Türkiyə Böyük Millət Məclisində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - Ankara, 13 mart 2001-ci il


Türkiyə Cümhuriyyətinin hörmətli böyük Millət Məclisi!

Hörmətli millət vəkilləri!

Hörmətli sədr!

Hörmətli xanımlar və cənablar!

Mən sizi Azərbaycan xalqı adından səmimi qəlbdən salamlayıram, sizə, Türkiyə Cümhuriyyətinə, Türkiyə xalqına bütün gələcək işlərinizdə uğurlar diləyirəm.

Böyük Millət Məclisində yenidən millət vəkillərinə xitab etmək imkanı aldığıma görə, mənə bu nəsib olduğuna görə çox xoşbəxtəm və buna görə təşəkkür edirəm. Siz bilirsiniz ki, Türkiyə Cümhuriyyətinin prezidenti zati-aliləri, hörmətli Əhməd Necdət Sezərin dəvəti ilə mən dünən Türkiyəyə rəsmi səfərə gəlmişəm. Türkiyəyə səfər etmək mənim üçün yeni bir şey deyildir. Ancaq hər dəfə Türkiyəyə gələndə özümü çox bəxtiyar hiss edirəm, özümü öz vətənimdəki kimi hiss edirəm, özümü qardaşlarımın arasında hiss edirəm.

Dünən və bu gün biz Türkiyə-Azərbaycan dostluğu, qardaşlığının və bu dostluq, qardaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün bir çox səylər göstərdik, hörmətli prezident cənab Əhməd Necdət Sezərlə, hörmətli baş nazir cənab Bülənd Ecevitlə görüşlər keçirdik. Bu gün mən baş nazirin müavinləri hörmətli Dövlət Baxçalı və hörmətli Məsud Yılmazla, baş qərargah rəisi hörmətli Hüseyn Kıvrıkoğlu ilə, Türkiyənin xarici işlər naziri hörmətli İsmayıl Cəmlə də ayrıca görüşlər keçirdim. Bütün bu görüşlərimizin, danışıqlarımızın əsas məqsədi, yəni ana xətti Türkiyə-Azərbaycan əlaqələrinin daha da yüksək səviyyəyə qaldırmaqdan ibarətdir.

Ötən illər bizim ölkələrimiz, xalqlarımız arasındakı əlaqələr genişlənməyə davam edib. Biz artıq türk-Azərbaycan strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Bu dövlətlərarası əlaqələrdir. Ancaq xalqlarımız arasındakı əlaqələrin tarixi də çox böyükdür və onun qiyməti də bundan artıqdır. Çünki biz eyni köklərə mənsub olan xalqlarıq. Eyni milli-mənəvi dəyərlərə, eyni dilə, eyni dinə mənsub olan xalqlarıq. Biz hamımız bir kökdən gəlirik. Ona görə də bizim hamımızın fikri, zəkası bu köklərlə bağlıdır. Biz Azərbaycanda xalqlarımızın mənsub olduqları bu kökləri, milli-mənəvi dəyərləri yüksək qiymətləndiririk və bu dəyərlərə, bu tarixə daim sadiq olduğumuzu mən bir daha bəyan edirəm.

Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra Türkiyə ilə Azərbaycan arasında dövlətlərarası əlaqələr yaranıbdır. Dediyim kimi, bu əlaqələr ilbəil inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə gəlib çatıbdır.

Bizim üçün, Azərbaycan üçün, gənc, müstəqil bir ölkə üçün bunun çox böyük əhəmiyyəti vardır. Çünki biz tarixən Türkiyəyə bağlıyıq. XX əsrdə də, hələ Azərbaycanda sovet hakimiyyəti qurulmazdan əvvəl də Türkiyə ilə bizim əlaqələrimiz çox sıx olubdur və çox anlarda biz bir yerdə olmuşuq. Sonra isə Azərbaycan dövlət müstəqilliyini əldə edəndə Türkiyə Azərbaycanın istiqlaliyyətini dünyada tanıyan ilk dövlət olmuşdur və Azərbaycana o vaxtdan daim dəstək vermişdir və dəstək verməkdə davam edir.

Biz 70 il bir-birimizdən ayrı düşmüşük. Biz sovetlər birliyində yaşamışıq, Türkiyə isə müstəqil dövlət olaraq öz yolu ilə gedib, inkişaf edibdir.

Hər xalqın, hər dövlətin özünəməxsuz nailiyyətləri də var, itkiləri də. Ancaq Türkiyə o illərdə də bizim üçün həmişə cazibədar olmuşdur. O illərdə Türkiyə ilə birbaşa əlaqələrimiz olmasa da, biz həmişə Türkiyənin həyatını diqqətlə izləmişik, Türkiyəni sevmişik, qəlbimizdə saxlamışıq və Türkiyə ilə qovuşmaq arzusu ilə yaşamışıq və nəhayətdə, on il bundan öncə biz qovuşmuşuq.

XX əsrdə Osmanlı imperatorluğu dağıldıqdan sonra Türkiyə böyük, şərəfli bir yol keçibdir. Mən bu gün böyük məmnuniyyət hissi ilə bu məclisə, Böyük Millət Məclisinə xitab edirəm və Böyük Millət Məclisinin 80 illik tarixinə öz hörmət və ehtiramımı bildirirəm. 80 il ... müstəqil dövlət, Türkiyə Cümhuriyyəti və Türkiyə Cümhuriyyətinin bütün həyatının məsələlərini həll edən Böyük Millət Məclisi...

