Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Bakı-Ceyhan neft odisseyası-2000" layihəsi üzrə həyata keçirilən motoyürüşün iştirakçılarını qəbul edərkən çıxışı - 22 avqust 2000-ci il


Mən sizi bir də salamlayıram. Hamınıza təşəkkür edirəm ki, gözəl bir təşəbbüslə çıxış edirsiniz.

Biz beş ildən çoxdur, altı ildir Xəzər dənizində, Azərbaycan sektorunda hasil olunan neftin dünya bazarlarına çıxarılması üçün Bakı-Ceyhan neft borusunun yaranmasına çalışmışıq və artıq buna da nail olmuşuq. Mən bunu tarixi hadisə hesab edirəm. Bizimlə bərabər bunun əsasını qoyanlardan biri, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin birinci prezidenti cənab Terri Adams da buradadır.

Mən təsəvvür edə bilməzdim ki, siz belə bir təşəbbüs irəli sürəcəksiniz. Görünür ki, bu bizim dostumuz Tomas Qoltsun təşəbbüsüdür. Çünki o, adətən macəraçıdır, macəralar axtarmaqla məşğuldur. Mən Tomas Qoltsu 1991-ci, ya 1992-ci ildən tanıyıram. O vaxt mən hələ Azərbaycanın Prezidenti deyildim, sürgündə idim. Mən blokada şəraitində yaşayan Naxçıvanda idim. O, oraya gəlib mənimlə ilk görüşən şəxslərdən biridir. Ona görə də mən o vaxt da hiss etdim ki, o, macəraçıdır. İndi fikirləşib ki, hansı bir macəra tapım və çox ağıllı bir macəra tapıbdır.

Bir var ki, macəraçılar gedib dağa çıxırlar, meşədə ilan tuturlar, yaxud da heyvanlarla vuruşurlar. Amma bu təşəbbüs, bu macəra həm iqtisadiyyatla, həm siyasətlə əlaqədar bir hadisədir. Ona görə mən bütün təşəbbüskarlara təşəkkür edirəm.

Burada siz özünüz üçün, təbiidir ki, işlər görəcəksiniz. Hesab edirəm ki, bundan xüsusi zövq alacaqsınız. Amma eyni zamanda çox böyük beynəlxalq xarakter daşıyan bir iş görəcəksiniz, məşhurlaşacaqsınız.

Məsələn, Everest dağına çıxanlar da məşhurlaşırlar. Amma siz onlardan da məşhur olacaqsınız. Çünki Everest dağına çıxmaq sadəcə, - alpinizmi bilmək lazımdır, - çıxıb orada öz bayrağını taxmaqdır. Amma siz buradan - Xəzər dənizinin sahilindən Aralıq dənizinin sahilinə gedəcəksiniz. Dağa da çıxacaqsınız, çay da keçəcəksiniz, cürbəcür yerlər də görəcəksiniz. Bəlkə sizin qarşınıza ayıdan, canavardan çıxdı, onları da vurarsınız.

Mən Azərbaycanın ərazisində, Gürcüstan sərhədinə çatana qədər müşayiətçi vermişəm ki, sizi mühafizə etsinlər. Mən daxili işlər nazirinə əmr vermişəm, onun yol xidməti avtomobilləri sizi Gürcüstan sərhədinə qədər müşayiət edəcəklər. Amma indi istərdim sizin fikirlərinizi bilim. Bu, mənim eşitdiklərimdir. Amma siz bu işin əsas mənasını bilirsiniz. Buyurun.

* * *

Hörmətli dostlar!

Verdiyiniz məlumatlar və burada ifadə olunan fikirlər Sizin təşəbbüsünüzün nə qədər vacib, əhəmiyyətli olduğunu bir daha nümayiş etdirdi.

Mən sözümə onunla başladım ki, Siz macəra axtaranlarsınız. Bu barədə fikrimi onunla yekunlaşdırmaq istəyirəm ki, Siz həm də böyük siyasətçisiniz. Çünki Sizin bu təşəbbüsünüzün böyük beynəlxalq, siyasi əhəmiyyəti vardır.

Mən sözümə başlayanda Sizə dedim ki, biz 1994-cü ildən bəri Bakı-Ceyhan əsas ixrac boru kəmərinin yaranması üçün çalışmışıq. Müqavilələr imzalanıbdır. Keçən ilin noyabrında İstambulda ATƏT-in zirvə görüşündə dörd ölkənin - Türkiyə, Azərbaycan, Gürcüstan və Qazaxıstanın prezidentləri bu layihə barədə müqaviləni imzaladılar. Bu müqaviləni daha yüksəklərə qaldıran o oldu ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Bill Klinton da onu imzaladı.

