Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ölkəmizdə sosial-iqtisadi vəziyyət və 2003-cü il prezident seçkilərinə hazırlıq barədə məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədən giriş sözü və yekun nitqi - Prezident sarayı, 31 may 2003-cü il


Salam, hörmətli müşavirə iştirakçıları!

Biz bu müşavirəni böyük məqsədlər üçün keçiririk. Ümumiyyətlə, ölkəmizdə iqtisadiyyat inkişaf edir, sosial məsələlər həll olunur. Ancaq ola bilər ki, hər yerdə belə deyildir. Bəlkə bəzi yerlərdə problemlər, yaxud həll olunmayan məsələlər var. Bu xüsusən indi, prezident seçkiləri ərəfəsində çox vacib məsələdir.

İndi kənd yerlərində yaxşı məhsul yetişdirilmişdir. Yığıma başlayacaqlar. Gərək bu il məhsul yığımı heç bir itki olmadan təmin edilsin. Bu işdə də bizim rayonlara köməyimiz lazımdır.

Nəhayət, biz prezident seçkilərinə gedirik. Bu da bizdən tələb edir ki, indiyə qədər həll olunmamış məsələlər həll edilsin, bizim seçicilər razı qalsınlar və prezident seçkilərini xoş əhval-ruhiyyə ilə keçirək. Bunlar bizim bugünkü söhbətimizin əsas mövzularıdır. Ola bilər, başqa məsələlər də olsun. Ona görə də mən sizinlə bu görüşə gəlmişəm. Yəqin bunun əhəmiyyəti bir də ondan ibarətdir ki, son vaxtlar sizinlə birinci dəfədir görüşürəm.

Yəqin ki, siz də darıxmısınız, mən də darıxmışam. Hesab edirəm ki, indi mən sözü Ramiz Mehdiyevə verim, o, əsas məsələləri bildirsin.

Ramiz Mehdiyev (Prezidentin İcra Aparatının rəhbəri): Bilirsiniz ki, «Seçki Məcəlləsi» Milli Məclisdə qəbul edilmişdir. Qarşıdakı dövrdə seçkilərə hazırlıq məsələləri ilə ciddi məşğul olunmalıdır. Prezident Heydər Əliyevin tapşırığı əsasında respublikanın şəhər və rayonlarında mövcud sosial-iqtisadi problemlərin öyrənilməsi, onların tezliklə həlli üçün tədbirlər planı hazırlanmışdır.

Sənaye müəssisələrinin işinin gücləndirilməsinə, yeni iş yerlərinin açılmasına kömək etmək üçün müvafiq qurumlarla birlikdə konkret tədbirlər işləyib hazırlamaq zəruridir. Əhali tərəfindən qaldırılan məsələlərin, o cümlədən aqrar sektorda çalışanların ehtiyaclarının, habelə sosial problemlərin öyrənilməsi və bunların aradan qaldırılması üçün tədbirlər görülməsi, sosial müdafiəyə və yardıma ehtiyacı olan insanlara, o cümlədən müharibə iştirakçılarına və əlillərə xüsusi qayğı göstərilməsi, gənclərin asudə vaxtının təşkilinə fikir verilməsi, siyasi təbliğat işlərinin gücləndirilməsi və s. qarşıda duran əsas məsələlərdir.

Prezident seçkilərinin açıq, şəffaf və mütəşəkkil keçirilməsi üçün bütün lazımi tədbirlər həyata keçiriləcək, seçki dairələri və məntəqələrinin yerləşdiyi binaların lazımi avadanlıq və texniki vasitələrlə təmin olunması, seçki komissiyalarının normal işləməsi üçün bütün imkanlar yaradılacaqdır.

Heydər Əliyev: Siz bilirsiniz, mən bir də xatırlatmaq istəyirəm ki, biz seçkiləri tam şəffaf, tam ədalətli, tam aşkarlıq şəraitində keçirməliyik. Heç bir qanun pozuntusuna, qaydaların pozuntusuna yol verilməməlidir və siz indidən bu rayonlarda lazımi işi aparmalısınız ki, camaat daha da çox öyrənsin. O cümlədən seçki məntəqələrinin üzvləri öyrənsinlər ki, bu çox mühüm məsələdir. Ona görə mən xahiş edirəm ki, bu məsələyə ciddi yanaşasınız.

İkinci məsələ, siz yerlərdə həm icra orqanları ilə, həm də Yeni Azərbaycan Partiyası təşkilatlarının nümayəndələri ilə birgə işləməlisiniz. Hər yerdə Yeni Azərbaycan Partiyasının yaxşı təşkilatı var. Ola bilər, onlar nöqsanları, səhvləri, xüsusən sosial-iqtisadi məsələləri sizə daha da doğru çatdırsınlar.