Cümhuriyyət qurulandan sonra Türkiyə böyük yol keçmiş, inkişaf etmiş, dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrindən biri olmuşdur. Güclü, qüdrətli dövlət, demokratik, hüquqi, dünyəvi dövlət olmuşdur. Dünyada özünəməxsus olan yerini tutmuşdur. Bunlar hamısı bizdə, Azərbaycanda, hər bir azərbaycanlıda böyük iftixar hissi doğurur. Eyni zamanda Türkiyənin cümhuriyyət dövründə yaşadığı həyat bizim üçün örnəkdir, bizim üçün təcrübə mənbəyidir. Bunları deyərkən, təbiidir ki, Türkiyə Cümhuriyyətinin hansı ağır şəraitdə yarandığını unutmaq olmaz. Biz Azərbaycanda bunu yüksək qiymətləndiririk.

Bütün türk dünyasının böyük şəxsiyyəti, böyük oğlu, bəşər tarixinin meydana çıxardığı ən böyük insanlardan biri Mustafa Kamal Atatürkün iradəsi ilə 1923-cü ildə yaranmış Türkiyə Cümhuriyyəti o qədər güclü təməl əsasında qurulub ki, artıq 72 ildir ki, cümhuriyyət kimi yaşayır, inkişaf edir. Türkiyədə bunu hamı qiymətləndirir. Amma bilməlisiniz ki, biz qardaş, dost olaraq bunun qədrini bəlkə də sizdən çox bilirik, bunu qiymətləndiririk.

Biz Azərbaycanda çox məmnunuq ki, türk xalqı Türkiyə Cümhuriyyəti yaranandan Mustafa Kamal Atatürkün qoyduğu yolla gedib və bu yol da həmişə ona uğurlar gətiribdir. Məndən soruşanda ki, böyük Atatürkün türk xalqına qoyub getdiyi irs nədən ibarətdir, mən deyirəm ki, bu irs o qədər böyükdür ki, hamısını əhatə etmək mümkün deyildir. Ancaq, ən böyük irs onun yaratdığı, qurduğu, yaşatdığı və bu gün uğurla yaşayan Türkiyə Cümhuriyyətidir. Eyni zamanda böyük Atatürkün türk xalqına qoyduğu böyük irs qəhrəman, yenilməz türk ordusudur, türk əsgəridir. Məhz həm iqtisadi inkişafına görə, həm hərbi qüdrətinə, imkanlarına görə Türkiyə bu 70 ildə ən ağır, çətin dövrlərdən keçərək yaşayıb, inkişaf edib və Türkiyənin əleyhinə olan düşmən qüvvələrin hamısının qarşısını uğurla alıbdır.

Bu gün Türkiyənin tarixi haqqında sizə çox söz deməyim, bəlkə də, qəribə gələr. Çünki siz bunu məndən yaxşı bilirsiniz. Ancaq mən bunları ona görə söyləyirəm ki, Azərbaycan xalqının qəlbində olan hissiyyatları sizə çatdırım və biləsiniz ki, Mustafa Kamal Atatürkün yaratdığı Türkiyə təkcə Türkiyə Cümhuriyyəti üçün deyil, bütün türk dünyası üçündür, Azərbaycan üçündür.

Biz Türkiyənin bugünkü yüksək durumda olmasından çox böyük məmnunluq hissi duyuruq və hesab edirik ki, Türkiyə bundan sonra da qarşısında duran vəzifələrin hamısını uğurla həyata keçirəcəkdir və tutduğu yol ilə, demokratiya yolu ilə, insan haqlarının qorunması yolu ilə, hüquqi dövlət yolu ilə, bazar iqtisadiyyatı yolu ilə müvəffəqiyyətlə irəliləyəcəkdir.

Azərbaycan gənc, müstəqil dövlətdir. Siz bilirsiniz ki. 1998-ci ildə Azərbaycan ilk dəfə dövlət müstəqilliyini əldə etmiş, ancaq o vaxt o dövlətin yaşaması mümkün olmamış, 23 aydan sonra süqut etmişdir. Müstəqillik əldə etmək olar. Osmanlı imperatorluğu dağıldığı zaman Türkiyə Cümhuriyyəti yaratmaq mümkün oldu. Amma onu yaşatmaq, onu inkişaf etdirmək onun yaradılmasından da çətin idi. Siz bunu etmisiniz. Siz bunu etmisiniz ona görə ki, siz Mustafa Kamal Atatürkün irsinə, vəsiyyətlərinə, onun qoyduğu yola sadiq olmusunuz.

Biz 70 ildən sonra, 1991-ci ilin sonunda Azərbaycanın müstəqilliyini elan etdik. Bu o zaman idi ki, sovetlər birliyi dağılırdı. Nəhayət, sovetlər birliyinin dağılması haqqında bəyanat verildi. Sovetlər birliyinin daxilində olan 15 bərabər hüquqlu, müttəfiq respublikanın hər biri öz istiqlaliyyətini elan etdi. Azərbaycan da elan etdi.

