Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Çankaya" köşkündə Türkiyə Respublikasının baş naziri Bülənd Ecevit ilə görüşdə söhbətindən - Türkiyə, 10 yanvar 2000-ci il


Bülənd Ecevit: Qardaş Azərbaycanın hörmətli cümhur başkanı cənab Heydər Əliyevi Ramazan bayramında Türkiyədə, Ankarada görməkdən böyük məmnunluq duyuram. Möhtərəm cənab Heydər Əliyev ilə tez-tez görüşməyimiz bölgəmizdəki vəziyyət, ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsi məsələlərinin vaxtaşırı müzakirə edilməsi baxımından çox dəyərlidir. Bu gün biz bu məsələləri yenidən, bir daha müzakirə edəcəyimizdən çox məmnunuq.

Hörmətli cənab prezident, xoş gəlmisiniz!

Heydər Əliyev: Hörmətli baş nazir, əziz dostum!

Mən Ramazan bayramında Türkiyədə olmağımdan həddindən ziyadə məmnunam. Doğrudur, bu bayram günü mənim buraya gəlməyim bayram edənlərə bəlkə bir az problem yaradıbdır. Çünki biz görüşlər keçiririk, danışıqlar aparırıq. Hörmətli cümhur başkanı Süleyman Dəmirəl məni Türkiyəyə dəvət edəndə dedim ki, bayram edirsiniz, bayram günü gəlib sizin işlərinizə mane olacağam. Amma cənab Süleyman Dəmirəl dedi ki, bayram günü sizin gəlməyiniz daha da yaxşı olacaqdır.

Hesab etdim ki, bayram günü Türkiyədə olmaq mənim üçün fövqəladə gözəl bir işdir. Çünki biz də Ramazan bayramını qeyd edirik, amma biz bunu sovet dövləti dağılandan sonra edirik. O vaxta qədər bizdə din yasaq idi. Ramazan bayramını keçirmək olmazdı. Amma mənim anam, atam Ramazan ayında daim bütün ibadətləri keçirərdilər. Gənclər yox, insanların çoxu Ramazan bayramını o vaxt özləri bayram edirdilər. Ancaq həm Ramazan, həm də Qurban bayramları dini bayramlar olduğuna görə 70 il Azərbaycanda yasaq edilmişdi. Mənim anam Ramazan bayramında yeməklər, şirin çörəklər bişirərdi.

Biz bu bayramı Azərbaycan müstəqillik qazandıqdan sonra qeyd edirik. Amma indi biz Ramazan bir gün bayram edirik, siz isə bu bayramı üç gün qeyd edirsiniz. Türkiyə bu bayramın məkanıdır. Biz isə bu bayramda yeni adamlarıq. Ona görə də bayram günündə Türkiyədə olmaq mənim üçün çox gözəldir.

Mən çox məmnunam, Ramazan bayramı və yeni il - 2000-ci il münasibətilə sizi təbrik edirəm. Sizi və sizin şəxsinizdə Türkiyə Cümhuriyyətinin hökumətini, xalqını, vətəndaşlarını təbrik edirəm. Sizə uğurlar arzulayıram.

Mən sizinlə yaxın vaxtlarda görüşmüşdüm. Görürəm ki, ötən qısa zamanda Türkiyənin hökuməti - 57-ci hökumət çox bacarıqlı işlər aparır, çox yaxşı nailiyyətlər əldə edir, ölkənin iqtisadiyyatında çox gözəl dəyişikliklər baş verir. Türkiyənin Avropa Birliyinə üzvlüyə namizəd qəbul edilməsi sizi sevindirdiyi qədər bizi də sevindirdi. Bu və bunun kimi bir neçə digər işlər 57-ci hökumətin vaxtında baş vermiş nailiyyətlərdir.

Mən bütün bunlara görə sizi təbrik edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, sizin hökumətiniz, baş nazir olduğunuz hökumət bundan sonra da belə uğurlar əldə edəcəkdir, apardığı işləri sona çatdıracaqdır və öz fəaliyyəti dövründə Türkiyəni daha da yüksəklərə qaldıracaqdır.

"Azərbaycan" qəzeti, 12yanvar 2000-ci il.