Azərbaycan Prezidenti Heydər Əliyevin Bakı Türk Şəhidliyinin və xatirə abidəsinin açılışı mərasimində nitqi - 9 aprel 2000-ci il


Zati-aliləri, Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli Süleyman Dəmirəl!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Bu gün biz əlamətdar hadisə münasibətilə buraya toplaşmışıq. Ancaq bu günə qədər, son iki gündə Azərbaycanda tarixi hadisələr baş verir. Türkdilli dövlətlər birliyinin VI zirvə görüşü Bakıda, Azərbaycanda keçirildi. Biz dövlətlərimizin, xalqlarımızın, millətlərimizin daha da bir olması, yaxınlaşması, sıx əməkdaşlıq etməsi üçün çox dəyərli qərarlar qəbul etdik, böyük bəyannamə imzaladıq. Bu gün biz hamımızın ulu babası olan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyini bir yerdə təntənəli bayram kimi qeyd etdik.

Bu da təsadüfi deyildir. Çünki biz- türk xalqları, türkdilli xalqlar bir kökə, bir dilə, eyni dinə, bir milli adət-ənənəyə mənsubuq. Bizim bu köklərimiz o qədər dərindir ki, 1300 il bundan öncə bizim bütün xalqlarımızın ulu babası olan "Kitabi-Dədə Qorqud"u indi yenidən oxuyuruq, yenidən dərk edirik, yenidən anlayırıq. Bu bayram mərasimlərində bütün dünyaya bəyan edildi ki, bizim nə qədər müdrik əcdadlarımız olubdur, xalqımız dünya mədəniyyətinə, sivilizasiyasına böyük şəxsiyyətlər veribdir. Onların içərisində ən qədimi ulu babamız Dədə Qorquddur.

Biz bir yerdə olaraq həmişə bir-birimizi qorumuşuq, bir-birimizə yardım etmişik. Dədə Qorqud da həmişə deyibdir ki, bir olun, əl-ələ verin. Nə qədər bir olsanız, əl-ələ versəniz, o qədər də uğurlu, o qədər də qalib olacaqsınız.

Bu gün biz böyük incəsənət əsərinə baxırdıq. Orada Dədə Qorqudun yazıları əsasında Qazan xan oğlunu cəngavərliyə hazırlamaq üçün ona ox verir. Oğlu bir oxu dizinə vuraraq sındırır. Amma sonra bir neçəsini verir, sındıra bilmir. Bu onu göstərir ki, bir olsanız, sizi heç kəs qıra bilməz, heç kəs dağıda bilməz, heç kəs sizə qalib gələ bilməz. Ona görə də əsrlər boyu bizim birliyimiz həmişə qalibiyyət gətirmişdir.

XX əsrdə Azərbaycan xalqının taleyi çox ağır mərhələlərdən keçibdir. Rusiya imperiyası dağıldıqdan sonra Azərbaycan böyük təhlükə və faciələr qarşısında olubdur. Ermənilər XX əsrdə Azərbaycan xalqına qarşı bir neçə dəfə soyqırımlar həyata keçiriblər. Onlardan ən dəhşətlisi 1918-ci il mart ayının 31-də Bakıda keçirilən soyqırımıdır. Təkcə Bakıda yox, Azərbaycanın bütün bölgələrində belə soyqırımlar keçirilmişdir. Minlərlə, on minlərlə günahsız azərbaycanlılar qətlə yetirilmişlər. Bəli, o zaman Azərbaycan, Bakı bir çox ölkələrin maraq dairəsinə çevrilmişdi. Burada, azərbaycanlıların qədim torpağında yadellilər hökm sürmək istəyirdilər, Azərbaycanı, Bakını öz əllərinə keçirmək istəyirdilər.

O vaxt döyüşlərdə bizə yardım etməyə gələn türk ordusunun cəngavər, qəhrəman oğulları olmuşdur. Mənim əziz dostum, qardaşım Süleyman Dəmirələ dəfələrlə demişəm ki, Nuru Paşanı, Xəlil Paşanı Bakıda indiyə qədər hamı xatırlayır. Vaxt keçib, zaman keçib, sovet hakimiyyəti illərində bu tarix tamamilə pozulub, qaralanıb, bu tarixi öyrənməyə insanların imkanları olmayıb. Ancaq o adlar, həmin adların arxasında olan qəhrəman türk əsgərləri xalqımızın qəlbində yaşayıbdır. Bəli, onlar burada torpağa veriliblər. Türkiyədən gəlmiş qardaşlarımız, şəhid olanlar və azərbaycanlı şəhidlər bir yerdə məzara qoyulmuşlar.