Ancaq Azərbaycan öz istiqlaliyyətini elan edərkən çox ağır, çətin bir şəraitdə yaşayırdı. Ermənistan 1988-ci ildən, hələ Sovetlər İttifaqının daxilində olduğumuz zaman, Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etmiş, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı öz əlinə keçirməyə cəhd göstərmiş və nəticədə, sonra müəyyən uğurlar əldə etmiş, müharibə başlanmışdır. 1991-ci ilin sonunda Azərbaycan dövlət müstəqilliyini elan edəndə torpaqlarının bir qismi artıq Ermənistan tərəfindən işğal olunmuşdu və ölkəmizdə müharibə gedirdi. Belə bir zamanda müstəqilliyi elan edəndən sonra onu qoruyub saxlamaq, təsəvvür edirsinizmi, nə qədər çətin, nə qədər də ağır bir iş olubdur. Bu illərdə biz çox böyük sınaqlardan keçdik, böyük təhlükələrdən qurtardıq. Ancaq müstəqilliyimizi qoruduq, saxladıq və möhkəmləndirdik. Amma Azərbaycanda bir söz var: gətirmədi. Yəni biz müstəqillik əldə edəndə sovetlər birliyinə daxil olmuş başqa cümhuriyyətlərdə sabitlik var idi. Amma bizdə sabitlik yox idi. Eyni zamanda, Ermənistanla da savaş var idi. Bunlar Azərbaycana çox böyük zərbələr vurdu.

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin səbəbləri də ondan ibarətdir ki, birincisi, Ermənistana daha çox yardım edildi. Sovetlər birliyi zamanında, ondan sonra da bir neçə ölkədən, erməni diasporundan yardım edildi, amma Azərbaycana heç bir yardım olunmadı.

İkincisi, ermənilər o zaman Dağlıq Qarabağı ələ keçirmək üçün daxildə olan bütün ziddiyyətləri aradan qaldırdılar. Hamısı bir ideya ətrafında - ermənicə buna "miatsum" deyirlər, yəni Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, - birləşdilər. "Miatsum-miatsum" deyərək ermənilərin hamısı birləşdi. Amma Azərbaycanda, təəssüf ki, xalq birləşə bilmədi, hakimiyyət uğrunda mübarizələr getdi. 1988-ci ildən 1993-cü ilə qədər dörd dəfə hakimiyyət dəyişildi. Azərbaycanda bəzi siyasi qüvvələr silahlı dəstələr yaratdılar və bu silahlı dəstələrin hamısını səfərbər edərək cəbhəyə göndərmək, torpaqları müdafiə etmək əvəzinə, Azərbaycanın içərisində hakimiyyət mübarizəsi və ziddiyyətlər başladı. Bunlardan da Ermənistan çox məharətlə istifadə etdi.

Bunların hamısı son olaraq 1993-cü ilin iyun ayında Azərbaycanda vətəndaş müharibəsi yaratdı. Vətəndaş müharibəsi həm Azərbaycanın içərisində getdi, - çünki bu da cümhur başkanı olmaq istəyir, o da cümhur başkanı olmaq istəyir, o birisi də cümhur başkanı olmaq istəyirdi, - ayrı-ayrı silahlı dəstələr bir-biri ilə vuruşmağa başladı. O biri tərəfdən isə Azərbaycanın bəzi bölgələrində bundan istifadə edərək separatçılar baş qaldırdılar. Məsələn, güney bölgəsində talışlar bir "talış cümhuriyyəti" yaradıb Moskvaya müraciət etdilər ki, biz Rusiyaya qatılmaq istəyirik. Yaxud da ki, Azərbaycanın quzeyində ləzgilər vardır, onlar da bir cümhuriyyət yaratmağa çalışdılar. Belə bir çətin vəziyyət, vətəndaş müharibəsi 1993-cü ilin iyun ayında meydana çıxdı.

Ancaq biz xalqımızı birləşdirə bildik və vəziyyətin öhdəsindən gəldik. Amma bununla da iş bitmədi. Ondan sonra, 1994-cü ildə, əllərində hələ silahlı dəstələr olan bəzi insanlar çevriliş etmək istədilər, - onda prezident, cümhur başkanı artıq mən idim, - amma xalq qalxdı, buna imkan vermədi.

1995-ci ilin mart ayında yenə də bir silahlı dəstə, bizim Daxili İşlər Nazirliyinin silahlı dəstəsi çevriliş etmək istədi. Onun da qarşısını aldıq. Təsəvvür edin, 1991-ci ilin sonunda biz istiqlaliyyət əldə etmişik, amma 1995-ci ilə qədər də hələ dövlət çevrilişi cəhdləri ilə rastlaşmışıq. Təbiidir ki, bunlar Azərbaycanın iqtisadiyyatına da zərər verdi və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə imkanlar yaratdı. Nəticədə Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olundu.

Bu ağır müharibə zamanı - 1994-cü ilin may ayında biz Ermənistanla atəşi dayandırmaq haqqında anlaşma imzaladıq. O vaxtdan yeddi ildir ki, atəş yoxdur. Amma barış da yoxdur. Biz məsələni barış, sülh yolu ilə həll etmək istəyirik. Ancaq ermənilər özlərinin üstünlüyündən istifadə edərək, yəni bizim torpaqlarımızı işğal ediblər və işğal olunmuş torpaqlardan bir milyon azərbaycanlını zorla çıxardıblar, onlar çadırlarda yaşayırlar, konstruktiv mövqe tutmurlar. Təsəvvür edin, evini, eşiyini, hər şeyini itirmiş insan, 7-8 il insan çadırda yaşasın.

