Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moldova prezidenti Petru Luçinskiyə Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqim edilməsi mərasimində çıxışı - 26 noyabr 1997-ci il


Hörmətli qonaq, hörmətli dostumuz, cənab prezident Petru Luçinski!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Mən ən öncə bu gün Azərbaycana rəsmi səfərə gəlmiş və Bakı Dövlət Universitetinin fəxri doktoru adını almış prezident Petru Luçinskini bu münasibətlə ürəkdən təbrik edirəm. Mənim hörmətli dostum, sizə cansağlığı, səadət və Moldovanın dövlət başçısı kimi yüksək və çox məsuliyyətli vəzifənizdə uğurlar arzulayıram.

Mən bu gün bu imkandan istifadə edib, Bakı Dövlət Universitetinin professor və müəllimlərinin, tələbələrinin nümayəndələri ilə görüşümdən çox məmnun olduğumu bildirmək istəyirəm. Bakı Dövlət Universiteti Azərbaycanın ictimai-siyasi həyatında çox görkəmli bir yer tutur. Ona görə də Bakı Dövlət Universiteti ilə hər bir görüş, hesab edirəm, hər bir azərbaycanlı üçün çox əzizdir. Bu, mənim üçün xüsusilə əzizdir, çünki Bakı Dövlət Universiteti ilə nə qədər sıx bağlı olmağım sizə məlumdur. Mən sizi və sizin simanızda Bakı Dövlət Universitetinin professor, müəllim heyətini, bütün tələbələrini, bu yüksək təhsil ocağında çalışan insanların hamısını ürəkdən salamlayıram, sizə bir daha öz hörmət və ehtiramımı bildirirəm, sizə cansağlığı, səadət, Azərbaycanın ali təhsilini daha da yüksəklərə qaldırmaqda uğurlar arzulayıram.

Güman edirəm, siz etiraz etməzsiniz ki, qonağımıza hörmət əlaməti olaraq mən sözlərimi rusca davam etdirim.

Mən şadam ki, siz bu adı - Bakı Universitetinin fəxri doktoru adını Dövlət Universitetinin fəxri adı kimi ilk dəfə alırsınız. Sizin tərcümeyi-halınız çox zəngindir. Onda bir çox hökumət mükafatlarının, müxtəlif adların, fəxri fərmanların, orden və medalların sadalanmasını görmək mümkündür. Amma bu gün sizinlə söhbətimdə öyrəndiyim kimi, digər dövlətin universitetinin fəxri doktoru adı sizə ilk dəfə verilir.

Mən şadam ki, bu, Azərbaycanda baş verir, bu ad sizə Azərbaycanın qocaman təhsil müəssisəsi - Bakı Dövlət Universiteti tərəfindən verilmişdir. Şübhə yoxdur ki, bu akt moldovan və Azərbaycan xalqları, Moldova və Azərbaycan dövlətləri, Kişinyov və Bakı Dövlət universitetləri arasında, prezidentlər Luçinski və Əliyev arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcəkdir.

Hörmətli prezident, sizi Azərbaycanda yaxşı tanıyırlr, özü də təkcə mən yox, çoxları tanıyır. Siz özünüz indicə çıxış edərkən dediniz ki, 35 il bundan öncə burada olmuş və tələbələrlə görüşmüsünüz. Görün, nə qədər böyük səadətdir - 35 il öncə gənclərin rəhbəri kimi ilk dəfə Azərbaycanda olmusunuz, tələbələrlə görüşmüsünüz. 35 ildən sonra isə öz ölkənizin prezidenti olub Bakı Universitetinin professor-müəllim heyəti və tələbələri ilə görüşürsünüz və sizə elmlər doktoru fəxri adı verirlər. Bu, çox böyük səadətdir və qanunauyğundur. Ona görə ki, siz bu 35 il ərzindəki dövlət, siyasi fəaliyyətinizlə, - siz bu barədə dediniz, - bu səviyyəyə yüksəlmək, Bakı Dövlət Universitetinin fəxri doktoru olmaq hüququ qazanmısınız.

