Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika-Avrasiya Sənaye-Ticarət Palatasının sədri Yelena Teplitskaya ilə görüşdə söhbətindən - Çikaqo, "Hyyat recensi" oteli, 4 avqust 1997-ci il


Hörmətli xanım Teplitskaya!

İlk əvvəl xoş sözlərə və məni "İlin adamı" seçdiyinizə görə təşəkkür edirəm. Düzü, rəhbərlik etdiyiniz Amerika-Avrasiya Sənaye-Ticarət Palatasının belə qərar qəbul edəcəyini əsla gözləmirdim. Nəinki gözləmirdim, heç təsəvvürümə də gətirmirdim. Buna görə Sizə çox minnətdaram. Sizin Amerika biznesinin Azərbaycandakı təmsilçiləri dairəsinin bir qədər də geniş olması, kiçik və orta biznes nümayəndələrini də ölkəmizlə tanış etmək, hər bir ölkənin tərəqqisinin kiçik və orta biznesin tərəqqisinə əsaslanması barədə fikirlərinizlə tamamilə razıyam. Vurğulayıram ki, iki ölkə arasında əməkdaşlığı, xüsusən iqtisadi əlaqələri genişləndirmək üçün böyük imkanlar var. Biz əməkdaşlıq etməliyik və edəcəyik.

Hörmətli xanım Teplitskaya, Sizin Azərbaycana xarici sərmayələrin qoyuluşu, bunların əsasən hansı sahələri əhatə etməsi, Ermənistan-Azərbaycan münaqişəsi və başqa məsələlərlə bağlı suallarınıza cavab olaraq deyirəm ki, ölkəmiz dünya ölkələrinin üzünə açıqdır, Azərbaycana sərmayə qoymaq istəyən xarici şirkətlər üçün hər cür hüquqi-normativ baza yaradılmışdır. Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar bildirirəm ki, bu problem ATƏT-in Lissabon Zirvə görüşündə qəbul edilmiş prinsiplər əsasında sülh yolu ilə həll olunmalıdır.

Mənim Birləşmiş Ştatlara ilk rəsmi səfərim çərçivəsində apardığım danışıqlardan və keçirdiyim görüşlərdən sonra ABŞ Konqresinin vaxtilə Azərbaycana qarşı qəbul etdiyi ədalətsiz qərarın ləğv edilməsinə də böyük ümidlər yaranmışdır. Ümidvaram ki, 1997-ci ilin sonunadək Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə və ədalətsiz 907-ci düzəlişin aradan qaldırılmasına nail ola biləcəyik.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 2003, ХI cild, səh. 371-372