Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Almaniya Federativ Respublikasının nümayəndə heyəti ilə görüşdə söhbəti - Prezident sarayı, 6 yanvar 2001-ci il


Heydər Əliyev: Hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Siz burada məni çox gözləməli oldunuz. Amma yəqin ki, bunun səbəbini bilirsiniz. Mən Avropa Şurasının böyük bir nümayəndə heyəti ilə görüşürdüm. Hesab edirdim ki, onlardan 2-3 nəfər danışacaq, lakin çoxları danışdı. Ona görə də mən gecikdim və siz də gözləməli oldunuz. Xahiş edirəm, üzrlü hesab edəsiniz.

Folker Rühe (Almaniya Federativ Respublikası parlamentinin üzvü, Xristian Demokrat İttifaqı (Xristian Sosial İttifaqı Fraksiyasının sədr müavini): Cənab Prezident, səmimi qəbul üçün Sizə öz minnətdarlığımızı bildiririk. Avropa Şurasına tamhüquqlu üzv kimi daxil olmaq və Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək sahəsində Sizin çətinlikləriniz vardır. Biz Sizi dəstəkləyirik və bu sahədə səylərinizi bəyənirik. Təbii ki, Sizinlə bərabər avropalılar da xeyli çalışmalıdırlar, əziyyət çəkməlidirlər.

Avropa çox böyük qitədir. Dünya müharibəsindən sonra xoşagələn cəhət var ki, Avropa, ümumiyyətlə, birləşməyə doğru meyllidir. Biz istəyirik ki, bu birləşmədə Sizin regionun Avropanın bir hissəsi olduğu bir daha təsdiq edilsin. Ölkənizdəki sabitlik Azərbaycanın Avropa Şurasına daxil olması üçün önəmli amillərdən biridir. Şəxsən Sizə öz minnətdar1lığımızı bildiririk ki, Siz regionda sabitliyin təminatçısı sayılırsınız. Bu vəziyyət - iki dövlət arasındakı müharibədə yaradılmış atəşkəs və dinclik Avropaya yaxınlaşmaqda çox mühüm amildir.

Biz sabah Sumqayıta gedəcəyik, orada qaçqınların vəziyyəti ilə tanış olacağıq. Mən Almaniyada anadan olmuşam. Bizim ölkənin vaxtilə 7 milyon qaçqını var idi. Mən bunun şahidi olmuşam. Ölkənizlə müqayisə etsək təqribən eyni nisbət yaranır. Sizin ölkənizdə 8 milyon əhalinin 1 milyonu qaçqındırsa, vaxtilə Almaniyada 60 milyon əhalinin 7 milyonu - təqribən 10 faizi qaçqın olmuşdur.

Mənim fikrimcə, Ermənistan-Azərbaycan münaqişəsini sülh müqaviləsi bağlamaqla yoluna qoymaq olar. Biz bu istiqamətdə bacardığımızı etməyə çalışmalıyıq.

Heydər Əliyev: Sizə təşəkkür edirəm. Birincisi, mən məmnunam ki, bizim ölkəmizə gəlmisiniz. Almaniya ilə Azərbaycanın çox yaxşı münasibətləri vardır. İqtisadi əlaqələrimiz də pis deyildir. Əsas odur ki, Almaniyanı Avropada biz dost ölkə kimi qəbul edirik. 1996-cı ildə mənim Almaniyaya rəsmi səfərim oldu. Orada çox gözəl görüşlər keçirdik. Bəzi sənədlər imzaladıq. Doğrudur, indi sizdə hökumət dəyişilib.

Folker Rühe: Əvvəlki hakimiyyət bu gün müxalifətdədir.

Heydər Əliyev: Elədir. Ölkələrimizin parlamentləri arasında əlaqələr yaxşı idi. Qeyd etmək istəyirəm ki, son iki ildə Almaniya ilə Azərbaycan arasındakı əlaqələr əvvəlki kimi intensiv deyil. Doğrusu, bu da məni narahat edir. Daha sıx əlaqələr yaratmağa bizim ehtiyacımız vardır.

Siz Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışdınız. Bilirsiniz ki, bu məsələnin sülh yolu ilə həll edilməsi üçün 1992-ci ildə ATƏT-in Minsk qrupu təşkil olunubdur. Almaniya da Minsk qrupunun üzvüdür. Doğrudur, indi Minsk fəaliyyətini əsasən həmsədrlər - Rusiya, ABŞ, Fransa həyata keçirirlər.

1995-1996-cı illərdə bizim bu sahədə Almaniya hökuməti ilə çox geniş əlaqələrimiz olubdur. Xarici İşlər naziri cənab Kinkel Azərbaycana gəlmişdi və o, Ermənistanda da olmuşdu. O vaxt Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün bəzi cəhdlər göstərilirdi. Mən istərdim ki, bu münasibət davam etsin. O illərdə sizin ölkənin parlamentindən də Bakıya çoxlu nümayəndələr gəlirdilər. Xatirimdədir, cənab Vimmer buraya çox tez-tez gəlirdi. O, gərək ki, sizin parlamentdə Azərbaycan-Almaniya Dostluq Cəmiyyətinin sədri idi. Elədirmi?