Mən sizi çoxdan, 1970-ci ildə burada, Bakıda ilk dəfə görüşdüyümüz vaxtdan və sonralar siz artıq Moldovada deyil, Moskvada, Tacikistanda olandan, öz xalqı, öz ölkəsi üçün çox iş görmüş fəal insan kimi tanıyıram. Sizin taleyiniz sovet dövrünün sayca çox olmayan - zamanın sınağından çıxa bilən, öz xalqının etimadını itirməyən və yenidən onun etimadını qazanan siyasi xadimlərin taleyidir. Belələri az olubdur. Çoxları elə o tayda da qalmışdır. Siz, sayca az olanlardan birisiniz. Bu da onu göstərir ki, siz öz xalqınıza, vətəninizə, öz doğma torpağınıza bütün dövrlərdə vicdanla və sədaqətlə xidmət etmisiniz. Bu, böyük səadətdir.

Bu gün Azərbaycana sizin rəsmi səfəriniz başlanmışdır. Biz sizinlə dövlətlərarası münasibətlərimizin bir sıra çox mühüm məsələlərini artıq müzakirə edə, beynəlxalq həyatın bir çox məsələlərinə, Moldovada və Azərbaycanda dövlət quruculuğu təcrübəsinə dair fikir mübadiləsi apara bilmişik. Mən belə bir imkandan şadam, ona görə ki, Moldova da, Azərbaycan da eyni keçid mərhələsini yaşayır, sizin burada düzgün dediyiniz kimi, çox oxşar problemlərlə, çətinliklərlə qarşılaşır, demək olar, eyni məsələləri həll edirlər.

Mən Moldovada baş verən proseslər haqqında sizin çıxışınızı, müstəqil Moldova dövləti quruculuğu haqqında düşüncələrinizi, demokratiya, siyasi həyat və Moldovada iqtisadi quruculuq barədə fikirlərinizi və düşüncələrinizi böyük diqqətlə dinlədim. Bütün bunlar çox maraqlıdır və hesab edirəm ki, sizin bugünkü çıxışınız da, sonrakı görüşlərimiz də bizim hamımıza Moldovada milli dövlət quruculuğu təcrübəsi haqqında daha çox şey öyrənməkdə kömək edəcəkdir. Azərbaycanda nə baş verdiyini sizə danışacağıq, siz özünüz görəcəksiniz. Şübhəsiz ki, bu fikir və təcrübə mübadiləsi uğurla irəliləməyimizə kömək göstərəcəkdir.

Bəli, oxşar problemlər bizdə həqiqətən çoxdur. Onlarda Azərbaycan üçün ən mürəkkəbi Ermənistan respublikası tərəfindən Azərbaycana qarşı təcavüzlə, bu təcavüzün nəticələri ilə bağlı olan problemlərdir. Nəticələr isə belədir ki, müxtəlif səbəblərlə erməni silahlı birləşmələri Azərbaycan ərazisinin 2 faizini işğal etmiş, işğal olunmuş torpaqlardan bir milyondan çox sakini qovub didəgrin salmışdır. Onlar artıq beş ildən çoxdur olduqca ağır şəraitdə, əksəriyyəti də çadır şəhərciklərində yaşayırlar, Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur. 1994-cü ilin mayında biz müharibəni, qan tökülməsini dayandırmağa müvəffəq olduq. Üç ildən artıq vaxt keçmişdir, lakin hələlik sülh yoxdur və biz Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə hələlik nail ola bilməmişik.

Bu problem, həm bizim tərəfimizdən, həm də ATƏT-in Minsk qrupu, onun həmsədrləri - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa tərəfindən həyata keçirilən tədbirlər sizə məlumdur. Biz inanırıq ki, dinc yolla problemi həll edəcək, Azərbaycanın işğal olunmuş torpaqlarını Ermənistan silahlı qüvvələri tərəfindən azad edəcək, qaçqınları öz yaşayış yerlərinə qaytaracaq, Azərbaycanın sərhədini və ərazi bütövlüyünü bərpa edəcək, Ermənistanla möhkəm, uzunmüddətli sülh yaradacağıq.

