"Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin andiçmə mərasimində nitqi" (31 oktyabr 2003-cü il və 24 oktyabr 2008-ci il) sənədlərinə ümumi tarixi arayış


Azərbaycan Respublikasının Baş naziri, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevin 2003-cü ildə Azərbaycan Prezidentliyinə namizədliyi müstəqil seçici qrupu tərəfindən irəli sürülüb. 1 oktyabr 2003-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev prezident seçkilərində namizədliyini İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan edib. 15 oktyabr 2003-cü ildə keçirilən seçkilərdə cənab İlham Əliyev seçicilərin 76 faizindən çoxunun səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. (http://www.cec.gov.az/)

31 oktyabr 2003-cü ildə keçirilən andiçmə mərasimindəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev ölkədə Heydər Əliyev siyasətini davam etdirəcəyini bir daha bəyan edib: "Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanır. Beynəlxalq aləmdə Azərbaycan yüksəlir, uğurlar qazanır. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir".

2003-2008-ci illər ərzində İlham Əliyev öz çıxışında göstərdiyi kimi, Heydər Əliyev kursuna uyğun olaraq tarazlı xarici siyasət yeridib və xarici investisiyaların cəlb edilməsilə ölkə iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərib.

İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da güclənib.

2003-2008-ci illər ərzində Azərbaycanda ümumi daxili məhsul 7,3 milyard manatdan 30,7 milyard manatadək artıb. Adambaşına düşən ümumi daxili məhsulun həcmi 5800 dollara çatıb ki, bu da keçid dövründə yaşayan dövlət üçün çox böyük rəqəmdir. Azərbaycan 2004-2008-ci illər ərzində iqtisadi artım sürətinə görə dünyada birinci yeri tutub. 2003-2008-ci illər ərzində sənaye istehsalı 2,7 dəfə artıb.

Azərbaycan iqtisadiyyatına 2003-2008-ci illərdə 44 milyard dollar sərmayə qoyulub. Qeyri-neft sektorunun inkişafında böyük uğurlar əldə edilib. Həmin illər ərzində minimum pensiyanın məbləği 4 dəfə artırılıb. Minimum əmək haqqı 8 dəfə, orta əmək haqqı 3,6 dəfə artırılıb. Əgər 2003-cü ildə yoxsulluq şəraitində yaşayanların sayı əhalinin 49 faizini təşkil edirdisə, 2008-ci ilin yekunlarına görə, bu rəqəm 14 faizə düşüb. 600 min nəfərə ünvanlı sosial yardım verilir. "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" qəbul edilib.

Özəl sektorun inkişaf etdirilməsi məqsədilə hər il bu sektorda fəaliyyət göstərən sahibkarlara 80 milyon, 2009-cu ildə isə 130 milyon manat məbləğində güzəştli kreditlər verilib.

2003-2008-ci illər ərzində 4 beynəlxalq aeroport istismara verilib. 700 meqavat gücündə 8 elektrik stansiyası tikilib ki, bunun da nəticəsində Azərbaycan özünü elektrik enerjisi ilə tam təmin etmək və onu ixrac etmək potensialı qazanıb. Minlərlə kilometr yol salınıb.

Hələ 31 oktyabr 2003-cü ildə Prezident İlham Əliyev beş il ərzində Azərbaycanda 600 min yeni iş yerinin açılacağına vəd edəndə, çoxları buna xəyal kimi baxırdı. Lakin zaman prezidentin sözlərinin həqiqət olduğunu sübut etdi. Hesabat dövründə 741 min yeni iş yeri açılıb ki, onlardan da 531 mini daimi iş yerləridir.

Bu dövrdə Azərbaycan neftini dünya bazarına çıxarmaq üçün Azərbaycan prezidenti Heydər Əliyevin böyük cəhdlər göstərdiyi, tikilməsi haqqında 1999-cu ildə saziş bağlanmış nəhəng Bakı-Tbilisi-Ceyhan neft kəməritam istifadəyə verilib (iyul, 2006). Bundan başqa Azərbaycanın qaz hasilatı əhəmiyyətli dərəcədə artıb və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilib. Bunların məntiqi davamı olan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlanıb. Bu layihələr Azərbaycanın uzunmüddətli iqtisadi inkişafını təmin edən, gücünü artıran, mövqelərini möhkəmləndirən layihələrdir. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın enerji təhlükəsizliyi təmin olunub.

Eyni zamanda, 2003-2008-ci il ərzində ordu quruculuğu prosesi çox sürətlə gedib. Ordunun hazırlıq, peşəkarlıq səviyyəsi artıb, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün çox böyük işlər görülüb. 2003-cü ildə Azərbaycanın hərbi xərcləri 163 milyon dollar idisə, 2008-ci ildə bu rəqəm 1 milyard 850 milyon dollara çatıb.

Son beş ildə dövlət büdcəsi on dəfədən çox artıbdır. Əgər 2003-cü ildə Azərbaycanın dövlət büdcəsi 1,2 milyard dollar təşkil edirdisə, 2008-ci ildə büdcə 15 milyard dollara bərabər olub. 2009-cu ilin dövlət büdcəsində daha da böyük artım nəzərdə tutulubdur. Azərbaycanın valyuta ehtiyatları böyük həcmdə artıbdır. 2003-cü ildə ölkənin valyuta ehtiyatları 1,6 milyard dollar səviyyəsində idi. Bu ilin oktyabr ayına olan məlumata görə isə, Azərbaycanın ümumi valyuta ehtiyatı 17 milyard dollar təşkil edir.