Doğrudur, beynəlxalq təşkilatlar qərar qəbul ediblər. Məsələn, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası qətnamələr qəbul edibdir ki, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmalıdır. Amma Ermənistan bunu etmir.

ATƏT 1992-ci ildə Minsk qrupu yaradıbdır. Türkiyə də Minsk qrupunun tərkibindədir. Minsk qrupu Ermənistan-Azərbaycan münaqişəsini sülh, barış yolu ilə həll etmək üçün yaradılıbdır. İndi Minsk qrupunun həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları, bir də Fransadır. Onlar da indiyə qədər bir iş görə bilməyiblər. Yəni bir neçə təklif irəli sürüblər, biz onları qəbul etmişik, amma Ermənistan qəbul etməyibdir.

Biz dəfələrlə Amerika Birləşmiş Ştatlarına da, Rusiyaya da, Fransaya da, digərlərinə də demişik ki, siz Ermənistana yardımlar edirsiniz. Amerika Azərbaycana embarqo qoyubdur. Demişik ki, siz Ermənistana yardımlar edirsiniz, Ermənistana siz təsir edin ki, beynəlxalq hüquq normalarına tabe olsun, işğal edilmiş torpaqlardan çıxsın və biz Dağlıq Qarabağın da statusunu beynəlxalq hüquq normaları prinsipi əsasında həll edək. Ancaq onlar da bunu etmirlər.

Bilirsiniz ki, son vaxtlarda mən Ermənistan prezidenti Koçaryanla bir çox görüşlər keçirmişəm. 15 görüş keçirmişəm. Çünki bunu bizə məsləhət gördülər. Amerika da, Rusiya da, Fransa da, digərləri də məsləhət gördülər ki, siz bir görüşün, bəlkə bu görüşlər bir şey verdi. İndi görüşürük, heç bir şey əldə etmək mümkün olmur. Amma eyni zamanda hər biri deyir ki, Ermənistan və Azərbaycan prezidentləri hansı razılığa gəlsələr, biz onu dəstəkləyəcəyik. Amma razılığa gəlmək də mümkün deyildir. Çünki Ermənistan bizim torpaqlarımızı işğal edibdir, öz şərtlərini qoyur. Amma biz də o şərtləri qəbul edə bilmərik.

Biz bax, belə bir dövr yaşamışıq. Amma bütün bunlara baxmayaraq, biz 1995-ci ildə Azərbaycanda daxili sabitlik yaratdıq. Azərbaycanın daxilində olan bütün qanunsuz silahlı dəstələri aradan götürdük. Atəşkəsi təmin etdik və Azərbaycanda 1995-96-cı illərdən ictimai-siyasi sabitlik hökm sürür.

O vaxtdan ötən illər bizə imkan verdi ki, artıq Azərbaycanın iqtisadiyyatı ilə məşğul olaq. Çünki Azərbaycan öz dövlət müstəqilliyini elan edəndə bəyan edibdir ki, demokratiya yolu ilə gedəcək və biz bu yolla gedirik. Azərbaycan hüquqi dövlət quracaq - biz hüquqi dövlət qururuq. Azərbaycanda vicdan azadlığı, söz azadlığı, mətbuat azadlığı təmin olunacaq - biz bunu etmişik. Azərbaycan dünyəvi dövlət olacaq - biz bunu bəyan etmişik. Bu yolla gedirik, bu yoldan heç vaxt dönməyəcəyik.

Mən sizə iki şeyi demək istəyirəm. Birincisi, Azərbaycan öz müstəqilliyini bundan sonra heç vaxt əldən verməyəcək və ikincisi, tutduğu yol ilə, demokratiya yolu ilə, hüquqi dövlət, dünyəvi dövlət qurmaq yolu ilə, bazar iqtisadiyyatı yolu ilə irəliləyəcəkdir.

Belə çətin, ağır bir vəziyyətdə biz 1996-cı ildən Azərbaycanda iqtisadiyyatı inkişaf etdirməyə başladıq. Sizin vaxtınızı alıb rəqəmlər göstərmək istəmirəm. Ancaq bizim həyata keçirdiyimiz islahatlar - iqtisadi islahatlar, hüquqi islahatlar, sosial islahatlar, siyasi islahatlar, özəlləşdirmə, bunlar hamısı birlikdə Azərbaycanda iqtisadiyyatın inkişafını təmin edibdir. Əgər 1996-cı ilə qədər Azərbaycanda iqtisadiyyat ilbəil aşağıya düşürdüsə, enirdisə, yəni hər il keçən ildəkindən aşağıda olurdusa, 1996-cı ildən hər il qalxır.

Biz Azərbaycanın neft strategiyasını yaratdıq. Bilirsiniz ki, 1994-cü ildə Azərbaycan böyük bir müqavilə imzaladı və o müqavilə ilə Azərbaycanın Xəzər dənizindəki neft yataqlarının - "Azəri", "Çıraq", "Günəşli" yataqlarının 11 şirkət ilə birlikdə işlənilməsinə başladıq. Bu, dünyada çox böyük əks-səda yaratdı və buna "Əsrin müqaviləsi" adı verdilər. Biz bu işə başladıq. Biz artıq 1997-ci ildə neft hasil etdik. İndi onu Bakı-Supsa neft borusu ilə Qara dəniz sahilinə, Gürcüstanın Supsa limanına, bir də Rusiyanın Novorossiysk limanına ixrac edirik.