Mən dəfələrlə bildirmişəm və bu gün, burada, Bakı Dövlət Universitetində, Moldova prezidentinin yanında bir daha deyirəm ki, biz münaqişəni dincliklə aradan qaldırmaq, Ermənistanla, eləcə də bizi əhatə edən bütün ölkələrlə sülh və mehriban qonşuluq münasibətləri yaratmaq mövqelərində möhkəm dayanmışıq. İnanıram ki, gün gələcək biz bütün bunların reallığa çevriləcəyinin şahidi olacağıq.

Sizin Pridnestrovye problemi də bizə yaxşı məlumdur. Bilirik ki, sizdə də ərazi bütövlüyü pozulub. Bilirik ki, Pridnestrovye müstəqillik tələb edir, Moldovadan ayrılmaq istəyir. Biz Moldova üçün də, Azərbaycan üçün də, dünyanın hər hansı ölkəsi üçün də hər bir dövlətin, hər bir ölkənin suverenliyi, ərazi bütövlüyü prinsipini əsas tuturuq. Bu beynəlxalq hüquqi prinsipə hamı üçün əməl edilməlidir və heç kəs üçün istisna olmamalıdır ki, görürsünüzmü, guya belə düşünmək olar ki, Moldovada, Azərbaycanda separatçılıq olmuşdur. Belə düşünənlər və keçmiş Sovet İttifaqının ərazisində bu münaqişələrin baisləri Azərbaycan, Moldova xalqları qarşısında, digər ölkələrin xalqları qarşısında çox ağır cinayət törətmişlər. O xalqlar bu münasibətlərdən, separatçılıqdan və bundan əzab-əziyyət çəkirlər ki, hansısa qüvvələr haradasa ərazinin hər hansı bir hissəsini qoparmaq və müstəqillik almaq istəyirlər. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz 1996-cı ildə ATƏT-in Lissabon zirvə toplantısında qəbul olunmuş prinsipləri Ermənistan-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ münaqişəsinin dincliklə aradan qaldırılması üçün əsas prinsiplər kimi elan etmişik. Söhbət Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından və Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində ən yüksək özünüidarə statusu verilməsindən gedir. Biz heç vaxt razılaşmarıq ki, Azərbaycan ərazisində daha bir erməni dövləti yaradılsın. Bununla Dünya Birliyi də razılaşmaz. Beynəlxalq hüquq nəinki Azərbaycan barəsində, həm də Yer kürəsinin hər hansı digər ölkəsi barəsində belə hala yol verə bilməz.

Bizdə çoxlu digər olduqca oxşar problemlər də var. Siz onlardan çox düzgün, yaxşı və ətraflı danışdınız. Mən də bu barədə danışıb vaxtınızı almaq istəmirəm. Yalnız demək istəyirəm ki, Azərbaycan öz dövlət müstəqilliyini möhkəmlətmək, hüquqi, demokratik, dünyəvi dövlət qurmaq, bazar iqtisasiyyatı prinsiplərini bərqərar etmək, xarici sərmayələr üçün açıq olmaq, dünyünın bütün ölkələri ilə xoş, qarşılıqlı surətdə faydalı münasibətlər yaratmaq mövqelərində qətiyyətlə dayanmışdır. Qarşılaşdığımız bir sıra çətinliklərə baxmayaraq, ötən illər ərzində bir çox işlər görmüşük. İndi Azərbaycan müstəqil dövlət kimi ayaq üstündə möhkəm dayanan və öz suverenliyinin, öz dövlət müstəqilliyinin, öz milli azadlığının keşiyində möhkəm dayanan bir dövlətdir. Bu, olduqca böyük nailiyyətdir və biz bununla fəxr edirik.

