respublikasının prezidenti kimi dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, Ermənistan-Azərbaycan hərbi münaqişəsinin sülh yolu ilə həll olunması yolunda səylərimin, respublikada ictimai-siyasi sabitliyin bərqərar olmasına və bölgədə sülhün, əmin-amanlığın qorunmasına yönələn fəaliyyətimin belə yüksək mükafata layiq görülməsi mənim üçün olduqca xoşdur.

Bu mükafatı Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlığın parlaq təzahürü kimi qəbul edərək əmin olduğumu bildirirəm ki, bu önəmli hadisə ölkələrimizin və xalqlarımızın daha sıx əməkdaşlığına, regionda sülhün və sabitliyin bundan sonra da möhkəmləndirilməsinə xidmət edəcəkdir.

Hörmətli Baş nazir!

Atatürk mükafatı ilə mənim fəaliyyətimə verilən yüksək qiymətə, mənə, Azərbaycan xalqına göstərilən qayğı və diqqətə görə Sizə və Türkiyənin görkəmli dövlət, elm, ictimai və siyasi xadimlərinin daxil olduğu Atatürk Beynəlxalq Sülh Mükafatı Komitəsinin üzvlərinə dərin minnətdarlığımı bildirir, qardaş Türkiyə xalqına, onun hər bir vətəndaşına sülh, səadət və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.