Ancaq biz o vaxt müqaviləni imzalayanda əsas ixrac borusu kimi Bakı-Ceyhanı nəzərdə tutmuşduq. Ötən illərdə biz bu barədə işlər görmüşük. Bilirsiniz ki, artıq bütün anlaşmalar imzalanıbdır və Bakı-Tbilisi-Ceyhan neft borusunun indi inşası başlanır. Yəqin ki, beş-altı ay layihə-mühəndis işləri gedəcək, ondan sonra inşaat başlayacaqdır. Dediyim həmin neft yatağından, yalnız oradan gələcəkdə 60 milyon ton neft hasil olunub ixrac ediləcəkdir.

Türkiyə bu məsələdə həmişə bizimlə bərabər olubdur. Birincisi, Bakı-Ceyhan neft borusu həm iqtisadi nöqteyi-nəzərdən, həm də siyasi nöqteyi-nəzərdən Türkiyə üçün də, bizim üçün də önəmli olubdur. Çünki bu amillər strateji nöqteyi-nəzərdən bir-birinə bağlı olubdur. Amma birinci müqavilə imzalananda orada Türkiyənin payı çox az idi - 1,75 faiz. Sonra Türkiyə dedi ki, bizim payımızı artırın. Hörmətli xanım Tansu Çillər mənə o vaxtlar bu barədə müraciət etdi, heyət göndərdi. Mən qərar qəbul etdim, Azərbaycanın payından 5 faiz Türkiyəyə verdik.

Amma bununla da iş bitmədi. Sonra ikinci müqavilə, "Şahdəniz" yatağı var. Biz bilirdik ki, orada çoxlu qaz ehtiyatı var, amma bu qədər olduğunu bilmirdik. Bir müqavilə imzaladıq. Mən onda Türkiyəni dəvət etdim. Dedim, gəlin, burada sərmayə qoyun, 10 faiz də siz götürün. Həmin o müqavilədə Türkiyənin 10 faiz payı var. Ondan sonra yenə iki müqavilədə Türkiyənin payı var. 1994-cü ildə olan 1,75 faiz paydan mən Türkiyənin payını 35 faizə qaldırdım. İndi "Türkiyənin petrolları" Azərbaycanda işləyən böyük bir neft şirkəti olubdur.

Türkiyə Azərbaycana təxminən 460 milyon dollara qədər sərmayə qoyubdur. Amma birinci müqavilədəki həmin 6,75 faiz payından 160 milyon dollar gəlir alıbdır. Biz hələ təzə-təzə gəlir almağa başlamışıq və gəlir alınacaqdır.

Beləliklə, indi Azərbaycanda neft strategiyası çox yüksəklərə qalxıbdır. 20 müqavilə imzalanıbdır. Bunların hamısı üçün təxminən 60 milyard dollar sərmayə qoyulacaqdır və nə qədər neft, nə qədər qaz alınacaq - indi bunu demək mümkün deyildir. Çünki əgər biz "Şahdəniz" yatağından təxminən 400 milyard kubmetr qaz almaq istəyirdiksə, indi onun ehtiyatı 1 trilyon kubmetrdən artıq olubdur. Ona görə də indi Azərbaycan təkcə neft yox, həm də təbii qaz ölkəsidir.

Biz düşündük, bu qazı nə edək? Qazı da Türkiyəyə ixrac etmək lazımdır. Çünki birincisi, Türkiyənin buna ehtiyacı var, ikincisi, "Şahdəniz" yatağında Türkiyənin payı var. Ona görə də Türkiyəyə ixrac etmək lazımdır. Mən məmnunam ki, bizim apardığımız işlər artıq sona çatdı. Biz dünən anlaşma imzaladıq. Həm hökumətlərarası anlaşma, həm də alqı-satqı haqqında anlaşma ki, Azərbaycanın qazı yenə də Gürcüstan üzərindən Türkiyəyə gələcəkdir. İlkin anlaşmaya əsasən, 6 milyard kubmetr qaz gələcəkdir. Amma sonra bunu 15-20 milyard kubmetrə qaldırmaq olar.

Mənə vaxtilə deyirdilər ki, Türkiyənin 50 milyard kubmetr qaza ehtiyacı var. İndi bunun böyük bir hissəsini Azərbaycan təmin edəcəkdir. Təbiidir ki, Azərbaycan bundan gəlirlər götürəcəkdir. Türkiyə özünə məxsus paydan gəlirlər götürəcəkdir. Amma eyni zamanda Türkiyənin ehtiyacları təmin olunacaqdır. Bu, bizim neft strategiyamızın nəticəsidir və Azərbaycana artıq son beş ildə təxminən 6 milyard dollar sərmayə qoyulubdur. Bilirsiniz, bəlkə sizin üçün 6 milyard dollar bir şey deyildir. Çünki sizin ölkəniz böyükdür.

Amma əgər bizim büdcəmiz 850 milyon dollardan ibarətdirsə, təsəvvür edin, 6 milyard dollar sərmayə Azərbaycan üçün nə qədər böyük bir işdir! Bunun 50 faizi enerji sektoruna qoyulubdur. Amma 50 faizi isə başqa sektorlara qoyulubdur.

