"Azərbaycan Prezidenti Heydər Əliyevin Xorvatiya Respublikasının Türkiyə və Azərbaycandakı səfiri İviça Tomiç ilə söhbətindən" (26 iyun 2000-ci il) sənədinə tarixi arayış


Azərbaycan və Xorvatiya arasında münasibətlər özünəməxsus xüsusiyyətə malikdir. Hər iki dövlət sosialist sisteminin dağılmasından sonra müstəqillik əldə edib. Bu ölkələrdə müstəqilliyə keçid dağıdıcı müharibələrlə müşayiət olunub və beləliklə də, dövlətçiliklərini çətin, mürəkkəb şəraitdə inkişaf etdiriblər. Müasir dövrdə Azərbaycanın da, Xorvatiyanın da xarici siyasətləri Qərb, Avropa strukturlarına istiqamətlənməklə oxşar xarakter daşıyır.

İki dövlət arasında diplomatik münasibətlərin yaradılması haqqında saziş 1995-ci ilin yanvarında imzalanıb. Son dövrə qədər ölkələrin birinin digərində səfirliyi açılmayıb. Xorvatiyanı Azərbaycanda Türkiyədəki səfiri təmsil edir. (http://www.mfa.gov.az/)

Bir çox bənzər əlamətlər daşımaqla yeni müstəqil dövlətlər olaraq Xorvatiya və Azərbaycan beynəlxalq təşkilatlarda, xüsusilə Avropa Şurasında yaxından əməkdaşlıq edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Xorvatiya Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə tərəfdardır. Azərbaycanın Avropa Şurasına daxil olması üçün də Xorvatiyanın deputat heyəti lehinə səs verməklə Azərbaycanı dəstəkləyib.

2000-ci il iyunun 26-da Xorvatiyanın Türkiyə və Azərbaycandakı səfiri İviça Tomiçin Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə görüşü olub. Söhbət zamanı iki ölkə arasında münasibətlərin vəziyyəti, beynəlxalq təşkilatlarda əməkdaşlıq, Xorvatiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mövqeyi məsələlərindən danışılıb. İviça Tomiç bir daha ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib. Dövlət başçısı Heydər Əliyev öz növbəsində Xorvatiyanın Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməsinin və Avropa Şurasına qəbul edilməsinə kömək göstərməsinin Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Azərbaycanla Xorvatiya arasında münasibətlərin genişləndirilməsində ən mühüm addımlardan biri Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il iyunun 10-da Xorvatiyaya rəsmi səfəri olub. Səfər zamanı iki ölkə prezidenti - İlham Əliyev və Stipe Mesiç arasında görüş olub. Dövlət başçıları ölkələrimizdə ictimai-siyasi, sosial-iqtisadi inkişaf, regional və ikitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Prezidentlər həmçinin, yeni qlobal çağırışlara və təhlükələrə qarşı birgə fəaliyyətdə və səylərin birləşdirilməsində, habelə müxtəlif regional təşəbbüslər çərçivəsində əməkdaşlıqda, iqtisadi-ticarət münasibətlərinin keyfiyyətcə yeni səviyyəsinə nail olunması və bu sahədə beynəlxalq standartlara uyğun faydalı əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər. (http://www.president.az/)

Azərbaycan prezidentinin Xorvatiyaya səfəri zamanı dövlətlərin xarici siyasət, hakimiyyət orqanları arasında və mədəniyyət sahəsində əməkdaşlıqları barədə sazişlər imzalanıb.

Cavab olaraq 2007-ci il oktyabrın 3-də Xorvatiya Prezidenti Stipe Mesiç Azərbaycana rəsmi səfərə gəlib. Prezidentlərin təkbətək görüşündən sonra nümayəndə heyətlərinin görüşü keçirilib. Tərəflər iki ölkə münasibətlərinin indiki vəziyyəti və perspektivlərini, eləcə də, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Danışıqların nəticəsi olaraq tərəflər arasında beş sənəd imzalanıb. Sonda İlham Əliyev və Stipe Mesiç birgə bəyannamə imzalayıblar. (http://www.respublica.news.az/)

Tarixi arayış 15 yanvar 2008-ci ildə yeniləşdirilib.