İqtisadi problemlər tədricən həll edilir, həyata keçirilmiş olan, həyata keçirilən və yaxın illərdə həyata keçiriləcək iqtisadi islahatlar iqtisadiyyatı, şübhəsiz, indiki vəziyyətdən çıxarıb daha yüksək səviyyəyə qaldıracaq və bütün Azərbaycan vətəndaşlarının həyat və fəaliyyəti üçün daha əlverişli şərait yaradacaqdır.

Azərbaycan çoxmillətli ölkədir. Bu gün hörmətli Petru Luçinski Moldovadan, bu ölkədə dinclik və həmrəylik şəraitində yaşayan müxtəlif millətlərin nümayəndələrindən danışdı. Zənnimcə, biz hamımız belə bir məlumatı böyük məmnunluq hissi ilə qarşıladıq ki, Moldovada azərbaycanlılar da yaşayır, onlar bu respublikanın vətəndaşları olmuşlar, öz cəmiyyətinə malikdir, Azərbaycan icmasının rəhbəri Dövlət Departamentində çalışır. Açığını deyim ki, bu, bizim üçün xoş bir haldır. Biz milliyyətindən asılı olmayaraq, bütün Moldova vətəndaşlarına, o cümlədən Moldovada yaşayan və onun vətəndaşları olan azərbaycanlılara sülh, firavanlıq, xoşbəxtlik arzulamaq istəyirik.

Azərbaycan da öz çoxmillətliliyi ilə fərqlənir. Burada bir çox millətlərin, xalqların nümayəndələri vahid ailədə yaşayırlar, onların hamısı bərabər hüquqlara malikdir, onların hamısı Azərbaycanın tam hüquqlu vətəndaşıdır və yeni müstəqil Azərbaycan Respublikasının nemət və sərvətlərindən bəhrələnirlər. Biz hər şey edirik ki, müxtəlif xalqların, millətlərin nümayəndələri birlikdə mehriban yaşadıqları bir vaxtda Azərbaycanın bu ənənələriqorunub saxlanılsın və möhkəmlənsin. Yeri gəlmişkən, bu da sivilizasiyanın çox mühüm cəhətidir, belə bir halı səciyyələndirən mühüm amildir ki, Azərbaycanda dünyəvi, sivilizasiyalı cəmiyyət, dövlət mövcuddur və qurulur.

Hesab edirəm ki, Moldova prezidentinin Azərbaycanda olması proqramının başlanğıcı olan bugünkü görüş Moldova prezidentinin Azərbaycana ilk rəsmi səfərinin uğurla keçməsi üçün yazşı zamindir. Əminəm ki, bu səfər uğurla keçəcək, çünki böyük hazırlıq işi görülmüş, çox mühüm dövlətlərarası, hökumətlərarası sənədlər hazırlanmışdır, ən başlıcası isə bugünkü və gələcək həyatımıza münasibətlərimizdə, baxışlarımızda ümumi cəhətlər olduqca çoxdur. Ən əsası isə budur ki, Moldova da özünün dövlət müstəqilliyini,demokratiyanı möhkəmləndirir və inkişaf etdirir, Azərbaycan da öz dövlət müstəqilliyini, demokratiyanı möhkəmləndirir və inkişaf etdirir. Hesab edirəm ki, biz bu prinsiplər əsasında bundan sonra da fəal əməkdaşlıq edəcəyik. İqtisadiyyat, elm, mədəniyyət və şübhəsiz ki, təhsil sahələrində əməkdaşlıq üçün çox böyük imkanlar var. Mən hesab edirəm ki, universitetlərimiz, bütün ali təhsil müəssisələri əməkdaşlığımızın fəal iştirakçıları ola bilər.

Pyotr Kirilloviç, bügünkü hadisə münasibətilə sizi bir daha təbrik etmək, sizə cansağlığı və xoş həyat arzulamaq istəyirəm. İnanıram ki, bugünkü hadisə - sizə Bakı Dövlət Universitetinin fəxri doktoru adının verilməsi - sizi həm universitetlə, həm də Azərbaycanla çox möhkəm bağlamışdır. Sizə cansağlığı və xoşbəxtlik arzulayıram.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı -2004, 13-cü cild, səh. 232.