Bizim iqtisadiyyatın inkişaf etdirilməsində islahatların mühüm rolu oldu. Biz torpaqları kəndlilərə payladıq. İndi kənd təsərrüfatı məhsulları sahəsində - ət, süd, yağ - bizim problemimiz yoxdur. Kəndli özü bilir nə edir və məhsul da artır. Özəlləşdirmə keçirdik. Bütün ticarət özəlləşdirildi. Başqa sahələrin çoxu özəlləşdirildi. İndi böyük fabriklər, zavodlar özəlləşdiriləcəkdir.

İndi Azərbaycanda ticarətin 98 faizi özəl sektora məxsusdur. Kənd təsərrüfatı istehsalının 98 faizi özəl sektordadır. Sənaye istehsalının 40 faizi özəl sektordadır. Nəqliyyatda yük daşımalarınin təxminən 60 faizi özəl sektordadır. Biz birinci beş ili itirdik, çünki bu işləri görə bilmədik. Amma son beş il içərisində irəlilədik və bunun nəticəsində bizim iqtisadiyyatımız inkişaf etdi.

Məsələn, keçən ilin, 2000-ci ilin göstəricilərini götürsək, ümumi daxili məhsul 11 faiz artıbdır. O cümlədən kənd təsərrüfatı məhsulları istehsalı 9 faiz, sənaye istehsalı təxminən 6 faiz artıbdır. Əgər keçmişdə istehsal ildə 20-25 faiz azalırdısa, indi biz beş ildir ki, onu ilbəil artırırıq. Amma Azərbaycanın potensialı böyükdür. Əgər biz torpaqlarımızı işğaldan azad etsək, bir milyon qaçqını, köçkünü yerlərinə qaytara bilsək və bu müharibə şəraitindən qurtula bilsək, Azərbaycanın iqtisadiyyatı çox inkişaf edəcəkdir. Türkiyənin yaxın dostu, qardaşı kimi Azərbaycan bütün sahələrdə daim Türkiyə ilə bir olacaqdır, əlaqədə olacaqdır.

Türkiyə-Azərbaycan Müştərək İqtisadi Əlaqələr Komissiyası var. Mən o komissiyaya daxil olan nazirlərin hamısını buraya gətirmişəm. Onlar bu gün səhər böyük bir toplantı keçirdilər. Aldığım bilgilərə görə, çox yaxşı toplantı olubdur. Sabah İstanbulda iş adamları ilə görüşəcəklər. Orada da bizim iqtisadi əlaqələrin, yəni özəl sektorla olan iqtisadi əlaqələrin nə yolla, nə cür inkişaf etdirilməsi məsələlərinə baxacaqlar.

Ancaq mənim sizə dediklərim həyatımızın müsbət cəhətləridir. Amma mənfi cəhətlər də çoxdur. Ən mənfisi odur ki, biz hələ ki, insanların hamısının yaşayışını lazımi səviyyəyə qaldıra bilməmişik. Bizdə yoxsullar da, çox ağır maddi vəziyyətdə yaşayan insanlar da var. Bazar iqtisadiyyatı eyni zamanda bizim cəmiyyətdə təbəqələşdirmə əmələ gətiribdir. Bəziləri zənginləşib, bəziləri orta səviyyədə yaşayır. Amma bəziləri çox ağır vəziyyətdə yaşayırlar. Bizim qarşımızda duran vəzifə bu məsələni həll etməkdir. İnanıram ki, biz bunları edirik və edəcəyik.

Biz bütün əlaqələrimizdə Türkiyə ilə birlikdəyik. Türkiyə bizim üçün həm dostdur, həm qardaşdır, həm dayaq nöqtəsidir, həm də arxadır. Bilirsiniz ki, bizim Qafqaz bölgəsində vəziyyət çox yaxşı deyildir. Çünki biz, Azərbaycan, qonşu Ermənistanla savaşdayıq. Digər qonşularımızla münasibətlərimizdə çox problemlər var. Ona görə dünyada bizim bir nömrəli müttəfiqimiz, bir nömrəli dostumuz Türkiyədir. Bizim Türkiyənin köməyinə ehtiyacımız var. Yəni iqtisadi nöqteyi-nəzərdən bizim problemimiz yoxdur. Bu işlər ilbəil gedir və gedəcəkdir. Ancaq siyasi nöqteyi-nəzərdən, strateji nöqteyi-nəzərdən və Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması baxımından Türkiyənin yardımına çox ehtiyacımız var. Mən dünən də, bu gün də apardığım danışıqlarda vəziyyəti açıq şəkildə dedim.

Mən son dəfə Parisdə Ermənistan prezidenti ilə görüşdüm. Sonra biz - Şirak, Koçaryan və mən birlikdə görüşdük, bəzi variantlara baxdıq. Amma biz o variantların heç birisini qəbul edə bilmirik. Bu. təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də böyük təhlükədir, bütün Qafqaz üçün də təhlükədir. Ona görə də Minsk qrupunun üzvü kimi, eyni zamanda bizim dostumuz, qardaşımız kimi Türkiyə ilə birgə fəaliyyətdə olmalıyıq.

Bəzi ölkələrin onlara etdiyi yardıma görə, dəstəyə görə, diasporunun güclü olduğuna görə, son vaxtlar ermənilər, - bizdə bir söz var, artıq çox qudurublar. Bilmirəm, sizdə bu söz var, yoxsa yox?

Yerdən səslər: Bəli, var.