Folker Rühe: Bəli.

Heydər Əliyev: Siz bilirsiniz, cənab Yasper Vik burada səfirlikdə işləyibdir, Azərbaycanda təcrübə toplayıbdır. Biz sizə kadr vermişik.

Folker Rühe: O burada aldığı biliyin bəhrəsini görür. Biz bir müddət əvvəl onunla birlikdə Amerika Birləşmiş Ştatlarında olmuşuq, prezident cənab Buşla görüşmüşük. Biz bili-rik ki, Rusiya prezidenti cənab Putinin Azərbaycana səfəri gözlənilir.

Heydər Əliyev: Çox məmnunam ki, siz Sumqayıta gedəcəksiniz, qaçqınlarla görüşəcəksiniz. Oradakı qaçqınların şəraiti başqa yerlərdəkinə nisbətən yaxşıdır. Qaçqınlarımızın çoxu çadırlarda yaşayırlar. Bakıda, Sumqayıtda, başqa şəhərlərdə biz onları müxtəlif binalarda yerləşdirmişik. Amma hamısına bu cür şərait yaratmağa imkanımız yoxdur. Ona görə də qaçqınların çoxu çadırlarda yaşayır. Təsəvvür edin, 8 il çadırlarda yaşamaq nə qədər çətindir.

Qeyd etdiniz ki, sizdə də qaçqınlar olubdur. Amma fərq çox böyükdür. Çünki sizin ölkənizin iqtisadi imkanları genişdir. Sizin ölkədə qaçqınlar müharibədən sonra Şərqi Almaniyadan gələnlər idi?

Folker Rühe: Bəli, İkinci dünya müharibəsindən sonra gələnlər idi.

Heydər Əliyev: Müharibədən sonra sizin ölkəniz çox inkişaf etdi. Marşal planı, başqa planlar Avropada böyük işlər gördü.

Biz istəyirik ki, Ermənistan-Azərbaycan münaqişəsi sülh yolu ilə həll edilsin. Ancaq bu, beynəlxalq normalar, Helsinki paktı, ATƏT-in və Birləşmiş Millətlər Təşkilatının prinsipləri əsasında olmalıdır. Bu da o deməkdir ki, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmalıdır. Ölkəmizin ərazisinin 20 faizi onların işğalı altındadır. Bir milyon qaçqın işğal olunmuş həmin torpaqlardan çıxarılmışdır. Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş qərar əsasında Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək dərəcəli özünüidarəetmə hüququ verilə bilər. Çox təəssüf ki, Ermənistan tərəfi qeyri-konstruktiv mövqe tutub. Buna görə də indiyədək biz məsələni həll edə bilmirik. Bu bizim üçün böyük problemlər yaratmışdır. Amma Ermənistan tərəfi də bundan zərər çəkir. Bu onların iqtisadiyyatına çox mənfi təsir göstərir. Əgər Ermənistanla Azərbaycan arasında sülh yaransa, yollar açılsa, ticarət başlansa Ermənistan bundan çox şey qazanar. Hər halda, biz bu yolda çalışırıq və bundan sonra da çalışacağıq. Avropanın, o cümlədən Almaniyanın bu barədə bizə kömək göstərməsinə ehtiyacımız vardır.

Folker Rühe: Cənab Prezident, Ermənistanla Azərbaycan arasında sülh əldə edilməsində Rusiyanın rolu da qeyd olunmalıdır. Mən birincisi, Rusiyanın bu məsələdə mövqeyini bilmək istərdim. İkincisi də, bilmək istərdim ki, Putinin Bakıya gözlənilən səfəri zamanı bu münaqişənin həllinə müəyyən təkan vermək olarmı?

Heydər Əliyev: Təbiidir ki, prezident Putinin Azərbaycana səfəri zamanı biz bu məsələni müzakirə edəcəyik. Amma hansı nəticə əldə olunacağı barədə mən heç nə deyə bilmərəm. Mən bunu deyə bilərəm ki, Rusiyanın bu barədə, həmin məsələni həll etmək üçün daha çox imkanları vardır. Çünki Rusiya Ermənistanla çox sıx əlaqə saxlayır. Rusiya Ermənistana çox geniş iqtisadi yardım göstərir. Onlar hətta hərbi sahədə əməkdaşlıq edirlər. Biz ümid edirik ki, Rusiya da, Amerika Birləşmiş Ştatları da, Fransa da həmsədrlər kimi, bundan sonra daha səmərəli işləməlidirlər.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa