Azərbaycan Prezidenti Heydər Əliyev Gürcüstanın Hökumət Nümayəndə heyətini qəbul etmişdir - 9 noyabr 1998-ci il


Azərbaycan prezidenti Heydər Əliyev noyabrın 9-da Prezident sarayında dövlət naziri Vaja Lordkipanidzenin başçılığı ilə ölkəmizə rəsmi səfərə gəlmiş Gürcüstanın hökumət nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin rəhbəri Heydər Əliyev qonaqları səmimi salamlayaraq dedi ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq gündən-günə inkişaf edir. Bu yaxınlarda Türkiyə Cümhuriyyətinin 75 illiyi münasibətilə keçirilən bayram tədbirləri zamanı dostum Eduard Şevardnadze ilə yenidən görüşüb söhbət apardıq. Bu gün isə Gürcüstanın dövlət naziri Bakıda rəsmi səfərdədir. Cəsarətlə deyə bilərəm ki, Gürcüstan - Azərbaycan əlaqələri müstəqil ölkələr arasında olan dostluq, əməkdaşlıq əlaqələrinin ən yüksək zirvəsini nümayiş etdirir və nümunədir. Bu əlaqələr xalqlarımızın qədim dostluq və əməkdaşlıq əlaqələri, tarixi ənənələrimiz üzərində, ölkələrimiz müstəqillik qazandıqdan bəri son illərdə hər iki tərəfdən göstərilən səylər nəticəsində qurulubdur. Dövlət naziri vəzifəsinə yeni təyin olunmuş cənab Vaja Lordkipanidzenin xaricə ilk səfərlərindən birini Azərbaycana etməsi də əlaqələrimizin nə qədər sıx və dərin olduğunu göstərir.

Ölkəmizin rəhbəri əmin olduğunu bildirdi ki, Azərbaycan - Gürcüstan əlaqələri bundan sonra da inkişaf edəcəkdir. Bakıda aparılan danışıqlar və imzalanacaq sənədlər də bu məqsədi daşıyır.

Səmimi qəbul üçün minnətdarlıq edən Vaja Lordkipanidze Bakıya ilk dəfə gəlməsindən prezident Heydər Əliyev ilə görüşündən şərəf duyduğunu söylədi və Gürcüstan prezidenti Eduard Şevardnadzenin ölkəmizin rəhbərinə xoş salamlarını yetirdi. Ölkələrimiz arasında əlaqələrin qiymətləndirilməsi barədə dövlətimizin başçısının fikrinə şərik çıxan qonaq dedi ki, qarşılıqlı dostluq hisslərinə əsaslanan əlaqələr məhz bu cür inkişaf etməlidir. Əlaqələrimizin bu cür inkişafına dövlətlərimizə Heydər Əliyev və Eduard Şevardnadze kimi görkəmli şəxsiyyətlər başçılıq etdiyinə görə nail ola bilmişik. Nümayəndə heyətinin başçısı respublikamızın rəhbərinə müraciətlə vurğuladı ki, sizin həyatınız hamıya nümunədir və beynəlxalq aləm qarşısında xidmətləriniz əvəzsizdir. Sizin uğurlarınıza qəhrəmanlıq demək olar.

Cənab Lordkipanidze dedi ki, bir çoxları yeni yaranmış müstəqil dövlətlərin yaşaya bilməyəcəyini söyləyirdilər. Bakı və Tbilisi faciələri, Qarabağ və Abxaziya münaqişələri də bu səbəbdən baş vermişdir. Amma Azərbaycanın bugünkü günü bir daha sübut edir ki, o cür düşünənlər səhv ediblər. Bakının necə sürətlə inkişaf etməsini gördüm və fikrimcə, insanlarınızda bu günə və sabaha inam var. Bunu prezident Heydər Əliyevin şəxsi hünərinin nəticəsi kimi qiymətləndirən dövlət naziri ölkəmizin rəhbərinin Gürcüstan, gürcü xalqı üçün gördüyü işləri də vurğulayaraq ona minnətdarlığını bildirdi. Qonaq dedi: Abxaziya münaqişəsi məsələsində tutduğunuz prinsipial mövqe və Gürcüstanı dəstəkləməyiniz bizim üçün çox əhəmiyyətlidir. Gürcüstanın TRACEKA layihəsinə qoşula bilməsi, Xəzər neftinin Gürcüstan ərazisi ilə ixracı da məhz Sizin şəxsi dəstəyinizin nəticəsidir. Bir neçə il öncə Siz çox böyük cəsarətlə bir daha dediniz ki, əsas boru kəməri hökmən Gürcüstandan keçməlidir. Sizə xas olan bütün sözlər kimi, bu da reallaşacaqdır. Biz Gürcüstanın gələcəyini həmin layihədə və böyük İpək yolunun bərpasında görürük. Bu gələcəyin əsasını isə Siz və Eduard Şevardnadze qoymusunuz. Bu səbəbdən də Gürcüstanda Sizə məhəbbət olduqca böyükdür.