Heydər Əliyev: Məsələn, Fransanın parlamentində Türkiyənin onlara qarşı "soyqırımı" haqqında qərar çıxarıblar. Yaxud da, Amerikanın parlamentində Klintonun dövründə bu məsələ irəliyə gedirdi. Hakimiyyət dəyişdiyinə görə bir az dayandı. Başqa ölkələrin, İtaliyanın parlamentində qərar çıxarıblar. Biz bunların hamısına etirazımızı bildirmişik. Mən hər dəfə bəyanatlar vermişəm. Azərbaycanın parlamenti - Milli Məclisi bəyanatlar veribdir. Fransanın son qərarı bizi çox hiddətləndirdi, narahat etdi. Ona görə də biz bəyanatlar verdik, etirazımızı bildirdik.

Mən Parisdə olarkən Fransanın prezidenti Jak Şirakla təkbətək görüşəndə ona öz etirazımı bildirdim. Dedim, siz nə edirsiniz, bunu nə üçün edirsiniz? Sonra mətbuat konfransında ona sual verdilər. O da dedi ki, prezident Heydər Əliyev bu barədə öz narazılığını, narahatlığını, etirazını mənə bildiribdir. Ancaq bu, təkcə məndən asılı olan bir şey deyildir, parlamentin işidir, filandır. Doğrudan da, o mənə təkbətək görüşdə deyib ki, 20 ildir Türkiyənin dostuyam. Bu mənim əlimdən gəlmir, yəni bunun qarşısını ala bilmirəm. Nə qədər səmimidir, səmimi deyil, bilmirəm. Amma o, bu sözləri mənə dediyinə görə, mən də sizə çatdırıram. O, bu sözləri mənə deyibdir.

Məsələn, Strasburqda biz Avropa Şurasına qəbul olunanda orada soyqırımı haqqında sual verdilər. Sualı Azərbaycan qəzetçisi vermişdi. Koçaryan buna anlaşılmaz cavab verdi. Mən isə dedim, Fransa böyük dövlətdir, istədiyi qərarı çıxara bilər. Amma Türkiyə də böyük dövlətdir. İndiki zamanda heç bir dövlətin başqa dövlətin daxili işlərinə qarışmaq haqqı yoxdur. Fransa bunu nə üçün edir? Fransa beynəlxalq hüquq normalarını pozur. Mətbuat konfransında Koçaryan dedi ki, biz indi Avropa Şurasındayıq, demokratiyadayıq. Ona görə bu, mümkündür.

Mən ona cavab verdim, dedim ki, bilirsiniz, birincisi, mümkün deyildir. İkincisi, əgər siz hesab edirsiniz ki, 85 il bundan öncə guya Türkiyə ermənilərə qarşı soyqırımı edibdir - amma etməyibdir - o vaxt nə Avropa Şurası var idi, nə də demokratiya var idi. O vaxt olan şeyləri bu günün meyarları ilə ölçmək olmaz. Mən ona belə cavab verdim. Yəni biz Türkiyənin yanındayıq, Türkiyə ilə bir yerdəyik. Amma eyni zamanda mən bunu da bildirmək istəyirəm ki, bu qərarların Türkiyə üçün heç bir təhlükəsi yoxdur. Heç narahat olmayın. Türkiyə böyük dövlətdir. Türkiyənin güclü ordusu var.

Bilirsiniz ki, 1921-ci il Qars anlaşması var, onu Rusiya, Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan imzalayıblar və o anlaşmanın 80 ili tamam olur. Bu gün mənə məlumat veriblər, Ermənistanda bəzi daşnaklar məsələ qaldırırlar ki, Qars anlaşmasını ləğv etmək lazımdır. Türkiyənin doğu hissəsi Ermənistanındır, Ermənistana verilməlidir. Naxçıvan Ermənistana verilməlidir və sair. Yəni onlar bəzi yerlərdən dəstək aldıqlarına görə bu cür yollara gedirlər. Belə bir zamanda biz daha da birləşməliyik, daha da bir yerdə olmalıyıq, bunların hamısına lazımi cavablar verməliyik.

Biz hesab edirik ki, ermənilərə qarşı heç bir soyqırımı olmayıbdır. Amma ermənilər həm Türkiyədə, həm də Azərbaycanda soyqırımı ediblər. 1918-ci ildə ermənilər Azərbaycanda azərbaycanlıları qırırdılar. Əgər o vaxtlar Kazım Qarabəkir Paşa Naxçıvana gəlməsəydi, Türkiyənin Qafqaz ordusu Bakıya gəlməsəydi, bəlkə də, ermənilər azərbaycanlıların hamısını soyqırımı ilə yox edəcəkdilər. Həqiqət budur. Gəlin, biz açıq danışaq. Biz bu tarixi dünyaya çatdıra bilmirik. Amma onlar edirlər.

İndi dost söhbəti edirik, bəlkə də sizin vaxtınızı alıram. Məsələn, Şirak mənə nə dedi? Dedi ki, bilirsiniz, burada, Fransada 600-700 min erməni yaşayır. Onlar Fransa parlamentinin qarşısında çadır qurublar, oraya gələn parlament üzvlərini o çadıra dartırlar. Onlar da kimlərdən səs almaq istəyirlərsə, - bu yaxınlarda seçki olacaqdır, - o adamlarla danışırlar. Sonra da gedib "soyqırıma" səs verirlər. Ancaq o, mənə dedi ki, Fransada çoxlu türk də vardır, olduqca çoxdur. Amma türklər heç bir şey etmirlər.

