Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl ilə görüşdəki söhbətindən - Ankara, "Çankaya köşkü" 27 noyabr 1999-cu il


Süleyman Dəmirəl: Xoş gəlmisiniz, cənab prezident. Əziz dostum, qardaşım, bu dəvəti qəbul edib Türkiyəyə səfərə gəlmənizdən son dərəcə məmnun olduğumu bildirirəm. Bizim hər bir görüşümüz mənim üçün çox böyük əhəmiyyət daşıyır.

Heydər Əliyev: Dost və qardaş Türkiyəyə gəlişimdən və Sizinlə görüşümdən xoş hisslər keçirirəm. Ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin gündən-günə genişlənməsi və inkişaf etməsi məni çox sevindirir. Mən fəxr edirəm ki, ATƏT-in bizim əsrdəki sonuncu zirvə görüşü Türkiyədə keçirildi. Sammitdə qəbul olunmuş əsas sənəd tarixə məhz "İstanbul Xartiyası" kimi düşdü. İstanbul zirvə görüşünün çox gözəl təşkil olunması, iştirakçı dövlətlərin nümayəndə heyətlərinin işi üçün hər cür şərait yaradılması məni məmnun etdi. Sözsüz ki, İstanbul sənədləri üzümüzə gələn XXI əsrdə dünyada sülhün, təhlükəsizliyin, əmin-amanlığın və hərtərəfli əməkdaşlığın mühüm istiqamətlərini müəyyən edəcəkdir.

Süleyman Dəmirəl: Xəzərin Azərbaycan sektorunun enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün nəzərdə tutulan Bakı-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair İstanbul sammiti gedişində imzalanmış sənədlərin böyük əhəmiyyətini xüsusi qeyd etmək istərdim.

Heydər Əliyev: Elədir, cənab prezident. Bu layihə nəinki region dövlətlərinin, həm də Avropa və dünya ölkələrinin iqtisadi inkişafı üçün böyük rol oynayacaqdır.

Süleyman Dəmirəl: Biz bu layihənin gerçəkləşdirilməsi üçün qarşıda duran vəzifələri geniş müzakirə etməliyik.

Heydər Əliyev: Cənab prezident, yeri gəlmişkən mən Türkiyə Eroziyaya qarşı Mübarizə, Yaşıllaşdırma və Ətraf Mühitin Mühafizəsi Vəqfinin (TEMA) təşəbbüsü ilə keçirilən "Eroziyaya qarşı mübarizə həftəsi"nin açılışı mərasimi ilə əlaqədar təəssüratlarımı bildirmək istərdim. Məsələnin böyük əhəmiyyəti var, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində ölkələrimizin əməkdaşlığı üçün böyük imkanlar yaranmışdır.

"Eroziyaya qarşı mübarizə həftəsi"nin və cənab prezident, dünyaya gəldiyiniz İsparta şəhərində bir sıra sağlamlığı mühafizə ocaqlarının açılışı ilə əlaqədar tədbirlər böyük humanist xarakter daşıyır. Bu tədbirlərin həyata keçirilməsi qardaş türk xalqının rifahı üçün əhəmiyyətlidir. Onu da deyim ki, mən bu mərasimlərdə iştirak edəcəyimdən məmnunluq duyuram.

Süleyman Dəmirəl: Mənə elə gəlir ki, müstəqil Azərbaycanın qarşısındakı ən ağır problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupunun fəallığının artırılması zəruridir.

Heydər Əliyev: Bu çox vacibdir. Çünki ATƏT-in fəallığı artmasa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə nizama salmaq çətin olacaq. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlər və bir sıra beynəlxalq məsələlər barəsində bizim fikirlərimiz birdir. Mən əminəm ki, həmişə də bir olacaqdır.