Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Norveç Krallığının milli bayramı - Konstitusiya günü münasibətilə Norveçin Azərbaycandakı səfirliyində rəsmi qəbulda çıxışı - "Hyatt Recensi-Naxçıvan" mehmanxanası, 19 may 1997-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Mən sizi Norveç Krallığının milli bayramı - Konstitusiya günü münasibətilə təbrik edirəm, Norveç xalqına xoşbəxtlik, səadət arzulayıram.

1814-cü ildə qəbul olunmuş Konstitusiya ölkənin ondan sonrakı dövrdə müvəffəqiyyətli inkişafı üçün Norveç xalqının həyatında, onun tarixində çox yaxşı əsas yaradıbdır və ona görə də təbiidir ki, bu gün Norveç xalqının milli bayramı kimi qeyd olunur.

Biz Norveç xalqının, Norveç dövlətinin keçdiyi bu şərəfli yolu yüksək qiymətləndiririk və əldə etdikləri nailiyyətlər münasibətilə norveçliləri təbrik edirik.

Norveç xalqının, Norveç dövlətinin ən böyük nailiyyəti öz ölkəsində demokratik prinsiplərin yaranması və sürətlə inkişaf etməsi, Dünya Birliyində demokratik bir ölkə kimi nümunə olmasıdır. Mən bu gün Norveç xalqının, Norveç hökumətinin bu nailiyyətlərinə Azərbaycan xalqının hörmət və ehtiramını bildirirəm.

Hörmətli səfir qeyd etdi ki, bizim xalqlarımız, millətlərimiz gəncdir. Mən bununla bir o qədər də razı ola bilmərəm. Bizim millətlərimiz çox qədim tarixə malikdir. Ancaq dövlətlərimiz gəncdir və xüsusən Azərbaycan bir müstəqil dövlət kimi gəncdir. Bayramını qeyd etdiyimiz Norveç xalqı da Konstitusiya qəbul etdikdən sonra tarixi nöqteyi-nəzərdən qısa bir zamanda böyük nailiyyətlər əldə edibdir. Azərbaycan xalqı da öz dövlət müstəqilliyini əldə etdikdən sonra hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda çox uğurlu addımlar atıbdır. Bunlar bizim ölkələrimizi, xalqlarımızı, dövlətlərimizi bir-birinə bağlayan cəhətlərdir.

Eyni zamanda son illər Norveçlə Azərbaycan arasındakı əlaqələr iqtisadi əməkdaşlıq sahəsində görülən işlər nəticəsində çox sürətlə inkişaf edibdir. Mən bu bayram günü əməkdaşlığımızın səmərəli olduğunu bəyan etmək istəyirəm. Norveçin "Statoyl" şirkəti bu barədə çox işlər görüb. Onun Azərbaycan Dövlət Neft Şirkəti ilə və ümumiyyətlə Azərbaycan hökuməti, dövləti ilə gördüyü işləri yüksək qiymətləndirirəm. Ancaq "Statoyl"la yanaşı, Azərbaycanda Norveçin onlarca başqa şirkətləri fəaliyyət göstərməkdədir. Bu, sevindirici haldır. Bu əməkdaşlığın gələcəkdə də uğurlu olacağına inanırıq.

Azərbaycan qədim neft ölkəsidir. Ancaq Norveç neft ölkəsi kimi gəncdir. Lakin gənc olmasına baxmayaraq neft istehsalı sahəsində, xüsusən dənizdən, onun dərin yerlərindən neft hasil edilməsi sahəsində Norveç çox böyük nailiyyətlər əldə edibdir. Bu münasibətlə mən keçən il Norveçə rəsmi ziyarətimi böyük məmnuniyyətlə xatırlayıram və Norveç neft sənayesinin, xüsusən Stavangerdə "Statoyl" şirkətinin gördüyü işlərin Norveç üçün, ümumiyyətlə dünya neft texnologiyası üçün nə qədər əhəmiyyətli olduğunu xüsusi qeyd edirəm.

Keçən il mən Norveçdə səfərdə olduğum zaman ölkənizlə Azərbaycan arasında imzalanmış sənədlər dövlətlərimiz və hökumətlərimiz arasında əlaqələrin inkişaf etməsi üçün yaxşı əsas yaradır. Biz bu müqavilələrdən irəli gələn vəzifələrin həyata keçirilməsinə çox ciddi münasibət göstəririk və onların ardıcıl surətdə həyata keçirilməsini təmin edəcəyik. Ümidvaram ki, Norveç-Azərbaycan əməkdaşlığı gələcəkdə daha da uğurlu olacaqdır.

Bu bayram münasibətilə mən Sizi bir daha təbrik edirəm. Norveç xalqına, Norveç Krallığına səadət, xoşbəxtlik və bütün gələcək işlərində uğurlar diləyirəm.

Norveç-Azərbaycan əməkdaşlığının, dostluğunun şərəfinə badə qaldırıram. Sağ olun.


"Azərbaycana" qəzeti, 20 may 1997-ci il.