Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Böyük Millət Məclisinin sədri Hikmət Çətin ilə görüşdəki söhbətindən - Ankara, Gülhanə Tibb Akademiyası, 18 yanvar 1999-cu il


Hikmət Çətin: Möhtərəm cənab prezident, xoş gördük. Sizi Türkiyədə görməkdən məmnun olduğumu bildirirəm. Biz hamımız Sizin səhhətiniz ilə maraqlanırıq, Sizə can sağlığı arzulayıram. Məlumatınız olsun ki, Gülhanə Tibb Akademiyası 1898-ci ildən fəaliyyət göstərir və Türkiyənin məşhur tibb ocaqlarından biridir. Siz bu tibb ocağının hazırda ən görkəmli mütəxəssisləri tərəfindən müayinə və müalicə edilirsiniz.

Heydər Əliyev: Mən Sizinlə, Türkiyə parlamentinin sədri ilə görüşümdən razı qaldığımı və qardaş ölkədə ona göstərilən diqqət və qayğıdan məmnun olduğumu bildirirəm.

Biz dost və qardaş Türkiyə ilə əlaqələrimizin möhkəmlənməsinə və genişlənməsinə, daha da inkişaf etməsinə xüsusi əhəmiyyət veririk.

Türkiyə Respublikasının yaranmasının 75 illik yubileyi ilə əlaqədar tədbirlərin yüksək səviyyədə keçirildiyini bildirirəm və bu tədbirlərdə iştirak etdiyimi məmnuniyyətlə xatırlayıram. Bakı - Ceyhan neft boru kəməri layihəsi haqqında Ankara bəyannaməsinin imzalanmasını həmin günlərin əzəmətli hadisəsi kimi qiymətləndirirəm.

Hikmət Çətin: Ankara Bəyannaməsinin hazırlanması və imzalanmasının əsas təşəbbüskarı və ilhamvericisinin məhz Siz, Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev olduğunu bir daha vurğulayıram. Türk xalqı Azərbaycan dövlətinin rəhbərinə səmimi sevgi və məhəbbət duyğuları bəsləyir. Heydər Əliyevin "biz bir millət, iki dövlətik" müdrik kəlamı Türkiyədə dillər əzbəri olmuşdur.

Heydər Əliyev: Türkiyə xalqına ən xoş və səmimi hisslər bəslədiyimi bildirirəm. İki qardaş xalqımızın dil, adət və ənənələri çox yaxındır. Azərbaycanın hökuməti, dövləti, xalqı Türkiyəni özünün dostu. Doğma qardaşı hesab edir. Ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi Azərbaycan üçün nə qədər əhəmiyyətlidirsə, Türkiyə üçün də bir o qədər əhəmiyyətli və vacibdir.

Biz Türkiyə ilə bütün sahələrdə əməkdaşlığa böyük əhəmiyyət verir və belə hesab edirik ki, bu əməkdaşlığın genişlənməsi və dərinləşməsi üçün böyük imkanlar vardır. Sizinlə olan şəxsi münasibətlərimizi yüksək qiymətləndirirəm. Mən Sizi Azərbaycana dəvət edirəm

Hikmət Çətin: Dəvəti Məmnunluqla qəbul edirəm.