Son beş il ərzində Azərbaycanda neft-qaz hasilatı yüksək dərəcədə artıb. Əgər 2003-cü ildə neft hasilatı 15,4 milyon ton, qaz hasilatı 5,5 milyard kubmetr idisə, bu il Azərbaycanda neft istehsalının 50 milyon ton, qaz hasilatının isə 20 milyard kubmetrdən çox olacağı nəzərdə tutulur.

Cənab İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həll edilməsi istiqamətində böyük əməli fəaliyyət göstərib. Prezident söz verdiyi kimi, fəaliyyətinin birinci müddətindəcə qaçqın şəhərciklərinin ləğvinə nail olub. Son beş il ərzində 12 çadır şəhərciyi ləğv edilib. Onların əvəzinə müasir binalar, müasir qəsəbələr inşa olunub. 36 yeni qəsəbə salınıb, onlarda 47 min nəfər məcburi köçkün məskunlaşdırılıb. Bu qəsəbələrdə 34 məktəb, 24 tibb məntəqəsi tikilib və insanların yaşaması üçün lazım olan digər tədbirlər görülüb. Bu məqsədlər üçün son beş il ərzində 1 milyard dollar vəsait sərf olunub.

2003-2008-ci illərdə 1600 yeni məktəb tikilib, yüzlərlə məktəb təmir olunub, təhsil məsələlərinin həlli üçün 5 milyard, səhiyyə məsələlərinin həlli üçünsə 2 milyard manat vəsait xərclənib, diaqnostika mərkəzləri, xəstəxana və poliklinikalar inşa olunub.

2003-2008-ci illərdə 14 olimpiya idman kompleksi tikilib istifadəyə verilibdir. 2003-cü ilə qədər 5 idman kompleksi tikilmişdi. Hazırda onların sayı 19-a çatıb və 17 olimpiya idman kompleksində indi tikinti işləri gedir. Onların da istismara verilməsi nəticəsində Azərbaycanda 36 idman kompleksi yaradılacaqdır.

Son beş ildə mədəniyyətlə bağlı məsələlərə 900 milyon dollar vəsait xərclənib və bütün tarixi binalar, muzeylər, teatrlar təmir olunur.

"Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı" (2004-2008-ci illər) uğurla başa çatdırılıb, proqram çərçivəsində regionlarda iri infrastruktur layihələri həyata keçirilib, yeni müəssisələr açılıb, abadlıq işləri aparılıb. "Azərbaycanda 2007-2015-ci illər üçün Yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "Azərbaycan Gəncliyi Dövlət Proqramı" (2005-2009-cu illər) "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və digər sahələrlə bağlı dövlət proqramları uğurla davam etdirilir.

Ötən dövr ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar davam etdirilib. Azərbaycan münaqişənin həllinin yalnız və yalnız ölkənin ərazi bütövlüyü çərçivəsində aparılmasının vacibliyini bildirir. Artıq Azərbaycanın ərazi bütövlüyü heç bir dövlətdə və beynəlxalq təşkilatda şübhə doğurmur. Artan iqtisadi gücü, regionda baş verən hadisələr və bu regionda oynadığı rol Azərbaycanın danışıqlarda mövqeyini daha da gücləndirir.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2003-2008-ci illərdə iqtisadi, sosial islahatlarla yanaşı, iri struktur islahatları da aparılıb. Belə ki, həmin dövrdə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yaradılıb.

2008-ci il Prezident seçkilərində İlham Əliyevin namizədliyi həmsədri olduğu Yeni Azərbaycan Partiyası ilə yanaşı, ayrı-ayrı seçici qrupları tərəfindən irəli sürülüb.

15 oktyabr 2008-ci ildə keçirilən Prezident seçkilərində hazırki Prezident İlham Əliyevdən başqa, 6 nəfər də mübarizə aparıb. Seçicilərin böyük əksəriyyətinin - 88,73 faizinin səsini toplayan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

24 oktyabr 2008-ci ildə Heydər Əliyev Sarayında yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin təntənəli andiçmə mərasimi keçirilib. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev cənab İlham Əliyevi Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməyə dəvət edib. Prezident İlham Əliyev əlini Azərbaycan Respublikasının Konstitusiyasının üzərinə qoyaraq and içib. Sonra dövlət başçısı müqəddəs Qurani-Şərifə əl basaraq and içib.

İlham Əliyev çıxışında qeyd edib: "Mən bu gün, andiçmə mərasimində son beş il ərzində mənə göstərilən dəstəyə görə, inama görə, etimada görə doğma xalqıma bir daha minnətdarlığımı bildirirəm. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da Vətənimizin uğurlu inkişafı üçün, Azərbaycanın çiçəklənməsi üçün mən əlimdən gələni əsirgəməyəcəyəm, Azərbaycan xalqına bundan sonra da xidmət edəcəyəm". (http://www.president.az/)

Tarixi arayış 9 oktyabr 2009-cu ildə yeniləşdirilib.