Biz o zamandan bu müqavilənin, Bakı-Ceyhan layihəsinin həyata keçirilməsi ilə məşğuluq. Bunun üçün gərək həmin müqavilə parlamentlərdə təsdiq olmalıydı. Azərbaycan parlamenti, Gürcüstan parlamenti və Türkiyə parlamenti bu müqaviləni təsdiq etdilər. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə birlikdə bunun kommersiya məsələlərini həll edirlər və inşaata başlamaq üçün lazımi tədbirlər görürlər.

Ancaq biz bu işə başlayandan indiyə qədər bu böyük layihənin əleyhinə çıxanlar da, onun istənilən səviyyədə xeyir verməyəcəyini bəyan edənlər, bunun fantaziya olduğunu deyənlər də olubdur. İndi də, artıq hər şey arxada qaldığı zaman yenə də bu işə maneçilik törədənlər az deyil. Bakı-Ceyhan barədə bu müqavilə bizdə, başqa ölkələrdə, bizimlə müştərək iş görən neft şirkətlərində böyük həvəs doğurubsa və onun böyük gələcəyi vardırsa, amma bilirsiniz ki, dünyada bir ölkənin başqa bir ölkəyə qarşı qısqanclığı da mövcuddur. Ona görə də ayrı-ayrı ölkələrdə, dairələrdə bu layihəni istəməyənlər, bəzən də onun əleyhinə çıxış edənlər vardır.

Hesab edirəm ki, sizin Bakı-Ceyhan marafonunuz, səyahətiniz bizə çox böyük dayaq, lazım olacaq və bu böyük layihəni dünyada daha da geniş təbliğ edəcəkdir. Bu layihəni istəməyənlərə də, yaxud onun əleyhinə çıxanlara da cavab verəcəksiniz ki, o, nə qədər əhəmiyyətli layihə, marşrutdur ki, sizin kimi dəyərli insanlar bu yolla gedir, Bakı-Ceyhan əsas ixrac boru kəmərinin dünyaya nümayiş etdirilməsi üçün öz xidmətlərinizi göstərirsiniz.

Mən bütün bunlara görə sizin bu təşəbbüsünüzü yüksək qiymətləndirirəm, bu qəhrəmanlıq hərəkətinizə görə təşəkkür edirəm. Çünki bu cür işə hər adam dözə bilməz ki, motosikletlə 2 min kilometr yol getsin. Mənim dostum Terri Adams vaxtilə buradan Batumiyə gedibdir. O, hər halda bu yolu minik maşınında, ya "Mersedes"də, yaxud başqa avtomobildə gedibdir. İndi mən ona desəm ki, gəl sən bu yolu motosikletlə get, onda düşünəcəkdir. Amma bu işdə onun rolu çox böyükdür. Ona görə də mən cənab Terri Adamsın burada olmağından çox məmnunam.

1994-cü ildən indiyə qədər Azərbaycanın keçdiyi yol haqqında hörmətli Terri Adamsın dediyi sözlərə görə təşəkkür edirəm.

Hörmətli Tomas Qoltsun yazdığı gözəl kitablara, xüsusən onun gündəliyinə görə çox təşəkkür edirəm. Təbiidir ki, həmin kitablar hörmətli Tomas Qoltsu istedadlı yazıçı, jurnalist kimi bir daha nümayiş etdirir. Amma eyni zamanda o, Azərbaycanın o ağır dövrünün tarixini kənar şəxs kimi obyektiv əks etdirir. Həmin kitablar Azərbaycan dilinə tərcümə olunmayıbdır. Mən göstəriş verəcəyəm ki, onları Azərbaycan dilinə tərcümə etsinlər və nəşr etsinlər.

Mən sizin hamınıza yaxşı yol, sağlamlıq, uğurlar arzulayıram. Heç şübhə etmirəm ki, siz bu yolu məharətlə, uğurla keçəcəksiniz. Həm hazırladığınız film, həm də sizin hər birinizin xatirələri bizim üçün çox dəyərli sənədlər olacaqdır.

Bilirəm ki, siz bir barrel nefti özünüzlə götürəcəksiniz. Mən bir barrel yox, balaca bir çəlləklə sizə neft verirəm. Bunu sizə hədiyyə edirəm. Əgər istəsəniz, bunu mənim hədiyyəm kimi Ceyhana qədər apararsınız.

Yaxşı, çox sağ olun. Hamınıza yaxşı yol arzulayıram. Mən bir daha görüşmək arzusu ilə sizdən ayrılıram. Sağ olun.

Oçerklər

NEFT STRATEGİYASI

Ümumi tarixi arayış

NEFT STRATEGİYASI

Tarixi arayış

Neft və qaz kəmərləri