Dövlət naziri daha sonra bildirdi ki, Bakıya səfər zamanı apardıqları danışıqlarda onları maraqlandıran məsələlər barəsində ümumi fikrə gəliblər və nəzərdə tutulan işləri görmək üçün hökumətlərarası komissiyalar yaratmaq təklif olunur.

Prezident Heydər Əliyev Azərbaycanın bugünkü həyatı, inkişafı, özü haqqında deyilmiş xoş sözlərə görə təşəkkür edərək vurğuladı, eyni sözləri Gürcüstan barəsində də demək olar. Gürcüstan son illər siyasi-iqtisadi böhrandan çıxıb və inkişaf yolu ilə gedir. Əsas nəticə də ondan ibarətdir ki, Gürcüstanın dövlət müstəqilliyi möhkəmlənibdir.

Dövlətimizin başçısı bildirdi ki, ölkələrimizin həyatını çətinləşdirən problemlər eynidir. Bu münaqişələri vaxtilə törədənlər həm Azərbaycana, həm də Gürcüstana qəsd ediblər, ölkələrimizin müstəqil yaşamasına mane olmağa çalışıblar. Ancaq xalqlarımız sübut ediblər ki, müstəqilliyimizin qarşısını heç bir şey ala bilməz. Prezident Heydər Əliyev Ermənistan-Azərbaycan və gürcü-abxaz münaqişələrinə son qoyulacağına, Qafqazda sülhün təmin edilməsinə nail olunacağına əmin olduğunu bildirdi. Vaxtilə Tbilisidə prezident Şevardnadze ilə dinc Qafqaz haqqında bəyannamə imzaladıqlarını xatırladan ölkəmizin rəhbəri dedi ki, orada irəli sürülmüş təkliflər, arzular mütləq yerinə yetiriləcəkdir.

Ölkələrimizin iqtisadi əlaqələrindən söhbət açan prezident Heydər Əliyev vurğuladı ki, bu sahədə Azərbaycanın Xəzərdə neft və qaz hasilatını artırmaq üçün gördüyü işlər mühüm yer tutur. Əminlik ifadə olundu ki, Bakı-Supsa boru kəmərinin çəkilməsi gələn ilin əvvəlində başa çatacaq və Supsa limanına neft nəql ediləcəkdir. Dövlətimizin rəhbəri xatırlatdı ki, oktyabrın 29-da Ankarada imzalanmış bəyannamə ilə təkcə Azərbaycan neftinin yox, ümumiyyətlə Xəzər neftinin çox hissəsinin Gürcüstan ərazisindən keçməklə dünya bazarına çıxarılması haqqında qərar qəbul etdik. Bunlar XXI əsrdə həm Gürcüstana, həm də Azərbaycana böyük mənfəət gətirəcək layihələr olmaqla yanaşı, ölkələrimiz arasında əlaqələri daha yüksək səviyyəyə qaldırır. Biz bununla sübut edirik ki, ölkələrimiz, xalqlarımız arasında əlaqələr səmimidir və ona görə də heç nədən çəkinməyərək böyük işləri birgə görürük.

Prezident Heydər Əliyevin fikrincə, Azərbaycan və Gürcüstan bütün istiqamətlərdə əməkdaşlığı inkişaf etdirməlidirlər. Azərbaycan öz tərəfindən bu mövqedə durur və gələcəkdə də duracaqdır.

AzərTAc

"Azərbaycan" qəzeti, 10 noyabr 1998-ci il.