Bura, Bakının bu hissəsi ilk dəfə o vaxt məzarlığa çevrilmişdi. Ancaq sovet hakimiyyəti illərində bu məzarlar dağıdılmış, pozulmuş, insanlar bu məzarları ziyarət etməkdən məhrum olmuşlar. Burada park salınmış, parka heç azərbaycanlı olmayan, 20-ci illərdə Azərbaycana başçılıq edən, Rusiyadan gəlmiş Kirovun adı verilmişdi. Onun heykəli də Bakının ən yüksək nöqtəsində qoyulmuşdu. Yəni bu məzarların üzərində park düzəldib, insanları burada şənləndirmək, gəzdirmək niyyəti olmuşdur. Bəli, bu, on illərlə davam etmişdir.

1990-cı ildə Azərbaycan xalqına qarşı sovet imperiyası tərəfindən, Moskva hakimiyyəti tərəfindən yeni bir təcavüz başlandı. Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi uğrunda ayağa qalxdığına görə və artıq kommunist rejiminə dözmədiyinə görə, meydanlara, küçələrə çıxdığına görə yanvarın 19-dan 20-nə keçən gecə Bakıya sovet ordusunun qoşunları yeridildi, tanklar gətirildi, küçələrdə günahsız insanlar şəhid oldular. O şəhidlər burada torpağa verildilər.

Bilirsiniz ki, 1988-ci ildən Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə başlayıbdır, müharibə gedibdir. Bizim qəhrəman oğullarımız torpaqlarımızın qorunması uğrunda şəhid olublar. O şəhidlərin çoxu da burada torpağa veriliblər. Onların məzarları buradadır. Bu da tamamilə tarixin həqiqətləridir ki, vaxtilə Azərbaycanı qorumaq üçün türk əsgərləri, Azərbaycan qəhrəmanları burada bir yerdə şəhid olublar. 1990-cı illərdə şəhid olanlar da buradadırlar. Ona görə də bütün bu yer indi artıq Şəhidlər xiyabanıdır və Şəhidlər xiyabanında biz şəhidlərimizin xatirəsinə böyük bir abidə ucaltmışıq. Orada əbədi məşəl yanır. Burada isə indi biz 1918-ci ildə şəhid olmuş türk əsgərlərinin məzarları üzərində yeni bir abidə ucaltmışıq. Burada həm türk əsgərlərinin, həm də Azərbaycan qəhrəmanlarının məzarları bir yerdədir.

Bu gün biz - bu da bir rəmzi məna daşıyır - "Dədə Qorqud" eposunun 1300 illik yubileyini bir yerdə bayram etdik, türk ölkələrinin birliyini dünyaya bir daha nümayiş etdirdik. Bu gün də bu şəhidləri yad edirik, onların xatirəsi qarşısında baş əyirik və onların xatirəsinə ucaldılmış bu abidənin açılışına gəlmişik. Mən çox məmnunam ki, bu abidəni biz Azərbaycan xalqının əziz dostu və qardaşı Süleyman Dəmirəlin iştirakı ilə açırıq. Burada olan bizim adamlar deyirlər ki, bu abidə çoxdan hazırlanıbdır. Mənə dəfələrlə demişdilər ki, bunu açmaq lazımdır. Ancaq mən demişdim ki, yox, əgər bizim dostumuz, qardaşımız, Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman Dəmirəl Azərbaycana gəlməsə, - o, tez-tez gəlirdi, - fürsət tapmasa, biz bunu açmayacağıq. Bu fürsət indi

bizim əlimizə keçib, abidəni bir yerdə açırıq.

Hörmətli dostum və qardaşım!

Mən sizə Azərbaycan xalqı adından bir daha təşəkkür edirəm. Bütün türk xalqına təşəkkür edirəm. Burada şəhid olmuş türk əsgərlərinin qohum-əqrəbasına öz təşəkkürümü bildirirəm və bu əsgərlərin simasında qəhrəman türk ordusuna, bu gün dünyanın ən güclü ordularından biri olan Türkiyə Cümhuriyyətinin ordusuna təşəkkürümü bildirirəm və bu şəhidlərə Allahdan rəhmət diləyirəm. Allah rəhmət eləsin, qəbirləri nurla dolsun.