Amerikada erməni diasporu var. Görürsünüz, onlar hər dəfə həm Azərbaycan, həm də Türkiyə məsələsini Konqresdə qaldırırlar. Amma Amerikada nə qədər türk var. Bəs, niyə birləşmirlər? Bizim xalqlarımızın bir çatışmayan cəhəti ondan ibarətdir ki, gücümüzü birləşdirmirik. Biz bu məsələlərdə irəliyə düşmürük. Onlar isə irəliyə düşür və dünyanı, ictimaiyyəti aldadırlar.

Amma bunlara baxmayaraq, hesab edirəm ki, haqq-ədalət bizim tərəfimizdədir. Türkiyənin tərəfindədir, Azərbaycanın tərəfindədir və bundan sonra da belə olacaqdır. Sadəcə, biz bu hadisələrdən dərs almalıyıq. Bu hadisələrdən nəticə çıxarmalıyıq və gücümüzü artırmalıyıq, təbliğatımızı artırmalıyıq və dövlətlərimizi qorumalıyıq. Burada yenə də Türkiyə, Türkiyə, Türkiyə öndədir.

Əziz dostlar!

Biz Azərbaycanda türkdilli dövlətlərin tarixinə, Türkiyənin tarixinə, Azərbaycan-Türkiyə əlaqələrinin tarixinə böyük əhəmiyyət veririk. Xüsusən, böyük Atatürkün irsinin öyrənilməsinə, araşdırılmasına, elmi cəhətdən tədqiq edilməsinə çox böyük önəm veririk. Təbiidir ki, bu barədə Türkiyədə çox işlər görülübdür. Amma hesab edirəm ki, böyük Atatürkün yaratdığı və bugünkü nəsillərə, gələcək nəsillərə qoyduğu irs elə böyük xəzinədir ki, bu araşdırmalar hələ yüz il bundan sonra da getsə, onun hamısını elm, kitab vasitəsilə, başqa yollarla meydana çıxarmaq mümkün olmayacaqdır. Ona görə də mən fərman vermişəm və Azərbaycanda Atatürk irsinin və türk xalqlarının tarixinin araşdırılması üşün yeni bir mərkəz yaratmışam. Bu mərkəzin fəxri prezidenti Azərbaycan prezidentidir.

Güman edirəm ki, biz bu sahədə də imkanlarımızı birləşdirməliyik.

Azərbaycanda çox böyük alimlər var, Türkiyədə çox böyük alimlər var. Onlar öz səylərini, güclərini birləşdirməlidir. Biz bundan sonra da Türkiyənin, Azərbaycanın tarixi, türkdilli dövlətlərin tarixi haqqında xüsusən, Atatürkün irsi haqqında daha böyük əsərlər yaradıb bugünkü nəsillərə və gələcək nəsillərə çatdırmalıyıq.

Əziz dostlar!

Mən çox məmnunam ki, bu gün mənə bu kürsüdən xitab etmək nəsib olubdur. Bu, mənim üçün ən xoşbəxt günlərdən, dəqiqələrdən biridir. Çünki Türkiyənin Böyük Millət Məclisi keçmişdə də bizim hafizəmizdə ən yüksək bir qurum kimi qalıbdır. Mən gənc vaxtlarımda Türkiyənin Böyük Millət Məclisi haqqında kitablarda oxuyurdum. Heyranlıqla oxuyurdum, eyni zamanda düşünürdüm - ya rəbb, mən nə vaxtsa bunu görəcəyəm, yoxsa, yox? Amma mən bunu gördüm. 1997-ci ildə mən burada, sizin qarşınızda xitab etdim. İndi mənə siz yenə bu imkanı verdiniz. Bunlara görə təşəkkür edirəm.

Bizim parlamentlərarası əlaqələr inkişaf etməlidir. Biz bu barədə hörmətli sədrlə söhbət etdik. Mən onu və Böyük Millət Məclisinin nümayəndə heyətini Azərbaycana dəvət etdim. Azərbaycan Milli Məclisinin sədri buraya dəvət olunubdur. O da gələcəkdir. Yəni bu imkanlardan da istifadə etmişik və istifadə edəcəyik.

Bir sözlə, Türkiyə-Azərbaycan dostluğu əbədidir, sarsılmazdır. Azərbaycan xalqı bu dostluğu, bu qardaşlığı yüksək qiymətləndirir və bunu özü üçün ən önəmli bir hal hesab edir. Biz bu dostluğa sadiq olacağıq. Biz həmişə sizinlə bir yerdə olacağıq. İnanıram ki, siz də həmişə Azərbaycanla bir yerdə olacaqsınız, Azərbaycanın təklənməsinə yol verməyəcəksiniz. Azərbaycanın ağır problemlərinin həlli, xüsusən, Azərbaycanın Ermənistan işğalından qurtulması üçün öz imkanlarınızdan istifadə edəcəksiniz. Mən sizə bir daha təşəkkür edirəm və deyirəm:

Yaşasın Türkiyənin Böyük Millət Məclisi!

Yaşasın Türkiyə Cümhuriyyəti!

Yaşasın böyük Atatürkün yolu ilə gedən türk xalqı, Türkiyə Cümhuriyyəti!