"Norveçin milli bayramı münasibətilə keçirilən rəsmi qəbulda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi" (Bakı, 17 may 2000-ci il) sənədinə tarixi arayış


İngiltərə-Danimarkanın hökmranlığından azad olan Norveç 1814-cü il mayın 17-də ilk konstitusiyasını qəbul edib. 1814-cü il Konstitusiyası indiyədək Norveçdə qüvvədədir və hər il mayın 17-si Konstitusiya Günü - Norveçin Milli bayramı kimi qeyd edilir.

Norveç Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 2 yanvar 1992-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər 5 iyun 1992-ci ildə qurulub. 1998-ci ilin iyul ayının 22-də Norveç Krallığının Azərbaycanda səfirliyi açılıb. (http://www.mfa.gov.az/) 

İki ölkə arasında əməkdaşlıq 90-cı illərin əvvəllərindən bu ölkənin "Statoil" neft şirkətinin Azərbaycanda fəaliyyətə başlamasından sonra genişlənib.

24-25 aprel 1996-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Norveçə rəsmi səfər edib. Səfər zamanı prezident Norveç kralı V Harold, Baş nazir Q.Bruntland, Norveç parlamenti-Stortinqin sədri K.Qrendal, xarici işlər naziri B. Qodol, energetika və sənaye naziri K.Stoltenberqlə görüşərək iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi haqqında fikir mübadiləsi aparıb. Səfər çərçivəsində vergi və kapital qoyuluşları barədə müqavilələr bağlanıb.

17 may 2000-ci ildə Norveç Konstitusiyasının 186-cı ildönümü münasibətilə Bakıda rəsmi qəbul keçirilib. Görüşdə çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev Norveç şirkətlərinin Azərbaycana gəlmiş xarici ölkələrin nüfuzlu şirkətləri ilə çox cəsarətlə rəqabət apardığını qeyd edərək hər iki ölkəni bir-birinə bağlayan, münasibətləri inkişaf etdirən amilin demokratiyaya, bazar iqtisadiyyatına, ümümbəşəri dəyərlərə sadiqlik olduğunu vurğulayıb.

16 may 2005-ci ildə AŞ üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Varşavadakı III Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Norveçin Baş naziri K.M. Bondeviklə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafı, o cümlədən "Statoil" Neft Şirkətinin Azərbaycandakı uğurlu fəaliyyətindən razılıq bildirilib. Kyel Maqne Bondevik Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsinin böyük hadisə olduğunu deyərək, bu layihəni dünyanın ən böyük layihələrindən biri kimi qiymətləndirib. İlham Əliyev təkcə enerji sektorunda yox, iqtisadiyyatın digər sahələrində də əlaqələrin inkişafı üçün imkanların olduğunu vurğulayıb.

Norveç Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq, insan haqları, dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin pozulmazlığı prinsipi əsasında həllinin tərəfdarıdır.

Norveç Azərbaycanın iqtisadi tərəfdaşlarından biridir. "Statoil" şirkəti hazırda Azərbaycanda "bp"-dən sonra ikinci böyük investordur.

22 yanvar 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında Norveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yon Ramberqin etimadnaməsini qəbul edib. Sonra Prezident İlham Əliyev ilə səfir Yon Ramberq arasında söhbət olub. Azərbaycan Prezidenti onu səfir kimi fəaliyyətə başlaması münasibətilə təbrik edərək xatırladıb ki, Norveç Krallığının Azərbaycanda səfirliyi uzun müddətdir fəaliyyət göstərir. Buna baxmayaraq, ölkələrimiz arasında əlaqələrin səviyyəsi bəzi sahələrdə qənaətbəxş deyildir. Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, yeni səfir fəaliyyətində bu əlaqələrin intensivləşdirilməsi və potensiala uyğun şəkildə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcək və bu işə öz töhfəsini verəcəkdir.

Ölkələr arasında humanitar əlaqələr də inkişaf edir. 2007-ci il martın 12-də Gədəbəydə Norveç hökuməti tərəfindən inşa edilən orta məktəbin açılış mərasimi keçirilib. Həmçinin 1994-cü ildən Azərbaycanda əsas fəaliyyəti tarixi abidələrin, qədim alban kilsələrinin bərpasından ibarət olan Norveç humanitar müəssisəsi fəaliyyət göstərir.

5 iyun 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında Norveçin dövlət katibi, neft sənayesi və energetika nazirinin müavini xanım Anita Utsetin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla Norveç arasında energetika sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb və bu əməkdaşlığın gələcəkdə də inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

29 aprel 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Norveçin xarici işlər naziri Yonas Qar Störenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Söhbət zamanı ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, Norveç nümayəndə heyətinin ölkəmizdə məhsuldar görüşlər keçirdikləri vurğulanıb. 

2 iyun 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Norveçin Dövlət katibi, neft və energetika nazirinin yeni müavini xanım Liv Monika Stabholtun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Liv Monika Stabholt Azərbaycanınistər regional, istərsə də iqtisadi potensial baxımından çox önəmli bir ölkə olduğunu vurğulayıb.

Eyni zamanda qonaqların gəlişinin bir səbəbi də Bakıda keçiriləcək 15-ci Beynəlxalq Xəzər neft və qaz sərgisində iştirak etməkdən ibarət olub. Qonaq Bakıda keçiriləcək 15-ci Beynəlxalq Xəzər neft və qaz sərgisinin qlobal neft sənayesində kifayət qədər əhəmiyyətli bir hadisəyə çevrildiyini deyib.Prezident İlham Əliyev Beynəlxalq Xəzər neft və qaz sərgisinə dünya ictimaiyyəti tərəfindən çox böyük marağın olduğunu məmnunluqla bildirib. 

Tarixi arayış 2 oktyabr 2008-ci ildə yeniləşdirilib.