Ona görə gərək siz hər yerdə vəziyyəti tam öyrənəsiniz və harada hansı işi görmək lazımdırsa, müəyyən edəsiniz. Buna vaxt var və bu müddətdə bunları tam həll edib seçkilərə yaxşı şəraitdə getməliyik.

Əli Əhmədov (Yeni Azərbaycan Partiyasının icraçı katibi): Hörmətli müşavirə iştirakçıları, icazə verin qarşıdan gələn prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün partiyanın sədri tərəfindən verilən tapşırıq və tövsiyələr əsasında görülən işlərin istiqamətləri barədə məlumat verim.

Mən seçkilərin müasir tələblərə, demokratiya şəraitinə uyğun keçirilməsi üçün işlənib hazırlanmış hərtərəfli konsepsiya əsasında YAP-ın yerli strukturlarına müvafiq tapşırıqlar vermişəm. Biz partiyanın malik olduğu böyük potensialdan səmərəli istifadə etməklə, ötən 10 il ərzində Azərbaycan prezidentinin gördüyü işləri geniş təbliğ və izah etməklə seçicilərin fəallığını yüksəltməyə, YAP-ın namizədi cənab Heydər Əliyevin tam dəstəklənməsinə nail olacağıq.

Əli Əhmədov seçicilərlə fərdi görüşlərin keçirilməsindən, seçki komissiyalarında YAP-ın təmsilçilərinin müəyyənləşdirilməsindən və digər məsələlərdən də danışdı.

 

Yekun nitqi 

Biz bu seçkilərdə Azərbaycanda yüksək demokratiyanın olduğunu göstərməliyik, buna nail olmalıyıq.

İki ay bundan öncə Amerika Birləşmiş Ştatlarının «Respublikaçılar» İnstitutu ABŞ-dakı Xüsusi Sosial Mərkəzin nümayəndələri ilə birlikdə Azərbaycanda çox yüksək, peşəkar səviyyədə sorğu keçiriblər. Onun nəticəsini bizə də, müxalifət partiyalarının başçılarına da veriblər. O sorğuda belə sual qoyulub ki, əgər indi seçkilər keçirilsə, siz kimə səs verəcəksiniz?

69 faiz Yeni Azərbaycan Partiyasına, yəni Heydər Əliyevə səs veribdir. 7 faiz Müsavat Partiyasına, 4 faiz AXCP-yə, 3 faiz ADP-yə səs veribdir.

Konkret şəxslər üzrə keçirilən sorğuların nəticələri belə olmuşdur: Heydər Əliyev 64 faiz, İsa Qəmbər 7 faiz, Əli Kərimli 4 faiz, Etibar Məmmədov 3 faiz, Rəsul Quliyev 3 faiz, Ayaz Mütəllibov 3 faiz.

Bu bizim sorğu deyil ki?! Bu tamamilə müstəqil və bilirsiniz ki, hər bir ölkədə, o cümlədən Azərbaycanda demokratiyanı yüksəltməkdə, inkişaf etdirməkdə çox maraqlı olan bir ölkənin nümayəndələrinin keçirdiyi sorğudur.

Burada bizim də sorğu mərkəzlərimiz var. Onlar da daim sorğu aparırlar. Onların aldığı nəticələr həmin dediyim bu nəticələrlə, demək olar, eynidir. Demək, biz bir neçə yerdə belə sorğular keçirmişik. Seçkidə qalib gəlmək üçün 51 faiz səs almaq lazımdır. Amma bizim bu gün 69 faizimiz var. Bu hələ seçkilərdə neçə ay əvvəl keçirilmiş sorğunun nəticələridir Ancaq seçki kampaniyasının gedişində, apardığımız işlər nəticəsində bu göstəricilər bizim xeyrimizə, Yeni Azərbaycan Partiyasının xeyrinə daha da yüksək olacaqdır.

Ona görə bunları nəzərə alaraq, bunları bilərək, yerlərdə işi daha da gücləndirməliyik. Bu o demək deyil ki, biz bunu seçkilərqabağı edirik. Bu bizim borcumuzdur, gələcəkdə də vaxtaşırı bu tədbirləri keçirəcəyik. Bu borcumuzdur ki, yerlərdə – hər bir şəhərdə, rayonda, qəsəbədə, kənddə bütün vəziyyəti bilək və həll olunmayan məsələləri həll edək. Ona görə də mən sizdən xahiş edirəm ki, bu tapşırıqlara tam ciddiyyətlə yanaşısınız və göstərəsiniz ki, bəli, Azərbaycanda azadlıq var, demokratiya var, hüquqi dövlət var. Bu sizin vəzifənizdir.

Sağ olun.

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış